Məhkəmə qərarları › İş №2-1(122)-153/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-153/2022

28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-153/2022 28.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuşdur. 1978-ci ildən 1991-ci ilədək müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü idarəsində tədarükçü işlədiyi dövr əmək kitabçasında öz əksini tapsa da, arxivdə tapılmamışdır. Ona 05 may 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-13-cü maddələrinə əsasən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin 2022-ci ilin mart ayından ona təyin olunmuş pensiyanın ödənişi kəsilmişdir. Bununla əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi qərar qəbul etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin qərarında göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 31.2-1-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək olan dövrə aid iş stajı dövlət arxiv arayışları əsasında təsdiqləndiyi halda iş stajına daxil edilir. Araşdırmalar zamanı onun 1992-ci ilin yanvarın 1-dən 2006-cı ilin yanvarın 1-dək Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü idarəsində tədarükçü işlədiyi dövr əmək kitabçasında öz əksini tapsa da, arxivdə tapılmamışdır. Nəticə etibarı ilə də İİ dərəcə əlilliyə görə təyin olunmuş əmək pensiyası dayandırılmışdır. İddiaçı qeyd edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarı 06 may 2022-ci il tarixdə poçt vasitəsi ilə ona çatmışdır. Qərarın göndərildiyi zərfi iddia ərizəsinə əlavə etmişdir. Bununla əlaqədar olaraq “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən 06 may 2022-ci il tarixdə ona verilən 03/405 nömrəli məktubla yenə də qərarla eyni məzmunlu cavab verilmişdir. Həmçinin məktubda onun Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü idarəsində işlədiyi 1992-2006-cı illər 13/145 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışında öz əksini tapmadığından, ümumi əmək stajı 25 il 10 ay 10 gündən, 14 il azalaraq, 11 il 10 ay 10 günə enməsi göstərilmişdir. Nəticə etibarilə də əmək stajı 13 il 4 ay olmadığından pensiya işinin ləğv edildiyi göstərilmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi arxiv arayışında onun təxminən 16 illik iş stajının sayılmamasını əsas tutaraq onun hüququnu pozması onun üçün heç cür anlaşılan deyildir. İddiaçı qeyd edir ki, onun arxivdə stajının tapılmaması işlədiyi təşkilat tərəfindən sənədlərin arxivə verilməməsi səbəbindəndir. O, işçi kimi müəssisədə işləyib vaxtında əmək haqqı almış, vergi, sığorta ödəmiş və iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. Arxivdə onun iş stajının olmamasında onun hansı təqsiri vardır ki, ona bunu əsas qoyub almaq hüququ olan pensiyanı ödəməkdən yayınmışlar. Qanunvericiliyə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bu sənəd işçinin əmək və sosial sığorta stajının hesablanması, pensiyaların hesablanması zamanı mühüm əhəmiyyət daşıyır. Buradan da aydın görünür ki, işçinin iş stajının hesablanması üçün işçi yalnız ona aid olan əmək kitabçası üçün cavabdehlik daşıyır və bu sənəd işçiyə pensiya hesablanması üçün əsasdır. O, arxivdə ona aid iş stajının olub-olmamasına cavabdehlik daşımır, başqa sözlə, onun bu cür öhdəliyi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci bəndində göstərilir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçı yuxarıda göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 19 may 2022-ci il tarixli, 2-1(122)-153/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsi iddiaya qarşı 03 iyun 2022-ci il tarixli, 03/476 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1961-ci il tarixdə anadan olmuş Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 may 2017-ci il tarixli, 143 nömrəli qərarına əsasən 26 aprel 2017-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Rcspublikası Qanunun 11-ci və 13-cü maddələrinə müvafiq olaraq İİ dərəcəli əlilliyə görə 152,18 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixədək olan müddətə ümumi iş stajı 25 il 10 ay təşkil etmişdir. İddiaçının əmək kitabçasında onun xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində işlədiyi qeyd olunmuşdur. X9 Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli, 13/145 nömrəli arayışa əsasən idarənin arxiv sənədləri dövlət arxivinə təhvil verilmədiyi üçün iddiaçının adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edəcək hər hansı sənəd aşkar edilməmişdir. Bu səbəbdən də xx.xx.1991-xx.xx.2006-cı il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından, onun ümumi iş stajı 01 yanvar 2006-cı il tarixədək 25 il 10 aydan 14 il azalaraq, 11 il 10 ay təşkil etmişdir. Yuxarıda qeyd edilən illər üzrə iddiaçının əməkhaqqı alması barədə məlumatlar arxiv arayışları ilə öz təsdiqini tapmadığı üçün həmin dövrlər iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz. X7 şöbəsi tərəfindən Babək rayon şöbəsində aparılan yoxlama zamanı iddiaçının əmək kitabçası araşdırılarkən bəzi pozuntular aşkarlanmışdır. Belə ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsinə işə qəbul edilərkən əmək kitabçasında olan qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq əks olunan möhür latın qrafikalı olmuşdur ki, bu da iddiaçının həmin tarixlərdə yuxarıda adı çəkilən idarədə işləməsi faktına əsaslı şübhələr yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Əmək kitabçasında olan qeydlər həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq “Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İ qrup əlillərin qanunla tələb edilən sığorta stajına malik olması bu növ pensiyanın təyin edilməsi üçün yetərlidir. İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 15 yaşından etibarən hesablanır. İddiaçı 55 yaşında əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən onun 13 il 4 ay sığorta stajı olmalıdır (55 yaş - 15 yaş = 40 yaş x 4 ay = 160 ay : 12 ay = 13 il 4 ay). İddiaçının isə 11 il 10 ay iş stajı vardır. Beləliklə, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən tələb olunan 13 il 4 ay sığorta stajı olmadığı üçün onun pensiya işi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarına əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 30 sentyabr 2022-ci il tarixli, 2-1(122)-153/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 28 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, 1978-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olduğunu, 1991-ci ildən 2008-ci ilədək Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini, 2017-ci ilin may ayında ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edildiyini, əlillik müddətinin 5 il olduğunu, 2022-ci ilin mart ayından pensiyasının dayandırıldığını, bunun səbəbini öyrənmək məqsədilə Fondun Babək rayon şöbəsinə müraciət etdiyini, bundan sonra 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarın ona təqdim edildiyini, həmin qərarı 06 may 2022-ci il tarixdə aldığını, qərarda onun 1991-2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyi illər arxiv arayışında öz əksini tapmadığından həmin illərin stajından çıxıldığını, buna görə də stajının azaldığını, tələb olunun minimum həddən aşağı düşdüyünü və pensiyasının kəsildiyini, həmin idarədə işləməsinin əmək kitabçasında öz əksini tapdığını, idarənin sənədlərinin arxivə təhvil verilməməsinin onun günahı olmadığını, mübahisələndirdiyi qərar əsasında ondan 14880,08 manat artıq ödənilmiş vəsaitin geri tələb edildiyini, həmin pul vəsaitinin onun təqsiri üzündən ödənilmədiyini və vəsaitin geri qaytarılması barədə hər hansı bir razılığının olmadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon idarəsinin nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddiaçıya 2017-ci ildən İİ qrup əlilliyə görə pensiya təyin edildiyini, sonradan pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanıldığını, iddiaçının 1991-2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyi illərin arxiv arayışları ilə təsdiqlənmədiyini, həmin illərin onun stajından çıxıldığını, həmin illər çıxıldıqdan sonra stajının 25 il 10 aydan 11 il 10 aya düşdüyünü, qanunvericiliyin tələbinə əsasən 13 il 4 ay staja malik olmalı olduğunu, buna görə də mübahisələndirilən qərar qəbul edilərək iddiaçının pensiyasının kəsildiyini, iddiaçının Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində işlədiyini müddətin əmək kitabçasında öz əksini tapdığını, mübahisəli hal kimi müvafiq qeydlər kiril əlifbası ilə aparılsa da, latın qrafikalı əlifba ilə möhürləndiyini, əmək kitabçasında digər hər hansı bir şübhəli halın olmadığını bildirərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X8 1992-ci ildə Naxçıvan Ərazi Yun Tədarükü İdarəsində işə qəbul edildiyini, idarənin dəmir yolu vağzalının yanında yerləşdiyini, həmin idarəyə işə qəbul edilərkən həmkəndlisi Rzayev Əbülfətin də orada işlədiyini, bir neçə il Əbülfətlə işləyəndən sonra ərizəsi əsasında işdən azad edildiyini, avtobus parkında işə qəbul edildiyini, Naxçıvan Ərazi Yun Tədarükü İdarəsində işləyən dövrdə hər ay əməkhaqqı aldıqlarını, əlavə olaraq satışdan da onlara pul ödənildiyini bildirmişdir. İddiaçı iş materiallarına qərarın surətini, məktubu, arayışı, əmək kitabçasının təsdiq edilmiş surətini, qeydiyyat yeri barədə arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş, Babək rayon, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 05 may 2017-ci il tarixdə 143 nömrəli qərarına əsasən 26 aprel 2017-ci il tarixdən 01 mart 2022-ci il tarixədək olan dövrlər ərzində İİ dərəcə əlilliyə görə əmək pensiyasının tələb olunan sığorta stajı (13 il 4 ay) olmadığı üçün ləğv edilməsi və artıq ödənilmiş 14880,08 manat pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması qərara alınmışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 06 may 2022-ci il tarixli, 03/405 nömrəli məktubundan görünür ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək rayon şöbəsi tərəfindən 05 may 2017-ci il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11-13-cü maddələrinə müvafiq olaraq X2 152 manat 18 qəpik məbləğində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanların əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı 1992- 2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü idarəsində işləməsi faktı xx.xx.2022-ci il tarixli, 13/145 nömrəli arxiv arayışında öz əksini tapmadığından, ümumi əmək stajı 25 il 10 ay 10 gündən, 14 il azalaraq, 11 il 10 ay 10 gün olmuşdur. Yuxarıda qeyd olunanları rəhbər tutaraq İddiaçı təyin olunmuş İİ dərəcə əlilliyə görə əmək pensiyası tələb olunan sığorta stajı (13 il 4 ay) olmadığı üçün ləğv edilmişdir. - 06 iyul 1982-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu il tarixədək Naxçıvan Şəhər Kənd Təsərrüfatı Şöbəsinin təmir qrupunda fəhlə, xx.xx.1982-ci ildən xx.xx.1987-ci il tarixədək Vayxır Tikinti İdarəsində Fəhlə, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək sovxozda fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Cəhri sovetliyi üzrə ət satıcısıqəssab, xx.xx.1991-ci ildən xx.xx.2008-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü vəzifəsində işləmişdir. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci il tarixdə Naxçıvan rayonu, Cəhri kəndində doğulmuş və Babək rayonu, Cəhri kəndində yaşayır. - Babək Rayon İcra Hakimiyyətinin Cəhri qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 1410 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Cəhri qəsəbəsində yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 29 iyun 2022-ci il tarixli, 02/89 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsinin 1991-2008-ci illərə dair sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verilmədiyinə görə İddiaçı işləməsi barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 05 iyul 2022-ci il tarixli, **********319800 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Yun Tədarükü idarəsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 27 sentyabr 1995-ci il tarixdə 424 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına və xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Yun Tədarükü idarəsi (VÖEN **********) vergi uçotuna alınmışdır. Naxçıvan Muxtar Respublikası Yun Tədarükü idarəsi xx.xx.2014-cü il tarixdən fəaliyyətini dayandırmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 21 iyul 2022-ci il tarixli, 01/160 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü idarəsinin fəaliyyətinə dair heç bir statistik göstərici mövcud deyil. - Fondun Babək rayon idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 05 may 2017-ci il tarixli, 143 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.13-cü maddələrinə müvafiq olaraq İİ qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 152,18 manat olmaqla pensiyası təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə ünvanlanan 02 may 2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Tibbi Sosial Ekspert Komissiyasının SER RX-01 000004 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx xxxxxxx 1961-ci ildə Babək rayonu, Cəhri kəndində doğulmuş İddiaçı ümumi səbəbə görə ikinci qrup əlillik verilmişdir. Əlillik müddəti 01 may 2022-ci il tarixədək müəyyən edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon şöbəsi tərəfindən verilmiş 02 may 2017-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, istefada olan əsgər 1961-ci il təvəllüdlü İddiaçı 04 may 1980-ci il tarixdən 13 may 1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 07 fevral 2022-ci il tarixli, 13/145 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükat idarəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı işləməsi haqqında məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 02 may 2017-ci il tarixli, 03/674 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. - JN : 1465 KOD ******* nömrəli Torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1999-cu il tarixli, 99 nömrəli qərarı ilə torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - Pensiya miqdarının dəyişdirilməsi haqqında 20 sentyabr 2017-ci il tarixli, 388 nömrəli sərəncamdan görünür ki, İddiaçı İİ qrup əlilliyə görə xx.xx.2017 ildən xx.xx.2022-ci ilədək 210.80 manat pensiya verilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991-2006-cı illərin arxivə təhvil verilməməsinin onun günahı olmadığını bildirərək, pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, aparılan müvafiq yoxlamalardan sonra Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyi 1991-2006-cı illər arxivdə öz əksini tapmadığından həmin illərin sosial sığorta stajından çıxıldığından tələb olunan stajın ödənilməmiş, buna görə iddiaçının pensiyasının ləğv edilməsi məqsədi ilə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası Bu Qanuna uyğun olaraq əmək pensiyasının növlərindən biri kimi müəyyən edilmişdir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 3-cü abzasına əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddətiiş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 15 yaşından etibarən hesablanır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1961-ci ildə anadan olmuş, 1979-cu ildən əmək fəaliyyətinə başlamış, 1980-1982-ci illərdə hərbi xidmət keçmiş, 1982ci ildən başlayaraq əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı 05 may 2017-ci il tarixli, 143 nömrəli qərara əsasən 26 aprel 2017-ci il tarixdən 01 may 2022-ci il tarixədək İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 25 il 10 ay sosial sığorta stajının olması müəyyən edilmiş və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.13-cü maddəsinə əsasən pensiya təyin edilmişdir. Sonradan 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərar qəbul edilərək iddiaçının pensiyası ləğv edilmişdir. Qərarın qəbul edilməsinə səbəb iddiaçının Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyi 1991-2006-cı illərin arxiv arayışı ilə təsdiqlənməməsi, stajının 25 il 10 aydan 14 il azalaraq 11 il 10 aya düşməsi, buna görə də tələb olunan 13 il 4 ay minimum sosial sığorta stajının ödənilmədiyi göstərilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:

1. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsi;

2. pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.13-cü maddəsinə əsasən 05 may 2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarın ləğv edilməsidir. Mübahisələndirilən qərarın mahiyyəti iddiaçının Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991-2006-cı illər arxiv arayışları ilə təsdiqlənmədiyindən həmin illərin sosial sığorta stajından çıxılması ilə bağlıdır. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun pensiya hüququ yaranan günədək 25 il 10 ay sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991-2006-cı illərdə əməkhaqqı almasının arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək həmin illərin sosial sığorta stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının sosial sığorta stajının azadılmasına və qanunvericiliklə iddiaçıya münasibətdə tələb edilən minimum 13 il 4 ay tələbinin ödənilməməsinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Mübahisəli hal kimi latın qrafikalı əlifba ilə möhür vurulması göstərilmişdir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991-2006-cı illərin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özözlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991-2006-cı illərdəki qeydlərin kiril əlifbası ilə yazılması, lakin latın qrafikalı əlifba ilə möhürlənməsi özözlüyündə əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına almır. Bununla bağlı hər hansı bir tələb qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991-2006-cı illərin sosial stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən pensiya hüququ yarandığı tarixədək 25 il 10 ay sosial sığorta stajına malikdir. Həmçinin mübahisələndirilən qərarda artıq ödənilmiş 14880,08 manat pul məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçının Naxçıvan Muxtar Respublikası Ərazi Yun Tədarükü İdarəsində tədarükçü işlədiyini 1991- 2006-cı illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edildiyindən, həmin qanunvericiliyə əsasən əmək kitabçasında qeyd olunduğu halda mübahisələndirilən illərə münasibətdə arxiv arayışı, ümumiyyətlə, nəzərdə tutulmadığından cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələnin də əsassızlığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 01 yanvar 2022ci il tarixli, 26 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur, buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 05 may 2017-ci il tarixli, 143 nömrəli qərar əsasında təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsada, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarı ləğv edilməli və İddiaçı pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinin 01 yanvar 2022-ci il tarixli, 26 nömrəli qərarı ləğv edilir. İddiaçı pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar