Məhkəmə qərarları › İş №2-1(122)-142/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-142/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-142/2022 02.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehna qarşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25 iyun 2018-ci il tarixli, 11 yanvar 2019-cu il tarixli, 2627 və 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarları üzrə İddiaçı hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 15 avqust 2022ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında İddiaçı Cavabdehna qarşı qaldırdığı iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazdığı 15 avqust 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 15 avqust 2022-ci il tarixli, 2-1(122)-142/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 02 sentyabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya, iddiaçının vəkili və nümayəndəsinə yenidən iddia müddətinin üzrlü səbəbdən buraxılması barədə sübutların məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasında İddiaçı 10 may 2022-ci il tarixli buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsinə uyğun izahat verərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi-Həkim Komissiyasının 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı ilə hərbi xidmətə sıradankənar yararlılığının müəyyən olunduğunu, lakin həmin qərardan xəstə olduğu üçün vaxtında şikayət verə bilmədiyini, 05 aprel 2019-cu il tarixdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Y.Budaqov adına Naxçıvan MR X1 "Üzvi mənşəli şəxsiyyət dəyişkənliyi” diaqnozu ilə dispanser qeydiyyatında dayandığını, bununla əlaqədar olaraq, qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddətlər çərçivəsində mübahisəli qərardan şikayət verməyinin mümkün olmadığını bildirib, şikayət vermə müddətinin bərpa edilərək iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmədən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 iddiaçı tərəfindən 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarın mübahisələndirilməli olduğunu, lakin həmin iddia üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyünü bildirib məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin Cavabdeh üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. İddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün əvvəlcə Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarının mübahisələndirilməsi zəruridir. Göründüyü kimi, cavabdehin 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı qüvvədə olduğu halda, iddiaçının hazırkı iddiasının uğurluluq ehtimalı yoxdur. Bu səbəbdən də o, ilk növbədə həmin qərarın ləğvinə və ya onu qane edəcək şəkildə dəyişdirilməsinə nail olmalıdır. Bunun üçün isə məhkəməyə həmin qərarın ləğv edilməsi, yaxud dəyişdirilməsi barədə iddia verməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı iddianı dəyişdirərək yuxarıda göstərilən məzmunda iddia tələbi verəcəyi halda, 30 günlük iddia müddətinə riayət etdiyini də əsaslandırmalıdır. Lakin iddiaçı bu qərarı mübahisələndirmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxmışdır. Y.Budaqov adına Naxçıvan MR X2 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 24 iyun 2022-ci il tarixli, 401 nömrəli məktubdan məlum olur ki, ünvan 1 ünvanda qeydiyyatda olan, 1984-cü il təvəllüdlü İddiaçı 05 aprel 2019-cu il tarixdən "Üzvi mənşəli şəxsiyyət pozuntusu" diaqnozu ilə Y.Budaqov adına Naxçıvan MR X1 dispanser qeydiyyatda dayanır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixlərdə dispanserə xəstəliyin kəskinləşməsi ilə əlaqədar ambulator müalicə üçün müraciət etmişdir. Onda müşahidə olunan "Üzvi mənşəli şəxsiyyət pozuntusu" xəstəliyi zamanı xəstəliyin kəskinləşmə dövründə xəstə məhkəməyə müraciət etmək iqtidarında olmaya bilər. Lakin xəstəliyin remissiya dövründə xəstə öz hərəkətlərini idarə edə bilmək iqtidarında olur. Məhkəmə hesab edir ki, iddiaçı xəstə olsa da, öz hərəkətlərini idarə edə bildiyindən bu hal qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, iddiaçı barəsində qəbul olunmuş inzibati akt ona məlum olduğu vaxtdan 3 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4-cü maddəsinə əsasən isə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxıldığından İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı, iddiaçının vəkili və nümayəndəsi ilə müzakirə etmiş və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı Cavabdehna qarşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehna qarşı “Cavabdeh 01 oktyabr 2019-cu il tarixli, 568 nömrəli qərarı üzrə hərbi travmanın hərbi xidmət vəzifələrinin icrası zamanı almasının (səbəbli əlaqə) və xidmətə yararsızlığının müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və ehtiyata buraxılma əmrinə yenidən baxılması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar