Məhkəmə qərarları › İş №2-1(122)-173/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-173/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-173/2022 18.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “2008-2012-ci illərdə Ordubad şəhəri, N.Tusi küçəsində (1/27 A ünvan) yerləşən müəssisənin tikintisinə dair icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktınının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq sərəncamın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci ilin may ayında Nəsrəddin Tusi küçəsi, 1/27A ünvanında yerləşən çörək sexinin fəaliyyəti dövründə, aidiyyəti orqanların heç bir iradı və məhdudiyyət qərarı olmadan, iş dövründə, heç bir xəbərdarlıq edilmədən, qeyri-rəsmi şəkildə etektrik və qaz təhcizatı dayandırılmışdır. Bir neçə dəfə şifahi görüşlərdə icra hakimiyyəti əməkdaşlarına və şəxsən İcra Hakimiyyəti başçısı Elşad Məmmədova bu məsələnin həlli üçün etdiyi xahiş nəticə verməmiş və 20 iyun 2016-cı ildə Ordubad Rayon İcra Hakimiyyəti başçısına rəsmi olaraq müraciət etmişdir. Müraciətinə 05 iyul 2016-cı il tarixli rəsmi cavab verilmişdir. İddiaçı ona ünvanlanmış cavab məktubunun mətnini tam şəkildə təqdim edərək hesab edir ki, bu cavab iqtisadi qanun və normalara ziddir və müvafiq orqan səlahiyyətlisinin bu məsələdə uyğun cavabı ola bilər, bazar iqtisadiyyatı ilə, azad rəqabət qanunları ilə tənzimlənən ölkə iqtisadiyyatının inkişaf pirinsiplərinə, kiçik sahibkarlığın inkişafına maneəçilik edən bir faktın olduğu aşkar görünməkdədir. Ordubad Rayon İcra Hakimiyyəti başçısı Elşad Məmmədova ondan sonrakı şifahi görüşlərdə, şəxsən etdiyi müraciətlər nəzərə alınmasa, ikinci rəsmi müraciəti 29 iyun 2021-ci il tarixdə ünvanlamış və həmin müraciətə isə 14 iyul 2021-ci il tarixli cavab verilmişdir. İcra hakimiyyətindən verilən hər iki cavabın fərqliliyi ilə bir-birinə ziddiyyət doğurduğu və özünü təkzib etdiyi kimi, qanuna zidd və hüquqi əsassız olduğu aydın görünməktədir. İddiaçı yuxarıda göstərilənlərə əsasən sahibkarlıq fəaliyyətinin bərpası və rəsmiləşdirilməsinə uyğun olaraq sərəncamın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və şifahi icraat qaydasında mümkünlük iclası 09 avqust 2022-ci il tarixə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2- 1(122)-173/2022 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək “2008-2012-ci illərdə Ordubad şəhəri, N.Tusi küçəsində (1/27 A ünvan) yerləşən müəssisənin tikintisinə dair icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktınının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul edilib iş üzrə mümkünlük iclası davam etdirilərək şifahi icraat qaydasında mümkünlük iclası 18 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində yazdıqlarını müdafiə edərək mərhum atası X4 ünvan 2 ünvanında qardaşı X2 məxsus torpaq sahəsində çörək sexi tikdiyini, 2008-2012-ci illərdə həmin müəssisədən istifadə etdiyini, 2012-ci ildə müəssisənin fəaliyyətinin dayandırıldığını, sonradan vergi ödəyicisi kimi qeydiyyatdan çıxarıldığını, 2019-cu ildə atasının vəfat etdiyini, 2021-ci ildə müəssisənin yerləşdiyi torpaq sahəsinin əmisi X5 tərəfindən ona bağışlandığını, hüquqlarının dövlət qeydiyyatına alındığını, hazırda həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu, həm torpaq sahəsinin mülkiyyətçisi, həm də atasının hüquqi varisi kimi müəssisənin fəaliyyətinin bərpası məqsədilə lazımi sənədləri cavabdehdən tələb etdiyini, buna görə də tələb hüququna malik olduğunu bildirərək, məhkəmədən iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 məhkəməyə təqdim edilmiş etiraz ərizəsində yazılanları müdafiə edərək, ünvan 2 ünvanında yerləşən müəssisənin heç zaman X4 mülkiyyətində olmadığını, həmin müəssisədən istifadə edən zaman müəssisənin yerləşdiyi torpaq sahəsinin onun adına olmadığını, müəssisə barəsində hüquq müəyyənedici sənədlər olmadığından iddiaçının tələb hüququna malik olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 12 oktyabr 2022-ci il tarixli, 04/585 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində X4 adına müəssisə qeydiyyata alınmamışdır. İddiaçının tələbinin məzmunundan belə aydın olur ki, iddiaçı 2008-2012-ci illərdə fəaliyyət göstərmiş ünvan 2 ünvanında yerləşən müəssisənin fəaliyyətinin yenidən bərpa olunması məqsədilə müvafiq sənədlərin cavabdeh inzibati orqan tərəfindən verilməsini tələb edir. İş materiallarına əsasən aydın olur ki, müəssisənin yerləşdiyi torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı qeyd olunan fakta əsasən hesab edir ki, torpaq sahəsi onun mülkiyyətində olduğundan onun üzərində yerləşən müəssisəyə münasibətdə də müvafiq tələb hüququna malikdir. Lakin bununla bağlı qeyd edilməlidir ki, hər hansı bir əmlak barəsində tələb hüququ mülkiyyət hüququ əmələ gəldikdən sonra mümkündür. Mülkiyyət hüququ yalnız hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Bu istiqamətdə məhkəmə tərəfindən aparılmış araşdırma müsbət nəticə verməmiş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubda qeyd olunan müəssisənin heç kəsin adına hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı məlumat aşkarlanmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçı hazırda həmin əmlak barəsində hər hansı tələb hüququna malik deyil. Həmçinin iddiaçı subyektiv hüquqa malik olmasını onunla əsaslandırır ki, həmin müəssisə müəyyən illər ərzində atası X4 istifadəsində olmuşdur və hazırda onun hüquqi varisi kimi müəssisənin fəaliyyətinin bərpasını istəyir. Lakin bununla bağlı qeyd edilməlidir ki, iddiaçının mərhum atasının həmin müəssisəyə dair hər hansı mülkiyyət hüququ mövcud deyil. İddiaçı atasının hüquqi varisi olsa da, mövcud olmayan hüquq vərəsəlik qaydasında keçə bilməz. İddiaçının mərhum atası X7 həmin müəssisədən müəyyən illər ərzində istifadə etmişdir. Qanunvericiliyə əsasən istifadə hüququ mülkiyyət hüququ üçün əsas vermir. Göründüyü kimi, ünvan 2 ünvanında yerləşən müəssisə nə X3, nə də iddiaçının mülkiyyətində olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü bu arqumentə əsasən subyektiv hüquqa malik deyil. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu, həmin tələb üzrə subyektiv hüquqa malik olmasını müəyyən etməklə iddianın mümkünlüyünü yoxlamaqdan ibarətdir. Bununla bağlı İddiaçı bu istiqamətdə dəfələrlə yardım edilmiş, hazırki iş üzrə subyektiv hüquqa malik olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi üçün müddət təyin edilmişdir. Həmçinin iddiaçıya iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı tərəfindən iddianın mümkünlük şərtlərini aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməmiş, mümkünlük şərtləri ödənilməmiş, hazırkı tələb üzrə subyektiv hüquqa malik olduğunu sübut edən faktları və sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “2008-2012-ci illərdə Ordubad şəhəri, N.Tusi küçəsində (1/27 A ünvan) yerləşən müəssisənin tikintisinə dair icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktınının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinə qarşı “2008-2012-ci illərdə Ordubad şəhəri, N.Tusi küçəsində (1/27 A ünvan) yerləşən müəssisənin tikintisinə dair icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktınının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar