Məhkəmə qərarları › İş №2-1(122)-203/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-203/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-203/2023 23.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “yeni çayçının tikintisi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yeni çayçının tikintisi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə ona məxsus çayxana keçmiş rəhbərlik tərəfindən dağıdılmışdır. Çayçı təxminən 80 m2 olardı. Heç bir kompensasiya ödənilməmişdir. Çayçı kəndin mərkəzində yerləşirdi. Sonradan Həmin yerdə fiziki şəxs ticarət mərkəzi tikmişdir. Dükanlar kənd camaatına kirayəyə verilmişdir. İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək ona çayçı tikintisi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Cavab məktubunda isə bunun İcra Hakimiyyətinin səlahiyyətində olmadığı qeyd edilmişdir. Onun mülkiyyəti İcra Hakimiyyəti işçilərinin gözləri qarşısında dağıdılmışdır. İddiaçı ona yeni çayçının tikintisi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 23 fevral 2023-cü il tarixə təyin edilmiş, İddiaçı yardım məktubu ünvanlanaraq, məhkəməyə ünvanlanmış iddia ərizəsinin məzmununda ünvan 1sının ona məxsus olduğunu iddia etsə də, bu halı təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında öz təsdiqini tapmamışdır. Bununla da iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmasını mübahisəli olaraq qalmışdır. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya ünvan 1sının onun mülkiyyətində olmasını və hazırkı iddia tələbi üzrə subyektiv hüquqa malik olmasını təsdiq edən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün 10 (on) gün müddət (məktubu aldıqdan sonra) təyin edilmiş, əks halda iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçının məhkəmənin yardım məktubunu 10 fevral 2023-cü il tarixdə almasına baxmayaraq, yardım məktubunda qeyd olunan məsələlərə hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, məhkəmə tərəfindən göndərilmiş 03 fevral 2023-cü il tarixli yardım məktubunu 10 fevral 2023-cü il tarixdə aldığını, yardım məktubunda qeyd olunan məsələnin ona aydın olduğunu, əlavə hər hansı sübutunun və çayçıya mülkiyyət hüququnu təsdiq edən sənədinin olmadığını, iş materiallarına əlavə edilmiş sənədlər əsasında işə baxaraq iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iddiaçının həmin çayçı binası üzərində mülkiyyətini təsdiq edən hər hansı sənədinin olmadığını bildirərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarına əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - 09 yanvar 2023-cü il tarixli aktdan görünür ki, bir qrup kənd camaatı kənd mərkəzində İddiaçı məxsus çayxananın fəaliyyət göstərdiyini, həmin ərazidə ticarət mərkəzinin inşa edildiyini öz imzaları ilə təsdiq etmişdirlər. - Kəngərli Rayon Xok Bələdiyyəsi tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli, 07 nömrəli arayışdan görünür ki, 2007-ci ildə kənddə ticarət binaları söküləndə İddiaçı tikib istifadə etdiyi ticarət iaşə binası sökülmüşdür. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Kəngərli rayonu, Xok kəndində yerləşən çayxana binasının onun mülkiyyətində olduğunu qeyd edərək, həmin binanın qanunsuz olaraq söküldüyünü və buna görə də ona yeni çayxana binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasını tələb edir. İddiaçı tərəfindən iş materiallarına cavabdehin imtina məktubu, bələdiyyənin arayışı, müvafuq akt, qeydiyyatla bağlı arayış və şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar iddiçının Kəngərli rayonu, Xok kəndində yerləşən və mülkiyyətində olduğunu iddia etdiyi çayçı binasına mülkiyyət hüququnu təsdiq etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İddiaçının həmin daşınmaz əmlak üzərində hüququnu təsdiq edən sübutlar iş materiallarına əlavə edilmədiyi kimi iddiaçı da əlavə hər hansı sübutunun və sənədinin olmadığını, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Bununla da, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı yardım məktubu ünvanlanmış və məhkəmə iclasında yardım edilməsinə baxmayaraq, iddiaçı mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sübut təqdim etməmiş və mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “yeni çayçının tikintisi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Kəngərli Rayon İcra Hakimiyyətinə qarşı “yeni çayçının tikintisi üçün torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar