Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-156/2023 07.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “dayandırılmış əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dayandırılmış əmək pensiyasının təzələnməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Kəngərli rayonunda anadan olmuşdur. 1972-ci il tarixdən 1989-cu il tarixədək Qıvraq qəsəbəsi N.Nərimanov adına sovxozda işləmişdir. Həmin müəssisəyə aid əmək haqqı cədvəli ərizəsinə əlavə olunmuşdur. 1990-1996-ci illərdə İliç rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində tibb bacısı olaraq işləmişdir. Lakin Şərur Rayon Arxiv İdarəsinə ünvanladığı ərizəsinə cavab olaraq bildirilmişdir ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon Mərkəzi Xəstəxanasının sənədlərinə baxıldıqda məlum olmuşdur ki, 1992-1996-cı illərə aid əmək haqqı kitabları Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. İki il pensiya almışdır. Lakin haliyyədə pensiyası dayandırılmışdır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasinin xx.xx.2019-cu il tarixli, 1553 nömrəli qərarına əsasən xx.xx.2019-cu il tarixdən ona müddətsiz olaraq 160 manat pensiya təyin edilmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə əmək pensiyası ilə bağlı ünvanladığı məktuba cavab olaraq bildirilmişdir ki, 24 may 2019-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbə sakini İddiaçı hüququnun yarandığı 07 aprel 2018-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun aparatının Audit şöbəsi tərəfindən 2022-ci il tarixdə şöbənin illik audit yoxlaması zamanı pensiya işləri araşdırılarkən İddiaçı pensiya işinə baxılmış və ona əmək kitabçası olmadığı üçün Şərur Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/150 nömrəli arayışda xx.xx.1990-xx.xx.1996-cı illərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrün əmək haqqı arayışı olmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə (sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) uyğun olmadığından pensiya işi dayandırılmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən dayandırılmış əmək pensiyasının təzələnməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 26 yanvar 2023-cü il tarixli, 2-1(122)-156/2023 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi iddiaya qarşı 03 fevral 2023-cü il tarixli, 85/16 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1957-ci il tarixdə anadan olmuş, Şərur rayonu, Qıvraq kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 01 iyun 2019-cu il tarixli, 1553 nömrəli qərarına əsasən 23 may 2019-cu il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə 160,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Fondun aparatının Audit şöbəsi tərəfindən 2022-ci il tarixdə şöbənin illik audit yoxlaması zamanı pensiya işləri araşdırılarkən iddiaçının əmək kitabçasının olmadığı aşkarlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınması göstərilmişdir. Pensiya işinin sənədlərində olan, Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 41 nömrəli arayışda İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək N.Nərimanov adına kolxozda, xx.xx.2019-cu il tarixli, 9 nömrəli digər arayışda isə onun xx.xx.1972-ci il tarixdən xx.xx.1990-cı il tarixədək N.Nərimanov adına sovxozda işlədiyi göstərilmişdir. Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 04/110 nömrəli arayışda iddiaçının xx.xx.1990-cı il tarixli, 42 nömrəli əmrlə İliç Rayon Mərkəzi Xəstəxanasının poliklinka şöbəsinə 0.5 ştat vahidi tibb bacısı vəzifəsinə qəbul edilməsi və xx.xx.1996-cı il tarixli, 119 nömrəli əmrlə Qıvraq kənd xəstəxanasının 1.0 ştat vahidi sanitarka vəzifəsindən öz ərizəsi əsasında işdən azad edilməsi göstərilmişdir. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışlarına əsasən onun 25 il 3 ay ümumi iş stajı vardır. Lakin Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/150 nömrəli arayışda iddiaçının Şərur Rayon Mərkəzi Xəstəxanasında işlədiyi 1992-1996-cı illərə aid əmək haqqı kitabları Şərur Rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi İddiaçı xx.xx.1990-xx.xx.1996-cı illərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında işləməsi faktının düzgünlüyünün yoxlanılması ilə əlaqədar Fondun Şərur rayon idarəsinə 20 iyun 2022-ci il tarixdə 85/96 saylı məktubla müraciət etmişdir. Sözügedən yoxlama ilə bağlı Fondun Şərur rayon idarəsinin baş mütəxəssisi M.Seyidov və aparıcı mütəxəssisi Ə.Hüseynov tərəfindən 22 iyul 2022-ci il tarixdə Şərur Rayon Dövlət Arxivinin müdiri Müqabil Muradovun iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktda İddiaçı xx.xx.1990-cı il tarixli, 42 nömrəli əmrlə İliç Rayon Mərkəzi Xəstəxanasında işə girməsi və xx.xx.1996-cı il tarixli, 119 nömrəli əmrlə işdən azad olunması əmrlər kitabında öz təsdiqini tapsa da, İliç Rayon Mərkəzi Xəstəxanasının əmək haqqı kitabı Şərur Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyd edilən illər üzrə əmək haqqını yoxlamaq mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsində sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu göstərilmişdir. Beləliklə, iddiaçının Şərur Rayon Mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (6 il 7 ay) olan dövrdə əmək haqqı arayışı olmadığına görə onun pensiyası Fondun Kəngərli rayon şöbəsi tərəfindən dayandırılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2- 1(122)-156/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, "dayandırılmış əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 04 may 2023-cü il tarixli, 2-1(122)-156/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 07 iyun 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin nümayəndəsi X2 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına arayışları, arxiv arayışlarını, şəxsiyyət vəsiqəsinin surətini, məktubu, qərarı, aktı surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 16 yanvar 2023-cü il tarixli, 85/37 nömrəli arayışından görünür ki, 24 may 2019-cu il tarixdə hüququnun yarandığı 07 aprel 2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun aparatının Audit şöbəsi tərəfindən 2022-ci il tarixdə şöbənin illik audit yoxlaması zamanı pensiya işləri araşdırılarkən, İddiaçı pensiya işinə baxılmış və ona əmək kitabçası olmadığı üçün Şərur Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 04/150 nömrəli arayışda xx.xx.1990-xx.xx.1996cı illərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrün əmək haqqı arayışı olmadığı üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2ci maddəsinə (sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək sərti ilə) uyğun olmadığından pensiya işi dayandırılmışdır. - Kəngərli Rayon İcra Hakimiyyətinin Qıvraq Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli, 174 nömrəli arayışdan görünür ki, Quliyeva X4 rayonu, Qıvraq qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır. - İddiaçı tərəfindən “Dövlət Sosial Müdafiə Fondu”nun Kəngərli Rayon Şöbəsinə ünvanlanmış 23 may 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Şərur Rayon Arxiv İdarəsi tərəfindən verilmiş 05 aprel 2019-cu il tarixli, 04/110 nömrəli arxiv arayışından görünür ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon Mərkəzi Xəstəxanasının əmr kitablarında İddiaçı xx.xx.1990-cı il tarixli, 42 №-li əmrlə həmin tarixdən İliç Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinə 0,5 ştat vahidi tibb bacısı vəzifəsinə qəbul edilməsi, xx.xx.1996-cı il tarixli, 119 №-li əmrlə həmin tarixdən etibarən Qıvraq kənd xəstəxanasının 1,0 ştat vahidi sanitarkası vəzifəsindən öz ərizəsinə əsasən işdən azad edilməsi göstərilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən verilmiş 03 may 2019-cu il tarixli, 41 və 9 nömrəli arxiv arayışlarından görünür ki, Kəngərli rayon Qıvraq qəsəbə sakini İddiaçı 1971ci və 1972-1989-cu illərdə N.Nərimanov adına kolxozda işləmiş və müvafiq qaydada əmək haqqı almışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu”nun Kəngərli Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 14 may 2019-cu il tarixli, 1553 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq 160.0 manat əmək pensiyası təyin edilmişdir. - Şərur Rayon Dövlət Arxivi tərəfindən verilmiş 08 aprel 2022-ci il tarixli, 04/150 nömrəli arxiv arayışından görünür ki, Şərur Rayon Dövlət Arxivində mühafizə olunan Şərur Rayon Mərkəzi Xəstəxanasının sənədlərinə baxıldıqda müəyyən olundu ki, 1992- 1996-cı illərə aid əməkhaqqı kitabları Şərur Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon idarəsinin 18 iyul 2022-ci il tarixli məktubu ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə ünvanlanmış İddiaçı xx.xx.1990-xx.xx.1996-cı illərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında işləməsi faktının düzgünlüyünün yoxlanılması barədə 18 iyul 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1990-cı ildə 42 nömrəli əmrlə İliç Rayon Mərkəzi Xəstəxanasında işə girməsi və xx.xx.1998-ci il tarixli, 119 nömrəli əmrlə işdən azad olunması əmrlər kitabında öz təsdiqini tapmışdır. İliç Rayon Mərkəzi Xəstəxanasının əməkhaqqı kitabı Şərur rayon Dövlət Arxivinə təhvil verilmədiyindən göstərilən illər üzrə əməkhaqqının yoxlanması mümkün olmamışdır. Qeyd olunan illərə aid əməkhaqqı kitabları Şərur Rayon Mərkəzi Xəstəxanasının mühasibatlığında araşdırmaq üçün aşkarlanmamışdır. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxx 1957-ci ildə Şərur rayonu, Qıvraq kəndində anadan olmuş Quliyeva X4 rayonu, Qıvraq qəsəbəsində yaşayır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya 2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsinə baxmayaraq 2022-ci il tarixdən müvafiq pensiya ödənişi dayandırılmışdır. Dayandırılmanın səbəbi kimi iddiaçının 1990-1996-cı illərdə işlədiyi Şərur Rayon Mərkəzi Xəstəxanasının sənədlərinin arxivə təhvil verilmədiyi göstərilmişdir. İddiaçı həmin halıı əsassız hesab edərək pensiya ödənişinin davam etdirilməsi məqsədilə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh inzibati orqan isə öz imtinasını onunla əsaslandırır ki, iddiaçı 2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilsə də, 2022-ci ildə fondun audit şöbəsi tərəfindən aparılmış müvafiq yoxlamalardan sonra iddiaçının əmək kitabçasının olmadığı, buna görə də 1990-1996-cı illərə dair əməkhaqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin illərdə işləmədi mübahisə doğurmuşdur. Cavabdeh inzibati orqan həmin arqumenti əsas hesab edərək iddiaçıya pensiya ödənişini dayandırmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası Bu Qanuna uyğun olaraq əmək pensiyasının növlərindən biri kimi müəyyən edilmişdir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1957-ci ildə anadan olmuş, 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 1972-1989-cu illərdə N.Nərimanov adına sovxozda, 1990-1996-cı illərdə İliç Rayon Mərkəzi Xəstəxanasında işləmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu”nun Kəngərli Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 14 may 2019-cu il tarixli, 1553 nömrəli qərarı əsasında iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2022-ci ildə fond tərəfindən yenidən aparılan yoxlamalar nəticəsində iddiaçının 1990-1996-cı illərdə İliç Rayon Mərkəzi Xəstəxanasında işlədiyi müddətdə əməkhaqqı cədvəllərinin arxivə təhvil verilmədiyi aşkarlanmış və buna görə də pensiya ödənişi dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşakar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraata başlamalı, həmin icraat iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm pirinsiplərə riayət etməklə aparılmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt (qərar) qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. İşin hallarından isə görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə əsas olan inzibati akt (“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu”nun Kəngərli Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 14 may 2019-cu il tarixli, 1553 nömrəli qərar) inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmişdir. Məhkəmə işə mahiyyəti üzrə qiymət verməzdən öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiya ödənişi dayandırılarkən hər hansı inzibati icraat aparılmamış, iddiaçıya “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu”nun Kəngərli Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 14 may 2019-cu il tarixli, 1553 nömrəli qərarı əsasında 2019-cu il tarixdən təyin edilmiş pensiyanın dayandırılması barədə hər hansı inzibati akt qəbul edilməmişdir. İddiaçıya pensiya təyin edilməsinə əsas olmuş “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu”nun Kəngərli Rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 14 may 2019-cu il tarixli, 1553 nömrəli qərarının öz hüquqi qüvvəsində qalması həmin tarixdən ona təyin edilmiş pensiya ödənişinin davam etdirilməsi üçün əsasdır. Cavabdeh tərəfindən hər hansı icraat aparılmadan və inzibati akt qəbul edilmədən iddiaçının pensiya ödənişinin dayandırılması inzibati orqanın qanunsuz hərəkətləri kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin edilməli və dayandırılmış əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. - 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. - 28.3-cü maddəsinə əsasən bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. - 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh orqan "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi tərəfindən inzibati icraat aparılmamış, iddiaçının pensiyasının dayandırılması barədə hər hansı inzibati akt qəbul edilməmişdir. Həmçinin İddiaçı cavabdeh orqan tərəfindən məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi təsdiq olunmur. Buna görə də bu hal iddiaçının hüquqlarını pozan hal qismində qiymətləndirilməlidir. İnzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları məhdudlaşdırıldığından iddia tələbi təmin edilməlidir. Məhkəmə işin hallarını araşdıraraq mahiyyəti üzrə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Şərur Rayon Mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (6 il 7 ay) olan dövrdə əmək haqqı arayışı olmadığına dair cavabdehin dəlilləri əsassızdır. Belə ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunvericilik fərqli qaydada tənzimlənmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya istinadən iddiaçının Şərur Rayon Mərkəzi Xəstəxanasında işlədiyi xx.xx.1990-cı il tarixdən xx.xx.1996-cı il tarixədək (6 il 7 ay) olan dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. 2002ci ilə qədər olan dövr nəzərə alındıqda isə iddiaçının qanunvericiliklə tələb olunan stajı tamamlanmış olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisənin faktiki hallarına hüquq normaları tətbiq edilərək qeyd edilməlidir ki, cavabdehin dəlilləri əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı dayandırılmış əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı dayandırılmış əmək pensiyasının ödənişinin davam etdirilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-156/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-156/2023
07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver