Məhkəmə qərarları › İş №2-1(122)-149/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-149/2023

19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-149/2023 19.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı Teyyub oğlunun, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Teyyub oğlunun cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı "güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğvi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Teyyub oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğvi barədə komissiyasının 20 sentyabr 2022ci il tarixli, 29 nömrəli qərarının ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Əmək kitabçasında xx.xx.1997-ci il tarixdən, xx.xx.2005-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Tikinti Sənaye Kombinatında işləməsi qeyd olunsa da, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivindən verilən xx.xx.2022-ci il tarixli 15/82 nömrəli arayışda “Tikinti sənaye kombinatı”nın 1997-2005-ci illərə dair sənədlərində adına rast gəlinmədiyi qeyd olunmuşdur. Nəticədə əmək pensiyası kəsilərək xx.xx.2006-cı ilədək olan sığorta stajı 25 il 07 aydan 09 il 08 ay azalaraq 15 il 11 aya düşmüşdür. Qeyd edir ki, 1997-2005-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Tikinti Sənaye Kombinatında işləmişdir. Bunu əmək kitabçasında yazılan əmr nömrəsi ilə təsdiq edir. Həll yolu tapa bilmədiyindən məcbur qalıb məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edən komissiyasına qarşı "güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğvi barədə komissiyasının 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarının ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. 30 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı Teyyub oğlu hazırki iddia tələbinin güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğvi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarının ləğv edilməsi tələbi olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazdığı 23 yanvar 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən 30 mart 2023-cü il tarixli, 2-1(122)-149/2023 nömrəli sərəncam qəbul edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: xx xxxx 1960-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, İddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12 iyun 2017-ci il tarixli, 18995 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin müddəlarına müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 178,62 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi 27 iyul 1978-ci il tarixli, MT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Dinamo” Cəmiyyətində fəhlə işləmiş, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 01 iyun 2017-ci il tarixli, 333 nömrəli arayışına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdikdən sonra, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək 1392 saylı “Voloqdatikinti” X1 elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Vayxır Su Tikinti Trestində elektrik və qaz qaynaqçısı, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Azərenerji Tikinti İdarəsində elektrik və qaz qaynaqçısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 187 nömrəli Mexanikləşdirilmiş kolonda çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək 6 nömrəli Hərbi hissədə elektrik qaynaqçısı, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək XTO-da elektrik qaynaqçısı, Naxçıvan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 56-01/171 nömrəli arayışa əsasən, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Y.B.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetində çilingər və əmək kitabçasının surətində qeyd olunmuş məlumata əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 elektrik çilingəri vəzifələrində işləmişdir. İddiaçı əmək kitabçasındakı qeydlərə və Naxçıvan Dövlət Universiteti tərəfindən təqdim edilmiş arayışa əsasən, onun 01 yanvar 2006-cı il tarixədək 25 il 7 ay 19 gün, 01 yanvar 2006-cı il tarixdən 12 iyun 2017-ci il tarixədək isə 3 ay olmaqla cəmi 25 il 10 ay ümumi iş stajı vardır. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 25 il 7 ay 19 gün ümumi, 19 il 6 ay 22 gün xüsusi iş stajı vardır. İddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X3 elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edilsə də, həmin qeydlər üzrə şəxsin əmək fəaliyyəti ilə məşğul olması arxiv sənədləri ilə öz təsdiqini tapmamışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfində verilmiş 26 avqust 2022-ci il tarixli, 15/82 nömrəli arayışda iddiaçının X3 yuxarıda qeyd edilən illərə dair sənədlərində adına rast gəlinmədiyi göstərilmişdir. Nəticədə iddiaçının xx.xx.2006-cı ilədək olan həm ümumi həm də xüsusi iş stajı 8 il 8 ay azalaraq, ümumi iş stajı 25 il 7 aydan 16 il 11 ay, xüsusi iş stajı isə 9 il 6 aydan azalaraq 10 il 10 ay müəyyən edilmişdir. Beləliklə iddiaçının 01 yanvar 2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi stajın və 12 il 6 aydan az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən stajın olmadığına baxmayaraq ona qanunsuz olaraq əmək pensiyası təyin edilmişdir. Beləliklə iddiaçının əmək kitabçasında qeyd edilən, lakin arxiv sənədləri ilə öz təsdiqini tapmayan, ümumi 25 il, güzəştli 12 il 6 ay olan iş stajı tamamlanmadığı üçün, ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyası Fondun Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarına əsasən ləğv edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 iyul 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı Teyyub oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - İddiaçı Teyyub oğluna məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx xxxx 1960-cı il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının Qərarından görünür ki, xx.xx.2017-ci il tarixdə İddiaçı Teyyub oğluna yaşa görə pensiya təyin edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin əmək pensiyası təyin edən komissiyasının 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarından məlum olur ki, komissiya xx.xx.1960-ci il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Teyyub oğluna xx.xx.2017-ci il tarixdə 18995 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsinı qərara almışdır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Göstərilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisənin əsas mahiyyəti Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli 29 nömrəli qərarının ləğv edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, məhkəmə araşdırması onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatının qanuna uyğun olmadığını” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarı ilə İddiaçı Teyyub oğluna 12 iyun 2017-ci il tarixdən, 18995 saylı qərarla "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 31.2-1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası işinin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh mübahisələndirilən qərarı qəbul edərkən, həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraatdan kənar bir araşdırma nəticəsində qərar qəbul etmişdir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarı müvafiq inzibati icraatı apararkən iddiaçının dinlənilmə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qəbul edildiyinə görə, qanunsuzdur. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Teyyub oğlunun cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı "Güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğvi barədə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli 29 nömrəli qərarının ləğvi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı Teyyub oğluna güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının ləğvi barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli, 29 nömrəli qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar