Məhkəmə qərarları › İş №2-1(122)-14/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-14/2024

23.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-14/2024 23.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X9 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixində Ordubad rayonu Dəstə kəndində anadan olmuş və hazırda həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Qeyd edir ki, 01 avqust 1977-ci il tarixli, ******* nömrəli əmək kitabçasına, arxiv arayışları və arayışlara əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixinədək Dəstə kənd sovxozunda fəhlə, xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixinədək Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyasının 260 nömrəli yol maşın stansiyasında yol montyoru vəzifəsində, xx.xx.1981-ci il tarixdən 1 1.12.1986-ci il tarixinədək Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1987-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixinədək Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixinədək Azərbaycan Dəmir Yolu 24 nömrəli Cuğa AK-da nişançı, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixinədək Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası vəzifələrində işləmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixinədək Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarında aqreqat ustası, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixinədək Azərbaycan Dəmir X4 10 saylı Ordubad yol distansiyasına stansiya növbətçisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixinədək Azərbaycan Dəmir X4 10 saylı Ordubad yol distansiyasına yol montyoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək X7 MMC-nin İnfrastruktur idarəsində yol montyoru vəzifəsində işləmişdir. Ümumilikdə 28 ildən çox ümumi, 15 ildən çox isə xüsusi əmək stajı vardır. 2018-ci il tarixindən mənə güzəştli şərtlərlə iş stajına görə əmək pensiyası təyin olunmuşdur. 2021-ci ilin oktyabr ayından isə ona pensiya ödənişi dayandırılmışdır. O, bununla razılaşmayaraq yenidən pensiyaya verilməsi üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi müraciətinə uyğun olaraq 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar göndərmişdir. Həmin qərara görə təqdim olunan sənədlərə əsasən güzəştli şərtlərə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətə baxılaraq X2 Sistemində ümumi stajının 15 il 4 ay 4 gün olması, xüsusi stajının isə 10 il 4 ay olması göstərilmişdir və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. O, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad rayon İdarəsinin 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarı ilə razı deyil, həmin qərara öz etirazını bildirir. Qeyd edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad rayon İdarəsi onun bir neçə il iş stajlarının X2 Sistemi proqram təminatında tapılmamasını əsas tutaraq onun hüququnu pozması onun üçün heç cür anlaşılan deyildir. O, işçi kimi işləyib vaxtı-vaxtında əmək haqqını alıb, vergini, sığortanı ödəmiş və hazırda iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. Əmək kitabçasından və digər sənədlərdən aydın olur ki, ona əmək pensiyası təyin olunması üçün lazımi əmək stajına malikdir. Ona əmək stajının çatmamasını əsas qoyub almaq hüququ olan pensiyanı ödəməkdən yayınaraq ona pensiya ödənilməməsinin heç bir qanuni əsası yoxdur. Elə bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 12 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-187/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12 oktyabr 2023-cü il tarixli, 2-1(122)-187/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 22 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə göndərdiyi 14 dekabr 2023-cü il tarixli ərizəsini müdafiə edərək, iddia tələbini dəqiqləşdirdiyini, hazırki iddia tələbinin “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmiş, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbinin “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 02 mart 2023cü il tarixli, 04/03-54 nömrəli və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 14 dekabr 2023-cü il tarixli yazılı münasibətlərini onunla əsaslandırmışdırlar ki, xx xxxxxx 1960-ci il tarixdə anadan olmuş, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Fondun Ordubad İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 13 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Fondun Ordubad Rayon İdarəsinə vətəndaş tərəfindən təqdim olunmuş 01 avqust 1977-ci il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (8 ay 19 gün) Dəstə kənd sovxozunda fəhlə işləmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 299 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 19 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 9 gün) Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyası, 260 nömrəli yol maşın stansiyasında yol montyoru, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (14 il 4 ay 5 gün) Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 10 ay) Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (1 ay 14 gün) Azərbaycan Dəmir Yolu 24 nömrəli Cuğa AK nişançı, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (6 il 5 ay 1 gün) Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası, xx.xx.2004cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 6 ay 16 gün) Azərbaycan Dəmir yolu 11 nömrəli Culfa yanğın qatarında aqreqat ustası vəzifələrində işləmişdir. Beləliklə, vətəndaş İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən onun 01 yanvar 2006cı il tarixədək 28 il 22 gün ümumi və 1 il 9 gün xüsusi iş stajının olduğu müəyyən olunmuşdur. İddiaçı xx.xx.2006-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (4 ay 10 gün) Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarında aqreqat ustası, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (3 ay 13 gün) Azərbaycan Dövlət Dəmir X4 10 saylı Ordubad yol distansiyasında stansiya növbətçisi, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (22 gün) Azərbaycan Dövlət Dəmir X4 10 saylı Ordubad yol distansiyasında yol montyoru, xx.xx.2006-cı il tarixədən xx.xx.2007-ci il tarixədək (3 ay 30 gün) Culfa bərpa qatarında kran maşinist köməkçisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (14 il 1 ay 24 gün) X7 MMC-nin İnfrastruktur idarəsində yol montyoru vəzifəsində işləmişdir. İddiaçı 01 yanvar 2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 15 il 2 ay 9 gün ümumi, 14 il 5 ay 29 gün xüsusi iş stajı olmasına baxmayaraq, xx.xx.2006-cı il tarixdən X2 Sistemi proqram təminatına əsasən onun 11 il 8 ay ümumi iş stajı, 10 il 4 ay xüsusi iş stajı vardır. İddiaçı tərəfindən təqdim olunmuş 01 avqust 1977-ci il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun 43 il 2 ay ümumi iş stajı, 15 il 6 ay 8 gün xüsusi stajı vardır. Lakin təqdim edilmiş arayışlara və X2 Sistemi proqram təminatına əsasən onun 39 il 3 ay 7 gün ümumi, 11 il 4 ay 9 xüsusi iş stajı olduğu müəyyən edilmişdir. Beləliklə, İddiaçı Fondun Ordubad Rayon İdarəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 13/1 nömrəli arxiv arayışında göstərilən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-ci tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək. xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixədək olan əmək haqları B3 hesabatlarında və X2 Sistemi proqram təminatında öz əksini tapmadığından ounun xüsusi iş stajı 11 il 4 ay 9 gün olmuşdur. Nəticə etibarı ilə, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1 -ci maddəsinə əsasən tələb olunan 12 il 6 ay xüsusi əmək stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 fevral 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 27 oktyabr 2021-ci il tarixli, 09 nömrəli qərarından məlum olur ki, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarından aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan xüsusi əmək stajının xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2011 -ci il tarixədək, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci tarixədək olan dövrləri X2 Sistemi proqram təminatında öz əksini tapmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən Ordubad rayonu Dəstə kənd sakini İddiaçı ünvanlanmış 06 yanvar 2022-ci il tarixli, 01/02 nömrəli məktubdan məlum olur ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xüsüsi iş stajı (12 il 6 ay) xx.xx.2018-ci tarixdə tamam olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə aparılmalı idi. Həmin vaxt fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum (200 manat) məbləğindən az olduğu üçün ona xx.xx.2020-ci il tarixdən Qanunun 9.1 maddəsinə zidd olaraq təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmiş və ödənişi dayandırılmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 26 dekabr 2022-ci il tarixli, 13/1688 nömrəli arayışda İddiaçı Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində işləməsi faktı və 1991-2006-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 05 yanvar 2023-cü il tarixli, 13/1nömrəli arayışda İddiaçı X7-PÇ-10 Ordubad hissəsində işləməsi faktı və 2006- 2015-ci illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 2016-cı ildən 2021-ci ilə qədər olan sənədlər Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - “X7” MMC tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, D/292 nömrəli arayışdan görünür ki, İddiaçı Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyası 260 nömrəli yol maşın stansiyasında xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək yol montyoru vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X4 Ordubad stansiyasında xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək stansiya növbətçisi vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X4 10 saylı Ordubad Yol distansiyasının Dəstə məntəqəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək yol montyoru vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X4 10 saylı Ordubad Yol distansiyasının Yol yatağı briqadasında xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək yol montyoru vəzifəsində işləmişdir. Azərbaycan Dövlət Dəmir X4 10 saylı Ordubad Yol distansiyasının Dəstə məntəqəsində xx.xx.2007-ci il tarixədən xx.xx.2010-cu il tarixədək yol montyoru vəzifəsində işləmişdir. xx.xx.2010-cu il struktur dəyişikliyi ilə əlaqədar "‘X7" MMC-nin İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsinin 5 saylı Dəstə məntəqəsinə yol montyoru vəzifəsinə təyin edilmişdir. “X7” MMCnin İnfrastruktur İdarəsinin Ordubad Yol sahəsinin 5 saylı Dəstə məntəqəsində xx.xx.2010cu il tarixdən xx.xx.2021-ci il tarixədək yol montyoru vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 21.4-cü bəndinə əsasən güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ verir. - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (8 ay 19 gün) Dəstə kənd sovxozunda fəhlə, xx.xx.1980ci il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 9 gün) Azərbaycan Dəmir Yolu yol xidmətinin Mincivan stansiyası, 260 nömrəli yol maşın stansiyasında yol montyoru, xx.xx.1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək (14 il 4 ay 5 gün) Azərbaycan Dəmir Yolu Naxçıvan- VOXR hissəsində sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 10 ay) Azərbaycan Dəmir Yolu Naxçıvan-VOXR hissəsində sürücü, xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (1 ay 14 gün) Azərbaycan Dəmir Yolu 24 nömrəli Cuğa AK nişançı, xx.xx.1998-ci il tarixdən xx.xx.2004-cü il tarixədək (6 il 5 ay 1 gün) Azərbaycan Dəmir Yolu 11 nömrəli Culfa yanğın qatarına aqreqat ustası, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (1 il 6 ay 16 gün) Azərbaycan Dəmir yolu 11 nömrəli Culfa yanğın qatarında aqreqat ustası vəzifələrində işləmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2023-cü il tarixli, 54 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayonunun Dəstə kəndində yaşayır və təsərrüfat qeydiyyatında dayanır. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 29 aprel 2010-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1960-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Dəstə kəndində doğulmuş İddiaçı Ordubad rayonu, Dəstə kəndində pasport qeydiyyatındadır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 203 nömrəli arayışdan aydın olur ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2022-ci il (pensiya hüququnun yarandığı) tarixədək-11 il 8 ay sosial sığorta hissəsində 8275.72 manat pensiya kapitalı vardır. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 may 2023-cü il tarixli, 04/01-104 nömrəli məktubdan məlum olur ki, xx xxxxxx 1960-ci il tarixdə anadan olmuş, Ordubad rayonu Dəstə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə 11 yanvar 2023-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad rayon İdarəsinə müraciət etmişdir. Müraciətə baxıldıqda məlum olmuşdur ki, İddiaçı 39 il 3 ay 7 gün ümumi və 12 il 1 ay 9 gün xüsusi iş stajı var. Tələb olunan 12 il 6 ay xüsusi əmək stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 09 iyun 2023-cü il tarixli, 13-1-10/2-97/2023 nömrəli arayışda “X8” MMC-nin İnfrastruktur İdarəsində yol montyoru vəzifəsində işləmiş İddiaçı 2016-2017-2018-ci illərdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl, arayışın qeyd hissəsində isə 2006-2015-ci illər ərzində əmək haqqı kartlarının X5 təhvil verilmədiyi, 2016-cı ilin aprel ayında ərizəsi əsasında 49 saylı əmrə əsasən, 2018-ci ilin iyul aynda 121 saylı, avqust ayında 224 saylı sentyabr ayında 315 saylı əmrlərə əsasən öz hesabına ödənişsiz məzuniyyətdə olduğu göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq 24 avqust 2023-cü il tarixli, 02/458 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş arxiv arayışında PÇ-10 Ordubad hissəsinin xx.xx.2007-ci il tarixli, 196 №-li əmrinə əsasən İddiaçı xx.xx.2007-ci ilə tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2009-cu il tarixli, 263 №-li əmrlə xx.xx.2009-cu il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2010-cu il tarixli, 05 №-li əmrlə xx.xx.2010-cu il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2010-cu il tarixli 78 №-li əmrə əsasən xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2011-ci il tarixli, 42 №-li əmrlə xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2011-ci il tarixli 85 №-li əmrlə xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2011-ci il tarixli, 126 №-li əmrlə xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2012-ci il tarixli, 31 №-li əmrə əsasən xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2012-ci il tarixli, 66 №-li əmrlə xx.xx.2012ci il tarixdən xx.xx.2012-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013cü il tarixli, 25 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 30 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 38 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 50 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 62 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 70 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 80 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2013-cü il tarixli, 90 №-li əmrlə xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2014-cü il tarixli, 89 №-li əmrlə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2014-cü il tarixli, 133 №-li əmrlə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2014-cü il tarixli, 157 №-li əmrə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2014-cü il tarixli, 189 №-li əmrlə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2014-cü il tarixli, 207 №-li əmrlə xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2015-ci il tarixli, 61 №-li əmrlə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2015-ci il tarixli, 90 №-li əmrlə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2015-ci il tarixli, 115 №-li əmrlə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2015-ci il tarixli, 141 №-li əmrlə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.2015-ci il tarixli, 164 №-li əmrlə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə qədər ödənişsiz məzuniyyətə buraxılması əmr kitablarında göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 31.2-1-ci maddələrinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı onun barəsində Naxçıvan MR DSMF publik hüquqi şəxsin Ordubad rayon idarəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2021-ci il tarixli, 09 nömrəli əmək pensiyasının ləğv edilməsinə dair və xx.xx.2023-cü il tarixli, 01 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunmasına dair qərarlarının ləğv edilərək pensiyanın bərpa edilməsidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən ilkin qərar qəbul edilərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Nəzərə alınmalıdır ki, iddiaçıya pensiyanın cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh pensiya təyin olunması barədə qərarı ləğv etməyə və ya dəyişdirməyə haqlıdır. Lakin bu haqqından istifadə edərək əmək pensiyasının ləğv edilməsi barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm bu qərarda istinad olunan digər normativ aktların müvafiq müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından, inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, yalnız qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu halda həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən edilmiş hallarından görünür ki, inzibati icraat aparılmadan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 09 nömrəli əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir. İddiaçının mübahisələndirdiyi cavabdehin sonradan qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 01 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə digər qərarına və iddia tələbinə dair etirazına münasibətdə məhkəmə məhkəmə öz mövqeyini belə ifadə edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İş üzrə müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Lakin məhkəmə qeyd edir ki, hazırkı iddianın əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə xx.xx.2023-cü il tarixli, 01 nömrəli sonrakı qərarın ləğv edilməsinə dair hissəsi xx.xx.2021-ci il tarixli, 09 nömrəli əmək pensiyasının ləğv edilməsi barədə ilkin qərarın hüquqi müqəddəratından asılı tələbdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının barəsində inzibati icraat aparılmadan qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 09 nömrəli əmək pensiyasının ləğv edilməsi barədə qərarın ləğv olunması qənaətinə gəldiyinə görə işin digər dəlillərinə müfəssəl hüquqi qiymət verilməsinə zərurət görmür. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, cavabdeh mübahisələndirilən qərarları qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş və həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Buna görə də iddiaçı ona təyin edilmiş əmək pensiyasının bərpa olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarın və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddiaçı iddiası təmin edilsin. Naxçıvan MR DSMF publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin 27 sentyabr 2021-ci il tarixli, 09 nömrəli qərarı və 16 yanvar 2023-cü il tarixli, 01 nömrəli qərarı ləğv edilsin və İddiaçı pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar