Məhkəmə qərarları › İş №2-1(122)-144/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-144/2022

04.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-144/2022 04.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1995-2000-ci illərdə Naxçıvan Filiz İdarəsində “zaboyçu” kimi işləməsinin müəyyən olunması, həmin illərin sosial sığorta stajına daxil olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və işin hazırlıq icraatına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2- 1(122)-144/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək məhkəmənin 11 oktyabr 2022-ci il tarixli, 2-1(122)-144/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 04 noyabr 2022-ci il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulması barədə iddia qaldırdığını bildirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmiş və bu barədə yazdığı 04 noyabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə vəsatətinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X2 iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazının olmadığını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iddiaçının ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçının ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Hazırkı mübahisədə də iddiaçının ərizəsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia geri götürülmüş hesab edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinin məzmunu iddiaçıya və onun vəkilinə izah edilir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı 04 noyabr 2022-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 noyabr 2021-ci il tarixli, 03 nömrəli qərarının ləğv edilməsi və pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” barədə iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar