Məhkəmə qərarları › İş №2-1(122)-185/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-185/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-185/2021 12.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X8 (eyni zamanda X32 və X4 qanuni nümayəndəsi) iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X8 və uşaqları X32 ilə X4 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 və uşaqları X32 ilə X4 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X1 Xanım Fazil qızı ilə rəsmi nikah qeyd etdirib ailə qurmuşdur. Həmin nikahdan iki nəfər, Adəm və İsmayıl adlı övladları doğulmuşdur. İddiaçı qeyd edir ki, Xanım qardaşı Ramillə ailə qurarkən onun adına olan Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanına onun razılığı ilə pasport qeydiyyatına düşmüşdür. Lakin buna baxmayaraq, başqa-başqa ünvanlarda yaşayırlar və hal-hazırda aralarında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(078)-470/2021 nömrəli qətnaməsi ilə pozulmuşdur. O, həmin mənzili tam mülkiyyət hüququ üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 06 mart 2007-ci il tarixdə qeydiyyatdan keçirərək adına hüquqların dövlət qeydiyyatı haqqında **********65-103839 reyestr nömrəli və 2584 qeydiyyat nömrəli çıxarış almışdır. İddiaçı Xanıma ona məxsus olan evin pasport qeydiyyatından çıxmağı təklif etsə də, o, birmənalı olaraq qeydiyyatdan çıxmaq istəmədiyini bildirmişdir. X8 onun evində pasport qeydiyyatında olması ona mülkiyyəti üzərində öz qanuni hüquqlarını həyata keçirməyə maneə olur, o, öz əmlakı üzərində mülkiyyət hüquqlarını istədiyi kimi həyata keçirə bilmir. Onun evinin qeydiyyatında olan X8 və uşaqları X32 ilə X4 qeydiyyatdan çıxarılmaları barədə Naxçıvan Şəhər Polis İdarəsinə göndərdiyi ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndinə uyğun olmadığından icra edilməmiş, bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmədən X8 və uşaqları X32 ilə X4 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 23 sentyabr 2021-ci il tarixli, 7/3627 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Əliyeva (İmanova) Xanım Fazil qızının, X17 və X4 Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanının qeydiyyatından çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Məhkəmənin 01 oktyabr 2021-ci il tarixli, 2-1(122)-185/2021 nömrəli qərardadı ilə X19 (eyni zamanda X32 və X4 qanuni nümayəndəsi) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 21 oktyabr 2021ci il tarixli, 2-1(122)-185/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 02 noyabr 2021-ci il tarixli, 7/4210 nömrəli məktub göndərərək 12 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X8 (eyni zamanda X32 və X4 qanuni nümayəndəsi) ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 21 oktyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 (eyni zamanda X32 və X4 qanuni nümayəndəsi) verdiyi izahatda və ona ünvanlanan sualları cavablandırarkən özünün və uşaqlarının Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanının pasport qeydiyyatında olsalar da, həmin evdə yaşamadıqlarını, onların həmin evin pasport qeydiyyatında olmaqlarının formal xarakter daşıdığını, Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanının pasport qeydiyyatından çıxarılmaqlarına etiraz etmədiyini, həmin evlə bağlı heç bir tələbi olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 30 avqust 2021-ci il tarixli, 7/3319-Ə810 nömrəli məktubdan görünür ki, X8, X17 və X4 Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayandəliyi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, 01/3715 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, Sabir küçəsi, 95 nömrəli fərdi yaşayış evində aşağıdakılar pasport qeydiyyatındadırlar: İddiaçı, X5, X10, X15, X20, X11, X6, X9, X19, X7, X12, X32, X18, X2, X16, X24, X25, X35, X26, X13. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 06 mart 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı Naxçıvan şəhəri, Sabir küçəsində mülkiyyətində olan 328.0 kv.m. torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 1 otaqlı, 19.5 kv.m. yaşayış, 12.1 kv.m. köməkçi sahədən ibarət 95 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 05 nömrəli reyestr kitabının 839 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(078)-470/2021 nömrəli qətnaməsinin surətindən aydın olur ki, X9 ilə X19 arasında Naxçıvan Şəhər Qeydiyyat Şöbəsində 24 sentyabr 2008-ci il tarixdə bağlanmış 309 nömrəli nikahın pozulması, boşanmadan sonra 20 dekabr 2012-ci il təvəllüdlü X17 və 26 aprel 2011-ci il təvəllüdlü X4 anaları X8 yanında saxlanılması qət edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1976-cı ildə doğulmuşdur. - 25 avqust 2021-ci il tarixli, 2165 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs özünün də etiraf etdiyi kimi övladları ilə birlikdə həmin evdə yaşamadıqlarına görə onların həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması üçüncü şəxs üçüncü şəxs X8 (eyni zamanda X32 və X4 qanuni nümayəndəsi) həm hüququ, həm də vəzifəsidir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs X8 (eyni zamanda X32 və X4 qanuni nümayəndəsi) yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi İddiaçı mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə X8, X17 və X4 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmamaları qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X8 və uşaqları X32 ilə X4 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81, 85.1 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X8 və uşaqları X32 ilə X4 İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, Sabir küçəsi, ev 95 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar