Məhkəmə qərarları › İş №2-1(122)-152/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-152/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-152/2023 18.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Ordubad rayonunda anadan olmuşdur. xx.xx.1975-ci il tarixdən 12.1 1.1977-ci il tarixədək ordu sıralarında xidmət etmiş, 1981-ci il tarixdən 1984-cü il tarixədək Körpü Tikinti qatarında işləmiş, 1988-ci il tarixdən 1993-cü il tarixədək Bakı İxtisaslaşdırılmış Avtomobillər zavodunun Ordubad filialında sürücü işləmişdir. İddiaçı qeyd edir ki, 2002-ci il tarixdə 4 №li əmrlə Bakı Avtomobil Zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. O, 1992- 1997-ci illərdə Əlincə kiçik müəssisəsində sürücü işləmişdir. İddiaçı Ordubad rayon Vergilər şöbəsinə 2019-cu il üçün 140 (bir yüz qırx) manat, 2020-ci il üçün 90 (doxsan) manat, 2021-ci il üçün 60 (altmış) manat olmaqla MDSS ödənişlərini tam şəkildə, 2022-ci il üçün isə 24 (iyirmi dörd) manat olmaqla ilk 4 (dörd) aylıq MDSS haqqını ödəmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Azərbaycan Dəmir X10 Ordubad filialı 619 Ne-li SMP-nin sənədlərinə baxdıqda X3 xx.xx.1974-cü il tarixli, 191\k №-li əmrlə 1 dərəcəli "fəhlə” qəbul edilməsi, xx.xx.1975-ci il tarixli, 341 \k №-li əmrlə işdən azad olunması, xx.xx.1988-ci il tarixli 5a №-li əmrlə "sürücü” qəbul edilməsi, xx.xx.1988-ci il tarixli 78 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə əmək pensiyası ilə bağlı ünvanladığı məktuba imtina cavabı verilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 07 fevral 2023-cü il tarixli, 04/03-30 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçının “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən sığorta stajından asılı olmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (34560 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olması şərtlərindən heç biri ödənilməmiş və 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, iddiaçının 2019, 2020, 2021 və 2022-ci illərdə (3 il 4 ay) mülkiyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının hesabatını vaxtında təqdim etmədiyindən onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. Beləliklə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə pensiya kapitalı qeydə alınmadığından, ona “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyini mümkünsüz hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Ordubad rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 may 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsi tərəfindən Ordubad rayon Ağrı kənd sakini X4 ünvanlanmış 13 yanvar 2023-cü il tarixli, 04/01-09 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin iş müddətləri iş stajına daxil edilir. İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi 22 il 2 ay 16 gün sığorta stajı vardır. İddiaçı ümümi 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində tələb olunan (34560 manat) pensiya kapitalı olmadığı və 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci illərin may ayınadək ödədiyi 3 il 4 ay məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sistemində öz əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. 2019-cu, 2020ci, 2021-ci, 2022-ci illərin may ayınadək ödədiyi 3 il 4 ay məcburi dövlət sosial sığorta haqları X2 Sistemində öz əksini tapdıqdan sonra İddiaçı yaşa görə əmək pensiyası hüququna baxılacaqdır. - Naxçıvan MR Dövlət Arxivi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli, 13/570 nömrəli arxiv arayışından aydın olur ki, Azərbaycan Dəmir X10 Ordubad filialı 619 №-li SMP-nin sənədlərində X3 xx.xx.1974-cü il tarixli, 191\k №-li əmrlə 1 dərəcəli "fəhlə” qəbul edilməsi, xx.xx.1975-ci il tarixli, 341\k №-li əmrlə işdən azad olunması, xx.xx.1988-ci il tarixli, 5a №-li əmrlə "sürücü” qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 78 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 avqust 2022-ci il tarixli, 141 nömrəli arxiv arayışdan görünür ki, İddiaçı əmr N:154 ilə xx.xx.1986-cı il tarixdə 13 saylı Körpü Tikinti Qatarı idarəsinə kamaz avtomaşınına sürücü qəbul edilmiş, 1978-ci ildə Vənənd kolxozunda 709 r54q 165 a/g, 1979-cu ildə 1058 r44q 239a/g, 1980-ci ildə 567 r24q 123 a/g, 1981-ci ildə 532 r22q 54 a/g, 1982-ci ildə 278 r14q 54 a/g işləmiş və əmək haqqı qazanmışdır. Arayışda həmçinin 1992-1997-ci illərdə Əlincə kiçik müəssisəsindən aylar üzrə qazandığı əmək haqqı məbləğlərini əks etdirən arayış göstərilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, 04 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı xx.xx.1988-ci ildə “Bakı İxtisaslaşdırılmış Avto-Mobillər” zavodunun Ordubad filialına sürücü kimi işə qəbul edilmişdir. (əmr 90k xx.xx.1988-ci il) xx.xx.1992-ci il tarixdən köçürmə yolu ilə “Əlincə” kiçik müəssisəyə keçirilmişdir. (əmr 83k xx.xx.1992-ci il). xx.xx.1993-cü il tarixdən 212 saylı əmrlə “Bakı İxtisaslaşdırılmış Avto-Mobillər” zavodu - “Bakı Avtomobil zavodu” adlandırılmışdır. xx.xx.2002-ci il tarixdən 4 №-li əmrlə "Bakı Avtomobil zavodu” - “Bakı Avtomobil Sənaye" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Arxiv bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 172105 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 13 saylı Körpü Tikinti Qatarında işləmişdir. İddiaçı həmin müəssisədə işlədiyi 1981-1984-cü illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl arayışa əlavə olunmuşdur. Arayışın qeyd hissəsində idarənin Ordubad şəhərinə köçürülməsi ilə əlaqədar sənədlərin arxiv bölməsinə 1985-ci ilə qədər təhvil verildiyi göstərilmişdir. - 13 nömrəli Körpü Tikinti İdarəsi tərəfindən və "xxxx" ASC tərəfindən verilmiş arayışlarda İddiaçı həmin müəssisələrdə işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəllər göstərilmişdir. - Ordubad Rayon Vergilər Şöbəsi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli, **********708200 nömrəli arayışdan aydın olur ki, İddiaçı Ordubad Rayon Vergilər Şöbəsində vergi və sosial sığorta ödəyicisi kimi qeydiyyatdadır. 2019-cu ildə 140 (bir yüz qırx) manat 40 qəpik, 2020-ci ildə 90 (doxsan) manat, 2021-ci ildə 60 (altmış) manat və 2022-ci ildə 24 (iyirmi dörd) manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ordubad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli, 04/288 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən heç bir növ müavinət, təqaüd və ünvanlı dövlət sosial yardım ödənilmir. - Ordubad Rayon Vergilər Şöbəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, **********704600 nömrəli arayışdan məlum olur ki, X1 Rayon Vergilər Şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyata alınmışdır. Mülkiyyətində olan kənd təsərrüfatı sahəsinə yararlı torpaqların istifadəsinə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqından ödənişi aşağıdakı kimi olmuşdur: 2019-cu il üçün 140 (bir yüz qırx) manat, 2020-ci il üçün 90 (doxsan) manat, 2021-ci il üçün 60 manat olmaqla MDSS ödənişlərinin tam şəkildə 2022-ci il üçün isə 24 (iyirmi dörd) manat olmaqla, ilk 4 (dörd) aylıq MDDS haqqını ödəmişdir. - xx.xx.2019-cu il tarixli, 047402 nömrəli mədaxil qəbzindən məlum olur ki, MDSS haqqı qismində 100 manat 80 qəpik ödənilmişdir. - xx.xx.2020-ci il tarixli, ********* və ********* nömrəli mədaxil qəbzlərindən aydın olur ki, İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondu-NMR Ordubad rayon şöbəsinə 60 manat 40 qəpik və 30 manat 40 qəpik ödənilmişdir. - xx.xx.2021-ci il tarixli, ********* nömrəli və xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzlərindən məlum olur ki, İddiaçı tərəfindən Dövlət Vergi Xidməti-Naxçıvan MR VN Ordubad YXO-ya 60 manat 40 qəpik və 24 manat 40 qəpik ödənilmişdir. - Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, 151 nömrəli arayışdan görünür ki, 1957-ci il təvəllüdlü X6 xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək ordu sıralarında xidmət etmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Xanağa kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2022-ci il tarixli, 140 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayonu, Ağrı kəndində yaşayır və qeydiyyatdadır. - Ordubad Rayon Polis Şöbəsi tərəfindən 02 aprel 2009-cu il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1957-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Vənənd kəndində doğulmuş İddiaçı Ordubad rayonu, Ağrı kəndində pasport qeydiyyatındadır. - 17 dekabr 1999-cu il tarixli, JN-0012, KOD 10707048 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Ordubad Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1999-cu il tarixli, 172 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.31 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 mart 2023-cü il tarixli, **********085800 nömrəli məktubundan aydın olur ki, fiziki şəxs İddiaçı (VÖEN:**********) tərəfindən 2019-cu il ərzində 140.40 manat, 2020-ci il ərzində 90.00 manat, 2021-ci il ərzində 60.00 manat və 2022-ci il ərzində 24.00 manat məcburi dövlət sosial sığorta ödənişi aparılmış, lakin ödəyici tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannəməsi (hesabatı) təqdim edilmədiyindən həmin ödənişlər ödəyicinin şəxsi hesab vərəqəsinə işlənilməmiş və bu səbəbdən də elektron informasiya sistemində əks olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək sığortaçının hüquqlarına, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının vəzifələrinə aid edilmişdir. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 26 il 2 ay 16 gün iş stajı mövcuddur. 2019-2022-ci illər ( 3 il 4 ay) üzrə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqqının hesabatını vaxtında təqdim etmədiyindən onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmamışdır. İş üzrə mübahisəli məsələ iddiaçının kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta məbləğlərinin X7 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Halbuki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (buraya həmçinin aiddir məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına əsas verən hal kimi təsbit edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh orqanın etirazında iddiaçının 25 il sığorta stajının olmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması barədə gətirdiyi dəlillərini əsaslı saymır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən cavabdehin imtinası əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 14.3, 33, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar