Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-19/2020 05.02.2020 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçı1 iştirakı olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması üzrə inzibati mübahisəyə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş zərərin ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş hesab edilərək iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı 05 fevral 2020-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən edilmişdir ki, tərtib edilmiş iddia ərizəsində cavabdehlər düzgün qeyd edilməmiş və iddia ərizəsinə müvafiq sənədlər, o cümlədən cavabdeh inzibati orqana müraciət edilməsi barədə poçt qəbzi əlavə edilməmişdir. Məhkəmə tərəfindən iddiaçılara Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, formal xətaların aradan qaldırılması üçün müddət təyin edilmiş, lakin təyin edilmiş müddət ərzində iddiaçılar formal xətaları aradan qaldırmamışlar. Həmçinin, iddiaçılar iddia ərizəsində tələblərinin Cavabdeh1 və Cavabdeh2 qarşı olduğunu qeyd etmişdirlər. İddiaçıların tələbləri konkret olaraq fiziki şəxslərə qarşı olduğundan ərizəyə inzibati məhkəmədə baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar məhkəməyə müraciət etməzdən əvvəl icraatın açılması və müvafiq qərar qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdirlər. Həmçinin iddiaçıların inzibati orqana müraciəti və bu müraciətlə bağlı inzibati orqan tərəfindən iddiaçıların tələblərinin təmin edilməsi və ya tələblərindən imtina edilməsi barədə inzibati akt ərizəyə əlavə edilməmişdir. İddiaçılar iddia ərizəsində sabiq Tikinti naziri Cavabdeh1 Sadiq oğlunu və sabiq Ordubad Şəhər İcra başçısı Cavabdeh2 cavabdeh inzibati orqanlar kimi göstərmişdirlər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi qəbul edilmiş akt yalnız o zaman inzibati akt dəyəri daşıyacaqdır ki, o, ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilməli və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80-81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-19/2020
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-19/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver