Məhkəmə qərarları › İş №2-1(122)-147/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-147/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-147/2021 01.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı iştirakı olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Naxçıvan şəhər, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi, 1998 və 2018-ci illərdə mülkiyyətin dəyəri 100 faizi dövlətə ödənildiyindən bugünki bazar qiyməti ilə mülkün ödənilməsi tələbi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kvadrat metrlik qeyri-yaşayış sahəsi olan mülkiyyəti təmir adı altında əlindən alınaraq geri qaytarılmamışdır. Uzun araşdırmalar nəticəsində məlum olmuşdur ki, 2018-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən əsassız olaraq Əsədzadə Məsuməyə məxsus mülkün lahiyələndirilməsi zamanı qanunsuzluğa yol verilmişdir. Belə ki, Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən şəxsi mülkün kompensasiyası ödənilmədən, təmirdən sonra təsərrüfat otağı kimi Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə təhvil vermişdir. 23 sentyabr 2019-cu il tarixdən bugünə kimi bütün inzibati orqanlara şifahi müraciətlər olunmasına baxmayaraq, məsələ öz müsbət həllini tapmamışdır. Bu mübahisəli məsələyə artıq bir ildən artıqdır ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsində baxılır. Məhkəmə araşdırması zamanı cavabdeh olan Turizm Departamenti aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə sorğu etdikdə, İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kvadrat metrlik qeyri-yaşayış sahəsi olan mülkiyyətin XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarixmemarlıq abidəsi olduğu bildirilmişdir. İddia ərizəsində qeyd edilir ki, İqtisadiyyat Nazirliyinin sərəncamında guya tərəflər arasında qeyri-yaşayış sahəsi üzrə bağlanılması nəzərdə tutulan alqı-satqı müqaviləsinin mövcud olmadığı qeyd olunmuşdur, lakin Xeyriyyə Cəmiyyəti tərəfindən 1998-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinə ərizə ilə müraciət edilərək Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin Cəmiyyətin adına özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi (o zaman İqtisadiyyat Nazirliyinin statusu Əmlak Komitəsində olmuşdur) Cəmiyyətə “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Sərəncama əsasən Naxçıvan Əmlak Komitəsinə 5 may 1998-ci il tarixdə 3 nömrəli qəbz əsasında ******* (iki milyon iki yüz on səkkiz min beş yüz) manat dövlət nəfinə ödənildiyindən, 11 may 1998-ci il tarixli, 001959 nömrəli Şəhadətnamə verilmişdir. Bununla yanaşı, 08 aprel 2017-ci il tarixdə "Xeyriyyə" Cəmiyyətinin təsisçilərinin qərarı ilə 2 nömrəli protokol əsasında Cəmiyyətin mülkiyyətində olan Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kvadrat metrlik qeyri-yaşayış sahəsi olan mülk 2-ci qrup əlil olan X13 bağışlanmışdır. Bu məqsədlə də Kapital Bank vasitəsi ilə Maliyyə Nazirliyinə X19 tərəfindən dövlət nəfinə 904 manat 50 qəpik (doqquz yüz dörd manat əlli qəpik) pul vəsaiti köçürülmüş və adı çəkilən mülk özəlləşdirilərək X10 adına keçirilmişdir. 23 il şəxsi mülkiyyətdə olan qeyri-yaşayış sahəsi ictimai təşkilat və vətəndaşlar tərəfindən mülkün dəyərinin 100 faizinin ödənilməsi ilə əldə edilmişdir. Ona görə də əgər bu mülk dövlət əhəmiyyətli obyektlər siyahısına daxildirsə, dövlət tərəfindən müvafiq kompensasiya ödənilməlidir. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək qeyd edir ki, İddiaçı mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən pozulur. İddiaçı yuxarıda qeyd olunanlara əsasən məhkəmədən İddiaçı məxsus Naxçıvan şəhər, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi, 1998 və 2018-ci illərdə mülkiyyətin dəyəri 100 faizi dövlətə ödənildiyindən bugünki bazar qiyməti ilə mülkün ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi iddiaya dair 23 iyul 2021-ci il tarixli, 348/2021 nömrəli məktubla məhkəməyə ünvanlanan etirazını onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin ünvan 1 ünvanında yerləşən 33.5 kv.m. qeyri-yaşayış sahəsi Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyət göstərdiyi ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan binada yerləşdiyindən özəlləşdirmə prosesində cəmiyyətin vəkil etdiyi şəxs Nümayəndə adına verilmiş 11 may 1998-ci il tarixli, 001959 nömrəli "Mülkiyyət hüququ haqqında" Şəhadətnamənin ləğv olunması barədə Nazirliyə müraciəti daxil olmuşdur. X15 Respublikası Mədəniyyət Nazirliyinin Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sorğusuna cavab olaraq göndərilmiş 20 may 2021-ci il tarixli, 8/54 nömrəli məktubda Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Cəmşid Naxçıvanski və Milli Dəyərlər muzeylərinin yerləşdiyi bildirilmişdir. Həmin binanın XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarixmemarlıq abidəsi olduğundan "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə və Naxçıvan Muxtar Respublikası X22 2018-ci il 19 iyun tarixli, 131-V FR nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 3.2.1-ci bəndinə uyğun olaraq Nazirlik tərəfindən qorunduğu qeyd olunmuşdur. Qeyd olunan məsələnin icrası məqsədilə mülkiyyət hüququnun ləğv olunması iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın həqiqətən, ölkə əhəmiyyətli tarix-memarlıq aidəsi olub-olmaması barədə Nazirlik tərəfindən əlavə olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə 03 iyun 2021-ci il tarixli, 276/2021 nömrəli müraciət göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Turizm Departamentinə göndərilmiş eyni məzmunda 03 iyun 2021-ci il tarixli, 8/64 saylı cavab məktubu Nazirliyə göndərilmişdir. İddiaçının bu fikri əsassızdır ona görə ki, Muxtar Respublikada ölkə əhəmiyyətli tarix-memarlıq abidələrinin müəyyənləşdirilməsi, qanunvericiliyə əsasən qorunması və mühafizəsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxildir. İddiada qeyd olunan mülkün də XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olduğu Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmişdir. İddiaçı Nazirliyin sərəncamında qeyd olunmuş özəlləşmə prosesində zəruri sənəd hesab olunan tərəflər arasında qeyri-yaşayış sahəsi üzrə bağlanılması nəzərdə tutulan alqı-satqı müqaviləsinin mövcud olmadığı fikrinə mənfi münasibət bildirmişdir. Məlumat üçün bildirilir ki, müraciətin icrası istiqamətində Nazirliyin arxiv sənədləri araşdırılmış, lakin tərəflər arasında qeyriyaşayış sahəsi üzrə bağlanılması nəzərdə tutulan alqı-satqı müqaviləsinin mövcud olmadığı aşkar edilmişdir. Qeyd olunan müqavilənin olmaması qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu göstərir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı təsdiq edilmişdir. Təsdiq edilmiş Dövlət Proqramına 1 saylı əlavənin 3-cü bəndinə əsasən Azərbaycan xalqının tarixi və mədəni irs obyektlərinin (nadir mədəniyyət və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika obyektləri, o cümlədən dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr) özəlləşdirilməsi qadağan olunmuşdur. Yuxarıda qeyd olunanlardan belə məlum olur ki, "Xeyriyyə" Cəmiyyətinin müraciəti Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən düzgün araşdırılmamış və nəticədə Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı ilə qadağan olunmuş, XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsində yerləşən qeyri-yaşayış sahəsi qanunvericiliyin və digər normativ hüquqi aktların tələbləri pozulmaqla özəlləşdirilmiş və Cəmiyyətə “Mülkiyyət hüququ haqqında" Şəhadətnamə verilmişdir. Nazirlik tərəfindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 67.2-ci bəndinə, Naxçıvan Muxtar Respublikası X22 2014-cü il 14 may tarixli, 111-İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin 5.5.9-cu maddəsinə əsasən ünvan 3 ünvanında yerləşən 33.5 kv.m qeyri-yaşayış sahəsi Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyət göstərdiyi ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan binada yerləşdiyindən özəlləşdirmə prosesində Cəmiyyətin vəkil etdiyi şəxs Nümayəndə adına verilmiş 11 may 1998-ci il tarixli, 001959 nömrəli "Mülkiyyət hüququ haqqında" Şəhadətnamə ləğv olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, inzibati orqan tərəfindən məhkəmədən iddia tələbi əsassız olduğundan iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən inzibati icraat materialları da etiraz məktubuna əlavə olunmuşdur. Məhkəmənin 02 avqust 2021-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında sədrlik edən Muradov Hicran Xasay oğlu özü-özünə etiraz edərək etirazın baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilməsini qərara almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2- 1(108)-23/2021 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğlu tərəfindən özü-özünə verilmiş etiraz təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri Muradov Hicran Xasay oğlunun icraatında olan 2-1(122)-147/2021 nömrəli inzibati iş baxılması üçün Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlunun icraatına verilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakimi Novruzov Səxavət Hüseyn oğlu tərəfindən 2-1(122)-147/2021 nömrəli inzibati işin icraatı davam etdirilmiş, məhkəmənin hazırlıq icraatı ilə bağlı növbəti iclası 07 sentyabr 2021-ci il tarixə təyin olunmuşdur. 07 sentyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi Əsədov X11 Məsumə Akif qızına məxsus Naxçıvan şəhər, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi, 1998 və 2018-ci illərdə mülkiyyətin dəyəri 100 faizi dövlətə ödənildiyindən bugünki bazar qiyməti ilə mülkün ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdiklərini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbin “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi” olduğunu bildirib, məhkəmədən həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmənin 07 sentyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 06 oktyabr 2021ci il tarixli, 2-1(122)-147/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 noyabr 2021-ci il tarixə təyin edilmiş, proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi X14 23 iyul 2021-ci il tarixli, 348/2021 nömrəli məktubla məhkəməyə ünvanlanan etiraza uyğun izahat verərək, həmin binanın XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olduğunu, Nazirliyin arxiv sənədləri araşdırılarkən "Xeyriyyə" Cəmiyyəti tərəfindən 1998-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinə ərizə ilə müraciət olunduğunu və 03 aprel 1998-ci il tarixdə Naxçıvan Şəhər 3 saylı Mənzil İstismar Kontorası ilə bağlanmış müqaviləyə əsasən icarəyə götürüldüyünü, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin Cəmiyyətin adına özəlləşdirilməsi haqqında qərar qəbul edilməsinin xahiş edildiyini, lakin bağlanması nəzərdə tutulan alqı-satqı müqaviləsinin mövcud olmadığını, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamının qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edildiyini bildirib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 mart 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən 33.5 m2 qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 2/2 nömrəli reyestr kitabının 300 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası X6 tərəfindən tərtib edilmiş 15 may 2017-ci il tarixli, 000369 inventar nömrəli müəssisə və obyektin texniki pasportunun təsdiq olunmuş surətindən aydın olur ki, ümumi sahəsi 33.5 m2, əsas sahəsi 23.7 m2, köməkçi sahəsi 9.8 m2 olan Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən mağaza X10 adına **********95-06101-083003 reyestr nömrəsi ilə qeydə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının X6 tərəfindən tərtib edilmiş 02 aprel 1996-cı il tarixli qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportunun surətindən aydın olur ki, ünvan 4 ünvanında yerləşən mağazanın ümumi sahəsi 33.5 m2, əsas sahəsi 23.7 m2, köməkçi sahəsi 9.8 m2 olmuşdur. - “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 831 qeydiyyat nömrəli Şəhadətnamənin təsdiq olunmuş surətindən aydın olur ki, “Xeyriyyə” Cəmiyyəti kollektivinin vəkil etdiyi şəxs Əsədov X12 şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 m2 qeyri-yaşayış sahəsini dövlət büdcəsinə iki milyon iki yüz on səkkiz min beş yüz manat məbləğində pul köçürərək satın almışdır. - Naxçıvan şəhəri 1 saylı dövlət notariat kontorunun dövlət notarius X18 tərəfindən təsdiq edilmiş 22 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan "Xeyriyyə" Cəmiyyəti adından X5 şəhəri, Atatürk küçəsi 8-də yerləşən ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsini X13 bağışlamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamının surətindən məlum olur ki, Naxçıvan şəhər 03 saylı Mənzil İstismar Kontorası "Xeyriyyə" Cəmiyyətinə icarəyə verilmiş ünvan 4-də yerləşən, 33.5 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi üçün "Xeyriyyə" cəmiyyətinin müraciəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli, 584 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyriyaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında" Əsasnamənin icrasını təmin etmək məqsədilə: 1. Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən, 33.5 kv.m. qeyriyaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1997-ci il tarixli, 105 saylı "Müəssisəsinin start qiymətinə tətbiq olan əmsalların təsdiq edilməsi barədə" qərarına uyğun olaraq ******* (iki milyon iki yüz on səkkiz min beş yüz) manat məbləğində qiymətləndirilərək icarəçi "Xeyriyyə" cəmiyyətinə 100 faiz dəyər ilə satın alınmaq üçün təklif edilsin. 2. İcarəçi "Xeyriyyə" cəmiyyəti icarəyə götürdüyü qeyri-yaşayış sahəsini almağa razılıq verdikdə 33.5 kv.m. qeyri-yaşayış sahəsi 100 faiz dəyər ilə ona satılsın. 3. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin baş mütəxəssisi S.Abbasov yoldaşa tapşırılsın ki, icarəçi obyekti almağa razılıq verdiyi halda, onunla birbaşa alqı-satqı müqaviləsi bağlanılmasını təmin etsin. 4. Dövlət Əmlak Komitəsi ilə icarəçi arasında alqısatqı müqaviləsi bağlandığı halda icarəçi ilə mənzil istismar kontorası arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilsin. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1993-cü ildə doğulmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Nümayəndə xx xxxxxx 1966-cı ildə doğulmuşdur. - 05 may 1998-ci il tarixli, 03 nömrəli qəbzin təsdiq olunmuş surətindən aydın olur ki, Əsədov X12 Əmlak Komitəsinə yaşayış sahəsi özəlləşdirilməsi üçün iki milyon iki yüz on səkkiz min beş yüz manat ödəmişdir. - 22 yanvar 2018-ci il tarixli, 18 nömrəli qəbzdən görünür ki, X19 qeyri-yaşayış sahəsinin bağışlanması üçün doqquz yüz dört manat əlli qəpik ödəmişdir. - 08 iyul 2021-ci il tarixli, 28323 nömrəli qəbzdən məlum olur ki, Nümayəndə məhkəmədə iddia qaldırmaq üçün 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli “Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 saylı Sərəncamının ləğv edilməsi haqqında” Sərəncamından aydın olur ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin 21 may 2021-ci il tarixli, 05/64 nömrəli "Xeyriyyə" Cəmiyyətinə məxsus olmuş Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin Departamentin fəaliyyət göstərdiyi ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan binada yerləşdiyindən özəlləşdirmə prosesində Cəmiyyətin vəkil etdiyi şəxs Nümayəndə adına verilmiş 11 may 1998-ci il tarixli, 001959 nömrəli "Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamənin ləğv olunması barədə müraciəti qanunvericiliyə uyğun araşdırılmışdır. Qeyd olunan məsələnin icrası məqsədilə mülkiyyət hüququnun ləğv olunması iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın həqiqətən, ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olub-olmaması barədə məlumat verilməsi üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə 03 iyun 2021-ci il tarixli, 276/2021 nömrəli müraciət göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin 03 iyun 2021-ci il tarixli, 8/64 saylı cavab məktubunda Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Cəmşid Naxçıvanski və Milli Dəyərlər muzeylərinin yerləşdiyi bildirilmişdir. Həmin binanın XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarixmemarlıq abidəsi olduğundan "Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu"nun 20.2-ci maddəsinə və Naxçıvan Muxtar Respublikası X22 2018-ci il 19 iyun tarixli, 131-V FR nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 3.2.1-ci bəndinə uyğun olaraq Nazirlik tərəfindən qorunduğu qeyd olunmuşdur. Müraciətin icrası istiqamətində Nazirliyin arxiv sənədləri araşdırılmış və "Xeyriyyə" Cəmiyyəti tərəfindən 1998-ci ilin may ayında Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinə ərizə ilə müraciət olunduğu və 03 aprel 1998-ci il tarixdə Naxçıvan şəhər 3 saylı Mənzil İstismar Kontorası ilə bağlanmış müqaviləyə əsasən icarəyə götürdüyü, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin Cəmiyyətin adına özəlləşdirilməsi haqqında qərar qəbul edilməsinin xahiş edildiyi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin 100 faiz dəyəri ilə satın alınmaq üçün "Xeyriyyə" Cəmiyyətinə təklif olunması, Cəmiyyət tərəfindən qeyri-yaşayış sahəsinin alınmasına razılıq verildiyi təqdirdə, ona satılması və alqı-satqı müqaviləsinin bağlanılması nəzərdə tutulmuş və Cəmiyyətə "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" 11 may 1998-ci il tarixli, 001959 nömrəli Şəhadətnamə verilmişdir. Araşdırma zamanı özəlləşdirmə prosesində zəruri sənəd hesab olunan tərəflər arasında qeyriyaşayış sahəsi üzrə bağlanılması nəzərdə tutulan alqı-satqı müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə "Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" təsdiq edilmişdir. Təsdiq edilmiş Dövlət Proqramının 1 saylı əlavəsinə əsasən Azərbaycan xalqının tarixi və mədəni irs obyektlərinin (nadir mədəniyyət və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika obyekləri, o cümlədən, dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr) özəlləşdirilməsi qadağan olunmuşdur. Yuxarıda qeyd olunanlardan belə məlum olur ki, "Xeyriyyə" Cəmiyyətinin müraciəti Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən düzgün araşdırılmamış və nəticədə Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" ilə qadağan olunmuş, XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsində yerləşən qeyri-yaşayış sahəsi qanunvericiliyin və digər normativ hüquqi aktların tələbləri pozulmaqla özəlləşdirilmiş və Cəmiyyətə "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə verilmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 67.2-ci bəndinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Naxçıvan Muxtar Respublikası X22 2014cü il 14 may tarixli, 111-İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamənin 5.5.9-cu maddəsinə əsasən nazir, Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir. Yuxarıda qeyd olunanları, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsini, "Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 5.5.8-ci və 5.5.9-cu maddələrini rəhbər tutaraq, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin "Xeyriyyə" Cəmiyyətinin adına özəlləşdirilməsi məqsədilə verilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamının ləğv edilməsi, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsi üzrə "Xeyriyyə" Cəmiyyətinin vəkil etdiyi şəxs Nümayəndə adına verilmiş 001959 nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi əmr edilərək Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlə iş şöbəsinin müdirinə (V.R.Rzayev) və X6nin müdirinə (Ş.M.Əsgərov) Sərəncamdan irəli gələn məsələlərin təmin edilməsi, Ümumi işlər və kadrlar şöbəsinin müdirinə (N.İ.Əsədli) "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qəbul edilən sərəncamın surətini Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə və "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə verilmiş "Xeyriyyə" Cəmiyyətinin vəkil etdiyi şəxs Nümayəndə göndərilməsinin təmin edilməsi tapşırılmışdır. - Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış 03 iyun 2021-ci il tarixli, 8/64 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Cəmşid Naxçıvanski və Milli Dəyərlər muzeylərinin yerləşdiyi bina XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2 -ci maddəsinə və Naxçıvan Muxtar Respublikası X22 2018-ci il 19 iyun tarixli, 131-V FR nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 3.2.1 -ci maddəsinə uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən qorunur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14 sentyabr 2021-ci il tarixli, 02/98 nömrəli məktubdan aydın olur ki, "Xeyriyyə" cəmiyyəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi arasında 1998-ci il tarixli alqı-satqı müqaviləsi barədə hər hansı bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin məhkəməyə ünvanlandığı 19 oktyabr 2021-ci il tarixli, 3/94 nömrəli məktubdan məlum olur ki, məhkəmənin 06 oktyabr 2021-ci il tarixli, 2-1(122)-147/2021 nömrəli sorğu məktubu ilə bağlı Azərbaycan Milli Elmlər X4 sorğu məktubu göndərilmişdir. Azərbaycan Milli Elmlər X1 daxil olan 18 oktyabr 2021-ci il tarixli, 87-01/200 nömrəli cavab məktubunda bildirilmişdir ki, Naxçıvan şəhəri, Atatürk 8 ünvanında yerləşən, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Cəmşid Naxçıvanski və Milli Dəyərlər muzeylərinin yerləşdiyi tarixi bina 1890-1894-cü illərdə tikilmişdir. Binanın tikintisində Ehsan xanın Təzəkənd kəndindəki kərpic zavodunda istehsal olunan kərpicdən istifadə olunmuşdur. Binanın şərq tərəfi Cəmşid Naxçıvanskinin atası Cəfərqulu xanın, qərb tərəfi isə onun kiçik qardaşı Hüseyn xanın mülkü olmuşdur. Bu mülklərin yan-yana olması haqqında X23 Arxivinin (Sankt-Peterburq şəhəri) 426-cı fondunda sənəd vardır: F.426, siyahı 1, iş 937, vərəq 2 (1894-cü ilin məlumatı). Binanın önündə və sağ tərəfində geniş ərazini əhatə edən bağ olmuşdur. Bu binada 1918-1919-cu illərdə Naxçıvan X2 fəaliyyət göstərmişdir. Hazırda Cəfərqulu xan Naxçıvanskinin mülkündə Cəmşid Naxçıvanski Muzeyi, Hüseyn xan Naxçıvanskinin mülkündə isə Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Milli Dəyərlər muzeyi fəaliyyət göstərir. Bina 20 may 2021-ci ildə qeydiyyata alınmışdır. (Qeydiyyat kartı nömrə 1/170). Naxçıvan Muxtar Respublikası X22 rəhbərliyi ilə nəşr olunmuş "X3"na Cəmşid Naxçıvanski Muzeyinin yerləşdiyi bina haqqında məlumat daxil edilmişdir. (Naxçıvan-2008, səhifə 59). Bina ölkə əhəmiyyətli tarix-memarlıq abidəsidir. "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə və Naxçıvan Muxtar Respublikası X22 2018-ci il 19 iyun tarixli, 131-V FR nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə"nin 3.2.1-ci maddəsinə uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 16-cı maddəsinin İİ hissəsinə əsasən Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna görə 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun: - 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. "Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mədəniyyət sahəsində fəaliyyət istiqamətləri üzrə münasibətlər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Nəşriyyat işi haqqında”, “Kinematoqrafiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Kitabxana işi haqqında”, “Muzeylər haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin c bəndinə əsasən tarix abidələri - cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, X7, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr - xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündə əks etdirən qurmalar və əmək alətləri, əşyalar, epiqrafik abidələr -üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələridir. Həmin qanunun 4-cü maddəsində nəzərdə tutulmuşdur ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) yol verilmir. Azərbaycan Respublikasının 29 sentyabr 1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na 1 saylı Əlavədə Azərbaycan xalqının tarixi və mədəni irs obyektləri (nadir mədəniyyət və təbiət abidələri, təbiət, tarix, mədəniyyət, elm və texnika obyektləri, o cümlədən dövlət muzeylərində, arxivlərdə və kitabxanalarda saxlanılan sərvətlər, onların yerləşdiyi binalar və sahələr) özəlləşdirilməsi qadağan olunan müəssisə və obyektlər kimi müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası X22 14 may 2014-cü il tarixli, 111-İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin: - 5.5.8-ci maddəsinə əsasən nazir əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlikdə qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir - 5.5.9-cu maddəsinə əsasən nazir Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir. İş materiallarından məlum olur ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamı ilə Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin "Xeyriyyə" Cəmiyyətinin adına özəlləşdirilməsi məqsədilə verilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamı ləğv edilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsi üzrə "Xeyriyyə" Cəmiyyətinin vəkil etdiyi şəxs Nümayəndə adına verilmiş 001959 nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamə qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə araşdırması zaman müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən qanunsuz inzibati aktın ləğv edilməsi üçün bir sıra əsaslar mövcud olmuşdur. Belə ki, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsinin yerləşdiyi bina XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarixmemarlıq abidəsidir. X16 Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanında yerləşən, ümumi sahəsi 33.5 m2 olan qeyri-yaşayış sahəsi 100 faiz dəyəri ilə satın alınması üçün "Xeyriyyə" Cəmiyyətinə təklif olunmuş, Cəmiyyət tərəfindən qeyri-yaşayış sahəsinin alınmasına razılıq verildiyi təqdirdə, ona satılması və alqı-satqı müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Lakin ölkə əhəmiyyətli tarix-memarlıq abidəsində yerləşən qeyriyaşayış sahəsi üzrə tərəflər arasında bağlanılması nəzərdə tutulan alqı-satqı müqaviləsi mövcud olmamışdır. Beləliklə, qeyri-yaşayış sahəsinin statusu Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən düzgün araşdırılmamış və nəticədə özəlləşdirilməsi qadağan olunmuş, XİX əsrin ikinci yarısına aid ölkə əhəmiyyətli tarix-memarlıq abidəsində yerləşən qeyri-yaşayış sahəsi qanunvericilik normalarının tələbləri pozulmaqla özəlləşdirilmişdir. Məhkəmə hesab edir ki, sadalanan bu iki hal Naxçıvan Muxtar Respublikası Dövlət Əmlak Komitəsinin 11 may 1998-ci il tarixli, 211 nömrəli Sərəncamının ləğv edilərək "Xeyriyyə" Cəmiyyətinin vəkil etdiyi şəxs Nümayəndə adına verilmiş 001959 nömrəli "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında" Şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün tutarlı əsas olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81, 85.1, 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “İddiaçı məxsus Naxçıvan şəhəri, Atatürk küçəsi 8-də yerləşən 33.5 kv.m-lik qeyri-yaşayış sahəsi olan mülkə aid çıxarılmış Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin 07 iyun 2021-ci il tarixli, 34 nömrəli Sərəncamının ləğv edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar