Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-173/2024 12.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023cü il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1953-cü il tarixdə Naxçıvan MR Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. 1972-1974-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, 1975-1998-ci illərdə Nehrəm kənd çörəkxanasında xəmirçi və çörəkçi kimi çalışmışdır. Lakin həmin illərin əmək haqqı cədvəlləri arxivdə olmadığından həmin illər əmək stajına daxil edilmir. Halbuki işçinin əmək stajını müəyyən edən onun əmək kitabçasıdır. Bununla əlaqədar olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə müraciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarında imtinanın səbəbi kimi qanunun 7ci maddəsinə əsasən tələb olunan sosial sığorta stajının və ya xx.xx.2006 və xx.xx.2018-ci tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması qeyd olunur. Əlavə olaraq təqdim olunan sənədlərdən onun xx.xx.2006-cı il tarixədək 9 il 10 ay 29 gün sığorta stajının olduğu, lakin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmadığı və buna görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi qeyd olunur. İddiaçı göstərilənlərə əsasən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 16 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 16 noyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-1002/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Babək Rayon İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 noyabr 2023-cü il tarixli, 2-1(122)-1002/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaya dair yazılı münasibəti (etiraz məktubu) məhkəməyə təqdim edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının vəkili Vəkil lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarından məlum olur ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 03 iyul 2023-cü il tarixli, 13/1107 nömrəli arayışda İddiaçı Naxkoopittifaq-Babək OPİT-də işləməsi faktı və 1985-1996-cı illər ərzində aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində 1991, 1993-1995, 1997-1998-ci illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi, 1975-1984-cü ilin dekabr ayına qədər olan əmr və əməkhaqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1975-ci il tarixdə, 358 saylı sərəncamla Nehrəm çörəkxanasına xəmirgir vəzifəsinə təyin edilmiş xx.xx.1981-ci il tarixdə öz ərizəsi əsasında 48 nömrəli sərəncamla tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1981-ci il tarixdən 329 nömrəli sərəncamla Nehrəm kənd çörəkxanasına xəmirgir vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə, 180 nömrəli sərəncamla həmin çörəkxanaya müvəqqəti müdir təyin edilmişdir. xx.xx.1983-cü il tarixdə 538 nömrəli sərəncamla müdir vəzifəsindən azad edilərək xəmirgir vəzifəsində saxlanılmışdır. xx.xx.1988-ci il tarixdə 437 nömrəli sərəncamla Naxkoopittifaq i/h-nin xx.xx.1988-ci il tarixli qərarına əsasən Babək RİC-nin bazası əsasında Şəkərabad istehsal cəmiyyəti yaradıldığından o, həmin i/c-yə keçirilmişdir. xx.xx.1988-ci il tarixli, 3 nömrəli cərəncamla müdir, k/ü təlimatçı keçirilmiş, xx.xx.1993-cü il tarixdə, 10 nömrəli sərəncamla Naxkoopittifaq i/h-nin xx.xx.1993-cü il tarixli, (protokol №21, maddə 1) qərarına əsasən Şəkərabad İC-nin bazası əsasında Nehrəm kənd i/c-nə keçirilmişdir. xx.xx.1993-cü il tarixdə, 3 nömrəli sərəncamla tutduğu vəzifə saxlanılmaqla Nehrəm kənd i/c-nə keçirilmişdir. xx.xx.1998-ci il tarixli, 5 nömrəli sərəncamla Şəkərabad i/c-i Nehrəm kənd i/cnə keçirildiyindən işdə hesab edilmişdir. xx.xx.1998-ci il tarixli, 72 nömrəli sərəncamla Nehrəm kənd çörəkxanasının xəmirgiri vəzifəsindən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli, 3-43-67/1- 271/23 nömrəli arayışdan görünür ki, 1953-cü il təvəllüdlü İddiaçı, həqiqətən 09 may 1972ci il tarixdən 07 may 1974-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Babək Rayon İcra Hakimiyyətinin Nehrəm qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 3376 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayon Nehrəm qəsəbəsində yaşayır - Babək Rayon Polis Şöbəsi tərəfindən 18 sentyabr 2003-cü il tarixdə verilmiş AZE seriyalı, 00******6 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1953-cü il tarixdə Naxçıvan rayonu, Nehrəm kəndində doğulmuş İddiaçı Babək rayonu, Nehrəm kəndində pasport qeydiyyatındadır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 dekabr 2023-cü il tarixli, 02/704 nömrəli məktubundan məlum olur ki, Naxkoopittifaq - Babək OPİT-nin 1975-1984-cü illərə dair əmr və əməkhaqqı kitabları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxkoopittifaq - Babək OPİT-nin 1991, 1993-1995, 1997-1998-ci illərə aid sərəncam və əməkhaqqı cədvəllərində İddiaçı adına rast gəlinməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci Maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (hazırda qüvvədə olan redaksiyada). 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş redaksiyada) - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. 5.4-ci bəndinə gorə Qanunun 14.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, sosial müavinət alan şəxslərin əmək pensiyası hüququ yarandıqda, əmək pensiyası şəxsin əmək pensiyası hüququ yarandığı tarixdən hesablanmaqla Qanunun 32.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilir. 6.1-ci bəndinə gorə əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: (…) 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 13/1107 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1985-1992 və 1996-cı ildə Babək OPİT-də işləmiş və qeyd olunan illər üzrə əmək haqqı almışdır. Arayışın qeyd hissəsində iddiaçının 1991, 1993-1995, 1997 və 1998-ci illərə dair əmək haqqı cədvəllərində adina rast gəlinmədiyi, 1975-1984-cü ilin dekabr ayına qədər olan əmr və əmək haqqı kitablarının Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu qeyd olunan illərə dair arxiv sənədlərinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilməməsinə münasibətdə məhkəmə hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, bu hal onun ziyanına şərh edilə bilməz. Başqa sözlə adıçəkilən müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına almağa əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Yuxarıda qeyd edilən “İnzibati icraat haqqında” Qanunun 19.1-ci bəndinin tələbinə əsasən, sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iş üzrə iddiaçının əmək kitabçasındakı məlumatların və təqdim edilən arayışların həqiqətə uyğun olmadığını təsdiq edən hər hansı sübut hazırkı iş üzrə mövcud deyil. Vurğulanmalıdır ki, inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunduğunu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, obyektiv araşdırma prinsipinin tələbinə görə, inzibati orqan inzibati icraat çərçivəsində şəxsin müraciətinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur və işin bütün hallarının araşdırılması onun xidməti vəzifəsindən irəli gəlir. Şəxsin müraciətinin təmin edilib-edilməməsi qənaətinə gələrkən, cavabdeh məhz qanunvericiliyin tələblərinə uyğun aparılmış inzibati icraatın nəticəsinə əsaslanmalıdır. Həmçinin cavabdeh nəzərə almalıdır ki, şəxsin müraciətinin təmin edilməsindən imtina ilə bağlı qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə istinad etməkdə haqlı sayıla bilməz və belə hal bir tərəfdən, şəxsin səmərəli müdafiə hüququnun təmin olunması, digər tərəfdən isə, konstitusiyada nəzərdə tutulmuş sosial təminat hüququnun təmini baxımından yolverilməzdir. Məhkəmə qeyd edir ki, ümumilikdə iddiaçının hərbi xidmət dövrü və əmək kitabçasına əsasən işlədiyi dövr nəzərə alındıqda 2006-cı il yanvar ayının 1-dək 23 il, 7 ay, 5 gün iş stajı vardır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin azı 12 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 1953-cü il təvəllüdlü iddiaçı pensiya hüququnu həmin normanın qeyd hissəsinə uyğun olaraq, 63 yaşının tamam olduğu 2016-cı ilin may ayında qazanmışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə, ona bu şərtlərlə pensiya təyin edilməsi üçün həmin dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsinə dair şərt tələb edilmirdi. Beləliklə, qanun dəyişənədək iddiaçı artıq pensiyaya çıxmaq üçün hüquq əldə etmişdir. Məhkəmə mübahisənin düzgün həlli və tərəflər arasında yeni məhkəmə mübahisəsinin yaranmaması üçün tərəflərin hər hansı formada münasibət bildirmədikləri, lakin hazırkı iddia tələbi ilə əlaqəli olan və iddiaçının pensiya hüququna təsir edə bilən digər hallara da aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçı pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. Bu halda iddiaçıya pensiya xx.xx.2023-cü il tarixdən əvvəlki üç ilə görə, yəni xx.xx.2020-ci ildən ödənilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın vətəndaşın pensiya təyinatı barədə müraciətindən imtinası qanunazidd olduğuna görə, ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Bundan əlavə, məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən digər orqan tərəfindən iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının sosial müavinətinin ödənişinin dayandırılması məsələsini həm “Sosial müavinətlər haqqında” Qanunun müavinətin ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla özü həll etməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarının ləğv edilməsi və 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası bu qərarda ifadə edilmiş hüquqi mövqelər nəzərə alınmaqla, təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı iddiası təmin edilsin. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 19 iyul 2023-cü il tarixli, 11 nömrəli qərarı ləğv edilsin və İddiaçı 1975-1984-cü illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-173/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-173/2024
12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver