Məhkəmə qərarları › İş №2-1(122)-1427/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-1427/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-1427/2023 24.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, X2nun və tərcüməçi X1 iştirakları ilə, X2nun 12 oktyabr 2023-cü il tarixli ərizəsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Hicran Muradova müraciət edərək cinayətkarların ona verdiyi ziyanlara görə məhkəmə bitənə qədər ona vurulan maddi və mənəvi ziyanların ödənilməsi, cinayətkarlar haqqında Azərbaycan qanunlarına görə cinayət işi açılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq ərizə məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 24 noyabr 2023-cü il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən ərizəçiyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq, 19 oktyabr 2023-cü il tarixli və 02 noyabr 2023-cü il tarixli, 2-1(122)-1427/2023 nömrəli yardım məktubları ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə riayət olunmadığı izah olunmuş, iddia ərizəsi tərtib edilmədiyi, tərtib edilmiş şikayət ərizəsində məhkəmənin adının düzgün göstərilmədiyi, iddiaçının və cavabdeh inzibati orqanın (orqanların) adı, ünvanı, iddia tələbinin qeyd edilmədiyi bildirilmiş, ərizədə yol verilən nöqsanların aradan qaldırılması üçün müddət təyin edilmişdir. Məhkəmə iclaslarında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar bilavasitə X4 bir daha diqqətinə çatdırılmış, ərizədə yol verilən nöqsanların aradan qaldırılması və qanunvericiliyin tələbinə uyğun iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 ona göstərilmiş hüquqi yardımdan imtina etdiyini bildirib, irəli sürdüyü iddia üzrə icraatın davam etdirilməsini xahiş edərək bu barədə yazdığı xx.xx.2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizə və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 46.1-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. 46.2.5-ci maddəsinə əsasən məhkəmə prosesinin tezləşdirilməsi məqsədi ilə iddia ərizəsində ərizəyə əlavə olunmuş sənədlərin siyahısı göstərilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəməyə daxil olmuş ərizəyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, ərizədə məhkəmənin adı düzgün göstərilməmiş, iddiaçının və cavabdeh inzibati orqanın adı, ünvanı, iddia tələbinin qeyd edilmədiyi göstərilməmişdir. Bununla da ərizəçi məhkəmədə iddianı lazımi qaydada qaldırmamışdır Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı inzibati orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər inzibati orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəməyə təqdim edilmiş ərizələrin məzmunundan aydın olur ki, ərizəçi faktiki olaraq ərizələrində fiziki şəxslərin hərəkətlərindən şikayət edərək cinayətkar hesab etdiyi şəxslərin ona vurduqları ziyana görə həmin şəxslərdən maddi mənəvi ziyanın ödənilməsi və həmin şəxslər barəsində Azərbaycan qanunlarına görə cinayət işinin açılmasını tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin cavabdehlərin hərəkətlərindən şikayətinə aidiyyəti üzrə istintaq orqanları və ya aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Hazırki ərizədə isə ərizəçinin əsas hüquqi marağını cavabdehlərin cinayət məsuliyyətinə cəlb olunmaları təşkil etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş 02 noyabr və 23 noyabr 2023-cü il tarixli yeni ərizələrə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallara əsasən təqdim edilən oxşar məzmunlu yeni ərizələr üzrə məhkəmə tərəfindən hər dəfə müvafiq prosessual hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulan hüquqlardan suiistifadə, prosesin sonsuzadək davam etdirilməsi və prosessual qənaət prinsipinin pozulması ilə nəticələnəcəkdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərtin yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh edilən hallara əsaslanaraq, ərizəçiyə müvafiq şikayətlə istintaq orqanlarına və ya aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar