Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-20/2023 18.01.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, üçüncü şəxs X7 və üçüncü şəxs X2 nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı "İddiaçı mülkiyyətində olan Culfa rayon Gülüstan kəndində yerləşən 978 m2 həyətyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin qeydiyyatında olan X3 və X2 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Culfa rayon Gülüstan kəndində yerləşən 978 m2 həyatyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin qeydiyyatında olan X3 və X2 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə hazırlıq icraatı iclaslarına başlanılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2- 1(122)-271/2022 nömrəli qərardadı ilə X12 (X3 qanuni nümayəndəsi) və X4 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Bundan sonra işin hazırlıq icraatı iclasları davam etdirilərək şifahi icraat qaydasında hazırlıq iclası 18 yanvar 2023-cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Culfa Rayon Polis Şöbəsinin nümayəndəsi və üçüncü şəxs X4 məhkəmə iclasında iştirak etməmiş, lakin cavabdeh Culfa Rayon Polis Şöbəsi məhkəməyə 10 yanvar 2023-cü il tarixli, 7/34 nömrəli məktub göndərərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddiaçının, iddiaçının vəkili və nümayəndəsinin, üçüncü şəxsin və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və müvafiq qərar verilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X12 azyaşlı övladı X3 da Culfa rayonu, Gülüstan kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evi barəsində hüquqlara malik olduğunu, həmin torpaq sahəsini və fərdi yaşayış evini birgə nikah dövründə əldə etdiklərini, hər ikisinin ½ pay hüququna malik olduqlarını, İddiaçı həmin torpaq sahəsi və fərdi yaşayış evi barəsində təkbaşına sərəncam vermək hüququna malik olmadığını, əmlak birgə nikah dövründə əldə edildiyindən və övladları ilə birlikdə uzun müddət orada yaşadığından hamısının pay hüququna malik olduqlarını, X3 qeydiyyatdan çıxarılmasına etiraz etdiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X2 nümayəndəsi X10 nümayəndəsi olduğu bacısının uzun müddət həmin fərdi yaşayış evində yaşadığını, ev üzərində istifadə və yaşayış hüququna malik olduğunu, üçüncü şəxs X2 həmin evdə qeydiyyatda olmasının X3 hər hansı hüququnun pozulmasına səbəb ola bilməyəcəyini, buna görə də qeydiyyatdan çıxarılmasına etiraz etdiyini bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxs X7 və üçüncü şəxs X2 nümayəndəsi X6 izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gülüstan Bələdiyyəsinin 02 iyun 2008-ci il tarixli, 06 nömrəli qərarı əsasında İddiaçı adına Culfa rayonu, Gülüstan kəndində 978 kv.m. torpaq sahəsi X13 kitabında 15 iyul 2008-ci il tarixdə 229 nömrə ilə uçota alınmışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 11 yanvar 2023-cü il tarixli, 04/11 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Culfa rayon, Gülüstan kəndində 4153,5 m2 həyətyanı torpaq sahəsi qeydiyyata alınmış, İddiaçı həmin torpaq sahəsini Culfa rayon dövlət notariat kontorunun 01 noyabr 2016-cı il tarixli, 4Ə-129 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17 yanvar 2023-cü il tarixli, 04/32 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Culfa rayonu, Gülüstan kəndində 978 m2 həyətyanı torpaq sahəsi üzərində yerləşən 2 otaqdan ibarət fərdi yaşayış evi qeydiyyata alınmamışdır. İddiaçının tələbinin məzmunundan belə aydın olur ki, iddiaçı övladları X3 və X2 onun mülkiyyətində olduğunu iddia etdiyi Culfa rayon Gülüstan kəndində yerləşən 978 m2 həyətyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin qeydiyyatından çıxarılmalarını tələb edir. X5 yetkinlik yaşına çatmadığından üçüncü şəxs qismində onun qanuni nümayəndəsi X12 məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı Culfa rayonu, Gülüstan kəndində yerləşən 978 m2 həyətyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin onun mülkiyyətində olmasını iddia edərək övladlarının həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də, onun həmin ünvan barəsində mülkiyyət hüquqlarını təsdiq edən hər hansl sübut iş materiallarına əlavə edilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən hüquqlar daşınmaz əmlakın dövlət qeydiyyatında qeydiyyata alındıqdan sonra mülkiyyət hüquqları meydana gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının həmin daşınmaz əmlak üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyi kimi məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma da öz müsbət nəticəsini verməmişdir. Belə ki, Culfa rayonu, Gülüstan kəndində yerləşən 978 m2 həyətyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin iddiaçının adına qeydiyyata alınıb-alınmaması barədə məhkəmənin sorğusuna Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 17 yanvar 2023-cü il tarixli, 04/32 nömrəli məktubunda birmənalı olaraq İddiaçı adına qeydiyyata alınmadığı göstərilmişdir. Bununla da, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclaslarında dəfələrlə yardımlar edilməsinə baxmayaraq, mülkiyyət hüquqlarının təsdiq edən hər hansı sübut təqdim edilməsi və sorğular verilməsi məqsədilə vəsatətlər verilmiş, məhkəmə tərəfindən müvafiq tədbirlər görülməsi məqsədilə müddət təyin edilmişdir. Lakin İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən bugünədək iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sənəd təqdim edilməmiş və müvafiq tədbirlər görülməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı "İddiaçı mülkiyyətində olan Culfa rayon Gülüstan kəndində yerləşən 978 m2 həyətyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin qeydiyyatında olan X3 və X2 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı "İddiaçı mülkiyyətində olan Culfa rayon Gülüstan kəndində yerləşən 978 m2 həyətyanı torpaq sahəsi üzərində 2 otaqdan ibarət olmuş fərdi yaşayış evinin qeydiyyatında olan X3 və X2 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-20/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-20/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver