Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-146/2024 15.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, İddiaçı cavabdeh Şərur Rayon Polis İdarəsinə qarşı “İddiaçı mülkiyyətində olan Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yerləşən 37.4 m2 ümumi sahəsi olan mənzilindən X2, X5 və X4 məcburi qaydada qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yerləşən ümumi sahəsi 37.4 m2 olan mənzili 1993-cü ildə almışdır. Mülkiyyəti barədə ona daşınmaz əmlakın 1053 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Onun oğlu X9 2010-cu ildə cavabdeh X3 ilə ailə qurmuşdur. İddiaçının icazəsilə Şərqiyyə mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşdür. Sonradan onların iki övladları X10 və X7 doğulmuşdur. Uşaqların valideyinləri onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduqlarından uşaqların qeydiyyat yeri də həmin mənzildə aparılmışdır. Kənan və Şərqiyyənin xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən onların arasında bağlanmış nikah 2016-cı ildə pozulmuşdur. Həmin vaxtdan X3 övladları ilə birlikdə Şərur rayonunun Yeni Havuş kəndində valideynlərinin himayəsində yaşayır. Nikahın pozulmasından sonra X1 dəfələrlə övladları ilə birlikdə qeydiyyatdan çıxmalarını tələb etməyinə baxmayaraq, onlar hələ də həmin ünvanda qeydiyyatda dururlar. Bununla əlaqədar Şərur Rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də, ona müsbət cavab verilməyərək məhkəməyə müraciət etməyi bildirilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq, məhkəmədən onun mülkiyyətində olan Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yerləşən 37.4 m2 ümumi sahəsi olan mənzilindən X2, X5 və X4 məcburi qaydada qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Şərur Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Şərur Rayon Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Şərur Rayon Polis İdarəsi məhkəməyə ünvanlanan 17 oktyabr 2023-cü il tarixli, 3-13-43-12/2-9226/2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X2, X5 və X4 Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməsi İddiaçı rəsmi olaraq bildirilmişdir. Məhkəmənin 07 noyabr 2023-cü il tarixli, 2-1(122)-864/2023 nömrəli qərardadı ilə X3 (eyni zamanda X5 və X4 qanuni nümayəndəsi) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 mart 2024-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə 20 fevral 2024-cü il tarixli ərizə göndərərək xəstəliyi ilə əlaqədar 15 mart 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Şərur Rayon Polis İdarəsi və üçüncü şəxs (eyni zamanda X5 və X4 qanuni nümayəndəsi qismində) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarında olan: - ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 27 iyul 2023-cü il tarixli, 3- 13-43-12/2-K-51xx/xx/2023 nömrəli məktubdan görünür ki, X2, X5 və X4 Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanının pasport qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. - İnventar nömrəsi 1053 olan qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən iki otaqlı, dəhlizi 23.2 m2, ümumi sahəsi 37.4 kv.m olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında, 01 nömrəli reyestr kitabında İddiaçı adına qeydə alınmışdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1954-cü il tarixdə doğulmuşdur. - Şərur Rayon İcra Hakimiyyətinin Şərur şəhər Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 859 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında qeydiyyatda olan şəxslər aşağıdakılardır: İddiaçı (1954); X10 (2011); X9 (1984); X7 (2013); X11 (1986); X3 (1979) - Şərur Rayon İcra Hakimiyyətinin Şərur şəhər Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli, 878 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yaşayır və qeydiyyatdadır. - Şərur Rayon İcra Hakimiyyətinin Şərur şəhər Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli, 877 nömrəli arayışdan məlum olur ki, X3 ailə üzvləri ilə birlikdə Şərur şəhəri, Sabir küçəsi 30, mənzil 15-də qeydiyyatda durur, lakin həmin mənzildə yaşamırlar. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli nikahın pozulması haqqında çıxarışdan aydın olur ki, X9 ilə X2 arasındakı nikah 25 fevral 2016-cı ildə tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra kişi Mamedov, qadın Məmmədova soyadını almışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin evdə yaşamadıqlarından həmin evin pasport qeydiyyatında olmaları formal xarakter daşımaqla, mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Müəyyən olundu ki, üçüncü şəxs X3 iddiaçının gəlini olmuş, 25 fevral 2016-cı il tarixdə iddiaçının oğlu ilə aralarında bağlanmış nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, üçüncü şəxs X2 Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yerləşən mənzildən mülki hüquqi mənada əmlak hüququ kimi istifadə hüququ yoxdur. Belə ki, Şərur Rayon İcra Hakimiyyətinin Şərur şəhər Mənzil-İstismar Sahəsi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli, 877 nömrəli arayışdan məlum olur ki, X3 ailə üzvləri ilə birlikdə Şərur şəhəri, Sabir küçəsi 30, mənzil 15-də qeydiyyatda durur, lakin həmin mənzildə yaşamırlar. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına təminat verilib. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Məhkəmənin qənaətinə görə konkret bu halda, “qanunun keyfiyyəti” ilə bağlı məsələdən söz edilə bilər. Belə ki, qanun yaşayış sahəsinə köçmək üçün özünə məxsus ayrıca müstəqil hüquqi əsası olmayan şəxsin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyata alınmasını mümkün hesab etdiyi halda, yenə həmin kateqoriyaya aid şəxslərin yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanını da nəzərdə tutmalıdır. Bu, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinin tələbindən irəli gəlir. Həmin maddəyə görə normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibət) əsaslanmalıdır. Bu halda, vətəndaşa yaşayış sahəsi verən şəxsin mənafeyinə bərabər münasibət göstərilməmiş olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin qanun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcə də müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Beləliklə, məhkəmənin qənaətinə görə, ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, hüquq normalarının anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olması, onların tənzimlədikləri sahələrdə ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmaları xüsusi əhəmiyyət kəsb edir. Qanunvericilik tənzimləmələrinin göstərilən tələblərə uyğun həyata keçirilməsi hüququn aliliyinin ayrılmaz elementi olaraq həm qanunvericilik, həm də hüquq tətbiqetmə fəaliyyətində insan hüquqlarının səmərəli müdafiəsinin təmin olunması üçün zəmanət yaradır. Ona görə də, hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün isə hüquq normaları yuxarıda da qeyd edildiyi kimi anlaşıqlı, aydın və proqnozlaşdırıla bilən olmalı və ardıcıl şəkildə bərabər mənafelərə bərabər münasibətə əsaslanmalıdırlar. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9cu maddəsində mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması həmin qanunvericilik tənzimləməsinin hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyinə dəlalət edir. Bu halda, “qanunun keyfiyyəti” ilə bağlı həmin qüsur məhkəmə təcrübəsində formalaşdırılan təfsir vasitəsilə aradan qaldırılmalıdır. Bu mənada, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Bununla bağlı həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq müəyyən edir ki, üçüncü şəxslər X2, X5 və X4 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmamaları qanunazidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Şərur Rayon Polis İdarəsinə qarşı “İddiaçı mülkiyyətində olan Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yerləşən 37.4 m2 ümumi sahəsi olan mənzilindən X2, X5 və X4 məcburi qaydada qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Şərur şəhəri, Sabir küçəsi, ev 30, mənzil 15 ünvanında yerləşən 37.4 m2 ümumi sahəsi olan mənzilindən X2, X5 və X4 məcburi qaydada qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Şərur Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-146/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-146/2024
15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver