Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-154/2022 27.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinə qarşı “ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Babək rayonunun Şıxmahmud kəndində 1.83 hektar torpaq sahəsini uzun illər-otuz bir il ərzində icarə müqaviləsi əsasında becərmişdir. Həmin sahəni icarəyə götürən zaman torpaq sahəsi əkin üçün yararsız vəziyyətdə olmuşdur. Həmin sahəni öz xərci ilə yararlı hala salmışdır. 70 il sovet hakimiyyətinin dövründə, beş il isə Azərbaycan hakimiyyətinin dövründə həmin torpaq sahəsi yararlı hala salınmamışdır. İddiaçı həmin sahəsini çoxlu xərc çəkərək daşdan, zibildən təmizləyərək əkin üçün yararlı vəziyyətə gətirmişdir. Lakin 2021-ci ildə həmin sahə ona verilməmişdir. Bununla bağlı məhkəmədə tələbə baxılmış, X3 icarəyə verilmiş torpaq sahəsinin ayrılması ilə bağlı verilmiş qərar özləri tərəfindən ləğv olunmuşdur. Buna görə də iddiaçı ərizəsini geri götürmüşdür. İddiaçı Şıxmahmud Bələdiyyəsinə təkrarən müraciət etmişdir. Bələdiyyənin ona ünvanlanmış 04 may 2022-ci il tarixli, 15 nömrəli məktubunda icarəyə götürmək üçün müraciət etdiyi 1.83 ha torpaq sahəsində meyvə ağacları əkildiyindən həmin sahəni 11 (on bir) aylığa icarəyə verməyin qanuna müvafiq olmadığı bildirilmişdir. 1.83 ha torpaq sahəsi bələdiyyənin qərarı əsasında bələdiyyə mülkiyyətində saxlanılmışdır. Lakin bələdiyyə yığıncaq keçirmədən və iddiaçını oraya dəvət etmədən müraciətinə cavab vermişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 24 avqust 2021-ci il tarixli, 06/504 nömrəli məktubunda ''Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.10-cu maddəsinə əsasən torpağın icarəsinə dair müqavilənin qüvvədə olduğu müddət qurtardıqdan sonra icarəçinin həmin müqaviləni təzələməkdə üstünlük hüququnun olması qeyd olunmuşdur. Bunlara baxmayaraq Şıxmahmud Bələdiyyəsi onun üstünlük hüququnu nəzərə almamış və onunla icarə müqaviləsini bağlamamışdır. İddiaçı qeyd olunanlara əsasən ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 14 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 10 iyun 2022-ci il tarixli, 20 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, bələdiyyə mülkiyyətində olan 1.83 ha torpaq sahəsi 11 (on bir) aylığa vətəndaş X3 yaz əkinləri üçün icarəyə verilmişdir. Buna baxmayaraq, vətəndaş E.Novruzov həmin torpaqdan təyinatı üzrə istifadə etmədiyi üçün bağlanmış icarə müqaviləsi bələdiyyə iclasının qərarı ilə ləğv edilmişdir. Həmin ərazi bələdiyyə mülkiyyətində saxlanılmışdır. Həmin ərazidə bir çox miqdarda ağac tingləri əkilmişdir. Əgər həmin tinglərin sökülməsinə qanun yol verərsə, o zaman həmin ərazinin Şıxmahmud vətəndaşına verilməsi nəzərdə tutulmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 28 sentyabr 2022-ci il tarixli, 2-1(122)-154/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 27 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinin nümayəndəsi X6 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanan iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın və digər orqanların məktublarını, müqavilələrin surətlərini və qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir İddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsassızdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Babək Rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanan 04 may 2022-ci il tarixli, 15 nömrəli məktubdan görünür ki, icarəyə götürmək üçün müraciət edilmiş 1,83 torpaq sahəsində meyvə ağacları əkildiyindən həmin sahəni 11 (on bir) aylığa icarəyə vermək qanuna müvafiq deyil. 1,83 ha torpaq sahəsi bələdiyyənin qərarı əsasında bələdiyyə mülkiyyətində saxlanılmışdır. - Babək Rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 121/38 ünvanında yaşayan İddiaçı ünvanlanan 17 noyabr 2021-ci il tarixli, 41 nömrəli məktubdan görünür ki, bələdiyyə mülkiyyətində olan 1.83 hektar torpaq sahəsindən uzun müddət icarə haqqı ödəmədən istifadə etmişdir. Buna baxmayaraq 2020-ci ildə şifahi olaraq müraciət etmişdir. İcarə haqqına görə imtina etmişdir. Şıxmahmud Bələdiyyəsinə mülkiyyətində olan 1.83 hektar torpaq sahəsinin istifadəsi üçün heç bir yazılı müraciəti olmamışdır. Həmin torpağın icarəsi ilə bağlı vətəndaş X5 ərizə ilə müraciət etmişdir. Müraciətə baxılması üçün bələdiyyə iclası keçirilmiş, üzvlərin razılığı nəzərə alınmışdır. İclas protokolu və qərarı əsasında bələdiyyə mülkiyyətində olan 1.83 hektar əkin sahəsi 11 (on bir) aylığa X3 icarəyə verilmişdir. - Babək Rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 121/38 ünvanında yaşayan İddiaçı ünvanlanan 17 noyabr 2021-ci il tarixli, 40 nömrəli məktubdan görünür ki, uzun müddət istifadə etdiyi 1.83 hektar torpaq sahəsinə dair Şıxmahmud Bələdiyyə idarəsində istifadə üçün bağlanmış heç bir müqavilə sənədi aşkar olunmamışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Babək rayon idarəsinin 14 iyun 2021-ci il tarixli, 02/235 nömrəli məktubundan görünür ki, İddiaçı Şıxmahmud kəndində yerləşən kooperativinə məxsus torpaq sahəsi Şıxmahmud Bələdiyyəsinin mülkiyyətində olduğundan Şıxmahmud Bələdiyyəsinə müraciət olunması tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan 16 sentyabr 2021-ci il tarixli, 06/552 nömrəli məktubdan görünür ki, təsisçisi olduğu "Mənzil 2000" kooperativi və qonşuluqda fəaliyyət göstərən "Ocaq" kooperativinə aid əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Hər iki kooperativin istifadəsinə və ya icarəsinə ayrılmış torpaqayırma sənədləri araşdırılmış və məlum olmuşdur ki, mübahisə predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsi Şıxmahmud Bələdiyyəsinin mülkiyyətinə aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Qanunun 11.10-cu maddəsində qeyd edilir ki, torpağın icarəsinə dair müqavilənin qüvvədə olduğu müddət qurtardıqdan sonra icarəçinin həmin müqaviləni təzələmək üçün üstünlük hüququ vardır. Müraciətdə qeyd edilmiş torpaq sahəsi Şıxmahmud Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi olduğundan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq Şıxmahmud Bələdiyyəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 121/38 ünvanında yaşayan İddiaçı ünvanlanan 27 sentyabr 2021ci il tarixli, 1081 nömrəli məktubdan görünür ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İddia edilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla Şıxmahmud Bələdiyyəsinin mülkiyyətinə aiddir və heç bir hüquqi əsas olmadan istifadə edilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.14-cü maddəsinə əsasən icarəyə verilən bələdiyyə torpaqlarının ölçüsü inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin əsas məşğuliyyəti, torpaq ehtiyatının miqdarı nəzərə alınmaqla müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. İddia edilən torpaq sahəsinin icarə hüququ ilə əldə edilməsi ilə bağlı bələdiyyə tərəfindən qərar qəbul edilməmiş və icarə müqaviləsi bağlanılmamışdır. Qanunvericiliyə görə icarəyə verən ilə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunur. "Torpaq icarəsi haqqında" qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. - 13 noyabr 1996-cı il tarixli müqavilənin, 03 yanvar 2007-ci il tarixli, 02 nömrəli müqavilənin, yanvar 2013-cü il tarixli, 01 nömrəli müqavilənin, yanvar 2014-cü il tarixli, 01 nömrəli, yanvar 2016-cı il tarixli, 01 nömrəli müqavilənin, yanvar 2017-ci il tarixli, 01 nömrəli müqavilənin, yanvar 2018-ci il tarixli, 01 nömrəli müavilənin, 06 yanvar 2019-cu il tarixli, 02 nömrəli müqavilənin təsdiq edilməmiş surətlərindən görünür ki, 1,83 hektar torpaq sahəsi icarəçi İddiaçı icarəsinə verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli, 184 nömrəli arayışdan görünür ki, Məmmədov X7 şəhəri, İstiqlal küçəsi, bina 121, mənzil 38 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Babək Rayon Şıxmahmud Bələdiyyəsinin 28 iyul 2022-ci il tarixli iclasının 14 nömrəli qərarının surətindən görünür ki, bələdiyyə mülkiyyətində olan 1.83 hektar torpaq sahəsinin bələdiyyə mülkiyyətində saxlanılması qərara alınmışdır. - İddiaçı məhkəməyə 01 iyul 2022-ci il tarixli ərizə, 02 avqust 2022-ci il tarixli məktub, 23 sentyabr 2022-ci il tarixli məktub, 24 oktyabr 2022-ci il tarixli ərizə göndərərək torpağın hazırkı vəziyyəti və ondan istifadə edən şəxslər barəsində məlumat verərək, bunları əks etdirən müvafiq fotoları qoşma olaraq əlavə etmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəf mübahisəli 1.83 ha torpaq sahəsini uzun illər müqavilə əsasında istifadə etdiyini bildirərək, həmin torpaq sahəsi üzərində yaxşılaşdırmalar apardığını, buna görə də hazırda bələdiyyə mülkiyyətində olan həmin ərazinin onun icarəsinə verilməsini tələb edir. Cavabdeh inzibati orqan isə mübahisəli torpaq sahəsinin hazırda bələdiyyə mülkiyyətində olduğunu, orda bağ salındığını, heç kəsin istifadəsinə verilmədiyini, həmçinin İddiaçı Babək rayonu, Şıxmahmud kənd sakini olmadığından onun icarəsinə verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığına istinad edərək, iddiaçının tələbinin icra edilməsindən imtina edir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 153-cü maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. - 156-cı maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir. - 241.2-ci madddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. - 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri içərisində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1 və 2.2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. - 4.0.1, 4.0.2, 4.0.9, 4.0.11 və 4.0.12-ci maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. - 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. - 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. - 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin iddidaçı İddiaçı icarəsinə verilməsi ilə bağlıdır. İşin faktiki hallarından görünür ki, mübahisəli torpaq sahəsi hazırda bələdiyyə mülkiyyətindədir. Uzun illər iddiaçı ilə keçmiş bələdiyyə arasında həmin torpaq sahəsinə münasibətdə icarə müqaviləsi bağlanmışdır. Cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinin nümayəndəsi X6 isə həmin müqavilələrin nə bələdiyyənin, nə də Ədliyyə Nazirliyinin arxivlərində mövcud olmadığını bildirmişdir. İddiaçı isə iş materiallarına əlavə etdiyi müvafiq müqavilələri evdəki sənədlərin arasından tapdığını bildirmişdir. 2020-ci ilin yanvar ayında tərəflər arasında bağlanmış sonuncu icarə müqaviləsinin müddəti bitmişdir. Müqavilənin yenidən bağlanılması məqsədilə nə İddiaçı tərəfindən, nə də bələdiyyə tərəfindən hər hansı bir təşəbbüs irəli sürülməmişdir. Tərəflərin müqavilə bağlanması məqsədilə iradə ifadəsini əks etdirən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Sonradan bələdiyyə tərəfindən Şıxmahmud kənd sakini olmayan digər bir şəxs X5 ilə 1.83 hektar torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlanmışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, həmin müqavilənin ləğvi və torpağın onun icarəsinə verilməsi barədə iddia qaldırmışdır. Məhkəmə gedişatında cavabdeh Babək Rayon Şıxmahmud X1 ilə bağlanmış icarə müqaviləsinin ləğv edildiyini bildirərək, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf yenidən iddia qaldırılması məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılmasını xahiş etmiş və məhkəmənin müvafiq qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçının tələbi və hüquqi marağı 1.83 hektar torpaq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 1.83 hektar mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və hazırda heç kəsin icarəsinə verilməmişdir. Bu işin mübahisəsiz hallarına aiddir. Həmin torpaq sahəsindən hazırda qanuni və ya qanunsuz olaraq kimlərin istifadə etməsi hazırkı iddia tələbinin predmetinə aid olmadığından məhkəmə həmin hala hüquqi qiymət verməyi zəruri hesab etmir. Belə ki, qanunvericiliyə əsasən bələdiyyələr müəyyən diskression səlahiyyətlərə malikdirlər. İnzibati orqana verilən bu səlahiyyətlərə görə onun torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun olmadığı təqdirdə həmin torpaq sahəsinin icarəyə verilməsindən imtina etmək hüququ vardır. Belə ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi barədə Şıxmahmud Bələdiyyəsinin müstəqil iradə ifadəsi mövcud olduğundan məhkəmə hesab edir ki, bu məsələdə bələdiyyə qərarının verilməsi ilə bağlı inzibati orqanın diskresion səlahiyyəti mövcuddur. Bələdiyyə hazırda həmin torpaq sahəsinin bələdiyyənin istifadəsində saxlanılmasını zəruri hesab edir. Bələdiyyə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğundan həmin torpaq sahəsinin hüquqi taleyi ilə bağlı sərəncam vermək hüququ da bələdiyyəyə məxsusdur. Bələdiyyənin bu hüququnun məhdudlaşdırılmasına yönəlmiş hər hansı hərəkət və ya hərəkətsizlik mülkiyyət hüququnun pozulması faktı kimi qiymətləndirilir. Mülkiyyətçinin hüquqları və qanunla qorunan mənafeləri qanunvericilikdə tam təfərrüfatı ilə qorunduğundan məhkəmə hesab edir ki, Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin İddiaçı icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsindən cavabdeh inzibati orqan tərəfindən imtina edilməsi əsaslı olmuşdur. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə onun özündə nəzərdə tutulmuş müddətdə qüvvədə olur. Həmin müddət tamamlandıqdan sonra müqavilə öz hüquqi qüvvəsini itirir. İddiaçı X8 ilə Babək Rayon Şıxmahmud Bələdiyyəsi arasında bağlanmış müqavilələr onlarda nəzərdə tutulmuş müddət başa çatdığından artıq öz hüquqi qüvvəsini itirmişdir. 1.83 hektar torpaq sahəsinin yenidən iddiaçının icarəsinə verilməsi üçün tərəflərinin hər ikisinin iradə ifadəsini bildirməsi zəruri idi. Həmçinin qeyd olunmalıdır ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyə torpaqları həmin ərazidə yaşayan əhalinin rifahının yüksəldilməsinə, maddi vəziyyətinin yaxşılaşdırılmasına və ehtiyaclarının təmin olunmasına xidmət etmək məqsədilə istifadə edilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı Babək rayonu, Şıxmahmud kənd sakini deyil. Bu səbəbdən də 1.83 hektar mübahisəli torpaq sahəsinin onun icarəsinə verilməsi məqsədə uyğun deyil. Əgər zərurət yaranarsa həmin torpaq sahəsi gələcəkdə kənd sakinlərinin hüquqlarının və qanunla qorunan mənafelərinin təmin olunması məqsədilə istifadə edilə bilər. Hazırkı mübahisə məcburetmə haqqında iddia növünə aid olduğundan sübuetmə vəzifəsi ilkin olaraq iddiaçının üzərinə düşür. Belə ki, məcburetmə haqqında iddialarda müvafiq öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçının öz tələbini əsaslandırdığı sübutlar məhkəmə tərəfindən mötəbər sübut kimi iddianın əsaslı hesab edilməsi üçün hüquqi əhəmiyyətə malik deyil. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtinaya səbəb olmuşdur. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsi tərəfindən İddiaçı “ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”ndən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinə qarşı “ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 2, 14, 33, 58, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Babək Rayon Şıxmahmud Bələdiyyəsinə qarşı “ona Babək rayonu, Şıxmahmud kəndində yerləşən 1.83 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı bələdiyyə qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-154/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-154/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver