Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-153/2021 22.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 21 il həqiqi hərbi xidmət keçərək 2019-cu ilin 17 may tarixindən ehtiyata buraxılmışdır. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndini əsas tutaraq, kirayə sənədlərini toplayaraq 2019-cu ilin avqust ayında Naxçıvan Şəhər İcra Hakimiyyətinə təqdim etmişdir. Həmin Qanunun 3-cü abzasında təyin olunmuş müddət, yəni "3 ay" ərzində ödənilməli halda, kirayə müqaviləsi bağlayaraq hər ay Vergilər Nazirliyinə ödəniş etməyinə baxmayaraq, bugünə qədər müvəqqəti mənzil kirayəsi xərcləri İcra Hakimiyyəti tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 10-cu bəndində qeyd edildiyi kimi, "hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət edə bilərlər". Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır", lakin faktiki olaraq o, yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi ilə təmin edilməmişdir. Əlavə olaraq "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. İddiaçı qeyd edir ki, burada müddət göstərilməyinə baxmayaraq, 2 ilə yaxındır ona heç bir ödəniş olunmayıb. İddiaçı göstərilənləri, mənzil və fərdi yaşayış evi, torpaq sahəsi olmadığından onun və ailə üzvlərinin kirayədə qaldığını nəzərə alaraq məhkəmədən onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin iddiaya dair məhkəməyə ünvanlanan 30 avqust 2021-ci il tarixli, 19/146 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ildə kirayə xərclərinin ödənilməsi ilə bağlı sənədlərini təqdim etmiş, lakin araşdırma zamanı onun ehtiyata buraxılma səbəbi mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından kirayə xərclərinin ödənilməmə səbəbləri izah edilmişdir. Verilən izahatla razılaşmayan İddiaçı icra hakimiyyətinə ərizə ilə müraciət etmiş, müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmış cavab verilmişdir. İddiaçı 14 iyun 2021-ci il tarixli ərizəsinə cavab olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin 06 sentyabr 2019-cu il tarixli, 1186 nömrəli arayışına əsasən 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən 01 avqust 2019-cu il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçərək Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2019-cu il tarixli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) görə ehtiyata buraxılmışdır. İddiaçı ehtiyata buraxılma səbəbi "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarlarında qeyd edilir ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilməsi qeyd olunmuşdur. Məhkəmədən iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 22 noyabr 2021-ci il tarixə təyin edilmiş, proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 Elşən Həsən oğlunun ehtiyata buraxılma səbəbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" 06 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında nəzərdə tutulmuş şərtlərə uyğun olmadığını, həmin qərarda öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçulara müvafiq mənzil kirayəsi xərclərinin ödənilməsinin nəzərdə tutulmadığını bildirib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı ünvanlanmış 01 iyul 2021-ci il tarixli, 27/M-20 tarixli məktubdan məlum olur ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən 01 avqust 2019-cu il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 may 2019-cu il tarixli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) görə ehtiyata buraxılmışdır. Onun ehtiyata buraxılma səbəbi "Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarlarının tələblərinə uyğun olmadığından adı mövcud siyahıdan çıxarılmışdır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyəti 5 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 1355 nömrəli arayışdan məlum olur ki, İddiaçı A.Cəlilov küçəsi, ev 17, mənzil 17 ünvanında qeydiyyatdadır. - 19 iyul 2021-ci il tarixli, 11326 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik (1918-2008)” yubiley medalı barədə vəsiqənin surətindən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul 2008-ci il tarixli, 0140 t nömrəli əmri ilə baş leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə təltif olunmuşdur. - “Qüsursuz xidmətə görə” vəsiqədən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009-cu il tarixli, 029 t nömrəli əmri ilə baş leytenant İddiaçı “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur. - “Qüsursuz xidmətə görə” vəsiqədən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli, 0105 t nömrəli əmr ilə baş leytenant İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə təltif olunmuşdur. - EZ seriyalı, ******* nömrəli hərbi biletin 6-cı, 7-ci səhifələrinin surətindən məlum olur ki, İddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən N iyun 2004-cü il tarixədək 215 nömrəli hərbi hissədə taqım komandiri, N iyun 2004-cü il tarixdən N noyabr 2005-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N noyabr 2005-ci il tarixdən 14 dekabr 2010-cu il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 14 dekabr 2010-cu il tarixdən 18 iyul 2011-ci il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 18 iyul 2011-ci il tarixdən 02 oktyabr 2017-ci tarixədək N nömrəli hərbi hissədə idarəetmə taqım komandiri, 02 oktyabr 2017-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək N nömrəli hərbi hissədə QRR və AİŞ üzrə köməkçi, 28 iyul 2018-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək N nömrəli hərbi hissədə RBR Q6 köməkçisi vəzifələrində işləmişdir. - EZ seriyalı, ******* nömrəli hərbi biletin 9-cu səhifəsinin surətindən məlum olur ki, Məmmədov X2 istiqamətində 02 aprel 2016-cı il-05 aprel 2016-cı tarixlərdə, N saylı hərbi hissənin tərkibində idarəetmə taqım komandiri vəzifəsində döyüş tapşırığını yerinə yetirmişdir. Əsas kimi N saylı hərbi hissənin N fevral 2020-ci il tarixli, 602 nömrəli arayışı göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən 25 oktyabr 2021-ci il tarixli, 902 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş İddiaçı xidmət dəftərçəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1981-ci ildə doğulmuş İddiaçı 15 avqust 1998-ci il tarixdən 26 avqust 2002-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 26 avqust 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən 01 avqust 2019-cu il tarixədək zabit qismində həqiqi hərbi xidmət keçərək Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2019-cu il tarixli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - 12.2-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. - 12.7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). - 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarının 1-ci bəndində yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində – 55 manat olmaqla yalnız nağdsız qaydada kompensasiya ödənilir. İş materiallarından məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 17 may 2019-cu il tarixli əmrinə əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmışdır. Cavabdeh tərəf öz etirazını onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulmuş ehtiyata buraxılmış hərbi qulluqçuların dairəsi konkret müəyyən edilmiş, öz arzusu ilə ehtiyata buraxılmış hərbi qulluqçulara isə müvafiq kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİİ hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının rayon və şəhər icra hakimiyyətləri inzibati orqan kimi müəyyən olunmuşdur. Hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə hesab edir ki, iddiaçı hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxıldığı halda mənzil kirayəsi xərclərinin cavabdeh inzibati orqan tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, mübahisə doğuran bu məsələ qanunvericilikdə tam təfərrüfatı ilə tənzimlənir. Qanunverici tərəfindən birmənalı olaraq mənzil kirayəsi xərcləri ödənilməli olan şəxslərin dairəsi müəyyənləşdirilmişdir. Həmin siyahıda yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulsa da, öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə bu cür ödənişlərin edilməsi nəzərdə tutulmamışdır. Öz arzusuna əsasən ehtiyata buraxılmış hərbi qulluqçular barəsində bu cür ödənişlərin nəzərdə tutulmaması onu deməyə əsas verir ki, qanunverici bu şəxslərlə bağlı məsələyə münasibət bildirməməklə həmin şəxsləri göstərilən siyahıya daxil etməmiş və qanunvericiliklə onlar barəsində mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsi tənzimlənməmişdir. Hazırki mübahisədə də iddiaçı öz arzusuna əsasən ehtiyata buraxıldığından və onun mənzil xərclərinin ödənilməsi qanunla nəzərdə tutulmadığından cavabdeh tərəfindən haqlı olaraq onun tələbinin icra edilməsindən imtina edilmişdir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85.1, 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun 2020-ci ilin 01 yanvar tarixindən müvəqqəti mənzil kirayəsi xərclərinin icra hakimiyyəti tərəfindən ödənişinin təmin edilməsi tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-153/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-153/2021
22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver