Məhkəmə qərarları › İş №2-1(122)-172/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-172/2022

02.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-172/2022 02.08.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı “ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsində onun iddiası əsasında yaşadığı mülk mərhum babası X1 adına hüquqi fakt kimi təsdiq edilmişdir. Notariusdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin mirası qəbul etmişdir. Buna baxmayaraq Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən evin dəftərçəsini almışdır. Ev dəftərində B.Abbasov küçəsi, 56 nömrədə Rəfailin adı yazılmayıb. Həmin şəxs ikinci bir Anarı tapmır. Həmin şəxsin adı, soyadı onların ev dəftərində yoxdur. Naxçıvan Şəhər İcra Hakimiyyətinin (keçmiş) başçısını aldadaraq saxta sərəncam alıb ev tikmişdir. Onun isə X3 adında anası yoxdur. 1 saylı Dövlət Notariat Ofisində Anar adlı şəxs və notarius C.Eyvazov vəzifələrindən və qulluq mövqeyindən suiistifadə etmişlər. Onlar Rəfailə hər tərəfli kömək etmişlər. Babasının adı ilə açılan ev dəftərində onun adından sonra Könülün adı yazılıb. Bilə-bilə Azərbaycan Respublikası Qanunlarına hörmətlə yanaşmamışlar. Hər bir vərəsə lazımi sənədləri toplayandan sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilər. Lakin onlar buna əməl etməmişlər. Beləliklə ona maddi və mənəvi ziyan vurmuşlar. İddiaçı həmin ziyanın ən azı on min manat olacağını bildirərək, məhkəmədən ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsinə köməklik edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 02 avqust 2022-ci il tarixə təyin edilmiş, İddiaçı yardım məktubu ünvanlanaraq inzibati məhkəmə icraatında inzibati orqanların hərəkət və hərəkətsizliyi nəticəsində hüquqları və qanunla qorunan maraqları pozulmuş hüquqi və fiziki şəxslərin iddialarına dair mübahisələrə baxıldığı, iddia ərizənizə baxış keçirilərkən cavabdeh qismində Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazovun göstərildiyinin məlum olduğu, bununla da hansı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilərək, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsindəki çatışmazlıqların və xətaların aradan qaldırılması, həmçinin hansı cavabdeh inzibati orqan tərəfindən hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının məhkəmənin yardım məktubunu 21 iyul 2022-ci il tarixdə almasına baxmayaraq hər hansı bir münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı və cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazov məhkəmə iclasında iştirak etməmiş, İddiaçı məhkəməyə 20 iyul 2022-ci il tarixli ərizə ilə müraciət edərək, səhhətində nasazlıqlar olduğundan onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazov isə məhkəməyə 20 iyul 2022-ci il tarixli, 135 nömrəli məktub göndərərək üzrlü səbəbdən məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən də, iştirakı olmadan işə baxıb qanunu qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını və iş üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. Hazırkı iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı notarius hərəkətlərindən narazı qalaraq iddia qaldırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, notariat hərəkətlərinin mübahisələndirilməsi ilə bağlı iddialara inzibati deyil, mülki məhkəmə icraatı qaydasında baxılır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li qərarının 8-ci bəndində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İşin yuxarıda şərh edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələ barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80-81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər 1 saylı Notariat Ofisinin notariusu Cavid Eyvazova qarşı “ona maddi və mənəvi ziyan vuran Anar və C.Eyvazovdan dəymiş ziyanın ona alınıb verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. İddiaçıya hazırki iddia tələbində qaldırdığı məsələ barəsində mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilir. Qərardaddan 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar