Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-19/2022 01.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur və bu barədə ona 24 fevral 1967-ci ildə X18 tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Onun hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuşdur. İddiaçı Dırnıs kənd orta məktəbində təhsil almış və bu barədə 03 iyul 1982-ci ildə ona səkkizillik təhsil haqqında şəhadətnamə verilmişdir. Bundan sonra 01 sentyabr 1990-cı ildə Ordubad rayonunda yerləşən 166 nömrəli texniki peşə məktəbinə qəbul olunmuş və 04 iyul 1991-ci il tarixdə texniki peşə məktəbini bitirmişdir. 14 may 1985-ci ildə X11 ilə rəsmi nikaha daxil olmuş və nikahları Dırnıs XDS İK-da 11 nömrə ilə qeydə alınmışdır. 2001-ci ilədək ailəsi ilə birlikdə Dırnıs kəndində yaşamışdır. 1998-ci ildə həyat yoldaşı ilə Moskva şəhərində yaşasalar da, demək olar ki, hər il Dırnıs kəndinə gedib-gəlmişdir. Ordubad rayonunun Dırnıs kəndində özlərinə məxsus olan yaşayış evi vardır. O, haliyədə kənddə məskunlaşmaq istəyir, lakin müvafiq qərar buna imkan vermir. Onun Azərbaycan Respublikasına mənsubiyyəti olduğu halda, həmin qərarla mənsubiyyəti tanınmamışdır. Bu baxımdan da o, qərara əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu halda şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd olunanlara əsasən iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 15 noyabr 2021-ci il tarixli, 2-1(122)-239/2021 nömrəli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) 25.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh 25 noyabr 2021-ci il tarixli, 06/772 nömrəli məktubla məhkəməyə ünvanlanan etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızının 07.10.2021-ci il tarixli müraciəti əsasında onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli, 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə 15.10.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızı 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində anadan olsa da, sonradan Rusiya Federasiyasına getmişdir, hazırda həmin ölkənin vətəndaşıdır. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna (5.1-ci maddəsi) və “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na (Qaydaların 3.4.3-ci bəndi) əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, Məmmədova (Əliyeva) Ərkinaz İsgəndər qızının adıçəkilən Qanun qüvvəyə mindiyi günədək (07.10.1998-ci il tarixədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət etmişdir. Ancaq o halda onun qeydiyyatda olmaması onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək-1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikasının və ya Azərbaycan SSR-in vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. İşin hallarından da görünür ki, şəxs Rusiya Federasiyasına getmiş və hal-hazırda həmin ölkənin vətəndaşıdır. Odur ki, cavabdeh inzibati orqan yuxarıda göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 27, 31, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv olunması və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” olduğunu bildirmişdir. Məhkəmənin 24 yanvar 2022-ci il tarixli, 2-1(122)-19/2022 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə 24 yanvar 2022-ci il tarixli ərizəsi təmin edilərək, iddia tələbi “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması” kimi icraata qəbul edilmişdir. İddia tələbi dəqiqləşdirildikdən sonra 24 yanvar 2022-ci il tarixli sərəncamla cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən idarələrarası elektron sənəd dövriyyəsi sistemi vasitəsilə 03 fevral 2022-ci il tarixli, 06-01/46g nömrəli məktubla məhkəməyə eyni məzmunlu etiraz ünvanlanaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 09 fevral 2022-ci il tarixli, 2-1(122)-19/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 01 mart 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı iclasın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan şifahi məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X14 iş materiallarına əlavə edilmiş etiraz ərizələrinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının təsdiq edilmiş surəti, iddiaçının doğum haqqında şəhadətnaməsinin, nikahın bağlanması haqqında şəhadətnamənin, texniki peşə məktəbini bitirməsi barədə diplomun və səkkizillik təhsil haqqında şəhadətnamənin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyəti üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini istəyir. Baxılması inzibati məhkəmənin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.1 və 32.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş onun hüquqlarının pozulduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, iddia qərarın təqdim edildiyi andan qanunla müəyyən edilmiş müddətdə qaldırılmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, 10 fevral 1967-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. - 24 fevral 1967-ci il tarixli, A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 10 fevral 1967-ci ildə Ordubad rayonunun Dırnıs kəndində doğulmuşdur. - 14 may 1985-ci il tarixli, İİİ-ЖГ 418022 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 ilə X5 nikahlarını bağlamışlar və nikahları Dırnıs kənd XDS İK-da 11 nömrə ilə qeydə alınmışdır. - Б 471978 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X5 01 sentyabr 1990-cı ildə 166 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 04 iyul 1991-ci ildə orta təhsil bazasında meyvə-tərəvəz ustası peşəsi üzrə tam kursu bitirmişdir. - A3-İİ 391269 nömrəli səkkizillik təhsil haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 rayonunun Dırnıs kənd orta məktəbində oxumuş və 1982-ci ildə səkkizinci sinfi bitirmişdir. İş materiallarına əlavə edilmiş: - İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş: - Ordubad Rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ünvanlanan 16 noyabr 2021-ci il tarixli, 06 nömrəli məktubdan görünür ki, Ordubad Rayon Dırnıs Kənd İƏDN-nin 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitablarında X2 adı göstərilmişdir. Təsərrüfatbaşına kitabdan müvafiq çıxarış iş materiallarına əlavə edilmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən Naxçıvan Şəhər Hüquq Məsləhətxanasına ünvanlanan 11 yanvar 2022-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, Ordubad Rayon Dırnıs Kənd İƏDN-nin 1995-2000-ci illərə aid təsərrüfatbaşına kitabında X2 adı göstərilmişdir. Təsərrüfatbaşına kitabdan müvafiq çıxarış iş materiallarına əlavə edilmişdir. - Fərdi uçot kartoçkasının surətindən görünür ki, X5 10 fevral 1967-ci ildə Ordubad rayonu, Dırnıs kəndində doğulmuşdur. Milliyyəti azərbaycanlı, ailə vəziyyəti isə subay olaraq göstərilmişdir. - 24 yanvar 2000-ci il tarixli, JN-342 KOD 10708018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, X8, X3 və X10 Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.04 hektar torpaq sahəsi verilmişdir. - JN-320C KOD 10708028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8, X3 və X10 Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı ilə 0.14 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş: - X2 tərcümeyi-halından görünür ki, X6 10 fevral 1967-ci ildə Naxçıvan Muxtar Respublikası, Ordubad rayon, Dırnıs kəndində anadan olmuşdur. 1994-cü ildə ailə vəziyyətinə görə Rusiya Federasiyası, Moskva vilayəti, Povlapasoda şəhərinə getmişdir. 2021-ci ildə daimi yaşamaq üçün Naxçıvan Muxtar Respublikasına gəlmişdir. Hal-hazırda Ordubad rayon, Dırnıs kəndində yaşayır. Azərbaycanlıdır. İndiyə qədər Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayıb. Rusiya Federasiyası vətəndaşıdır. - İddiaçı ******* nömrəli pasportunun surətindən görünür ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və 23.07.2021-ci il tarixdə verilmiş pasport 23.07.2031-ci il tarixədək etibarlıdır. - Cavabdeh tərəfindən MAPS-a verilmiş 11.10.2021-ci il tarixli sorğunun nəticəsindən görünür ki, X5 barəsində hər hansı məlumat aşkar edilməmişdir. - 14.06.2000-ci ildən 18.10.2021-ci il tarixədək sərhədkeçmə cədvəlindən aydın olur ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı müxtəlif vaxtlarda ölkə ərazisində giriş-çıxış etmişdir. - 07 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün ərizə-anketin surətindən görünür ki, X6 onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsini xahiş etmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Ordubad Rayon İcra Hakimiyyətinin Dırnıs Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanan 26 yanvar 2022-ci il tarixli, 02 nömrəli məktubdan görünür ki, 10 fevral 1967-ci ildə Ordubad rayon, Dırnıs kəndində anadan olmuş İddiaçı İsgəndər qızı uzun müddətdir Rusiya Federasiyasının Moskva şəhərində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikasının ərazisində pasport qeydiyyatından çıxması barədə nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 21 yanvar 2022-ci il tarixli, 018-1264-1222 nömrəli məktubdan görünür ki, 10.02.1967-ci il İddiaçı ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının vəkili və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 1998-ci ilə qədər Azərbaycan Respublikası ərazisində qeydiyyatda olduğuna istinad edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını tələb edir. Cavabdeh inzibati orqanın təqdim etdiyi etirazlardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, cavabdeh inzibati orqanın apardığı araşdırma nəticəsində iddiaçının 1998-ci ilə qədər Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması öz təsdiqini tapmadığından onun tələbindən imtina edilmiş və mübahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunubolunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. - 2.2-ci bəndinə əsasən Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. - 3.4-cü bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 3.4.1. 2 ədəd 3x4 sm ölçüdə fotoşəkil; 3.4.2. tərcümeyi-hal; 3.4.3. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə); 3.4.4. pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.5. doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.6. yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti; 3.4.7. şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.8. övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd); 3.4.9. bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan hallarda müvafiq razılıq ərizələri; 3.4.10. bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan şəxs başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti. - 4.1.1-ci bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. - 4.3-cü bəndinə əsasən bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. İşin hallarından aydın olur ki, iddiaçı 10 fevral 1967-ci ildə Ordubad rayonu, Dırnıs kəndində anadan olmuş, 1982-ci ilə qədər həmin kənddəki orta məktəbdə təhsil alaraq səkkizinci sinfi bitirmiş, 1985-ci ildə X11 ilə nikaha daxil olmuş və 1991-ci ildə peşə məktəbini bitirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının tərcümeyi-halında 1994-cü ildən Rusiyaya getdiyi qeyd edilsə də, iddia ərizəsində 2001-ci ilə qədər Dırnıs kəndində yaşadığı göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sərhədkeçmə haqqında siyahıdan görünür ki, İddiaçı İsgəndər qızı 2000-ci ildən başlayaraq Rusiya Federasiyası vətəndaşı kimi Azərbaycan Respublikası ərazisinə giriş etmişdir. İddiaçının Azərbaycan Respublikası ərazisində doğulması, Azərbaycanda yaşayaraq təhsil alması, nikaha düşməsi, sonradan Rusiya ərazisində məskunlaşması, hazırda Rusiya Federasiyasının vətəndaşı olması işin mübahisəsiz hallarına aiddir. Hazırki iş üzrə mübahisəli məsələ iddiaçının “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək, yəni 1998-ci il oktyabrın 7-dək Azərbaycan Respublikası ərazisində qeydiyyatda olub-olmaması ilə bağlıdır. İddia tələbinin məzmunundan aydın olur ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:
1. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi;
2. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırda qüvvədə olan mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbindən göründüyü kimi, həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması əsas şərtdir. Həmçinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Eyni ilə, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.1.1-ci yarımbəndinə görə, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. İstinad olunan müddəaların tələbini hazırki münasibətə tətbiq edərkən müəyyən edilir ki, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunması üçün hər hansı məhdudiyyət qoymadan əsas qaydanın şəxsin özünə daimi yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinin olmasını tələb edir. Lakin iş üzrə cavabdeh DMX tərəfindən iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat aparılan zaman məlum olmuşdur ki, iddiaçı qanunda göstərilən müddətdə Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Belə ki, qanunvericilikdə vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlər sırasında Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslərə münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) birbaşa olaraq tələb olunmuşdur. Həm cavabdeh inzibati orqan tərəfindən, həm də məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma müsbət nəticə verməmiş, iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyyatda olması faktı öz təsdiqini tapmadığı kimi həmin şəxs barəsində qeydiyyatla bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Buna görə də, məhkəmə belə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 15 oktyabr 2021-ci il tarixli, ******* nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə düzgün əməl edildiyindən, həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən iddiaçının tələbinin 1-ci hissəsi əsassızdır və rədd edilməlidir. İddiaçının tələbinin 2-ci hissəsi isə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Qanunvericiliyin tələblərini hazırki işin hallarına aid edərək qeyd edilməlidir ki, qanunvericilikdə vətəndaşlığa mənsubiyyətin müəyyənləşdirilməsi üçün digər əsasların iddiaçıya münasibətdə tətbiq edilməsi mümkün deyil. Belə ki iddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 2, 3 və 4-cü bəndlərində təsbit olunmuş şəxslər kateqoriyasına aid deyil. Həmçinin Qaydanın 2.2.1-ci bəndi də daxil olmaqla şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməli olduğu halları nəzərdə tutulur. Başqa sözlə, həmin hallar özü-özlüyündə vətəndaşlığı müəyyən etmir və yalnız mənsubiyyətin müəyyənləşdirilməsinin əsası kimi çıxış edirlər. Digər tərəfdən, 2.2.2, 2.2.3-cü bəndlərin iddiaçıya aidiyyəti müəyyən edilmir. Belə ki, həmin normalar valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxslərə (2.2.2) və doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla, valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə (2.2.3) münasibətdə tətbiq olunur. Qeyd olunan halların hər hansı biri iddiaçıya tətbiq oluna bilmədiyindən məhkəmə belə hesab edir ki, iddianın 2-ci hissəsi də əsassızdır və rədd edilməlidir. Həmçinin qüvvədə olan qanunvericilik vətəndaşların mənsubiyyət məsələlərinin həll edilməsindəki humanist mövqeyindən irəli gələrək onların yaşayış yeri üzrə qeydiyyatda olmamalarının vətəndaşsızlıqlarına səbəb olacağı təqdirdə, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınmasını müəyyən edir. Hazırki iş üzrə İddiaçı Rusiya Federasiyasının vətəndaşı olduğundan onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmaması vətəndaşsızlığına səbəb olmur. Buna görə də qeyd olunan normanın tələbləri də iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, iş materiallarından da göründüyü kimi, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə ləğv edilməsi tələb olunan qərarın qanunauyğunluğu məhkəmə araşdırması zamanı təsdiq edildiyindən məhkəmə hesab edir ki, iddiaçının həmin qərarın ləğv edilməklə iddiaçıya Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd olunur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV