Məhkəmə qərarları › İş №2-1(122)-175/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-175/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-175/2021 04.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X9 iştirakları olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndələri vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların anası X13 27 avqust 1973-cü ildə Naxçıvan şəhərində doğulmuşdur. Ana nənələri X5 ikinci dəfə 01 mart 1983-cü ildə Babək rayon Cəhri qəsəbə sakini X18 ilə ailə qurub, Naxçıvan şəhərində yaşamışdırlar. Naib Fərəcov nənələrindən əvvəl ailəli olmuş, həmin evlilikdən onun 3 övladı olmuşdur. Onlar Babək rayon Cəhri qəsəbəsində yaşamışdırlar. Onlardan biri də 16 yanvar 1970-ci ildə Naxçıvan rayon Cəhri qəsəbəsində doğulmuş X14r. Naib Həsənov 14 avqust 2008-ci il tarixdə vəfat etmişdir. Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzil Naxçıvan şəhər 2-ci DNK-da 28 avqust 1995-ci il tarixdə rəsmiləşdirilmiş, 3-M-115 nömrəli alqı-satqı müqaviləsi əsasında anaları X13 tərəfindən alınmışdır. Aynur Tağıyeva 22 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Naxçıvan şəhər 1-ci DNK-nın 03 mart 2011-ci il tarixli, 2/v-30 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında mənzil onların adına qeydiyyata alınmışdır. Onlara məlum olmayan səbəblərdən, onların ailəsi ilə əlaqəsi olmayan ana nənələri X2 ikinci əri olan X10 birinci arvadından olan oğlu X19 onların mənzilinin qeydiyyatına alınmışdır. O, mənzilin qeydiyyatında olmasına baxmayaraq, bu mənzilin harada yerləşməsini bilmir, bir gün belə olsun həmin mənzildə yaşamayıb. Haliyədə uzun illərdir ki, X24 Federasiyasında yaşayır. Rəmzi Həsənovun onların mənzilinin qeydiyyatında olması onların mülkiyyət hüquqlarını məhdudlaşdırır, mənzil üzərində sərəncam verməklərinə problemlər yaradır. X9 mülkiyyətlərində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılması barədə Naxçıvan Şəhər Polis İdarəsinə ünvanladıqları ərizələrinə cavab verilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından ərizələrinin icra edilə bilməməsi göstərilmişdir. X19 onların evində heç vaxt yaşamamış və daimi yaşayış yeri olaraq özünə Rusiya Federasiyasını seçmişdir. İddiaçılar yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmədən X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 07 sentyabr 2021-ci il tarixli, 7/3444 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı1 və İddiaçı2 ərizəsi icra edilə bilməz. Məhkəmənin 13 sentyabr 2021-ci il tarixli, 2-1(122)-175/2021 nömrəli qərardadı ilə X19 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 11 oktyabr 2021ci il tarixli, 2-1(122)-175/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 04 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 20 oktyabr 2021-ci il tarixli, 7/4027 nömrəli məktub göndərərək 04 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvanlarına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmalarına baxmayaraq, iddiaçılar məhkəmə iclasında iştirak etməmişdirlər. 11 oktyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim olunan İddiaçı1 və İddiaçı2 notarial qaydada təsdiq olunmuş 20 sentyabr 2021-ci il tarixli, **********819 nömrəli elektron ərizəsindən görünür ki, iddiaçılar Naxçıvan Şəhər Polis İdarəsinə qarşı iddia qaldırdıqlarını, Bakı şəhərində yaşadıqlarından məhkəmə iclaslarında gəlib iştirak edə bilməyəcəklərini, məhkəmədə onların vəkili və nümayəndəsi Vəkil iştirak edəcəyini bildirərək, məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilib iddialarının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Üçüncü şəxs X9 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş və üçüncü şəxs həmin ünvanda yaşamadığından bildiriş məhkəməyə geri qaytarılmışdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçıların, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin izahatını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - Naxçıvan Şəhər Polis İdarəsinin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil ünvanladığı 31 iyul 2021-ci il tarixli, 7/2910-Ə679 nömrəli məktubdan görünür ki, X9 ünvan 4 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 18 aprel 2011-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan 0.054 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində, 42.73 kv.m ümumi, 29.64 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 nömrəli mənzil ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 398 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Babək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, ꞁꞁ-JQ seriyalı, 478892 nömrəli nikah haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, X18 ilə X5 01 mart 1983-cü ildə nikah bağlamışdırlar. Bu barədə nikah haqqında akt qeydləri kitabının 8-ci səhifəsində qeydiyyat aparılmışdır. - Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, JQ Vꞁꞁ seriyalı, 293034 nömrəli nikah haqqında akt qeydləri kitabından çıxarışdan məlum olur ki, X3 ilə X13 09 aprel 1996-cı ildə nikah bağlamışdırlar. Bu barədə nikah haqqında akt qeydləri kitabının 76-cı səhifəsində qeydiyyat aparılmışdır. - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, XİX seriyalı, 492150 nömrəli və 29 iyun 2021-ci il tarixli, XX seriyalı, 475053 nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışlardan məlum olur ki, İddiaçı1 xx xxxxxx 1997-ci ildə anadan olmuşdur. Bu barədə doğum kitabında 218-ci səhifəsində 06 mart 1997-ci ildə qeydiyyat aparılmışdır. X11 18 avqust 1998-ci ildə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabının 503-cü səhifəsində 24 avqust 1998-ci ildə qeydiyyat aparılmışdır. - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, İİ JQ 338225 və 21 iyun 2021-ci il tarixli, AZ seriyalı, ******* nömrəli doğum haqqında akt qeydləri kitabından çıxarışlardan məlum olur ki, X13 27 avqust 1973-cü ildə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabının 376-cı səhifəsində 03 sentyabr 1973-cü ildə qeydiyyat aparılmışdır. X19 16 yanvar 1970-ci ildə Naxçıvan rayon Cəhri kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabının 16-cı səhifəsində 24 yanvar 1970-ci ildə qeydiyyat aparılmışdır. - Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, AZ-İ seriyalı, 435187 və 29 iyun 2021-ci il tarixli, AZ-İ seriyalı, 332134 nömrəli ölüm haqqında akt qeydləri kitabından çıxarışlardan məlum olur ki, X13 22 avqust 2010-cu ildə Naxçıvan şəhərində ölmüşdür. Ölüm səbəbi kimi yol nəqliyyat, bədbəxt hadisə nəticəsində beyin əzilməsi göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabının 273-cü səhifəsində 06 sentyabr 2010-cu ildə qeydiyyat aparılmışdır. X18 14 avqust 2008-ci ildə Naxçıvan şəhərində ölmüşdür. Ölüm səbəbi kimi yoğun bağırsağın xərçəngi göstərilmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabının 251-ci səhifəsində 20 avqust 2008-ci ildə qeydiyyat aparılmışdır. - Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 29 saylı MKİS-i tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli, 571 nömrəli və 572 nömrəli arayışlardan məlum olur ki, İddiaçı1 və İddiaçı2 Babək prospekti, 64 saylı evin 35-ci mənzilində qeydiyyatdadırlar. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 06 iyun 2021-ci il tarixli, 01-1618 nömrəli arayışdan aydın olur ki, X1 şəhəri, H.Əliyev küçəsi, bina 36, mənzil 2 ünvanında qeydiyyatdadır. - Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının vəkili Vəkil ünvanlanan 12 iyul 2021-ci il tarixli, 04/426 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzil Naxçıvan şəhər XDS İK-nın 20 fevral 1991-ci il tarixli, 67 nömrəli qərarı əsasında aprel 1991-ci il tarixdə X4 adına özəlləşdirilmişdir. Naxçıvan şəhər DNK-nın 07 aprel 1993-cü il tarixli, 5/3212 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında mənzil X7, 19 may 1993-cü il tarixli 7/6133 nömrəli alqı-satqı müqaviləsi əsasında X6, Naxçıvan şəhər 2ci DNK-nın 28 avqust 1995-ci il tarixli, 3-M-115 nömrəli alqı-satqı müqaviləsi əsasında X8, Naxçıvan şəhər 1-ci DNK-nın 03 mart 2011-ci il tarixli, 2/v-30 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı1 və İddiaçı2 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində olan məlumata əsasən mənzil haliyədə Canbağış və İddiaçı2ların adlarınadır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1997-ci ildə doğulmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 18 avqust 1998-ci ildə doğulmuşdur. - 09 iyul 2021-ci il tarixli, 31629 nömrəli qəbzdən məlum olur ki, İddiaçı1 məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli, 20 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36 ünvanında yerləşən 2 nömrəli mənzilin qeydiyyatında olan X19 2012-ci ildən həmin mənzildə yaşamır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətlərindədir. Üçüncü şəxs özünə ayrı yaşayış yeri seçdiyinə görə onun həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçilər İddiaçı1 və İddiaçı2 öz mülkiyyətləri barəsində sərbəst surətdə sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması üçüncü şəxs X9 ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması həm hüququ, həm də vəzifəsidir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxs X9 iddiaçılara məxsus evin qeydiyyatından çıxarılmaması qanunazidd və mülkiyyətçi kimi iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81, 85.1 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X9 İddiaçı1 və İddiaçı2 mülkiyyətlərində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 36-da yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar