Məhkəmə qərarları › İş №2-1(122)-172/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-172/2025

07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-172/2025 07.03.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan, 2017-ci ildə Cavabdeh şifahi göstərişi əsasında sökülmüş, Şərur rayonu, Düdəngə kənd mağazasının bərpa olunaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması, bu mümkün olmadıqda söküntü nəticəsində dəymiş maddi zərərin əvəzi 170.000 (bir yüz yetmiş min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, 2017-ci ildə Cavabdeh şifahi göstərişi əsasında sökülmüş, Şərur rayonu, Düdəngə kənd mağazasının bərpa olunaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması, bu mümkün olmadıqda söküntü nəticəsində dəymiş maddi zərərin əvəzi 170.000 (bir yüz yetmiş min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vaxtı ilə Naxkoopittifaqın balansında sahəsi 100.3 kv.m olmuş Şərur rayonu Düdəngə kənd mağazası Şərur RKC-nin xx.xx.2002-ci il tarixli qərarı əsasında X2 xx.xx.2002-ci il tarixli qərarı ilə Şərur RKC-də gözətçi işləmiş Şərur rayonu Düdəngə kənd sakini X1 və həmin mağaza uzun müddət təyinatı dəyişdirilmədən M.Cəfərov tərəfindən istifadə edilməklə həmin əmlaka dair şəhadətnamə və texniki pasport alınmışdır. 2016-cı ilin may ayında isə M.Cəfərov qeyd edilən mağazanı ona satmış və alqı-satqı zamanı tərəfindən M.Cəfərova 16000 (on altı min) ABŞ dolları məbləğində pul ödənilmişdir. Lakin aralarında olan alqı-satqı müxtəlif səbəblərdən tam qanuna uyğun qaydada rəsmiləşdirilməmiş və satıcı M.Cəfərov yuxarıda göstərilən əmlakın idarə edilməsi və ona dair sərəncam verilməsi ilə bağlı ona 60 (altmış) il müddətinə etibarnamə vermişdir. O da öz növbəsində aldığı əmlakı idarə etmiş və həmin əmlakı mağaza kimi istifadə etməklə ondan gəlir əldə etmişdir. Həmin vaxtlar rəsmiləşdirmə prosedurunun çətinliyi, eyni zamanda əmlakın ona məxsusluğuna əsaslanıb mülkiyyət hüquqlarını tam olaraq rəsmiləşdirməmişdir. Bundan bir il keçməmiş isə aldığı əmlak Cavabdeh başçısının əsassız göstərişi ilə sökülmüş bununla da ona əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. O, dəfələrlə bu barədə şifahi olaraq müvafiq orqanlara müraciət edərək sökülmüş mağazanın yenidən bərpa olunması və ya ona dəymiş zərərin əvəzinin ödənilməsinə köməklik göstərilməsini xahiş etsə də, müraciəti heç bir nəticə verməmiş, mülkiyyətində olan əmlak bərpa olunmayaraq, həmin mağaza binasının sökülməsi nəticəsində ona dəymiş zərərin əvəzi ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 07 mart 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə 23 dekabr 2024-cü il tarixli, 2-1(122)-717/2024 nömrəli yardım məktubu ünvanlanaraq mülkiyyətində olduğunu və söküldüyünü iddia etdiyi Şərur rayonu, Düdəngə kəndində yerləşən mağazanın onun mülkiyyətində olduğunu sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu imza edilərək alınmış, lakin mağazanın iddiaçının mülkiyyətində olmasını təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı mağazanın onun mülkiyyətində olmasına dair heç bir əlavə hüquqmüəyyənedici sənədin olmadığını, yalnız mülkiyyətçi X6 tərəfindən həmin mağazanın satılmasına dair notariusda verilmiş ərizənin olduğunu qeyd edərək, iddianı müdafiə etdiyini bildirib, hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ insan hüquqları sahəsində AR Konstitusiyasında eləcə də, AR-in tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit edilmiş toxunulmaz, pozulmaz və ayrılmaz insan hüquqlarından biri olsa da, məhdudlaşdırmasına heç bir şərt daxilində yol verilməyən mütləq hüquqlar siyahısına da daxil deyil. Yəni həmin hüququn qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanuni məqsədlərə nail olmaq üçün məhdudlaşdırılmasına yol verilir. Odur ki, konkret halda mülkiyyət hüququna müdaxilələrin mülkiyyət hüququnun pozuntusu hesab edilib-edilməsini müəyyən etmək üçün ehtimal olunan müdaxilə İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməklə müdaxilənin mövcud olub-olmaması, müdaxilənin növü və konvensiyada göstərilən məqsəd və qaydalara uyğunluğu müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. Belə ki, iddiaçı iddia ərizəsində 2016-cı ilin may ayında Məmmədcəfər Cəfərova məxsus mağazanın ona satıldığını və alqı-satqı zamanı onun tərəfindən Məmmədcəfər Cəfərova 16000 (on altı min) ABŞ dolları məbləğində pul ödənildiyini, sonradan həmin mağazanın cavabdeh inzibati orqan tərəfindən söküldüyünü bildirsə də, iddia ərizəsində qeyd olunan mağazanın mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçının mülkiyyətçi X5 ilə xx.xx.2010-cu il tarixdə müqavilə bağlayaraq həmin mağazanı alması və mağazanın onun mülkiyyətində olmasına dair arqumentinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki məcəlləsinin 389.1-ci maddəsində müqavilənin anlayışında qeyd olunur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddiaçının mağaza binasını aldığını iddia etdiyi sənəd müqavilə deyil, mülkiyyətçi tərəfindən verilmiş ərizə formasında olmuş və əmlakın alınması barədə iddiaçı tərəfindən heç bir imza və ya digər iradə ifadəsi müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Xüsusilə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində müəyyən edilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısında iddiaçının təqdim etdiyi əmlakı (mağazanı) almasına dair mülkiyyətçi X5 tərəfindən verilmiş ərizə nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçının qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmiş müqaviləyə və M.Cəfərov tərəfindən mağazanın idarə edilməsi və ona dair sərəncam verilməsi ilə bağlı 60 (altmış) il müddətinə etibarnamə verilməsinə əsaslanaraq mağazanın ona məxsus olduğunu iddia etməsi hazırkı iddianın mümkün sayılması üçün yetərli əsas deyil. Məhkəmə qeyd edir ki, mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşın məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri hər hansı orqanın üzərinə öhdəlik kimi qoyula bilməz. Məhkəmə qeyd edirik, mübahisə predmetinə aid obyektin hüquqi müqəddəratını təyin etmək mümkün olmamış, məhkəmə icraatı gedişində də iddiaçı tərəfindən söküldüyünü iddia etdiyi əmlakın onun mülkiyyətində olmasını təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və iddiaçının həmin mağazaya dair əlavə heç bir mülkiyyət sənədinin olmaması əminliklə bildirilmişdir. Göründüyü kimi istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X10 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırkı iş üzrə iddiaçı iddia irəli sürmək üçün subyektiv hüququnun mövcud olmasını əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. Beləliklə, sadalanan normaların tələblərinə və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərtləri ödənilmir. Odur ki, məhkəmə İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan, 2017-ci ildə Cavabdeh şifahi göstərişi əsasında sökülmüş, Şərur rayonu, Düdəngə kənd mağazasının bərpa olunaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması, bu mümkün olmadıqda söküntü nəticəsində dəymiş maddi zərərin əvəzi 170.000 (bir yüz yetmiş min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı "mülkiyyətində olan, 2017-ci ildə Cavabdeh şifahi göstərişi əsasında sökülmüş, Şərur rayonu, Düdəngə kənd mağazasının bərpa olunaraq onun mülkiyyətinə və istifadəsinə qaytarılması, bu mümkün olmadıqda söküntü nəticəsində dəymiş maddi zərərin əvəzi 170.000 (bir yüz yetmiş min) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar