Məhkəmə qərarları › İş №2-1(122)-185/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-185/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-185/2023 26.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinə qarşı “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh rəisi Mirzə Cəlilova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun həmin Xidmətdə tutduğu sonuncu vəzifəyə uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əməkhaqqı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 17 fevral 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin İddiaçı 31 yanvar 2023-cü il tarixli yardım məktubu göndərilərək inzibati məhkəmə icraatında inzibati orqanların hərəkət və hərəkətsizliyi nəticəsində hüquqları və qanunla qorunan maraqları pozulmuş hüquqi və fiziki şəxslərin iddialarına dair mübahisələrə baxıldığı, iddia ərizəsinə baxış keçirilərkən cavabdeh qismində Cavabdeh rəisi Mirzə Cəlilov göstərildiyinin məlum olduğu, bununla da hansı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilmiş, iddia ərizəsindəki çatışmazlıqların və xətaların aradan qaldırılması, həmçinin hansı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün (məktubu aldıqdan sonra) müddət təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 10 fevral 2023-cü il tarixli, 3-43-75/2-287/2023 nömrəli etiraz ərizəsi ilə İddiaçı Cavabdehnə qarşı iddiasının əsasız hesab edilməsini xahiş etmişdir. İddiaçı X4 17 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək, məhkəmə tərəfindən ona göndərilən yardım məktubunu gec aldığına görə iddia ərizəsindəki çatışmazlıqları və xətaları aradan qaldırmadığını bildirərək, həmin çatışmazlıqları və xətaları aradan qaldırmağı, müvafiq sübutları məhkəməyə təqdim etməyi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərə alaraq, məhkəmə iclasını 03 mart 2023-cü il tarixə təyin etmişdir. Cavabdeh inzibati orqan tərəfindən dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 21 fevral 2023-cü il tarixli, 3-43-75/2-371/2023 nömrəli etiraz ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına “onun həmin Xidmətdə tutduğu sonuncu vəzifəyə uyğun vəzifəyə bərpa edilməsi və buraxdığı hər bir iş gününə görə ona əmək haqqı ödənilməsi” tələbinə dair müraciəti olmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamasını və qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. 03 mart 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini dəqiqləşdirib, bu barədə yeni iddia ərizəsini və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni məhkəməyə təqdim etməyi üçün məhkəmə iclasının yenidən təxirə salınaraq başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini nəzərə alıb, məhkəmə iclasını 16 mart 2023-cü il tarixə təyin etsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı dəftərxana vasitəsi ilə məhkəməyə 19 aprel 2023-cü il tarixli ərizə ünvanlayaraq buraxılmış müddəti bərpa etməklə onun tutduğu sonuncu və ya uyğun vəzifəyə bərpa edilməsi, buraxdığı hər bir iş gününə ona əmək haqqının ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etdiyini bildirmiş, qeyd edilən iddianı Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizədə onu əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh rəisi tərəfindən tutduğu vəzifədən azad edilmişdir. Həmin vaxt problemləri o qədər çox idi ki, heç bir yerə müraciət edə bilməmişdir. İşdən çıxarıldığı üçün depressiyaya düşmüş, eyni zamanda aliment öhdəliyinin və bank qarşısında öhdəliyinin olması onu daha da çarəsiz etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə X3 Talıbovun sürücüsü - Həsən adlı şəxsin onu Naxçıvanı tərk etməyi ilə bağlı olaraq vaxt qoymuşdur, onu ailəsi və uşaqları ilə hədələmişdir. Bundan sonra o, məcbur qalaraq Naxçıvanı tərk etmişdir. xx.xx.2021-ci il tarixdən isə pozulmuş hüquqlarının müdafiəsi üçün adıçəkilən qurumun Babək Rayon İdarəsinə müraciət etmiş olsa da, xx.xx.2021-ci il tarixli məktubdan da göründüyü kimi yuxarı Komandanlıq qarşısında vəsatətin qaldırılması məqsədəuyğun hesab edilməmişdir. Qeyd edilən cavab isə 2022-ci ilin aprel ayında gəlmişdir. Bundan əlavə eyni zamanda xx.xx.2023-cü il tarixdə təkrarən müraciət etsə də, eyni cavab verilmişdir. O, dəfələrlə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş olsa da, bütün orqanlara yazılı və şifahi şəkildə müraciət etmiş olsa da, heç bir faydası olmamışdır. Eyni zaman da Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Ombudsmana da müraciət etmişdir. Azərbaycan Respublikası Prezidenti X8 Naxçıvan MR-na Prezidentin səlahiyyətli nümayəndəsi cənab X7 MR-da səlahiyyətlərinin icrasına başlayandan sonra Cavabdehnə müraciət etmişdir, yəni ki, o pozulmuş hüquqlarının müdafiəsi üçün dəfələrlə cəhd göstərmişdir. Bütün cəhdlərinin heç bir faydası olmadığından məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, qeyd etdiyi halları nəzərə alaraq müddətin ötürülməsi üzrlü hesab edilərək bərpa edilməlidir. 20 aprel 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı dəftərxana vasitəsilə məhkəməyə daxil olmuş 19 aprel 2023-cü il tarixli ərizəsini müdafiə etdiyini bildirərək, iddia tələbini “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh rəisi Mirzə Cəlilovun əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsi ilə əvəz edilməsinə heç bir etirazının olmadığını bildirərək, qeyd olunanlarla bağlı yazdığı 20 aprel 2023-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2- 1(122)-185/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilmiş və cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 26 may 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin dəftərxana vasitəsi ilə məhkəməyə 24 may 2023-cü il tarixli teleqram ünvanlayaraq, 26 may 2023-cü il tarixli məhkəmənin mümkünlük iclasının iştirakı olmadan baxılmasına etirazının olmadığını bildirmişdir. Odur ki, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinin nümayəndəsi X2 izahat verərək, iddiaçının 2021-ci ilin oktyabr ayından xidmətdən ehtiyata buraxıldığını, əmrin ona həmin vaxtdan məlum olmasına baxmayaraq onu mübahisələndirmədiyini bildirmiş və İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən iddiaçının iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə cavabdeh nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmr iddiaçıya vaxtında təqdim edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməsə də, iddiaçı ən azı özünün etiraf etdiyi kimi 08 oktyabr 2021-ci il tarixli həmin əmrdən xəbərdar olmuşdur. İddiaçı həmin əmri əldə edə bilməsə də, işdən çıxarıldığı üçün depressiyaya düşməsi və ailə problemlərinin olması məhkəməyə müraciət etməsi üçün maneə yaratmamışdır. Həmçinin, iddiaçının müəyyən səbəblərə görə Naxçıvanı tərk etməsi məhkəməyə müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəbdən hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İddiaçının Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, müddətin bərpası ilə bağlı yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş qaydalar inzibati idarəçilikdə hüquqi müəyyənliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, eyni zamanda hüquqi sabitlik və ədalət prinsiplərinin uzlaşması məqsədlərinə xidmət edir. Belə ki, bir tərəfdən hüquqi müəyyənlik və ya hüquqi sabitlik prinsipi mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edirsə, digər tərəfdən ədalət prinsipi müddətin üzrlü səbəblərdən buraxıldığı hallarda, şəxsin ilkin hüquqi vəziyyətin bərpa olunması imkanı ilə təmin olunmasını tələb edir. Bundan əlavə, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Bu baxımdan müddətlə bağlı tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr şəxsin məsuliyyət sferasına aid edilməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxs qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəblərdən buraxdığı təqdirdə, ilkin hüquqi vəziyyətin (prosessual müddətin buraxılmasından əvvəlki prosessual vəziyyətin) bərpa olunmasını iddia etməkdə və nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi təhdid altına almaqda haqlı sayıla bilməz. İlkin hüquqi vəziyyətin bərpa olunması institutu ancaq qanunla müəyyən edilmiş müddətlərin, o cümlədən şikayətin verilməsi müddətinin buraxıldığı hallarda istifadə olunur. Bu zaman müddət buraxan proses iştirakçısına həqiqətən mane olan halların mövcudluğu müəyyən edilməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi yalnız o zaman mümkündür ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmasın. Yuxarıda İstinad olunan norma anlamında təqsir dedikdə qəsd və ya kobud ehtiyatsızlıq başa düşülməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddəti bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçı istinad etdiyi hallar proses iştirakçısı tərəfindən müddətə əməl edilməsinə həqiqətən mane olan, onun şikayət vermək imkanlarını həqiqətən məhdudlaşdırmaq və ya istisna etmək keyfiyyətinə malik olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan hallar və ya səbəblər iddiaçının iradəsinə bağlı olmuşdur. Həmçinin iddiaçı həmin maneələri aradan qaldırmaq imkanında və iqtidarında olmuşdur. Qeyd olunan mənada müddətin üzrlü səbəbdən buraxılması yalnız o halda və o zaman mövcud olur ki, həmin müddət maraqlı şəxsin iradəsindən asılı olmayan səbəblərdən və ya hallardan ötürülmüş olsun. Bundan əlavə, iddiaçı imkanı çərçivəsində olmasına rəğmən müddətə riayət olunmasını təmin etmək üçün zəruri və mümkün ehtiyat tədbirlərini də görməmişdir. Bu baxımdan iddiaçının istinad etdiyi hallar müddətin ötürülməsinin üzrlü səbəbləri qismində nəzərdən keçirilə və ilkin hüquqi vəziyyətin bərpasını şərtləndirə bilməz Məhkəmə onu da qeyd edir ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə xx.xx.2011-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minməsindən öncə ötürülmüş iddia müddətlərini bərpa etməmiş və mübahisələndirmək imkanı qanunla tükənmiş mübahisələrə dair hər hansı imkan tanımamışdır. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsi). Qanun və məhkəmə qarşısında bərabərlik prinsipinə əsasən bütün inzibati işlərə işdə iştirak edən şəxslər üçün eyni olan qayda və prosessual formalarla baxılır. İşdə iştirak edən şəxslərin qanuni tələbləri bərabər olaraq təmin olunur, onlara öz mənafelərini məhkəmə qaydasında qorumaq üçün eyni imkanlar verilir. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən qanun və məhkəmə ilə təmin olunan istifadə etmək imkanına malikdirlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. “E.Həkimovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 03 noyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar iddiaçıya vaxtında təqdim edilsə də iddiaçı həmin qərarı məhkəmədə mübahisələndirməmişdir. Qərarı aldıqdan sonra iddiaçının məhkəməyə uzun müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəb hesab edilə bilməz. İddiaçı qeyd olunan qərarla onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinə qarşı “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş idarəsinə qarşı “Cavabdeh 08 oktyabr 2021-ci il tarixli, 016 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, eyni zamanda məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar