Məhkəmə qərarları › İş №2-1(122)-198/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-198/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-198/2021 24.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsinin və üçüncü şəxs X1 (eyni zamanda X10 və X5 qanuni nümayəndəsi) iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97-də yerləşən 2 nömrəli mənzilin qeydiyyatından X1, onun azyaşlı övladları X10 və X5 çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97-də yerləşən 2 nömrəli mənzilin qeydiyyatından X1, onun azyaşlı övladları X10 və X5 çıxarılmaları öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97 ünvanında yerləşən 2 otaqlı, 2 nömrəli mənzil 08 may 2007-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (indiki Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində) 3659 qeydiyyat nömrəsi ilə onun adına qeydiyyata alınmışdır. X9 18 aprel 2011-ci il tarixdə Həmzəyeva (ərdə olarkən Quliyeva soyadı olub) Xədicə Hüseyn qızı ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, Xədicə Həmzəyeva mülkiyyətində olan mənzilin pasport qeydiyyatına alınmışdır. Tərəflər arasında olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-55/2019 nömrəli, 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. X20 hələ 2018-ci ilin aprel ayından 2 azyaşlı övladlarını da götürərək onun mənzilindən çıxıb getmişdir və o vaxtdan da həmin mənzillə bütün əlaqələrini kəsmiş, atasına məxsus olan mənzildə valideynləri ilə birlikdə yaşayır. Xədicə Həmzəyevanın övladları ilə birlikdə onun mənzilinin qeydiyyatında olmaları onun mülkiyyət hüquqlarını məhdudlaşdırır, mənzil üzərində sərəncam verməyinə problemlər yaradır. X1 və iki azyaşlı övladlarının onun mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97-də yerləşən 2 nömrəli mənzilin qeydiyyatından çıxarılmaları barədə Naxçıvan Şəhər Polis İdarəsinə ünvanladığı ərizəsinə cavab verilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından ərizəsinin icra edilə bilməməsi göstərilmişdir. Xədicə Həmzəyeva yeni yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün müvafiq dövlət orqanlarına müraciət etməmişdir. Ona görə də o, mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97 ünvanında yerləşən 2 nömrəli mənzilin qeydiyyatından X1, azyaşlı övladları X10 və X6 çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmasını istəyir. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmədən İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97-də yerləşən 2 nömrəli mənzilin qeydiyyatından X1, onun azyaşlı övladları X10 və X5 çıxarılmaları öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 04 oktyabr 2021-ci il tarixli, 7/3802 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, X1, X10 və X5 Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97, mənzil 2 ünvanının qeydiyyatından çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02 sentyabr 2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı 17 sentyabr 2021-ci il tarixli ərizəsi icra edilə bilməz. Məhkəmənin 15 oktyabr 2021-ci il tarixli, 2-1(122)-198/2021 nömrəli qərardadı ilə X7 (eyni zamanda X10 və X5 qanuni nümayəndəsi) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X7 tərəfindən məhkəməyə ünvanlanmış 01 noyabr 2021-ci il tarixli ərizədən məlum olur ki, onlar 2011-ci ildən 2018-ci ilin iyul ayına kimi məlum mənzildə yaşamışdırlar. Bu dövrdə birgə nikahlarından iki uşaqları (2012-ci il və 2016-cı il təvəllüdlü) dünyaya gəlmişdir. 2017-ci ildə keçmiş həyat yoldaşı X19 atası İddiaçı "planı"na əsasən Bakı şəhərinə işləməyə getmişdir və evə dönməmişdir. 2018-ci ilin iyul ayında onlar orada yaşaya-yaşaya keçmiş qayınatası İddiaçı onlar atasıgilə bir saatlığına gedən zaman mənzilin kilidini dəyişdirərək onların o mənzildə yaşamaqlarına imkan verməmişdir. Bundan 6 ay sonra yəni 2019-cu ilin yanvar ayında nikahları Naxçıvan Şəhər Məhkəməsi tərəfindən pozulmuşdur. Onların toyu olan ərəfədə onların ünvan 4 ünvanında olan mənzillərini atası toy xərclərinə (böyük bacısının da toyu olacaqdı) görə satmışdır və onlar Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, bina 3, mənzil 34-də kirayədə yaşamışdırlar. Toylarından 5 ay sonra həmin kirayə mənzili Rusiyanın Moskva şəhərində yaşayan biznesmen xalası X12 alaraq qardaşına bağışlamışdır. Bu faktların hamısını iddiaçı keçirilmiş bütün məhkəmə iclaslarında danaraq özünə münasib formada danışmışdır. O, gəlin köçən zaman keçmiş qayınatasının Naxçıvan və Bakı şəhərlərində 3 mənzili var idi. Birgə nikah dövründə isə Babək rayon Zeynəddin kəndində 0.1 ha torpaq sahəsi alaraq orada təzə ev tikmişdirlər. Nikahları pozulandan sonra həmin torpağın 0.05 ha sahəsi Babək Rayon Məhkəməsinin qətnaməsi ilə ona verilib. Torpaq üzərində tikilən qanunsuz tikilinin ikidə bir hissəsinin ona verilməsi işinə isə 2 ildən çoxdur ki, məhkəmələrdə baxılır. Sonuncu məhkəmədə 16 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimləri X8 (sədrlik edən), X13 və X2 ibarət tərkibdə keçirilən məhkəmədə Babək Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(079)-53/2020 nömrəli qətnaməsi ləğv edilmişdir və onun cavabdeh X14 qarşı tikiliyə birgə mülkiyyət hüququnun tanınması və birgə mülkiyyətə ikidə bir payın müəyyən olunmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. O, öz hüququndan istifadə edərək yenidən Babək Rayon Məhkəməsinə müraciət etmişdir. 2 azyaşlı uşaqla ər evindən qovulmuş, heç bir zinət əşyasını verməmişdirlər. Nikah dövrü ərzində nə qədər maaş almışsa, hamısı qəpiyinə qədər keçmiş qayınatasına çatmışdır. Özü deyirdi ki, evdə kassa bir olar. Uşaqları ilə qardaşının evində qalır. O da öz 4 nəfərlik ailəsi ilə kirayədə qalır. Elan verib mənzilini satır ki, hərəyə bir otaqlı mənzil alsınlar və ya öz torpaqlarında fərdi ev tiksinlər. Evləri olan kimi orada qeydiyyata düşəcəklər. Qeydiyyatdan çıxmaq barədə 26 avqust 2021-ci il tarixdə hakim Məmmədov Qabil Neymət oğlunun sədrliyi ilə Naxçıvan Şəhər Məhkəməsinin açıq məhkəmə iclası keçirilmişdir və ona qarşı İddiaçı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 04 noyabr 2021ci il tarixli, 2-1(122)-198/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 24 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi məhkəməyə 16 noyabr 2021-ci il tarixli, 7/4360 nömrəli məktub göndərərək 24 noyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onların iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X1 (eyni zamanda X10 və X5 qanuni nümayəndəsi) ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə hazırda öz evini satdığını, ev alana kimi qızının və nəvələrinin qeyd olunan mənzilin qeydiyyatında müvəqqəti saxlanmasını istədiyini bildirərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmədə tədqiq edilən sübutlara hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarında olan: - ünvan 5 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 20 sentyabr 2021-ci il tarixli, 7/3572-Q903 nömrəli məktubdan görünür ki, X1, X10 və X5 Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97, mənzil 2 ünvanının pasport qeydiyyatından çıxarılması tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08 may 2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsində istifadədə olan torpaq sahəsində yerləşən, 97 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 40.27 kv.m. ümumi, 27.82 kv.m. yaşayış, 12.45 kv.m. köməkçi sahədən ibarət 2 otaqlı, 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 854 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97, mənzil 2 ünvanında qeydiyyatda olan İddiaçı öhdəsində aşağıdakı ailə üzvləri vardır: Quliyeva Sahibə M.Səfər qızı (həyat yoldaşı); X7 (keçmiş gəlini); X16 (nəvəsi); Oktay Yaşar oğlu (nəvəsi). - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 16 iyun 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxxx 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayon, Əbrəqunus kəndində doğulmuş Quliyev X15 şəhəri, İstiqlal küçəsi, ev 97, mənzil 2 ünvanında pasport qeydiyyatındadır. - Naxçıvan Şəhər Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(078)-55/2019 nömrəli qətnaməsinin surətindən aydın olur ki, X19 ilə X11 arasında 18 aprel 2011-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış və 102 nömrə ilə qeydə alınmış nikahın pozulması, iş üzrə tərəflərin uşaqları 13 sentyabr 2012-ci il tarixdə doğulmuş X10 və 04 mart 2016-cı il tarixdə doğulmuş X5 anaları X3 yanında qalmaları qət edilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(078)-866/2021 nömrəli qətnaməsinin surətindən aydın olur ki, İddiaçı X4 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddianın rədd edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində cavabdeh qismində göstərilmiş X3 yaşayış sahəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun iddiaçıya məxsus evdə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından cavabdehin iddiaçıya məxsus evdən istifadə hüququnun olmadığı, onun həmin mənzil üzərində istifadə hüququ olmadığından mövcud olmayan hüquqa xitam verilməsi barədə iddianın təmin olmasının mümkün olmadığı göstərilmişdir. - 17 sentyabr 2021-ci il tarixli, 7982 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs və onun nümayəndəsinin də etiraf etdiyi kimi övladları ilə birlikdə həmin evdə yaşamadıqlarına görə onların həmin evin pasport qeydiyyatında olması formal xarakter daşıyır və bu da mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Yeni yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması üçüncü şəxs X1 (eyni zamanda X10 və X5 qanuni nümayəndəsi) həm hüququ, həm də vəzifəsidir. Məhkəmə belə qənaətə gəlir ki, üçüncü şəxs X1 (eyni zamanda X10 və X5 qanuni nümayəndəsi) yeni yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı hərəkətsizliyi İddiaçı mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Hazırkı mübahisədə, həqiqətən, şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifat”ına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə X1, onun azyaşlı övladları X10 və X5 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmamaları qanunazidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97-də yerləşən 2 nömrəli mənzilin qeydiyyatından X1, onun azyaşlı övladları X10 və X5 çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81, 85.1 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, İstiqlal küçəsi, ev 97-də yerləşən 2 nömrəli mənzilin qeydiyyatından X1, onun azyaşlı övladları X10 və X5 çıxarılmaları öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar