Məhkəmə qərarları › İş №2-1(122)-173/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-173/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-173/2025 25.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələri X3 və Qəribli Zülfiyyə Hicran qızının iştirakları ilə, iddiaçı Çakırkaya (Cəlilova) Bəsti Əli qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərarının ləğv edilərək Çakırkaya (Cəlilova) Bəsti Əli qızının vətəndaşlıq mənsubiyyətinin tanınması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Çakırkaya (Cəlilova) Bəsti Əli qızı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərarının ləğv edilərək Çakırkaya (Cəlilova) Bəsti Əli qızının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Çakırkaya ( Cəlilova) Bəsti Əli qızı xx.xx.1960-cı il tarixdə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuşdur. Çakırkaya (Cəlilova) Bəsti vətəndaşlıq mənsubiyyətinin tanınması ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktvabr 2023-cü il tarixli, ******* nömrəli qərarı ilə 30 yanvar 1960cı il təvəllüdlü X4 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərarının ləğv edilərək Çakırkaya (Cəlilova) Bəsti Əli qızının vətəndaşlıq mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 09 fevral 2024-cü il tarixli etirazını onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Xidmətə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, şəxsin Azərbaycan SSR vətəndaşı olaraq pasport qeydiyyatında olması barədə məlumat yoxdur (VMMS üzrə məlumat etiraza əlavə olunur). Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-cü bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək - 1998-ci il oktyabrın 7dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in-vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Eyni zamanda, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Türkiyə Respublikasının vətəndaşıdır və heç bir halda vətəndaşsızlıq vəziyyətində olmamışdır (bu barədə şəxslərin pasport məlumatları və müvafiq sənədlər etiraza əlavə olunur). Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 16 aprel 2025-ci il tarixli, 2-1(122)-173/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmiş, şifahi məhkəmə baxışı iclası 25 iyun 2025-ci il tarixə təyin edilərək, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Çakırkaya (Cəlilova) Bəsti Əli qızına və iddiaçının vəkili Vəkil lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının, onun vəkili və nümayəndəsinin iştirakları olmadan şifahi məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndələri X5 və Qəribli Zülfiyyə Hicran qızı iş materiallarına əlavə edilmiş etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İş materiallarına mübahisələndirilən qərar, bildirişlər, doğum haqqında şəhadətnamənin surəti, tərcümeyi-hal, ərizə-anket, arayış, pasportun və şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin nümayəndələrinin zahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyəti üzrə “İnzibati İcraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini istəyir. Baxılması inzibati məhkəmənin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş onun hüquqlarının pozulduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, iddia qərarın təqdim edildiyi andan qanunla müəyyən edilmiş müddətdə qaldırılmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, 30 yanvar 1960-cı il təvəllüdlü X4 "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edildiyindən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmaması qərara alınmışdır. - AZ-V 211972 nömrəli təkrar doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1960-cı ildə Ordubad rayonu, Azadkənd kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1960-cı ilin fevral ayının 15-ci günündə 16 nömrə ilə qeyd edilmişdir. X2, anası X1, valideynlərinin mənsubiyyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - 03 oktyabr 2023-cü il tarixli tərcümeyi-haldan görünür ki, 15 fevral 1960-cı il tarixdə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş X7 xx.xx.2023-cü ildə Azərbaycana gəlmişdir. X2 1932-ci ildə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş, anası X1 1936-cı ildə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuşdur. - 03 oktyabr 2023-cü il tarixli ərizə-anketdən görünür ki, Türkiyə vətəndaşı 30 yanvar 1960-cı ildə Ordubad rayonu, Azadkənd kəndində doğulmuş X7 1960-cı ildən evlilik üçün Türkiyə Respublikasına getmiş, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasına kimlik yeniləmək üçün gəlmişdir. X2 1932-ci ildə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş, anası X1 1936-cı ildə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş, valideynlərinin hər ikisi vəfat etmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 187 nömrəli arayışdan görünür ki, İddiaçı Ordubad rayonu, Azadkənd kəndində ev təsərrüfatlarının uçotu kitabında qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş: - Ordubad Rayon İcra Hakimiyyətinin Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 14 yanvar 2025-ci il tarixli, 5-25-20/2- 02/2025 nömrəli məktubdan görünür ki, Ordubad Rayon İcra Hakimiyyətinin Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində 1960-2000-ci illərə dair təsərrüfatbaşına kitablar saxlanılmır, adıçəkilən kitablar Ordubad Rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. Nümayəndəlikdə mövcud olan təsərrüfatbaşına kitablarda (2021-2025-ci illər üçün) isə Çakırkaya (Cəlilova) Bəsti Əli qızının adı və ona ayrılmış torpaq sahəsi yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 23 yanvar 2025-ci il tarixli, 3-13-18/2- 1954/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Çakırkaya (Cəlilova) Bəsti Əli qızının ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı Ordubad rayonu, Azadkənd kəndində doğulduğuna və həmin ünvanda qeydiyyatda olduğuna istinad edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edir. Cavabdeh inzibati orqanın təqdim etdiyi etirazdan və nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, cavabdeh inzibati orqanın apardığı araşdırma nəticəsində iddiaçının 1998-ci ilə qədər Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması öz təsdiqini tapmadığından onun tələbindən imtina edilmiş və münahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunubolunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 2.2-ci bəndinə əsasən Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. - 3.4-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. - 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. - 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. İşin hallarından aydın olur ki, iddiaçı 30 yanvar 1960-cı ildə Ordubad rayonu, Azadkənd kəndində anadan olmuş, ərizə-anketdə qeyd etdiyinə görə sonradan evlilik məqsədilə Türkiyə Respublikasına getmiş və orada yaşamışdır. 2023-cü ildə isə sənədləşmə işlərinin həll edilməsi məqsədilə Azərbaycana gəlmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sərhədkeçmə haqqında siyahıdan görünür ki, iddiaçı Çakırkaya (Cəlilova) Bəsti Əli qızı 2005, 2007, 2010, 2012, 2018, 2019, 2020 və 2023-cü illərdə müxtəlif vaxtlarda Türkiyə vətəndaşı kimi Türkiyəyə getmiş və Azərbaycan Respublikası ərazisinə giriş etmişdir. İddiaçının Azərbaycan Respublikası ərazisində doğulması, Türkiyə ərazisində məskunlaşması, hazırda Türkiyə Respublikasının vətəndaşı olması işin mübahisəsiz hallarına aiddir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması ilə bağlıdır. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərarının ləğv edilməsi;

2. Çakırkaya (Cəlilova) Bəsti Əli qızının vətəndaşlıq mənsubiyyətinin tanınması. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən müddəaların tələbini hazırkı mübahisəyə tətbiq edərkən müəyyən edilir ki, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün hər hansı məhdudiyyət qoymadan əsas qaydanın şəxsin özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinin olmasını tələb edir. Lakin, iş üzrə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Həmçinin bu istiqamətdə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış, sorğular verilmişdir. Lakin istər Ordubad Rayon İcra Hakimiyyətinin Azadkənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən, istərsə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən müsbət cavab əldə edilməmiş, şəxsin Azərbaycan Respublikası ərazisində qeydiyyatda olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə düzgün əməl edildiyindən, həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Buna görə də iddiaçının tələbinin 1-ci hissəsi əsassız olduğundan rədd edilməlidir. İddiaçının tələbinin 2-ci hissəsi isə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir. Qanunvericiliyin tələblərini hazırki işin hallarına aid edərək qeyd edilməlidir ki, qanunvericilikdə vətəndaşlığa mənsubiyyətin müəyyənləşdirilməsi üçün digər əsasların iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil. Belə ki iddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına aid olmadığından iddianın 2-ci hissəsi də əsassız hesab edilir. Həmçinin qüvvədə olan qanunvericilik vətəndaşların mənsubiyyət məsələlərinin həll edilməsindəki humanist mövqeyindən irəli gələrək onların yaşayış yeri üzrə qeydiyyatda olmamalarının vətəndaşsızlıqlarına səbəb olacağı təqdirdə, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmasını müəyyən edir. Hazırki iş üzrə iddiaçı Çakırkaya (Cəlilova) X9 Respublikasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması vətəndaşsızlığına səbəb olmur. Buna görə də qeyd olunan normanın tələbləri də iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, iş materiallarından da göründüyü kimi, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın ləğv edilməklə iddiaçının Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Çakırkaya (Cəlilova) Bəsti Əli qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərarının ləğv edilərək Çakırkaya (Cəlilova) Bəsti Əli qızının vətəndaşlıq mənsubiyyətinin tanınması tələbi"nə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı Çakırkaya (Cəlilova) Bəsti Əli qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 09 oktyabr 2023-cü il tarixli "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında" ******* nömrəli qərarının ləğv edilərək Çakırkaya (Cəlilova) Bəsti Əli qızının vətəndaşlıq mənsubiyyətinin tanınması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar