Məhkəmə qərarları › İş №2-1(122)-169/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-169/2022

20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-169/2022 20.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “cavabdehin üzərinə ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdən halhazıradək işləyir və hazırda 35 il stajı vardır. xx.xx.2022-ci il tarixdə ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina olunmuşdur. Həmin məktubda ona pensiya təyin edilməsindən imtinaya əsas kimi Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışları ilə xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi təsdiqlənsə də, əmək haqqı alması faktı tam şəkildə əksini tapmadığı göstərilmişdir. Burada,həmçinin xx.xx.2006-cı il tarixədək olan sığorta stajı 3 il 9 ay 7 gün, xx.xx.2006-cı il tarixdən sonra isə 15 il 11 ay olması və hesabın sığorta hissəsində 11585 manat 52 qəpik pensiya kapitalının olması göstərilmişdir. İddiaçı hesab edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, o, 35 illik stajına malikdir və bu hal əmək kitabçasındakı müvafiq qeydlərlə təsdiq edilir. Eyni zamanda, o, işlədiyi dövrdə bütün aylar üzrə əməkhaqqı almış və buna uyğun olaraq əməkhaqqları üzrə sosial sığorta ödəmələri tutulmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışlarında onun əmək haqlarından sosial sığorta ödənişləri ilə bağlı bəzi məlumatların olmaması o demək deyildir ki, onun əmək haqqından sosial sığorta ödənişləri olmamışdır. Digər tərəfdən, iddiaçı hesab edir ki, onun sığorta stajı və pensiya kapitalı az olsa da, ona pensiya təyin edilməli idi. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 22-1.1-ci maddəsində göstərilir ki, 2019-cu il yanvarın 1 -dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin həmin Qanunun 22- 1.2.1-ci və 22-1.2-ci maddələrinə görə 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. Əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. Yuxarıdakılardan göründüyü kimi, onun işlədiyi müddət ərzində həmişə əməkhaqqı almış və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq sosial sığorta ödəmələri aparılmışdır. Eyni zamanda, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğundan, 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il hesablanmalıdır. Beləliklə, bütün bunlardan çıxış edərək iddiaçı hesab edir ki, ona İİİ dərəcə əlliyə görə əmək pensiyası təyin edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 04 iyul 2022-ci il tarixli, 2-1(122)-169/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya qarşı 19 iyul 2022-ci il tarixli, 02/1034 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, 25 avqust 1971-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı, 02 iyun 2022-ci il tarixli ərizə ilə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə müraciət edərək, ona İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçı Naxçıvan Muxtar Respublikası Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən verilən 17 dekabr 2021-ci il tarixli ümumi xəstəliklə (Gözdən əlil) İİİ dərəcəli əlilliyin təyin edilməsi barədə arayışı ərizəyə əlavə etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsində iddiaçının ərizəsinə baxılmış və 09 iyun 2022-ci il tarixli, 02/822 nömrəli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İ qrup əlillərin qanunla tələb edilən sığorta stajına malik olması bu növ pensiyanın təyin edilməsi üçün yetərlidir. İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir. İddiaçı təqdim etdiyi 05 dekabr 1988-ci il tarixli, HT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1989-xx.xx.1992-ci illər Naxçıvan Tibb məktəbində təhsil aldığı müddətlər də daxil olmaqla o, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X1 İİ dərəcəli yoxlayıcı, xx.xx.1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası "Ana və Uşaq" Reabilitasiya mərkəzində sahə maması, xx.xx.2003-cü il tarixdən isə masaj tibb vəzifəsində işləmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən "Ana və Uşaq" Reabilitasiya mərkəzi ləğv edildiyindən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası uşaq xəstəxanasının poliklinika şöbəsində əvvəl fzioterapiya tibb bacısı, daha sonra sahə tibb bacısı vəzifələrində işləmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən iddiaçıya təqdim edilmiş 30 dekabr 2021-ci il tarixli, 13/1512 nömrəli arayışda Naxçıvan MR Səhiyyə Nazirliyi, Naxçıvan MR "Ana və Uşaq" reabilitasiya mərkəzinin 2000, 2001, 2002-ci illərə dair əməkhaqqı cədvəllərində (Hacıyeva) İddiaçı əməkhaqqı almadığı göstərilmişdir. Təqdim edilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995- ci il tarixədək (2 il 6 ay) analıq məzuniyyətində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (4 ay) öz hesabına məzuniyyətdə, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək (1 il 11 ay) analıq məzuniyyətində, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (5 ay) və xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixədək (7 ay) öz hesabına məzuniyyətlərdə olmuşdur. (Ümumilikdə: 5 il 9 ay, 28 gün). Bundan başqa, arxiv arayışında 2003-cü il tarixdə 7 ay, 2004-cü il tarixdə isə 4 ay əməkhaqqı cədvəllərində çatışmayan aylar göstərilmişdir. Qeyd olunan dövrlərdə iddiaçının analıq və öz hesabına məzuniyyətdə olması səbəbindən sığorta stajı kimi hesablanması qanuna ziddir. Belə ki, Əmək Məcəlləsinin 127-ci maddəsinin norması uşağa bilavasitə qulluq etməklə əlaqədar işçilərin qismən ödənişli sosial məzuniyyət hüququnu tənzim edir. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Ödənişsiz (öz hesabına) məzuniyyətlə bağlı qeyd edilməlidir ki, təcrübədə çox hallarda işçi iş ili ərzində bir və ya bir neçə dəfə uzun müddətli (ay yarım, üç ay, bir il və s.) ailə, məişət, təhsil, fizioloji keyfiyyəti ilə bağlı ödənişsiz məzuniyyətdə olur. Qanunvericilikdə bu barədə konkret göstəriş olmasada, belə işçilərə bir təqvim ayından artıq ödənişsiz məzuniyyət dövrü məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınmır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericilik əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. "Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Beləliklə, iddiaçının 01 yanvar 2006cı il tarixədək 3 il 9 ay 7 gün, 01 yanvar 2006-cı il tarixdən isə 15 il 11 ay sığorta stajı olmaqla, fərdi hesabın sığorta hissəsində 11585,52 manat pensiya kapitalı mövcuddur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci və 12.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi vacib şərtlərdən biri kimi qeyd edilir. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçıya İİİ qrup əlilliyə görə əmək pensiyası təyin etmək üçün hesablama aşğıdakı qaydada aparılmışdır: 50-15 = 35 x 4 = 140 / 12 = 1 il 8 ay (tələb olunan staj) 140 / 200 x 144 = 100.80 (200 sığorta davamiyyəti əmsalı) (3 il x 306 x 2.4904) + (306/12 x 9 ay x 2.4904) = 2857.74/100.80 = 28.35 (xx.xx.2006-cı ilədək) PSK = 11585.52 / 100.80 = 114.93 S H = 114.93 +28.35 = 143.28 143,28 < 240,0 (2022-ci il minumum pensiyanın məbləği). Beləliklə də, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə müvafiq olaraq iddiaçının 01 yanvar 2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən az olduğundan, ona pensiya təyin etmək qanun xaricindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "cavabdehin üzərinə ona İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması tələbi"nə dair qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 06 dekabr 2022ci il tarixli, 2-1(122)-169/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 20 dekabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına qərarın surətini, məktubu, arayışı, əmək kitabçasının təsdiq edilmiş surətini, qeydiyyat yeri barədə arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 09 iyun 2022-ci il tarixli, 02/822 nömrəli məktubundan görünür ki, Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İİ və İİİ qrup əlillərə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum (240 manat) məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Şöbəyə təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləməsi qeyd olunsa da, Naxçıvan MR Dövlət Arxivindən verilən arayışlarda əməkhaqqı alması faktı öz əksini tam şəkildə tapmadığından xx.xx.2006-cı ilədək olan sığorta stajı 3 il 9 ay 7 gün və xx.xx.2006-cı il tarixdən sonra isə 15 il 11 ay 0 gün sığorta stajı olmaqla fərdi hesabın sığorta hissəsində 11585 manat 52 qəpik pensiya kapitalı vardır. İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə əsasən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin etmək üçün hesablama aşağıdakı qaydada aparılır. 50-15=35 x 4=140 : 12=11.08 (Tələb olunan staj) 140 : 200 x 144 =100.80 (sığorta davamiyyəti əmsalı) (3 il x 306 x 2.4904)+( 306 : 12 x 9 ay x 2.4904) = 2857.74 : 100.80 = 28.35 (xx.xx.2006-cı ilədək) PSK=11585.52 : 100.80 = 114.93 SH= 114.93 + 28.35 = 143.28 Yuxarıda göstərilənlər nəzərə alınaraq əmək pensiyasının sığorta hissəsi minimum əmək pensiyası (240 manat) məbləğindən az olduğundan, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi qanun xaricindədir. - 05 dekabr 1988-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-xx.xx.1989-cu illərdə X1 yoxlayıcı vəzifəsində işləmiş, xx.xx.1989-xx.xx.1992-ci illərdə təhsil almış, xx.xx.1992-xx.xx.2003-cü illərdə “Ana və Uşaq” reabilitasiya mərkəzində sahə maması, xx.xx.2003-xx.xx.2006-cı illərdə Ana və Uşaq” reabilitasiya mərkəzində masajist, xx.xx.2006-xx.xx.2009-cu illərdə Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası X8nın poliklinika şöbəsində fizioterapiya tibb bacısı, xx.xx.2009-xx.xx.2011-ci illərdə sahə tibb bacısı, xx.xx.2011-ci ildən poliklinika şöbəsinin İİ pediatric bölməsinə sahə tibb bacısı vəzifəsində işləmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25 avqust 1971-ci ildə doğulmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli, 01/0571 nömrəli arayışdan görünür ki, Əliyeva X6 şəhəri, 56-cı məhəllə, ev 22 ünvanında qeydiyyatdadır. Babək rayonu, Cəhri qəsəbəsində yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli, 02/153 nömrəli məktubdan görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikası “Ana və Uşaq” reabilitasiya mərkəzində işləməsi haqqında əmrlərin və əməkhaqqı cədvəllərinin surətləri məhkəməyə göndərilmişdir. - “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X8” publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 23 noyabr 2022-ci il tarixli, 07/449 nömrəli məktubdan görünür ki, 2000-2002-ci illərə aid olan sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müayinə olunan şəxs barədə məlumatlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz İİİ dərəcəli əlillik təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən X5 verilmiş 30 dekabr 2021-ci il tarixli, 13/1512 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Uşaq Xəstəxanasının sənədlərinə baxdıqda müəyyən olunur ki, X2 xx.xx.2000-ci il tarixli, 1 nömrəli əmrlə adlı siyahıda adının olması, xx.xx.2000-ci il tarixli, 59 nömrəli əmrlə məzuniyyətə buraxılması, xx.xx.2000-ci il tarixli, 73 nömrəli əmrlə məzuniyyət müddəti bitdiyi üçün işdə hesab olunması, xx.xx.2001-ci il tarixli, 92 nömrəli əmrlə məzuniyyətə buraxılması, xx.xx.2001-ci il tarixli, 103 nömrəli əmrlə məzuniyyət müddəti başa çatdığı üçün işdə hesab olunması, xx.xx.2002-ci il tarixli, 66 nömrəli əmrlə məzuniyyətə buraxılması, xx.xx.2002-ci il tarixli, 69 nömrəli əmrlə məzuniyyət müddəti bitdiyi üçün işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən Hacıyeva (Əliyeva) Tünzalə Tofiq qızına verilmiş 30 dekabr 2021-ci il tarixli, 13/1512 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-Naxçıvan Muxtar Respublikası “Ana və Uşaq” reabilitasiya mərkəzinin 2000, 2001, 2002-ci illərə dair əməkhaqqı cədvəllərində Hacıyeva (Əliyeva) Tünzalə Tofiq qızının əməkhaqqı alması göstərilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən Hacıyeva (Əliyeva) Tünzalə Tofiq qızına verilmiş 30 dekabr 2021-ci il tarixli, 13/1512 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-Naxçıvan Muxtar Respublikası “Ana və Uşaq” reabilitasiya mərkəzində 1992-2004-cü illər ərzində işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən X5 verilmiş 30 dekabr 2021-ci il tarixli, 13/1512 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Elektrotexnika zavodunun sənədlərinə baxdıqda müəyyən olunur ki, Hacıyeva (Əliyeva) Tünzalə Tofiq qızının xx.xx.1988-ci il tarixli, 192 nömrəli əmrlə yoxlayıcı qəbuı edilməsi, xx.xx.1989-cu il tarixli, 119 nömrəli əmrlə işdən olunması əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası X8 publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Hacıyeva (Əliyeva) X6 Muxtar Respublikası Uşaq Xəstəxanasında tibb bacısı vəzifəsində işləmiş və 2005-ci ildə müvafiq qaydada əməkhaqqı almışdır. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyasının hesablama cədvəli və illər üzrə infilyasiya faizləri iş materiallarına əlavə edilmişdir. - Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Naxçıvan şəhər idarəsinin etirazına İddiaçı tərəfindən yazılmış 26 sentyabr 2022-ci il tarixli izahat və mülahizələrdən görünür ki, ona İİİ dərəcə əlillik pensiyasının təyin edilməsi vəzifəsinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması tələbinə dair iş üzrə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Naxçıvan şəhər idarəsi tərəfindən məhkəməyə xx.xx.2022-ci il tarixli etiraz məktubu təqdim edilmişdir. Etirazın ümumi məzmunundan belə nəticəyə gəlmək olur ki, onun əlilliyə görə əmək pensiyası sığorta hissəsi 143,28 manat təşkil edir və bu məbləğ İİİ dərəcə əlillik pensiyasının təyini üçün qanunla nəzərdə tutulan 240 manat minimum pensiya məbləğindən azdır və bu səbəbdən də mənə İİİ dərcə əlilliyə görə əmək pensiyası təyin edilə biməz. İddaçı hesab edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi Naxçıvan şəhər idarəsinin ona İİİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilməsinin mümkün olmaması barədə gətirdiyi arqumentlər əsassızdır və bunu aşağıdakılarla əsaslandırmışdır. İlk öncə, iddiaçı onu qeyd edir ki, o, İİİ dərəcə əlilik pensiyası təyin edilməsi barədə müraciət edərkən 35 illik əmək stajı olmuşdur. Bu hal əmək kitabçasındakı müvafiq qeydlərlə təsdiq edilir. İşlədiyi dövrdə bütün aylar üzrə əmək haqqı almış və deməli, ona əməkhaqqı ödənişləri edilibsə, həmin əmək haqqlarından sosial sığorta ödənişləri də tutulmuşdur. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Dövlət Arxinin arayışlarında onun 2001-ci, 2002-ci və 2003-cü illərdə əməkhaqqı almamasına dair göstərilənlərin əsası yoxdur. Çünki onun həmin illərdə əmək müqaviləsi üzrə işləməyisi ilə bağlı əmək kitabçasında müvafiq qeydlər edilib və bu o deməkdir ki, həmin illər üzrə işləmiş, deməli, əməkhaqları da almışdır. Adıçəkilən arxiv arayışlarında onun qeyd edilən illər üzrə əmək haqqı alması ilə bağlı məlumatların hər hansı səbəbdən olmaması müvafiq dövlət qurumunun məsuliyyətidir və belə bir hal onun pensiya hüququnun təmin olunmasına məhdudiyyət kimi əsas gətirilə bilməz. Çünki işçinin əməkhaqqı aldığı dövrdə əmək haqqlarımdan sosial sığorta ödənişlərinin tutulması qanunla nəzərdə tutulan tələbdir. Bu tələbə əməl edilməməsi qanunla nəzərdə tutulan məsuliyyət yaradır və indiki halda ona ödənilən əməkhaqqı üzrə sığorta ödənişlərinin tutulmamasına görə işəgötürənin məsuliyyətə cəlb etmə halı olmayıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Dövlət Arxinin arayışlarında xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əməkhaqqı alması barədə bütün məlumatların tam şəkildə əksini tapmamamasını da əsassız hesab etmişdir. Bunlardan başqa, etirazda iddia edilən “analıq və öz hesabına məzuniyyətin sığorta stajına daxil edilməməsi”nin də hüquqi əsası yoxdur. Belə ki, etirazın özündə də göstərildiyi kimi, “analıq və öz hesabına məzuniyyət”in sığorta stajına daxil edilməməsinə dair qanunvericilikdə heç bir müddəa yoxdur. İddiaçı hesab edir ki, “analıq və öz hesabına məzuniyyətin sığorta stajına daxil edilməməsi” “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin subyektiv mülahizələridir. Bununla bağlı etirazda istinad edilən Əmək Məcəlləsinin 127-ci maddəsində isə, qismən ödənişli məzuniyyətin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsindən söhbət gedir, sığorta stajına daxil edilibedilməməsindən yox. Bütün bunlardan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 22- 1.1, 22-1.2.1 və 22-1.2.2-ci maddələrinə görə 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır. İddiaçı hesab edir ki, bu maddələrin tələbləri də ona əlilliyə görə əmək pensiyasının təyin edilməsinə imkan verir. Beləliklə, yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün hüquqi əsaslar vardır. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin etirazı əsassızdır və bu qurum tərəfindən qanuni və hərtərəfli araşdırma aparılmaqla ona İİİ dərəcə əlilliyə görə pensiya təyin edilə bilər. Göstərilənləri nəzərə alaraq, iddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə ona İİİ dərəcə əlillik pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun tələbinin icra olunmasını qanunsuz hesab edərək, ona İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan iş stajının və pensiya kapitalının olduğunu bildirərək, ona pensiya təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçının pensiya hüququ yaranan tarixədək iş stajı tamamlansa da, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan pensiya təyinatının aparılması qanunvericiliyə zidd olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 111.1-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. - 127.1-ci maddəsinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası Bu Qanuna uyğun olaraq əmək pensiyasının növlərindən biri kimi müəyyən edilmişdir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 3-cü abzasına əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 15 yaşından etibarən hesablanır. İşin faktiki hallarından görünür ki, İddiaçı 25 avqust 1971-ci ildə anadan olmuş, 1988ci ildən əmək fəaliyyətinə başlamış, 1989-1992-ci illərdə təhsil almış, 1992-ci ildən başlayaraq hazırkı vaxtadək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı 17 dekabr 2021-ci il tarixdən İİİ qrup əlillik verilməsinə baxmayaraq bugünədək əlilliyə görə əmək pensiyası təyin edilməmişdir. Bu barədə cavabdeh inzibati orqana müraciət etsə də, tələbin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğinə imkan vermir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi ona İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən İİİ dərəcə əlilliyə görə əmək pensiyası aşağıdakı şərtlər ödənildikdə təyin edilir:

1. ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda;

2. əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olduqda. Yuxarıda qeyd olunan birinci şərtə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 8 ay sığorta stajına malik olmalıdır. Belə ki, qanunvericiliyə əsasən hesablama aşağıdakı qaydada aparılmışdır: 50- 15=35*4=140/12=11.08. Belə ki, cavabdehin qənaətinə görə iddiaçı xx.xx.2006-cı ilədək 3 il 9 ay 7 gün, xx.xx.2006-cı ildən pensiya hüququnun yarandığı tarixədək isə 15 il 11 ay sığorta stajına malikdir. Bununla da cavabdeh iddiaçıya İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə qələb olunan sığorta stajına malik olduğunu mübahisələndirilmir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələ iddiaçının pensiya kapitalının minimum pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Belə ki, iddiaçı 1988-ci ildən əmək fəaliyyətinə başlamasına baxmayaraq xx.xx.2006-cı il tarixədək 3 il 9 ay 7 gün sığorta stajına malik olduğu qeyd olunur. Belə ki, iddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək X1 işləmiş, xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək təhsil almış, xx.xx.1992-ci ildən bugünədək tibb müəssisəsində fəaliyyət göstərmişdir. Cavabdeh inzibati orqan iddiaçının 1992-2006-cı illərdə işlədiyi müddət ərzində bəzi aylarda əməkhaqqı almasının arxiv arayışları ilə təsdiqlənmədiyini, analıq və özhesabına məzuniyyətlərdə olduğunu, 2000, 2001 və 2002-ci illərdə əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyinə istinad edərək həmin dövrləri sığorta stajı kimi nəzərə almır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının 1992-2006cı illərdə işlədiyi dövrdə bəzi aylar üzrə əməkhaqqı alması barədə sənədlərin arxivə təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özözlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 1989-1992-ci illərdə təhsil aldığı müddət, 1992-2006-cı illərdə işlədiyi dövrlərdə əmək kitabçasında öz əksini tapmış müddətlər arxiv arayışları ilə təsdiqlənməsindən asılı olmayaraq sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi 2000, 2001 və 2002-ci illərdə arxiv arayışına əsasən adına rast gəlinmədiyinə istinad edərək həmin dövrləri mübahisələndirir. Lakin iş materiallarına əlavə edilmiş arxiv tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış əmrlərdən görünür ki, xx.xx.2000-ci il tarixli, 59 nömrəli əmrlə məzuniyyətə buraxılması, xx.xx.2000-ci il tarixli, 73 nömrəli əmrlə məzuniyyət müddəti bitdiyi üçün işdə hesab olunması, xx.xx.2001-ci il tarixli, 92 nömrəli əmrlə məzuniyyətə buraxılması, xx.xx.2001-ci il tarixli, 103 nömrəli əmrlə məzuniyyət müddəti başa çatdığı üçün işdə hesab olunması, xx.xx.2002-ci il tarixli, 66 nömrəli əmrlə məzuniyyətə buraxılması, xx.xx.2002-ci il tarixli, 69 nömrəli əmrlə məzuniyyət müddəti bitdiyi üçün işdə hesab edilməsi əmr kitablarında göstərilmişdir. İddiaçının növbəti əmək məzuniyyətinə buraxılması onun 2000, 2001 və 2002-ci illərdə işləməsi faktını bir daha təsdiq edir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər məsələ isə iddiaçının analıq məzuniyyətində olduğu dövrlərin sığorta stajına daxil edilməsi ilə bağlıdır. Əvvəla qeyd edilməlidir ki, iddiaçının analıq məzuniyyətində olması arxiv tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq əmrlərə əsasən öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş əmək kitabçasından da göründüyü kimi iddiaçının analıq məzuniyyətində olduğu dövrlər qeyd edilmişdir. Həmçinin arxiv arayışında da iddiaçının həmin dövrlərdə analıq məzuniyyətində olduğu öz əskini tapmışdır. İşçilərin məzuniyyət hüquqları ilə bağlı məsələlər Əmək Məcəlləsinin müddəalarına əsasən həll edilir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarına əsasən məzuniyyət müddəti əmək stajına daxil edilir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu analıq məzuniyyətinin sığorta stajına daxil edilməsi barədə düzünə göstəriş verməsə də, 21.1-ci maddədə məzuniyyət müddətinin sığorta stajına daxil edilməsi qadağa edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının analıq məzuniyyətində olduğu dövr sığorta stajı kimi qəbul olunmalıdır. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının 1992-2006cı illərdə işlədiyi dövrlərdə arxiv arayışları ilə təsdiqlənməyən və analıq məzuniyyətində olduğu dövrlərin sosial stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan da aydın olur ki, mübahisələndirilən dövrlər sığorta stajı kimi nəzərə alındıqda iddiaçıya İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalı ödənilmiş olacaqdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən özhesabına məzuniyyət müddətlərinin sığorta stajına daxil edilməsinə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının özhesabına məzuniyyətdə olduğu dövrlərin onun xx.xx.2006-cı ilədək mövcud olmuş sığorta stajından çıxılması halında belə onun fərdi hesabının sığorta hissəsində formalaşan pensiya kapitalı minimum əmək pensiyası təyinatına imkan verir. Mübahisələndirilən dövrlər sığorta stajına daxil edildiyindən cavabdeh inzibati orqan tərəfindən pensiya kapitalı hesablanarkən həmin dövrlər nəzərə alınmalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində formalaşan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan verdiyindən iddiaçıya İİİ qrup əlilliyə görə əmək pensiyası təyin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə İddiaçı İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə İddiaçı İİİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar