Məhkəmə qərarları › İş №2-1(122)-16/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-16/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-16/2025 10.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında” 23 iyun 1997-ci il tarixli 602 saylı Fərmanına uyğun olaraq, Şahbuz rayon Kooperativlər Cəmiyyətinin idarə heyətinin 24 iyul 2000-ci il tarixli 11 saylı və bu qərarın təsdiqi barədə Naxkoopittifaq idarə heyətinin 31 iyul 2000-ci il tarixli 33 saylı qərarı ilə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olan anbar binası ******* (üç milyon dörd yüz yetmiş altı min) manata ona satılmış, Naxçıvan MR İqtisadi İnkişaf Nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 000094 №-li (3 №-li reyestr kitabında 94 №-li qeydiyyat aparılmışdır) “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə ilə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən, ümumi sahəsi 37,2 kv.m olan anbar binasına xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan anbar binasını 2000-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məqsədi ilə istifadə etməklə ailəsinin maddi tələbatını təmin etmişdir. 2007-ci ildə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binası Cavabdeh tərəfindən qeyri-qanuni formada sökülmüşdür. Belə ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə əhəmiyyət verməyərək, həmin anbar binasının onun xüsusi mülkiyyətində olduğunu bilə-bilə, əvvəlcədən məlumat vermədən, dəyərini bazar qiymətinə uyğun hesablayıb əvvəlcədən ona kompensasiya şəklində ödəmədən və ya əvəzində hər hansı bir əmlak vermədən, “Naxçıvan MR Ali Məclisinin keçmiş sədrinin göstərişidir, sökülməlidir!” - deməklə, bir günün içərisində illərlə çəkdiyi əziyyət hesabına aldığı həmin anbar binasını uçurub dağıtmışdır. Həmin vaxtlar cavabdeh inzibati orqanın dövlət tərəfindən təminat verilən xüsusi mülkiyyət hüququnu kobud surətdə pozan qeyd olunan qanunsuz hərəkətləri ilə bağlı şikayətlər etdiyinə görə cavabdeh inzibati orqanının rəhbər vəzifəli şəxsləri Naxçıvan MR Ali Məclisinin keçmiş sədrinin adından onu qanunsuz azadlıqdan məhrum etmə ilə, öldürməklə hədələdiklərinə görə ailəsini götürüb Naxçıvan MR Şahbuz rayonundan Abşeron rayonuna köçməyə məcbur qalmışdır. Daha sonra, bir neçə dəfə pozulmuş xüsusi mülkiyyət hüququnun bərpası ilə bağlı Naxçıvan MR-nın səlahiyyətli dövlət orqanlarına, o cümlədən Cavabdehnə etdiyi müraciətlərinə heç bir rəsmi cavab verilməməklə yanaşı, yenidən qanunsuz azadlıqdan məhrum edilməklə, öldürülməklə hədələnmişdir. Özünün və ailə üzvlərinin həyatından narahat olduğundan xüsusi mülkiyyət hüququnun pozuntusuna susmağa məcbur qalmışdır. 2022-ci ilin sonlarında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyatdan və 2022-ci ilin dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin istefasından sonra, hüquqları pozulmuş Naxçıvan Muxtar Respublikası sakinlərinin müraciətləri arasında onun müraciəti də dinlənilmiş və ona hüquqlarının bərpası ilə bağlı hazrki iş üzrə Cavabdehnə müraciət etməyi tövsiyə olunmuşdur. Həmin tövsiyə əsasında xx.xx.2023-cü il tarixdə pozulmuş xüsusi mülkiyyət hüququnun bərpası ilə bağlı hazırki iş üzrə cavabdehə müraciət etmişdir. Qeyd olunan müraciətə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyə edilmişdir. İddiaçı qeyd olunanlara əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin 21 iyun və 10 sentyabr 2024-cü il tarixli, 2-1(122)-31/2024 nömrəli qərardadları ilə Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin 30 may 2003-cü il tarixli, 3 nömrəli reyestr kitabının 3-cü səhifəsində 94 nömrə ilə qeydiyyata alınan mülkiyyət haqqında şəhadətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyəti kimi tanınmış Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binasının müvafiq olaraq 2007-ci il üzrə və hazırki bazar qiymətləri barədə mütəxəssis rəyinin alınması Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 yanvar 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Cavabdeh tərəfindən Bakı şəhəri, Abşeron rayonu, Masazır kənd sakini İddiaçı ünvanlanmış 27 yanvar 2023-cü il tarixli məktubu ilə ona bildirilmişdir ki, onun Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binası olmuşdur. Həmin anbarın mülkiyyətində olmasına aid sənədlər mövuddur. Lakin həmin anbarın sökülməsinə, söküntüyə görə hər hansı bir kompensasiya ödənilməsinə dair heç bir rəsmi sənəd yoxdur. Məsələnin həlli ilə bağlı onun məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 30 may 2003-cü il tarixli, 3 reyestr nömrəli, 94 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı Şahbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 kv.m olan anbar binasının Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir. - 23 may 2003-cü il tarixli, 000231 nömrəli texniki pasportun surətindən məlum olur ki, Şahbuz rayon Şalıbuz qəsəbəsi, S.Vurğun küçəsində yerləşən anbar İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin 21 iyun 2024-cü il tarixli, 2-1(122)-31/2024 nömrəli qərardadına cavab olaraq göndərdiyi 12 iyul 2024-cü il tarixli, 04/669 nömrəli məktubdan məlum olur ki, Şahbuz şəhəri (qəsəbəsi), Səməd Vurğun küçəsində ümumi sahəsi 37,2 m2 olan anbar binasının bazar qiymətinin müəyyən edilməsi üçün Xidmətin məlumat bazasında müvafiq ərazidə analoji anbar binalarının həmin dövrə aid bazar qiymətlərinə dair məlumatlar olmadığından, həmçinin əmlakın hal-hazırda mövcud olmaması qiymətləndirmə obyektinin bərpasına, yaxud əvəzləşdirilməsinə lazım olan xərclərin müəyyən edilməsinə imkan vermədiyindən əmlakın bazar qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəmənin 10 sentyabr 2024-cü il tarixli, 2-1(122)-31/2024 nömrəli qərardadına cavab olaraq göndərdiyi 25 oktyabr 2024-cü il tarixli, 04/1082 nömrəli məktubdan məlum olur ki, İddiaçı məxsus olmuş, Şahbuz şəhəri, Səməd Vurğun küçəsində yerləşən ümumi sahəsi 37,2 m2 olmuş anbar binasının hazırki bazar dəyərinin müəyyənləşdirilməsi üçün Xidmətin informasiya bazasında Şahbuz şəhəri üzrə uyğun qeyri-yaşayış obyektlərinə dair 2024-cü ildə notarial qaydada bağlanılmış alqı-satqı müqavilələri mövcud deyil. 2023-cü ildə Şahbuz şəhərində uyğun qeyri-yaşayış binalarının alqı-satqısına notariat ofislərində bağlanılmış müqavilələrə əsasən qeyri-yaşayış binalarının 1 m2-nın bazar qiyməti 620-630 manat arasında dəyişilir. Qərardadda göstərilən anbar binasının 2023-cü ildə bazar qiyməti yuvarlaq olaraq 23000 (iyirmi üç min) manat dəyərində müəyyənləşdirilə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın ona ödənilməsi ilə bağlıdır. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının iddiaçının mülkiyyətində olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Lakin iddiaçı sözgedən tikilinin onun mülkiyyətində olmasını sübut etsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsinə dair mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Digər yandan iddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anbar binasının 2007-ci ildə Cavabdeh tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal iddiaçıya məxsus olmuş anbar binasının cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda da iddiaçı maddi zərərin əvəzini tələb etmək hüququna malik olmamışdır. Tələbin digər hissəsi, yəni 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyan ödənilməsi hissəsi birinci hissəsindən asılı tələb olduğundan, iddianın birinci hissəsinin əsaslı olması barədə məhkəməyə hər hansı dəlil təqdim olunmadığından həmin hissədə də iddia təmin edilmir və həmin tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı "xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş və cavabdeh tərəfindən qanunsuz sökülmüş anbar binasının əvəzinə Şahbuz qəsəbəsi, Səməd Vurğun küçəsində ümumi sahəsi 37.2 kv.m. olan anbar binasının tikilib ona təhvil verilməsi və ona dəymiş 100000 (yüz min) manat maddi və 50000 (əlli min) manat mənəvi ziyanın dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi"nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar