Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-18/2025 04.03.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Muxtar Respublikası Texniki İnvertarlaşdırma bürosu tərəfindən 12 iyun 1998-ci il tarixdə 5 nömrəli reyestr kitabının 12-ci səhifəsində 66 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Azadlıq Xiyabanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi və ya həmin sahənin verilməsi mümkün olmadıqda sökülməyə görə dəymiş ziyana görə 156700 (yüz əlli altı min yeddi yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, alqı-satqı müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikası Texniki İnventarlaşdırma bürosu tərəfindən 12 iyun 1998-ci il tarixdə 5 nömrəli reyestr kitabının 12-ci səhifəsində 66 reyestr nömrəsi ilə onun adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Azadlıq Xiyabanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış sahəsinin ona verilməsi və ya həmin sahənin verilməsi mümkün olmadıqda sökülməyə görə dəymiş ziyanın kompensasiya olaraq ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq, iş üzrə hazırlıq icraat iclasları təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2- 1(122)-368/2023 nömrəli qərardadı ilə iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “Naxçıvan Muxtar Respublikası Texniki İnvertarlaşdırma bürosu tərəfindən 12 iyun 1998-ci il tarixdə 5 nömrəli reyestr kitabının 12-ci səhifəsində 66 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Azadlıq Xiyabanında yerləşən ümumi sahəsi 20.9 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi və ya həmin sahənin verilməsi mümkün olmadıqda sökülməyə görə dəymiş ziyana görə 156700 (yüz əlli altı min yeddi yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin Naxçıvan Şəhər icra Hakimiyyətinin üzərinə qoyulması”. Bundan sonra yenidən işin hazırlıq icraatı mərhələsi davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2- 1(122)-18/2025 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 04 mart 2026-cı il tarixə təyin edilərək, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, hər bir əmlakı üçün 5000 manat olmaqla, ümumilikdə 10.000 manat vəsait aldığını bildirərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki hallarından aydın olur ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Texniki İnvertarlaşdırma bürosu tərəfindən 12 iyun 1998-ci il tarixdə 5 nömrəli reyestr kitabının 12ci səhifəsində 66 reyestr nömrəsi ilə onun adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Azadlıq Xiyabanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi və ya həmin sahənin verilməsi mümkün olmadıqda sökülməyə görə dəymiş ziyana görə 156700 (yüz əlli altı min yeddi yüz) manat məbləğində kompensasiya ödənilməsini tələb edir. İlk öncə araşdırılmalı məsələ iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının mövcudluğunun yoxlanılmasından ibarətdir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamə, texniki pasport, sərəncam sübut edir ki, həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olmuşdur. Məhkəmə tərəfindən bu istiqamətdə də müvafiq araşdırma aparılmış, verilmiş sorğulara əsasən müəyyən olunmuşdur ki, iddiaçının adına televizor təmiri sexi olsa da, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla belə, şəhadətnamənin ləğv edilməməsi iddiaçının mülkiyyət hüququnun və həmin hüquqdan doğan müvafiq tələb hüququnun mövcudluğuna dəlalət edir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş texniki pasportdan və özünün izahatlarından da aydın olur ki, onun mülkiyyətində olmuş 20.09 kv.m. sahə iki otaqdan ibarət olmaqla, televizor təmiri sexi və bərbərxana şəklində mövcud olmuşdur. İddiaçının mülkiyyətində olmuş hər iki qeyri-yaşayış sahəsi 2012-ci ildə sökülmüşdür. İddiaçı isə hazırda həmin qeyri-yaşayış sahələrinin sökülməsinə görə kompensasiya ödənilməsini tələb edir. İddiaçının tələbinə münasibətdə qeyd edilməlidir ki, 2012-ci ildə onun mülkiyyətində olan qeyri-yaşayış sahələrinin sökülməsinə görə cavabdeh inzibati orqan olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq Sərəncamlar qəbul edilərək, iddiaçıya kompensasiya ödənilmişdir. Belə ki, iş materiallarında olan: - Naxçıva Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 09 sentyabr 2025-ci il tarixli, 5-5/2-1533/2025 nömrəli məktubdan görünür ki, hazırki inzibati iş üzrə təkrar araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı Naxçıvan MR Dövlət Arxiv İdarəsinə 13 avqust 2025-ci il tarixdə verilən sorğuya cavab olaraq İdarənin 15 avqust 2025-ci il tarixli, 3- 48-NDA/1-2-1342/2025 №-li məktubunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 25 noyabr 2011-ci il tarixli, 308 nömrəli və 02 dekabr 2011-ci il tarixli, 316 nömrəli sərəncamlarının və əlavələrin surətlərinin göndərildiyi qeyd edilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsindən göndərilmiş sənədlərə baxış zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinin 25 noyabr 2011-ci il tarixli, 308 nömrəli sərəncamına əsasən İddiaçı ərizəsi nəzərə alınaraq Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 19-da yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin dövlət ehtiyacları üçün söküldüyündən ona 5000 manat ödənildiyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin 02 dekabr 2011-ci il tarixli, 316 nömrəli sərəncamına əsasən Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 19-da yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsi olan bərbərxananın dövlət ehtiyacları üçün söküldüyündən iddiaçıya nəğd yolla 5000 manat ödənildiyi müəyyən olunmuşdur. Belə ki, qeyd edilən sərəncamlara əlavə edilmiş sənədlərdə 28 noyabr 2011-ci il tarixli, 26 nömrəli kassa mədaxil qəbzində 5000 manat və 05 dekabr 2011-ci il tarixli, 05 nömrəli kassa mədaxil qəbzində 5000 manat alması İddiaçı şəxsi imzası ilə təsdiq edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 02 dekabr 2011-ci il tarixli, 316 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri, Şəhriyar küçəsi, ev 27A-da yaşayan İddiaçı ərizəsi nəzərə alınaraq, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 19-da İddiaçı məxsus qeyri-yaşayış sahəsi olan bərbərxana dövlət ehtiyacı üçün söküldüyündən ona nəğd yolla kompensasiya ödənilməsi məqsədi ilə Naxçıvan şəhər yerli büdcəsində 01 dekabr 2011-ci il tarixə mədaxilin plandan artıq yığılmış hissəsindən 5000 manat azaldılaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin dördüncü rüb 226200 kod maddəsinə yönəldilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 25 noyabr 2011-ci il tarixli, 308 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri, Şəhriyar küçəsi, ev 27A-da yaşayan İddiaçı ərizəsi nəzərə alınaraq, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 19-da İddiaçı məxsus qeyri-yaşayış sahəsi dövlət ehtiyacı üçün söküldüyündən ona nəğd yolla kompensasiya ödənilməsi məqsədi ilə Naxçıvan şəhər yerli büdcəsində 01 noyabr 2011-ci il tarixə mədaxilin plandan artıq yığılmış hissəsindən 5000 manat azaldılaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin dördüncü rüb 226200 kod maddəsinə yönəldilmişdir. - 28 noyabr 2011-ci il tarixli, 26 nömrəli və 05 dekabr 2011-ci il tarixli, 29 nömrəli kassa məxaric orderlərindən görünür ki, İddiaçı 25 noyabr 2011-ci il tarixli, 308 nömrəli və 02 dekabr 2011-ci il tarixli, 316 nömrəli sərəncamlar əsasında 5000 manat ödənilmişdir. İddiaçı həmin orderləri imzalamışdır. - 25 noyabr 2011-ci il tarixli və 02 dekabr 2011-ci il tarixli malların (iş və xidmətlərin) alış sənədindən görünür ki, 25 noyabr 2011-ci il tarixli, 308 nömrəli və 02 dekabr 2011-ci il tarixli, 316 nömrəli sərəncamlara əsasən hər birinə görə 5000 manat büdcədən alınmışdır. - 24 noyabr 2011-ci il tarixli, 36/Ə və 02 dekabr 2011-ci il tarixli, 38/Ə nömrəli qeydiyyat-nəzarət vərəqələrindən görünür ki, Əliyev X1 Şəhər İcra Hakimiyyətinin başçısı V.Səfərova müraciət etmişdir, müraciətin qısa məzmunu kimi evi və qeyri-yaşayış sahəsi söküldüyündən pul kompensasiyasının verilməsi qeyd edilmişdir. - 25 noyabr 2011-ci il tarixli və 02 dekabr 2011-ci il tarixli öhdəlik sənədlərindən görünür ki, Büdcə Təşkilatı olan Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən tələb olunan öhdəlik məbləği hər biri üçün 5000 manat, Yerli xəzinədarlıq orqanı tərəfindən təqdir olunan öhdəliyin məbləği hər biri üçün 5000 manat olmaqla qeyd edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Naxçıvan Şəhər Maliyyə Şöbəsinə ünvanlanmış 25 noyabr və 02 dekabr 2011-ci il tarixli məktublardan görünür ki, hər biri üçün 5000 manat olmaqla vəsaitin buraxılması xahiş edilmişdir. - 25 noyabr və 02 dekabr 2011-ci il tarixli kassa xərclərinin sifarişindan görünür ki, hər biri üçün 5000 manat olmaqla pul vəsaiti ödənilmişdir. Ödəniş sənədi kimi çek qeyd edilmişdir. - Naxçıvan şəhəri, Şəhriyar 27-də yaşayan İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı V.Səfərova ünvanlanmış 24 noyabr və 02 dekabr 2011-ci il tarixli ərizələrdən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 19 ünvanında yerləşən radio televizor təmiri sexi 10.3 və bərbərxananın 10.6 kv.m. olan qeyri-yaşayış yerləri söküldüyündən əvəzində ona pul kompensasiyası ayrılmasına köməklik edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbinin məzmununda ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə kompensasiya ödənilməsini tələb edir. Yuxarıda qeyd edilən ərizələrin məzmununda da qeyd edildiyi kimi iddiaçının 10.3 kv.m. qeyri-yaşayış sahəsi radio televizor təmiri sexi, 10.6 kv.m. qeyriyaşayış sahəsi isə bərbərxana kimi fəaliyyət göstərmişdir. İddiaçının qeyd etdiyi kimi həmin qeyri-yaşayış sahələri 2012-ci ildə sökülmüşdür. Lakin söküntü baş verməmişdən əvvəl iddiaçının özünün ərizə ilə müraciəti əsasında həmin qeyri-yaşayış sahələri dövlət ehtiyacları üçün alınmışdır. Bu barədə müvafiq sənədləşmə işləri aparılmış, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 02 dekabr 2011-ci il tarixli, 316 nömrəli və 25 noyabr 2011-ci il tarixli, 308 nömrəli sərəncamları ilə hər biri üçün 5000 manat olmaqla qiymətləndirilərək, müvafiq məbləğin ayrılması qərara alınmışdır. İddiaçı tərəfindən həmin sərəncamlar mübahisələndirilməmişdir, hazırda həmin sərəncamlar öz hüquqi qüvvəsini saxlamaqdadır. Müvafiq sənədləşmə işləri aparılmış, iddiaçıya həmin məbləğlər ödənilmişdir. İddiaçı müvafiq sənədlərdə olan öz imzası ilə həmin məbləği aldığını təsdiqləmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahələrinin sökülməsinə görə müvafiq kompensasiyalar ödənilmişdir. İddiaçının hazırki iddia tələbinə münasibətdə hüquqi marağı müəyyən edilmir. Buna görə də iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olubolmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə istər yazılı, istərsə də məhkəmə iclaslarında müvafiq yardımlar edilmiş, mümkünlük məsələsi müzakirə edilmiş, verilmiş müvafiq vəsatətlərin təmin edilməsi və araşdırmalar aparılması zərurəti yarandığından məhkəmə iclasları təxirə salınmışdır. Lakin hazırki vəziyyətdə iddianın mümkünlüyü ilə bağlı halın aradan qaldırılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Muxtar Respublikası Texniki İnvertarlaşdırma bürosu tərəfindən 12 iyun 1998-ci il tarixdə 5 nömrəli reyestr kitabının 12-ci səhifəsində 66 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Azadlıq Xiyabanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyriyaşayış sahəsinin verilməsi və ya həmin sahənin verilməsi mümkün olmadıqda sökülməyə görə dəymiş ziyana görə 156700 (yüz əlli altı min yeddi yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Muxtar Respublikası Texniki İnvertarlaşdırma bürosu tərəfindən 12 iyun 1998-ci il tarixdə 5 nömrəli reyestr kitabının 12-ci səhifəsində 66 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmış Naxçıvan şəhəri, Azadlıq Xiyabanında yerləşən ümumi sahəsi 20.9 kv.m. olan qeyri-yaşayış sahəsinin verilməsi və ya həmin sahənin verilməsi mümkün olmadıqda sökülməyə görə dəymiş ziyana görə 156700 (yüz əlli altı min yeddi yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-18/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-18/2025
04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver