Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-198/2022 30.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “10 may 2022-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1960-cı il təvəllüdlü Hacıyev X4 rayonu Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayır. O, 1982-1988ci illərdə Şahtaxtı kəndində yerləşən H.Cavid adına sovxozda sürücü işləmişdir. 24 sentyabr 1988-ci il tarixli, 75 nömrəli əmrlə Şərur Tikinti Materialları Zavodunda 2-ci dərəcəli kran sürücüsü vəzifəsinə qəbul edilmiş, 20 may 2000-ci il tarixdən 7 nömrəli əmrlə Şərur Tikinti Materialları Zavodu ləğv edildiyindən yeni yaranmış Naxçıvan Tikinti X7 Cəmiyyətinin Şərur sahəsində kran sürücüsü vəzifəsinə keçirilmişdir. 20 iyul 2011-ci il tarixli, 42 nömrəli əmrlə isə X8 kran sürücüsü vəzifəsinə keçirilmiş, 23 oktyabr 2015-ci il tarixindən isə öz ərizəsi əsasında 157 nömrəli əmrlə işdən azad olunmuşdur. İddiaçı qeyd edir ki, arayışlardan, əmək kitabçasından və əmrlərdən aydın olur ki, 1988-ci ildən 2015-ci ilədək kran sürücüsü vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir. Ona "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 22 yanvar 2020-ci il tarixli qərarı ilə 57 yaşı tamam olduğu 07 noyabr 2017-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə 211,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Lakin 2022-ci ilin yanvar ayından ona təyin olunmuş pensiyanın ödənişi kəsilmişdir. Bununla əlaqədar olaraq "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə müraciət etmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi bu barədə 05 nömrəli, 10 may 2022-ci il tarixli qərar qəbul edərək iddiaçıya göndərmişdir. Qərarda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1, 9.8-ci maddələrinə əsasən 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla pensiya işi ləğv edilsin. Həmçinin yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim olunması göstərilmişdir. İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 05 nömrəli, 10 may 2022-ci il tarixli qərarını 14 iyul 2022-ci il tarixdə almış, həmin tarixdə almağını göstərən zərfi də iddia ərizəsinə əlavə etmişdir. İddiaçı bildirir ki, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin qərarı qanunsuz və əsassızdır. Çünki onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. İddiaçı həmçinin qeyd edir ki, işlədiyi vəzifənin hansı güzəştli koda düşməsini müəyyən etmək və onun barəsində toplanmış iş materiallarına əlavə etmək iddiaçının vəzifəsi deyil və bu əsasla onun pensiyasına xitam verilməsinin heç bir hüquqi əsası yoxdur. Nəticə etibarı ilə onun qanunvericiliklə müəyyən olunmuş əmək hüquqları kobud şəkildə pozulmaqdadır. İddiaçı yuxarıda göstərilənlərə əsasən 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 29 avqust 2022ci il tarixli, 85/131 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1960cı il tarixdə anadan olmuş, Kəngərli rayon, Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin pensiya təyin edən komissiyasının 22 yanvar 2020-ci il tarixli, 1593 nömrəli qərarına əsasən 57 yaşı tamam olduğu 07 noyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8ci maddəsinin müddəalarına müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 211,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının 543-VQD nömrəli Qanunu ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi göstərilmişdir. İddiaçı xx xxxxxx 1960-cı il təvəllüdlüdür və 57 yaşını 07 noyabr 2017-ci il tarixdə tamamlamışdır. İddiaçıya münasibətdə "Əmək pensiyaları haqqında" Qanunun 9.1ci maddəsinin 2017-ci il 01 iyul tarixdən sonra qüvvədə olan redaksiyasının tələbləri tətbiq edilməlidir. Həmin tələblərdən biri də, pensiya kapitalıdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini də nəzərə almaq lazımdır. Həmin şərtə əməl olunmadığı halda Qanunun 9.8-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmasına yol verilmir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 30 oktyabr 2017-ci il tarixli, 188 nömrəli arayışına əsasən İddiaçı 01 dekabr 1979-cu il tarixdən 23 noyabr 1981-ci il tarixədək (1 il 11 ay 22 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (6 il 8 ay) Şahtaxtı kəndində yerləşən H.Cavid adına sovxozda sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (11 il 7 ay 26 gün) Şərur Tikinti Materialları Zavodunda 2-ci dərəcəli kran sürücüsü, Naxçıvan Muxtar Respublikası Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 08 saylı əmrinə əsasən Şərur Tikinti Materialları Zavodu ləğv edildiyindən, xx.xx.2000-ci il tarixindən xx.xx.2011-ci il tarixədək (11 il 2 ay) yeni yaranmış "Naxçıvan Tikinti” X7 Cəmiyyətinin Şərur sahəsinə keçirilərək sürücü işləmişdir. "X12 Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin və İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2011-ci il tarixli, 68 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixdən xx.xx.2015-ci il tarixədək (4 il 3 ay 3 gün) X8 sürücü vəzifəsinə keçirilmiş və həmin tarixdən 174 nömrəli əmrlə öz ərizəsi əsasında işdən azad edilmişdir. Beləliklə, İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən onun 01 yanvar 2006-cı il tarixədək 25 il 11 ay, 01 yanvar 2006-cı il tarixdən 23 noyabr 2015-ci il tarixədək isə 9 il 9 ay olmaqla cəmi 35 il 8 ay ümumi iş stajı vardır. İddiaçının 2006-cı il yanvar ayının 1-dək 25 il 11 ay ümumi, 17 il 3 ay xüsusi iş stajı vardır, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməkdədir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan 25 il 11 ay sığorta stajına əsasən formalaşan pensiya kapitalı 17199,66 manat, 01 yanvar 2006-cı il tarixdən 07 noyabr 2017-ci il tarixədək isə 5013,23 manat olmaqla, cəmi 22212,89 manat məbləğində pensiya kapitalı olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının hesablanması aşağıdakı qaydada aparılmışdır: 63 yaş 6 ay (2017-ci ilin noyabr ayı Qanunun 7-ci maddəsinə əsasən kişilərin yaş həddi) - 57 yaş (güzəştli şərtlərlə pensiya yaşı) = 78 ay (yaşlar arasındakı ay fərqi) + 144 ay (gözlənilən pensiya ödənişi aylarının sayı) = 222 ay (gözlənilən pensiya ödənişi aylarının sayı); Pensiya kapitalı = 22212,89:222 = 100,05 < 110,0 (2017-ci il minumum pensiyanın məbləği). Hesablama: 01 yanvar 2006cı il tarixədək (25 x 306 x 2.1688 (indeks) + (11 x (306/12) x 2.1688 (indeks) = 17199,66 manat olmuşdur. 01 yanvar 2006-cı il tarixdən 07 noyabr 2017-ci il tarixədək isə 5013,23 manat olmaqla cəmi (17199,66 + 5013,23) = 22212,89 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. Beləliklə, pensiya kapitalının aşağı həddi iddiaçıya münasibətdə (110 x 222) = 24420,0 manat təşkil etməli olduğu halda, onun fərdi hesabının sığorta hissəsində 22212,89 manat pensiya kapitalı qeydə alınmışdır. Pensiyanın minimum məbləği xx.xx.2017-ci il tarixdən 110,0 manat, xx.xx.2018-ci il tarixdən 116,27 manat, xx.xx.2019-cu il tarixdən 119,76 manat, xx.xx.2019-cu il tarixdən 160,0 manat, xx.xx.2019cu il tarixdən 200,0 manat, xx.xx.2022-ci il tarixdən 240,0 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 24420,0 manat təşkil etməli olsa da, onun qeydə alınmış pensiya kapitalı 2207,11 manat fərq ilə 22212,89 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2.6-cı bəndində deyilir ki, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, Qaydalara 2 nömrəli Əlavədə göstərilir ki, müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli və ağır əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdə qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçı tərəfindən işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) təqdim edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 sentyabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin nümayəndəsi X2 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətində İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək H.Cavid adına sovxozda sürücü, xx.xx.1988-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Şərur Tikinti Materialları Zavodunda 2-ci dərəcəli kran sürücüsü işlədiyi, xx.xx.2000-ci il tarixdən "Naxçıvan Tikinti” X7 Cəmiyyətinin Şərur sahəsinə sürücü keçirildiyi göstərilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 may 2022ci il tarixli, 05 nömrəli qərarından məlum olur ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyası "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Audit şöbəsi tərəfindən tərtib edilmiş 27 aprel 2022-ci il tarixli yoxlama arayışına əsasən pensiya işlərini nəzərdən keçirərək müəyyən etmişdir ki, xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş, Kəngərli rayonu, Şahtaxtı kəndində qeydiyyatda olmaqla orada yaşayan X3 "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 22 yanvar 2020-ci il tarixdə 57 yaşı tamam olduğu 07 noyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə 211,60 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa 01 iyul 2017-ci ildə edilən əlavə və dəyişikliklərdən sonra bu Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. X13 şöbəsi tərəfindən Kəngərli rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı vətəndaşın əmək stajını təsdiq edən sənədlərə baxılmış və məlum olmuşdur ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsində güzəşt yaşa və staja görə müəyyən edildiyindən sözügedən qanunun 9.1-ci maddəsini 01 iyul 2017-ci il tarixindən qüvvədə olan "fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə" müddəası nəzərə alınmaqla pensiya işi ləğv edilsin. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə müraciət edən şəxs "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdə qanunvericilivin göstərilən normalarına uyğun olaraq vətəndaşın işlədiyi müəssisədən onun zərərli və ağır əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca vətəndaşın arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli və ağır əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, vətəndaşın işlədiyi sahələr, peşələr və vəzifələr siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq komissiya xx xxxxxx 1960-cı il tarixdə anadan olmuş İddiaçı 22 yanvar 2020-ci il tarixdən etibarən yaşa görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının ləğv edilməsini qərara almışdır. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 28 iyul 2022-ci il tarixli, 87 nömrəli arayışda Şahtaxtı Tikinti Materialları Zavodunun 1988-ci ilə dair “Sexlər üzrə işçilərin siyahısı” kitabında İddiaçı 2-ci dərəcəli kran sürücüsü kimi qeyd olunduğu, arayışın qeyd hissəsində kitabda İddiaçı ata adının qeyd edilmədiyi, 1988-ci ilin əmr kitabları Kəngərli Rayon Dövlət Arxivinə tam təhvil verilmədiyindən (adına rast gəlinmədiyi) işə girmə əmrinə baxmağın mümkün olmadığı göstərilmişdir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı xx xxxxxx 1960-ci il tarixdə doğulmuşdur. - Kəngərli Rayon İcra Hakimiyyətinin Şahtaxtı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2022-ci il tarixli, 182 nömrəli arayışdan görünür ki, Hacıyev X4 rayonunun Şahtaxtı kəndində qeydiyyatda durur. - “X12 Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13 sentyabr 2022-ci il tarixli, 17 nömrəli arayışından məlum olur ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2015-ci il tarixədək X12 X14 Məsuliyyətli Cəmiyyətində krançı vəzifəsində işləmişdir. Həmin vəzifəyə Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 1-ci maddəsinin 1-ci yarımmaddəsinin “a” bəndinin 2010100a-13790 yarımbəndinə əsasən güzəşt təyin edilmişdir. - Fondun Kəngərli rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 150923 nömrəli pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 22 yanvar 2020-ci il tarixli, 1593 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə 07 noyabr 2017-ci il tarixdən pensiya təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2017-ci il tarixli, 188 nömrəli arayışdan görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı 01 dekabr 1979-cu il tarixdən 23 noyabr 1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. - “X12 Sənaye Kompleksi” MMC üzrə 20 iyul 2011-ci il tarixli, 42 nömrəli əmrdən çıxarışdan məlum olur ki, Hacıyev X5 Holdinq Şirkətlər İttifaqının və İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2011-ci il tarixli, 68 nömrəli icarə müqaviləsinə əsasən 20 iyul 2011-ci il tarixdən etibarən X11 sahəsində kran sürücüsü vəzifəsinə keçirilmişdir. - Kəngərli Rayon Dövlət Arxivi tərəfindən İddiaçı verilmiş 26 dekabr 2019-cu il tarixli, 25 nömrəli arayışda Şahtaxtı H.Cavid adına sovxozun 1982-1988-ci illərə dair əmr kitablarında İddiaçı 12 yanvar 1982-ci il tarixdə 03 nömrəli əmrlə sürücü vəzifəsinə təyin edilməsi, 20 sentyabr 1988-ci il tarixdə 49 nömrəli əmrlə işdən azad olunması qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli, 424 nömrəli arayışdan aydın olur ki, Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olan İddiaçı Kəngərli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən müharibə iştirakçısı kimi aylıq 80.00 manat Prezident təqaüdü ödənilir. 150923 nömrəli pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları, müvafiq vəzifələrdə işləməsi barədə arayışlar, əmrlər və əmək kitabçasının surəti əlavə olunmuşdur. İşin hallarından və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını arzu edir. Cavabdeh inzibati orqanın imtina məktubundan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan məlum olur ki, aparılan audit yoxlamasından sonra iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğu müəyyən edildiyi üçün 22 yanvar 2020-ci il tarixli, 1593 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarına əsasən ləğv olunmuşdur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən iddiaçının tələbinə və cavabdeh inzibati orqanın imtinasına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli, 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Hazırki iş üzrə İddiaçı 10 may 2022-ci il tarixli, 05 nömrəli qərara əsasən 07 noyabr 2017-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilərkən vətəndaşın güzəştli şərtlərlə yaşa görə pensiya hüququ mövcud olmuşdur. Belə ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 25 il 11 ay ümumi iş stajı, 17 il 3 ay xüsusi iş stajı mövcud olmuşdur. Lakin inzibati orqan tərəfindən aparılmış audit yoxlaması zamanı iddiaçının yaşının 2017-ci ilin iyul ayının 1-dən sonra tamam olunduğu aşkar olunmuş, nəticədə 01 iyul 2017ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində edilmiş müvafiq əlavə və dəyişikliyin tətbiq edilməsi zərurəti yarandığı əsas gətirilərək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan təyin olunmuş pensiya inzibati orqanın 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarı ilə ləğv edilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. İddia tələbinin birinci, yəni 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, mübahisə 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin həmin tarixədək iddiaçıya münasibətdə mövcudluğu baxımından həll edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Başqa sözlə, yuxarıda istinad olunan normaların tələbinə görə, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün zəruri şərt qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək şəxsin əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan tam əmək stajı, yəni ümumi və xüsusi stajı qazanmış olmasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01 yanvar 2006-cı ilə qədər azı 12 il, 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçıya münasibətdə hər iki hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş, həmçinin iddiaçının xüsusi iş stajının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında “2010100a-13790 - kran maşinistləri (krançılar)” vəzifəsinə uyğun gəldiyi aşkarlanmışdır. Nəticədə iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iş stajına dair qanunun zəruri tələbləri ödənilmiş, onun əmək kitabçasına və arxiv arayışlarına əsasən 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi iş stajının, 17 il 3 ay xüsusi iş stajının mövcudluğu məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəb kimi göstərilən yeganə arqument iddiaçının minimum pensiya təminatına imkan verən pensiya kapitalına malik olmamasıdır. Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən təyin edilməlidir. Həmin Qanunda isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələb nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək qanunvericilikdə nəzərdə tutulmuş ümumi və xüsusi iş stajına malik olduğundan, yəni pensiya hüququ yarandığından 57 yaşını 2017-ci ildən sonra tamamlamasından asılı olmayaraq, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunmalı və mövcud qanunvericiliyin pensiya kapitalı ilə bağlı tələbi tətbiq olunmamalıdır. Göründüyü kimi inzibati orqan iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olan hüquq normalarına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı tələbi əsas gətirərək iddiaçıya təyin olunmuş pensiyanın ləğv edilməsində haqlı olmamışdır. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-313/2022 nömrəli iş üzrə qəbul etdiyi 23 fevral 2022-ci il tarixli qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. İddia tələbinin ikinci, pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması hissəsinə münasibətdə qeyd edilməlidir ki, bu hissənin həlli birinci hissənin həllindən asılı olduğundan iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinin 10 may 2022-ci il tarixli, 05 nömrəli qərarının ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsinə səbəb olur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə qarşı “10 may 2022-ci il tarixli, 05 nömrəli qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. 10 may 2022-ci il tarixli, 05 nömrəli qərar ləğv edilsin və pensiyanın bərpa edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Kəngərli rayon şöbəsinə həvalə olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV