Məhkəmə qərarları › İş №2-1(122)-152/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-152/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-152/2025 14.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "Prestij-Naxçıvan pivəsi” MMC-də işlədiyi artıq iş saatlarının yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq iş saatlarının ödənilməsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 3 il 4 ay 13 gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində gözətçi işləmişdir. Müəssisə onu hər ay 360 saat (15 sutka) işlətmişdir. Hər aya 170 manat pul ödəmişdir 180 saatın pulu ilə bağlı dəfələrlə Əmək Müfəttişliyinə müraciət etmişdir. Buna baxmayaraq indiyə qədər ona 20-25% qədər pul ödənilmişdir. Artıq saatlar 2 qat ödənilir. Əmək Müfəttişliyi Xidmətindən “Cavad müəllim” adlı şəxs evə zəng edərək, onu yanına çağırmışdır. Həmin şəxs ona ərizə yazdırmışdır ki, pivə zavodun ona borcu yoxdur. Bu halda onun pulunu alıb verəcəkdir. 4 gündən sonra ona 2200 manat pul verilmişdir. Bu da onun artıq saatlarının 20%-ni təşkil etmişdir. Sonra rəisin və müavinin qəbulunda olmuşdur. Onlar isə ona artıqlaması ilə pul ödənildiyini demişdirlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, artıq iş saatlarının ödənilməsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2- 1(122)-656/2024 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: "xxxx" MMC-də işlədiyi artıq iş saatlarının yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”. İddia tələbi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin 29 may 2024-cü il tarixli etirazından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından İddiaçı iddiası ilə bağlı məsələlərin yerində araşdırılması mümkün olmamışdır. Bununla belə bildirilmişdir ki, İddiaçı Cəmiyyətdə artıq iş saatlarında işə cəlb edilməsinə görə əmək haqqında əlavənin ödənilməsi tələbinə dair 21 dekabr 2015-ci il tarixli müraciətinə X4 Xidmətində baxılmışdır. Qeyd olunan müraciətlə əlaqədar Xidmətdə aparılan araşdırma zamanı Cəmiyyət tərəfindən təqdim edilən sənədlərdən müəssisə ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinin məzmununda iş saatlarına dair şərtlər düzgün müəyyənləşdirilmədiyindən araşdırma müəssisə tərəfindən tərtib olunmuş iş qrafikləri və digər sənədlərə əsasən aparılmışdır. Araşdırma nəticəsində İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş 2013-2014-cü illər üçün iş vaxtı normasından artıq vaxtda 297 saat artıq işə cəlb edildiyi müəyyən edilmiş və 8 yanvar 2016-cı il tarixdə 08/04 nömrəli məktubla vətəndaşın müraciəti cavablandırılmışdır. Məlumat üçün bildirilmişdir ki, ötən illər ərzində İddiaçı eyni məzmunlu müraciətlərinin araşdırıldığı dövrlərdə müəssisə tərəfindən Xidmətə qəbul olunmuş sənədlərə əsasən ona ümumilikdə 7000 (yeddi min) manat pul vəsaitinin ödənildiyi məlum olmuşdur. Həmçinin İddiaçı ərizə ilə işəgötürənə yazılı müraciət edərək artıq iş saatlarına dair hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 05 fevral 2025-ci il tarixli, 2-1(122)-152/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 14 avqust 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, əmək müqaviləsinin və şəxsiyyət vəsiqəsinin surətlərini və yaşayış yeri haqqında arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti tərəfindən Naxçıvan şəhəri, məhəllə 2, ev 6 ünvanında yaşayan İddiaçı ünvanlanmış 28 dekabr 2023-cü il tarixli, 3-17-9-5/2-Ə-932/2023 nömrəli məktubdan görünür ki, müraciətin araşdırılması ilə bağlı Cəmiyyətə 30 noyabr 2023-cü il tarixində sorğu göndərilmiş, Cəmiyyətin 19 dekabr 2023-cü il tarixli cavab məktubunda onun 2012-2015-ci illər ərzində həmin müəssisədə fəaliyyət göstərdiyi qeyd edilmişdir. Həmçinin müəssisədə işəgötürən tərəfindən bağlanmış əmək müqavilələrini, onlarda aparılan dəyişiklikləri, verilmiş əmrləri beş il müddətində saxlanıldığı bildirilmiş və bu səbəbdən ona aid olan sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Hər hansı məlumat və sənəd təqdim edilmədiyi üçün artıq iş saatlarına görə əlavə haqqın ödənilməsi ilə bağlı məsələnin araşdırılması və bununla bağlı münasibət bildirilməsi mümkün olmamışdır. Nəzərə çatdırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2024-cü il tarixinədək dayandırıldığından müraciətin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd edilmiş məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - 01 iyun 2012-ci il tarixli əmək müqaviləsinin (kontraktı) surətindən görünür ki, 1.1 işəgötürənin səlahiyyətlərini həyata keçirən "xxxx" MMC-nin direktoru X1 ilə işçi İddiaçı arasında 01 iyun 2012-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. 1.2 işçi gözətçi vəzifəsinə işə qəbul edilmişdir. 2.2 işin birinci 3 (üç) həftəsi sınaq müddəti hesab edilmişdir. 2.3 bu əmək müqaviləsi işin daimi xarakter daşıdığı səbəbə görə 01 iyun 2012-ci il tarixindən 01 iyun 2015-ci il tarixinədək bağlanmışdır. 2.4 işçi 01 iyun 2012-ci il tarixindən işə başlayır. 4.1 İşçiyə hər ay 120.0 məbləğdə əmək haqqı ödənilir. 4.5 işçiyə iş vaxtından artıq vaxtda, istirahət və bayram günlərində işlədikdə iki qat məbləğdə əmək haqqı verilir. 4.16 işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. 4.17 iş saat 9:00-da başlanır, saat 18:00-da qurtarır. 8.2 Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir: 01 iyun 2015-ci ildə müqavilənin müddəti bitmişdir. Mövsümlə əlaqədar olaraq 01 noyabr 2015-ci ilə qədər artırılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2023-cü il tarixli, 256 nömrəli arayışdan görünür ki, Əliyarov X3 şəhəri, 2-ci məhəllə, ev 6 ünvanında yaşayır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1945-ci ildə Naxçıvan şəhərində doğulmuş Əliyarov X3 şəhəri, məhəllə 2, ev 6 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etiraza əlavə edilmiş: - 03 fevral 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 300 (üç yüz) manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir. - 11 yanvar 2016-cı il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım ödənilmişdir. - 05 fevral 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-dən pul aldığını, maddi və mənəvi şikayətinin olmadığını öz imzası ilə təsdiq etmişdir. - 25 yanvar 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı "xxxx" MMC-də keçmiş dövr ərzində işlədiyi vaxt artıq iş saatlarına görə ona əlavə pul vəsaiti ödənilməmişdir. O, 19 fevral 2021-ci il tarixdə bununla əlaqədar "xxxx" MMC-yə yazılı müraciət etmişdir. Onun müraciətinə əsasən artıq iş saatlarına görə X6 vasitəsilə ona hesablanmış 2200 (iki min iki yüz) manat məbləğində vəsait almışdır. Həmçinin 2015-ci ildə onun şifahi müraciətinə əsasən müəssisə tərəfindən ona ödənilən 4000 (dörd min) manat maddi yardımın da ödənildiyini nəzərə alaraq, onun müəssisəyə qarşı artıq iş saatlarına görə heç bir tələbinin, iddiasının və şikayətinin olmadığını bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti tərəfindən Naxçıvan şəhəri, məhəllə 2, ev 6 ünvanında yaşayan İddiaçı ünvanlanmış 08 yanvar 2016-cı il tarixli, 08/04 nömrəli məktubdan görünür ki, 21 dekabr 2015-ci il tarixli müraciət "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi sənədlər əsasında araşdırılmışdır. Araşdırma zamanı gözətçilərin iş vaxtı müddətinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə müəyyənləşdirildiyi məlum olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş gözətçilər üçün növbəti iş qrafiklərinə əsasən onun aylıq iş rejiminin 15 iş günü (180) saat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş 2013 və 2014-cü illər üçün iş vaxtı normalarına əsasən həmin illər ərzində iş vaxtından 297 iş saatı artıq işlədiyi müəyyən edilmişdir. Artıq iş saatlarına görə ona əlavə haqqın ödənilməsinə dair işəgötürənə müvafiq göstəriş verilmişdir. Müraciətdə qeyd edilən digər hallar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələri predmeti olduğundan həmin Məcəllənin 294-cü maddəsinə uyğun olaraq tənzimlənir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinə ünvanlanmış 25 yanvar 2022-ci il tarixli, 04 nömrəli məktubdan görünür ki, 14 oktyabr 2014-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həyətində yerləşən karbon qazı çənində yaranmış yüksək təzyiq nəticəsində baş vermiş partlayış zamanı həmin ərazidə gözətçi vəzifəsini icra edən İddiaçı xəsarət almışdır. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar müvafiq araşdırmalar aparmışdır. O cümlədən hadisə istehsalatda baş verdiyindən X4 Xidməti tərəfindən qanunamüvafiq araşdırılaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi qeydiyyata alınmışdır. Qeyd olunan hadisə zamanı xəsarət alan İddiaçı üç gün tibb müəssisəsində müalicə aldıqdan sonra vəziyyətinin normallaşması səbəbindən evə buraxılmış, bir ay sonra isə öz işinə davam etmişdir. Hadisədən təqribən bir il sonra 31 oktyabr 2015-ci il tarixdə isə öz ərizəsinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxdıqdan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müxtəlif orqanlara şikayət edərək 14 oktyabr 2014-cü il tarixdə baş vermiş hadisə nəticəsində əmək qabiliyyətinin itirildiyini və ona aylıq ödənc verilməsi tələbində olsa da, ona bu tələbinin qanunamüvafiq olmadığı çatdırılmışdır. Buna baxmayaraq İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyi tərəfindən humanistlik göstərilərək ona ötən dövr ərzində ayrı-ayrı müddətlərdə ümumilikdə 4000.0 (dörd min) manat məbləğində maddi yardım, 11 yanvar 2016-cı il və 03 fevral 2016-cı il tarixlərdə isə onun şifahi müraciətinə əsasən artıq iş saatlarına görə 800.0 (səkkiz yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin 19 dekabr 2021-ci il tarixdə İddiaçı artıq iş saatları ilə bağlı müəssisəyə ünvanladığı müraciətinə baxılaraq onun artıq iş saatlarına görə 2200.0 (iki min iki yüz) manat məbləğində pul vəsaiti hesablanmışdır. Hesablanmış həmin məbləğ 25 yanvar 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin Naxçıvan şəhər filialı vasitəsilə İddiaçı cari hesabına köçürülərək ödəniş həyata keçirilmişdir. Eyni zamanda, İddiaçı 03 fevral 2016-cı il və 25 yanvar 2022-ci il tarixdə yazılı şəkildə müəssisənin rəhbəri S.Rəhimova müraciət edərək bir daha şikayət və tələbinin olmayacağını bildirmişdir. Həmin ödəniş ilə bağlı “A” formalı ödəniş tapşırığı və məxaric orderi əlavə edilmişdir. - Naxçıvan şəhəri, məhəllə 2, ev 6 ünvanında yaşayan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru S.Rəhimova ünvanlanmış 03 fevral 2016-cı il tarixli müraciətdən görünür ki, müəssisədə işlədiyi müddətdə müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı etdiyi müraciəti nəzərə alıb, ona maddi yardım etdiyinə görə şikayətini geri götürdüyünü və bundan sonra heç bir şikayətinin olmayacağını bildirmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti tərəfindən Naxçıvan şəhəri, məhəllə 2, ev 6 ünvanında yaşayan İddiaçı ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 08/114 nömrəli məktubdan görünür ki, eyni məzmunlu müraciətinə daha əvvəl baxılarkən müəssisə ilə onun arasında bağlanılmış əmək müqaviləsində iş saatlarına dair şərtlər düzgün müəyyən edilmədiyindən araşdırma müəssisə tərəfindən tərtib olunmuş iş qrafikləri və digər sənədlərə uyğun aparılmışdır. Müraciətdə qaldırılmış məsələ ilə əvvəlki şikayətlər nəzərə alınmaqla müəssisə tərəfindən ümumilikdə 7000 (yeddi min) manat məbləğində əlavə ödəniş aparıldığı məlum olmuşdur. Həmçinin aparılan ödənişlərdən sonra artıq iş saatları ilə bağlı hər hansı tələbinin olmayacağına dair işəgötürənə ərizə ilə müraciət etdiyi müəyyən olunmuşdur. Bununla belə hüquqlarının bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin 25 sentyabr 2024-cü il tarixli, 3-17-9-5/2-1399/2024 nömrəli etiraz ərizəsindən görünür ki, vətəndaş İddiaçı 21 dekabr 2015-ci il tarixdə əmək müqaviləsinə xitam verildikdən sonra artıq iş saatlarında işə cəlb edilməsinə görə əmək haqqında əlavələrin ödənilməsi tələbi ilə bağlı ərizə ilə Xidmətə müraciət etmiş, ərizə əsasında araşdırılma aparılmış, tərtib olunmuş iş qrafikinə və digər sənədlərə baxış zamanı və araşdırmanın nəticəsinə uyğun olaraq iş vaxtı normasından artıq vaxtda, 297 saat işə cəlb olunduğu müəyyən olmuşdur. Ötən illər ərzində İddiaçı eyni məzmunlu müraciətlərinin araşdırıldığı dövrlərdə müəssisə tərəfindən Xidmətə təqdim olunan sənədlərə əsasən ona ümumilikdə 7000 (yeddi min) manat pul vəsaitinin ödənildiyi məlum olmuşdur. Həmçinin İddiaçı ərizə ilə işəgötürənə yazılı müraciət edərək artıq iş saatlarına dair hər hansı tələb və şikayətin olmadığını bildirmişdir. “Sahibkarlıq sahəsinə aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixədək dayandırıldığından sadəcə təqdim olunan sənədlər əsasında araşdırma aparılmış, 08 yanvar 2016-cı il tarixdə araşdırmanın nəticəsi barədə cavab məktubu vətəndaşın faktiki ünvanına göndərilərək, müraciət cavablandırılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2011-ci il 28 iyun tarixli, 20-İV FR nömrəli Fərmanı ilə təsdiq olunmuş X4 Xidmətinin Əsasnaməsinin 4.1.5-ci maddəsinə əsasən əmək qanunvericiliyi pozularaq əmək münasibətləri prosesində işçiyə və işəgötürənə vurulan maddi ziyan aşkar edildikdə, bu barədə qərar, rəy, arayış vermək Xidmətin hüququdur, vəzifəsi deyildir. “Vətəndaşların müraciəti haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. İddiaçı ”işlədiyi artıq iş saatlarının yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə münasibətdə müraciət cavablandırıldığından təkrarən araşdırılmasına ehtiyac yoxdur və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənləri və qanunvericiliyin tələblərinin nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "Prestij-Naxçıvan pivəsi” MMC-də işlədiyi artıq iş saatlarının yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidməti tərəfindən 08 may 2025-ci il tarixli, 3-17-9-5/2-1280/2025 nömrəli məktubla məhkəməyə ünvanlanmış: - 25 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, Naxçıvan şəhər sakini İddiaçı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə ünvanladığı sağlamlığının itirmə faizinin təyin olunmasına və artıq işlədiyi saatlara görə əmək haqqının ödənilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti 06 yanvar 2022-ci il tarixli, Ə-2 nömrəli qeydiyyat nəzarət vərəqəsi ilə baxılması üçün Nazirliyə göndərilmişdir. Müraciəti əsasında vətəndaş 15 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1 sentyabr 2021-ci il tarixli 98s nömrəli Sərəncamı ilə yaradılmış Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət yaradılmış birgə komissiyaya dəvət olunmuşdur. Əyani müayinə zamanı vətəndaşın əvvəlki və yeni rentgen müayinəsinə və digər tibbi sənədlərinə baxılmışdır. Müayinə nəticəsinə əsasən xəsarətinin əmək qabiliyyətinin itirilməsinə əsas vermədiyi barəsində birgə komissiya qərar qəbul etmiş və bununla bağlı İddiaçı ətraflı izah verilmişdir. İddiaçı müraciətdə qeyd etdiyi artıq işlədiyi saatlara görə əlavə haqqın ödənilməsinə dair də araşdırma aparılmışdır. Müraciətlə əlaqədar "xxxx" MMC-yə ünvanlanan sorğuya cavab olaraq təqdim olunan sənədlərə əsasən xx.xx.2022-ci il tarixdə 2200 (iki min iki yüz) manat olmaqla vətəndaşa ötən dövr ərzində ümumilikdə 7000 (yeddi min) manat məbləğində pul ödənildiyi məlum olmuşdur. İddiaçı şikayətinin təmin olunduğunu və tələbinin olmadığını yazılı formada müəssisəyə təqdim etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 oktyabr 2015-ci il tarixli, 28 nömrəli əmrindən görünür ki, gözətçi vəzifəsində işləyən İddiaçı həmin tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b bənində əsasən işdən azad edilmişdir. - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 nömrəli akt əlavə edilmişdir. - Təhqiqat komissiyasının sədri X2 tərəfindən X4 Xidmətinin rəisi E.V.Hüseynova ünvanlanmış 04 noyabr 2014-cü il tarixli məlumatdan görünür ki, 14 oktyabr 2014-cü il tarixdə "xxxx" MMC-nin gözətçisi İddiaçı xəsarət alması ilə nəticələnmiş hadisənin təhqiqatı aparılmış, istehsalatla əlaqəli olduğu müəyyənləşdirilmiş və təqsirkar müəssisə tərəfindən İZ formalı aktla rəsmiləşdirilmişdir. Təhqiqat başa çatdıqdan sonra hadisənin baş verməsinə səbəb olan nöqsanların aradan qaldırılması və bir daha təkrarlanmaması məqsədilə icrası məcburi olan F-1DƏMX formalı göstəriş verilmişdir. Təhqiqat materialları və İZ formalı aktın nüsxələrinin artırılaraq müvafiq təşkilatlara göndərilməsi təmin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq təhqiqat materiallarının işə alınmasına dair müvafiq göstəriş verilməsi xahiş edilmişdir. - 03 noyabr 2014-cü il tarixli təhqiqat aktı, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər barədə komissiyanın rəyi və 15 oktyabr 2014-cü il tarixli bədbəxt hadisə yerinə baxış protokolu məktuba əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X4 Xidmətinin 20 oktyabr 2014-cü il tarixli, 72 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 saylı qərarı ilə təsdiq olunmuş “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması Qaydaları”nın ümumi müddəalarının 2.1 və 2.2 bəndlərinə əsasən qeyd olunan hadisəni təhqiq etmək üçün təhqiqat komissiyası yaradılmışdır. İddiaçı 09 dekabr 2024-cü il və 26 fevral 2025-ci il tarixli ərizələri iş materiallarına əlavə edilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətdə artıq iş saatlarına cəlb edildiyini bildirərək, cavabdeh tərəfindən həmin artıq iş saatlarının yoxlanılmasını tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçının əvvəlki müraciətləri əsasında müvafiq yoxlama aparıldığını, sənədlər əsasında artıq iş saatlarının müəyyən olunduğunu və müvafiq məbləğin ödənildiyini bildirərək, onun tələbinin icrasından imtina edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətsizliyi qanunidir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. - 4.1-ci maddəsinə əsasən bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. - 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. - 89-cu maddəsinə əsasən tam iş vaxtı-müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. - 95.1-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. - 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. - 102.1-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. - 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. “Sahibkarlıq sahəsinə aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli, 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə iddiaçının hüquqi marağı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətdə artıq iş saatlarının müəyyənləşdirilməsindən ibarətdir. Bu məqsədlə də, cavabdeh inzibati orqan tərəfindən müvafiq yoxlamanın aparılmasını tələb edir. İş materiallarının məcmu şəklində tədqiqi onu deməyə əsas verir ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 iyun 2012-ci il tarixli əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Həmin müqavilə 01 iyun 2015-ci il tarixədək qüvvədə olsa da, sonradan müqaviləyə müvafiq dəyişiklik edilmiş, müqavilənin müddəti 01 noyabr 2015-ci il tarixədək uzadılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 31 oktyabr 2015-ci il tarixli, 28 nömrəli əmrinə əsasən İddiaçı işdən azad edilmişdir. İddiaçı həmin müəssisədə işlədiyi müddətdə istehsalat qəzası baş vermiş, iddiaçı həmin qəzada xəsarət almış, sonradan səhhəti yaxşılaşdığından öz işinə davam etmişdir. İstehsalat qəzası ilə bağlı aparılmış icraat hazırki iddianın predmetinə aid olmadığından məhkəmə həmin hallarla bağlı hər hansı münasibət bildirilməsini zəruri hesab etmir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətlərdə artıq iş saatlarına cəlb edildiyini iddia edir. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsində bu hal öz təsdiqini tapmır. İşçinin artıq işə cəlb edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99.1-ci maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə həyata keçirilməlidir. Qeyd olunan hallarına qanunauyğun tətbiq olunmasına nəzarət isə cavabdeh inzibati orqanın vəzifə funksiyalarına aid edilir. Cavabdeh inzibati orqan həmin funksiyalarından irəli gələrək, sənədlər əsasında müvafiq yoxlama aparmış və iddiaçının 297 artıq iş saatının olduğunu müəyyənləşdirmişdir. Həmin artıq iş saatları ilə bağlı iddiaçıya müxtəlif vaxtlarda fərqli məbləğlərdə pul vəsaiti ödənilmişdir. Həmin məbləğlərin hər biri ödənilərkən iddiaçı tərəfindən ərizə yazılaraq hazırda və gələcəkdə hər hansı tələb və şikayətinin olmayacağı qeyd edilmişdir. Lakin sonradan yenidən müvafiq yoxlamanın aparılması tələb edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan öz vəzifəsinə uyğun olaraq vaxtilə yoxlama aparmışdır. İddiaçı isə hər dəfəsində həmin yoxlamalar və onun nəticəsində ödənilən pul məbləğləri ilə razılaşmış və bu halı mübahisələndirməmişdir. Buna görə də cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq iddiaçının tələbinin icrasından imtina edilmişdir. Digər tərəfdən “Sahibkarlıq sahəsinə aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1dək dayandırıldığından artıq müvafiq yoxlamanın aparılması mümkün deyil. Həmçinin işçinin işlədiyi müddətin üzərindən 10 ildən artıq müddət keçdiyindən müəssisənin sənədləri mövcud deyil. Bu səbəbdən də sənədlər əsasında da müvafiq yoxlama aparıla bilməz. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırki inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini cavabdeh inzibati orqan tərəfindən vaxtilə icra edildiyindən və iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, həmçinin hazırki vəziyyətdə tələbin icrası qeyri-mümkün olduğundan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "Prestij-Naxçıvan pivəsi” MMC-də işlədiyi artıq iş saatlarının yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə qarşı "Prestij-Naxçıvan pivəsi” MMC-də işlədiyi artıq iş saatlarının yoxlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar