Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-138/2022 13.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması öhdəliyinin cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 iyun 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçı ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Həmin qərarın 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərindən biri də həmin iddianın aidiyyəti üzrə düzgün verilməsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri ehtiva edir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir. Buna görə də Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulur ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının tələbi doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması öhdəliyinin Babək Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 08 aprel 2022-ci il tarixli, 05/15-105 nömrəli imtina məktubunda doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənədin təqdim edilməli olduğu bildirilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş arayışlarda da İddiaçı doğumu barədə “Vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış elektron informasiya sistemində" və vətəndaşlıq vəziyyəti aktlarının arxivində heç bir məlumatın, həmçinin doğum akt qeydinin aşkar olunmadığı göstərilmişdir. Hazırki iş üzrə iddiaçı barəsində doğum haqqında akt qeydinin əvvəllər mövcud olmasını təsdiq edən heç bir sənəd, o cümlədən doğum haqqında şəhadətnamə məhkəməyə təqdim edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı adına ümumiyyətlə əvvəllər tərtib olunmuş doğum akt qeydi mövcud olmadığından iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, İddiaçı doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması üçün ilk növbədə doğumun qeyd edilmə faktı və ya vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması üçün əvvəlcə yuxarıda göstərilən halların müəyyən edilməsi zəruri olduğundan iddiaya inzibati məhkəmə icraatı qaydasında deyil, ümumi məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd təqdim edilməlidir. - 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 9.1-ci bəndində göstərilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 3.4cü bəndində göstərilmişdir ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər hansı bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçının vəkili və nümayəndəsi ilə müzakirə etmiş və bununla əlaqədar ona zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya, iddiaçının vəkili və nümayəndəsinə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ izah olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Babək Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin 18 avqust 1956-cı il olmaqla bərpa olunması, doğum haqqında şəhadətnamə verilməsi, həmin şəhadətnamədə doğum tarixinin 18 avqust 1956-cı il, ata adının X2, ana adının X1, doğum yerinin Babək rayonu, Kültəpə kəndi olması kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-138/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-138/2022
13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver