Məhkəmə qərarları › İş №2-1(122)-140/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-140/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-140/2022 30.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iştirakları olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X7 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 vəkil və nümayəndələri vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X7 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 30 avqust 2022-ci il tarixə təyin olunmuşdur. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçıların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddiaçıların Naxçıvan rayonu, Yamxana kəndində yerləşən ata evində doğulduqlarını, Naxçıvan rayon ZDS İcraiyyə Komitəsinin 10 noyabr 1996-cı il tarixli, 264 nömrəli qərarı ilə həmin kəndin köçürülməsi üçün yeni sahələrin ayrılmasının qərara alındığını, 1971-ci ildə iddiaçıların ailəliklə indiki Babək rayonu, Babək şəhərinə köçürülməklə orda fərdi yaşayış evi, köməkçi tikililər və istifadə üçün torpaq sahəsi ilə təmin edildiklərini, həmin evin valideynlərinin birgə nikah dövründə əldə etdikləri əmlak olduğunu, atalarının vəfatından sonra 11 nəfər birinci növbəli vərəsələr kimi fərdi yaşayış evinin ½ hissəsini miras payı kimi faktiki olaraq qəbul etdiklərini, buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən 20 may 2009-cu ildə ********** nömrəli qeydiyyat aparılmaqla evin qanunsuz olaraq mərhum X7 adına qeydiyyata alındığını, bununla da iddiaçıların ata mirasından məhrum olduqlarını, iddiaçıların evin analarının adına qeydiyyata alındığını sonradan öyrəndiklərini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 şəhəri, Q.Əkbərov küçəsi 45 ünvanında yerləşən fərdi yaşayış evinin 25 may 2009-cu il tarixdə JN-047A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə əsasında X7 adına qeydiyyata alındığını və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyini, 17 iyun 2009-cu il tarixdə Babək rayon DNK-da qeydiyyata alınan 4ə/-153 nömrəli bağışlama müqaviləsi əsasında X7 adına qeydiyyata alınan 2317 m2 torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 150,78 m2 olan 5 otaqlı fərdi yaşayış evinin 2 otağının 773 m2 torpaq sahəsi ilə birlikdə X3, 1 otağının 772 m2 torpaq sahəsi ilə birlikdə X4 və 2 otağının 772 m2 torpaq sahəsi ilə birlikdə X5 bağışladığını, Təyyubə Fərəcova öz adında olan əmlakı bütövlüklə övladlarına bəxşiş etdiyindən hazırda əmlakın heç bir hissəsinin onun adında qalmadığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçılar ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X7 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçıların qeyd olunan fərdi yaşayış evinin hüquqi rejimi ilə 13 il müddətində maraqlanmamaları ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçıların mənzilə üçüncü şəxslərin hüquqlarının olduğu barədə məlumatlarının olmaması barədə nəticəyə gəlmək çətindir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın mübahisələndirilən hərəkəti 2009-cu il tarixdə baş vermişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə tənzimlənirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni inzibati orqanın mübahisələndirilən hərəkətinin baş verdiyi vaxtda qüvvədə olan, 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: (10 iyun 2011-ci il tarixə qədər qüvvədə olan redaksiyada) - 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. - 299.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla qeyd edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla da, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində iddiaçılar hazırkı tələb barədə məhkəmədə iddia qaldırmamışdırlar. Yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 1 ay iddia müddəti müəyyən etmişdir. İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından istifadə etmədiklərindən yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməzlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı iş” üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-551/2022 nömrəli iş üzrə qəbul etdiyi 05 aprel 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçıların vəkili və nümayəndəsi ilə müzakirə etmiş və bununla əlaqədar ona zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X7 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “ünvan 1 ünvanında 0.2317 m2 torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 5 otaqlı, 85.66 m2 yaşayış, 65.12 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evinin Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində X7 adına 25 may 2009-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyatın fərdi yaşayış evinə dair ½ hissədə etibarsız hesab edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar