Məhkəmə qərarları › İş №2-1(122)-171/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-171/2022

28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-171/2022 28.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “ona xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti İdarəsində işlədiyi illər və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan illərin, ümumilikdə 12 ilin pensiya illərinə daxil edilməklə yenidən pensiya hesablanaraq bu hüququnun yarandığı gündən pensiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Ordubad rayonu, Nüsnüs kəndində anadan olmuşdur. 1973-cü ildən 2022-ci ilədək müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti idarəsində işləmişdir. 1975-ci ildən 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək Naxçıvan Muxtar Respublikası X4 sürücü vəzifəsində, xx.xx.1980-ci ildən bugünədək Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) təsərrüfat işləri üzrə direktor müavini və azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. 31 mart 2022-ci il tarixdən "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən ona yaşa görə 266 manat 50 qəpik əmək pensiyası təyin edilmişdir. Ona pensiya təyin olunarkən xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti idarəsində işlədiyi dövrlər və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan, ümumilikdə 12 illik əmək stajı hesablanmadan 25 illik əmək stajı hesablanmaqla pensiya təyin edilmişdir. Halbuki, onun işlədiyi 12 illik əmək stajı 25 illik əmək stajının üstünə toplanmaqla 37 illik əmək stajına uyğun olaraq əmək pensiyası təyin olunmalı idi. İddiaçı hesab edir ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən ona yaşa görə pensiya hesablanması əmək stajını düzgün hesablanmadan aparılmışdır. Bununla əlaqədar olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə müraciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsindən 19 may 2022-ci il tarixdə ona verilən 06/183 nömrəli cavab məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa göyə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22- 1.2.1.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək 20 il 2 ay sosial sığorta stajı olmasına baxmayaraq, Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatına əsasən 20328.34 manat, 2006-cı il tarixdən hüququnun yarandığı xx.xx.2022-ci il tarixədək isə 18047.73 manat sosial sığorta kapitalı vardır. Buna görə də ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixdən yaşa görə 266.50 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin cavabından narazı qaldığı üçün "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsinə müraciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən 22 iyun 2022-ci il tarixdə ona verilən 01/S-48 nömrəli cavab məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 31 mart 2022-ci il tarixdən Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən yaşa görə 266 manat 50 qəpik əmək pensiyası təyin olunub. Təyin olunmuş pensiya araşdırılmış və məlum olmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə müvafiq olaraq arxiv arayışları ilə təsdiqlənmiş 01 yanvar 2006-cı il tarixədək 20 il 2 ay sığorta stajına əsasən 16397,97 manat və 01 yanvar 2006-cı il tarixdən pensiya təyin olunan tarixədək isə fərdi hesabın sığorta hissəsində 18047,73 manat olmaqla, ümumilikdə 34447,70 manat pensiya kapitalı mövcuddur. Qeyd olunan 34447,70 manat pensiya kapitalına əsasən ona 239 manat 22 qəpik pensiya məbləği hesablanır. Lakin, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən (2019-2022-ci illərdə Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1 -dək olan sığorta stajı 25 il, 2023-cü ildən isə hər təqvim ili üçün, bir il azaldılmaqla hesablanır) ona Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən yaşa görə əmək pensiyası təyin olunarkən 01 yanvar 2006-cı il tarixədək olan sığorta stajı 25 il götürülməklə hesablanmışdır. Ona verilmiş hər iki cavaba öz etirazını bildirirərək qeyd edir ki, "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi arxiv arayışında onun təxminən 12 illik iş stajının tapılmamasını əsas tutaraq onun hüququnu pozur. O, işçi kimi işləyib vaxtı-vaxtında əməkhaqqı almış, vergi, sığorta ödəmiş və iş stajı qanuni şəkildə əmək kitabçasında göstərilmişdir. Arxivdə onun iş stajının olmaması onun təqsiri deyil və bunu əsas qoyub almaq hüququ olan məbləğdə pensiyanı ödəməkdən yayınaraq ona az miqdarda pensiya ödəyə bilməzlər. Qanunvericiliyə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Bu sənəd işçinin əmək və sosial sığorta stajının hesablanması, pensiyaların hesablanması zamanı mühüm əhəmiyyət daşıyır. Buradan da aydın görünür ki, işçinin iş stajının hesablanması üçün işçi yalnız ona aid olan əmək kitabçası üçün cavabdehlik daşıyır və bu sənəd işçiyə pensiya hesablanması üçün əsasdır. O, arxivdə ona aid iş stajının olubolmamasına cavabdehlik daşımır və bu cür öhdəliyi yoxdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən ona 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən ödənilməmiş məbləğdə pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya qarşı 25 iyul 2022-ci il tarixli, 06/287 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 31 mart 2022-ci il tarixli, 26 nömrəli qərarına əsasən 06 mart 2022-ci il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada yaşa görə 266,50 manat məbləğində əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq “Əmək pensiyası haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri Qanunun 22-1.1-ci maddəsində göstərilmişdir. Həmin Qanun maddəsinin müddəlarına əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilməsi üçün müəyyən edilmiş yaş həddinə çatmış şəxslərə 2019-2022-ci illərdə pensiya təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Belə ki, iddiaçı tərəfindən Fondun Culfa rayon şöbəsinə müraciətdən sonra o, bir neçə dəfə qəbulda olmuş və onun əmək kitabçasına baxılaraq şifahi olaraq bildirilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsaslar mövcuddur. Bunun əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəaları ona izah edilmişdir. İddiaçı təqdim etdiyi xx.xx.1977-ci il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 10 ay) hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 7 ay 10 gün) Naxçıvan MR X4 sürücü işləmişdir. İddiaçının Elektrik Şəbəkəsində işlədiyi illər Naxçıvan MR Dövlət Arxivinin 08 fevral 2022-ci il tarixli, 13/158 nömrəli arayışı ilə təsdiqlənmişdir. Culfa rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş 12 may 2022-ci il tarixli, 87 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Culfa 102 nömrəli Tikinti idarəsində, Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2 nömrəli arayışa əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1984-cü il tarixədək və xx.xx.1986-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Culfa 38 nömrəli məktəbdə təsərrüfat işləri üzrə müdir müavini və Azərbaycan dili və ədəbiyyat müəllimi, xx.xx.2022-ci il tarixli, 13/158 nömrəli arxiv arayışına əsasən xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Culfa 2 nömrəli kənd məktəbində işləmişdir. Lakin Saatlı rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışlarda 1985-ci il və 1990-cı illərdə əmək haqqı alması barədə məlumat göstərilməmişdir. Həmçinin Culfa şəhər 2 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 39 nömrəli məktubda xx.xx.1993-cü ildən xx.xx.2001-ci ilədək olan dövrlərdə İddiaçı adına heç bir sənəd olmadığı göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 22-1-ci maddəsinə müvafiq olaraq avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2- 1(122)-171/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “ona xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti İdarəsində işlədiyi illər və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan illərin, ümumilikdə 12 ilin pensiya illərinə daxil edilməklə yenidən pensiya hesablanaraq bu hüququnun yarandığı gündən pensiya ödənilməsi öhdəliyinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. 17 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X2 Sədrəddin Oruc oğlunun 1980-ci ildən Culfa şəhər 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) təsərrüfat müdiri və müəllim vəzifəsində işlədiyini, onunla iş yoldaşı olduqlarını, özünün həmin məktəbdə rus dili müəllimi işlədiyni, Sədrəddinin çox məsuliyyətli müəllim olduğunu, 1993-2000-ci illərdə əməkhaqqı aldıqlarını, Culfa şəhər 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) 1967- 2011-ci illərdə işlədiyini bildirmişdir. 17 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X12 1984-cü ildən Culfa şəhər 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) müəllim işləməyə başladığını, İddiaçı həmin məktəbdə təsərrüfat müdiri və müəllim işlədiyini, Sədrəddinlə müəllim yoldaşı olduqlarını, özünün 2014-cü ildə təqaüdə çıxdığını bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 01 noyabr 2022-ci il tarixli, 2-1(122)-171/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 28 noyabr 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına müvafiq məktubları, əmək kitabçasının və şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərini, qeydiyyat yeri barədə arayışı, arxiv arayışını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanan 19 may 2022-ci il tarixli, 06/183 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22- 1.2.1.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçı 01 yanvar 2006-cı il tarixədək 20 il 2 ay sosial sığorta stajı olmasına baxmayaraq, Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatına əsasən 20328.34 manat, 2006-cı il tarixdən hüququnun yarandığı xx.xx.2022-ci il tarixədək isə 18047.73 manat sosial sığorta kapitalı vardır. Buna görə də ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixdən yaşa görə 266.50 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Məktubun qeyd hissəsində sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda sığortaolunana əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsi tərəfindən İddiaçı ünvanlanan 22 iyun 2022-ci il tarixli, 01/S-48 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 31 mart 2022-ci il tarixdən Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən yaşa görə 266 manat 50 qəpik əmək pensiyası təyin olunmuşdur. Təyin olunmuş pensiya araşdırılmış və məlum olmuşdur ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə müvafiq olaraq, arxiv arayışları ilə təsdiqlənmiş 01 yanvar 2006-cı il tarixədək 20 il 2 ay sığorta stajına əsasən 16397,97 manat və 01 yanvar 2006-cı il tarixdən pensiya təyin olunan tarixədək isə fərdi hesabın sığorta hissəsində 18047,73 manat olmaqla, ümumilikdə 34447,70 manat pensiya kapitalı mövcuddur. Qeyd olunan 34447,70 manat pensiya kapitalına əsasən ona 239 manat 22 qəpik pensiya məbləği hesablanır. Lakin, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1.2.1-ci maddəsinə əsasən (2019-2022-ci illərdə Qanunun 7-cı maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır) ona Fondun Culfa rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən yaşa görə əmək pensiyası təyin olunarkən 01 yanvar 2006-cı il tarixədək olan sığorta stajı 25 il götürülməklə hesablanmışdır. Hesablama aşağıdakı qaydada aparılmışdır: 20328,06 manat (25 il sığorta stajına əsasən formalaşan pensiya kapitalı) + 18047,73 manat (xx.xx.2006-cı il tarixdən pensiya təyin olunan tarixə fərdi hesabda toplanan pensiya kapitalı) = 38375,79 manat : 144 (gözlənilən pensiya ödənişi aylarının sayı) = 266,50 manat. Göründüyü kimi, İddiaçı 01 yanvar 2006-cı il tarixədək olan sığorta stajına (20 il 2 aya ) 4 il 10 ay əlavə olunaraq pensiyası 27 manat 28 qəpik öz stajına əsasən təyin edilməli olan pensiyadan yüksək təyin olunmuşdur. - 01 iyul 1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1980-ci illərdə Naxçıvan MR Energetika Agentliyində sürücü vəzifəsində işləmiş, xx.xx.1980-ci ildə Culfa 38 nömrəli məktəbinə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. - Culfa Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 12 may 2022-ci il tarixli, 87 nömrəli arayışdan görünür ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa 102 nömrəli Tikinti idarəsinin sənədlərinə baxdıqda İddiaçı xx.xx.1973-cü ildə 54 nömrəli əmrlə işə girməsi, xx.xx.1974-cü ildə 57 nömrəli əmrlə azad olunması görünür. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1957-ci ildə Ordubad rayonu, Nüsnüs kəndində doğulmuş İddiaçı ünvan 4 ünvanında yaşayır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli, 1404 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - İddiaçı təyin edilmiş pensiya işinin materiallarında olan: - ünvan 4 ünvanında yaşayan İddiaçı tərəfindən Fondun Culfa rayon şöbəsinə ünvanlanmış 31 mart 2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 24 nömrəli arayışdan görünür ki, ehtiyatda olan əsgər İddiaçı 02 may 1975-ci il tarixdən 12 may 1977ci il tarixədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 08 fevral 2022ci il tarixli, 13/158 nömrəli arxiv arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Dövlət Energetika X1 sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı 01 iyul 1977-ci il tarixli, 143 №-li əmrlə "sürücü" qəbul edilməsi, 11 fevral 1980-ci il tarixli, 29 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. - Saatlı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 2 nömrəli arayışdan görünür ki, İddiaçı Saatlı Rayon Dövlət Arxivində saxlanılan Naxçıvan Culfa 38 nömrəli məktəbdə əmək qazancının cədvəlinə əsasən 1980, 1981, 1982, 1983, 1984, 1986-cı illərdə işləmiş və əməkhaqqı almışdır. - Saatlı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 18 yanvar 2022-ci il tarixli, 2 nömrəli arayışdan görünür ki, İddiaçı Saatlı Rayon Dövlət Arxivində saxlanılan Naxçıvan Culfa 38 nömrəli məktəbdə əmək qazancının cədvəlinə əsasən 1987, 1987, 1989, 1991, 1992-ci illərdə işləmiş və əməkhaqqı almışdır. Arayışın qeyd hissəsində başqa illərin sənədləri arxivdə olmadığı üçün araşdırmanın mümkün olmadığı qeyd olunmuşdur. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivi tərəfindən verilmiş 08 fevral 2022ci il tarixli, 13/158 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Culfa rayon Təhsil şöbəsi Culfa 2 №-li kənd məktəbində işləmiş və 2001-2006-cı illərdə aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən verilmiş sığortaolunanın fərdi uçot məlumatları əsasında sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı (ssn **********092) Dövlət Sosial Müdafiə Fondu Culfa rayon şöbəsində xx.xx.2006-cı ildən xx.xx.2022-ci il tarixədək 15 il 10 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 18047.73 manat pensiya kapitalı vardır. - Culfa şəhər 2 №-li tam orta məktəb tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” Culfa rayon şöbəsinə ünvanlanan 19 iyul 2022-ci il tarixli, 39 nömrəli arayışdan görünür ki, Culfa şəhər 2 №-li tam orta məktəbin müəllimi İddiaçı 1980ci il 12 fevral tarixdən bugünədək məktəbdə müəllim işləmişdir. 2000-ci ildən məktəb Culfa Təhsil Şöbəsinin tabeliyinə verilmişdir. Məktəb 38 nömrəli dəmiryolu məktəbi olduğu üçün 2000-ci ilədək dəmir yolları üzrə məktəblər Saatlı şəhərində mərkəzləşmiş maliyyə işləri Saatlı şöbəsində aparılmışdır. İşləməsinə dair əmrlər 2006-cı ilədək əmr kitabları Culfa Rayon Dövlət Arxivinə təhvil verilmişdir. Tələb edilən xx.xx.1993-cü il tarixdən, xx.xx.2001ci il tarixədək məktəbdə heç bir sənəd yoxdur. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilsə də, onun işlədiyi 12 il nəzərə alınmamış, buna görə də pensiyasının məbləği az hesablanmışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən avtomatlaşdırılmış qayda tətbiq edilmiş, onun işlədiyi müvafiq illər arxiv arayışları ilə təsdiqlənmədiyindən həmin illər staj kimi nəzərə alınmamış, bu əsaslara görə pensiya təyin edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1957-ci ildə anadan olmuş, 1973-cü ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 1977-ci ildən sonra əmək fəaliyyətini davam etdirmişdir. 2022-ci ilin mart ayında iddiaçının 65 yaşı tamam olduğundan ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun Culfa 38 nömrəli məktəbdə işlədiyi 1985 və 1990-cı illərdə, həmçinin 1993-2001-ci illərdə əməkhaqqı alması arxiv arayışları ilə təsdiqlənmədiyindən həmin illər staj kimi nəzərə alınmamışdır. Bununla da iddiaçının 2006-cı ilədək stajı 25 ildən az olmuşdur. Bundan sonra iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsi nəzərə alınaraq 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduğundan yaşa görə əmək pensiya təyin edilmişdir. İddiaçı bununla razılaşmayaraq əmək kitabçasına əsaəsən fasiləsiz olaraq işlədiyini və həmin illərin staja daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb edir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisəli yeganə məsələ iddiaçının xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti İdarəsində işlədiyi illərin və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan illərin, ümumilikdə 12 ilin sığorta stajına daxil olması və pensiyasının yenidən hesablanaraq qalıq məbləğin bu hüququn yarandığı tarixdən ödənilməsi ilə bağlıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının 1973-1974, 1985, 1990 və 1993-2000-ci illərdə işlədiyi illərin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini öz-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.1973cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti İdarəsində işlədiyi illərin və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan illərin, ümumilikdə 12 ilin sosial stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Mübahisələndirilən illər arxiv arayışında öz əksini tapmasa da, əmək kitabçasında qeyd olunduğundan sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçıya münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən illər sığorta stajına daxil edilməli və iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalıdır. Buna görə də iddiaçının tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti İdarəsində işlədiyi illər və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan illərin, ümumilikdə 12 ilin pensiya illərinə daxil edilməklə yenidən pensiya hesablanaraq bu hüququnun yarandığı gündən pensiya ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Culfa 102 nömrəli Tikinti İdarəsində işlədiyi illər və Culfa şəhərində yerləşən 38 nömrəli orta məktəbdə (hazırkı 2 nömrəli orta məktəbdə) işlədiyi 1985-ci il, 1990-cı il və 1993-cü ildən 2000-ci ilədək olan illərin, ümumilikdə 12 ilin pensiya illərinə daxil edilməklə yenidən pensiya hesablanaraq bu hüququnun yarandığı gündən pensiya ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar