Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-207/2024 16.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “onun istifadəsində olan "xxxx" kiçik müəssisəsi üçün ayrılmış 28 may küçəsində mərkəzi xəstəxananın qabaq hissəsində parkın üstündən sol tərəfdə 10 kv.metr sahədə yerləşən ərazinin Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan "xxxx" kiçik müəssisəsi üçün ayrılmış 28 may küçəsində mərkəzi xəstəxananın qabaq hissəsində parkın üstündən sol tərəfdə 10 kv.metr sahədə yerləşən ərazinin Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 16 dekabr 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 məhkəməyə ünvanlanmış etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - "xxxx" Kiçik müəssisəsinin təsisçisinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə qəbul edilmiş 04 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq 01 iyul 1994-cü il tarixdə 793 nömrəli şəhadətnamə ilə Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsi VÖEN inventarlaşması ilə əlaqədar olaraq yenidən təsis edilərək, müəssisənin nizamnaməsi təsdiq edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 01 iyun 1994-cü il tarixli qərarından görünür ki, “Saday” kiçik müəssisəsinin nizamnaməsi dövlət qeydiyyatından keçirilmiş, müəssisənin rəsmi fəaliyyətinə icazə verilmişdir. - Şahbuz qəsəbə XDM İK-nın 10 may 1993-cü il tarixli, 12 nömrəli sərəncamından görünür ki, Şahbuz qəsəbə əhalisinin zəruri ərzaq və sənaye mallarına olan ehtiyacını ödəmək, bolluq yaratmaq, qiymətləri aşağı salmaq və azad ticarəti inkişaf etdirmək məqsədi ilə “Saday” kiçik müəssisəsi üçün 28 May küçəsində mərkəzi xəstəxanasının qabaq hissəsində, parkın üstdən sol tərəfindən 10 kv.m. sahədə mağaza üçün yer ayrılmış, rəy verilməsi Şahbuz rayon XDM İK-nın memarlıq şöbəsindən xahiş edilmişdir. - İddiaçı tərəfindən “SADAY” kiçik müəssisəsinin nizamnaməsi məhkəməyə təqdim edilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı Şahbuz qəsəbə XDM İK-nın 10 may 1993-cü il tarixli, 12 nömrəli sərəncamı ilə “Saday” kiçik müəssisəsi üçün 10 kv.m. sahədə mağaza üçün ayrılmış yerin ona verilməsini tələb edir. Lakin iş materiallarında olan və sonradan əlavə edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı bununla bağlı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçıya və onun vəkilinə məhkəmə iclaslarında dəfələrlə yardım edilərək, hazırki iddia tələbi üzrə iddianın "xxxx" kiçik müəssisəsinin adından qaldırılmalı olduğu izah edilmişdir. Lakin iddiaçı tərəf həmin yardımlara məhəl qoymayaraq istər iddiaçının öz adından, istərsə də "xxxx" kiçik müəssisəsinin adından qaldırılan iddia tələbi üzrə hər hansı mülkiyyət sənədinə malik olmadıqlarını bildirmişdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən istər iddiaçının, istərsə də "xxxx" kiçik müəssisəsinin Şahbuz şəhəri, 28 May küçəsində yerləşən 10 kv.m. əraziyə mülkiyyət hüquqlarını təsdiq edən sənədlər mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə birbaşa nəzərdə tutulduğu halda, iş materiallarından iddiaçının həmin ərazi üzərində mülkiyyət hüquqlarının olmamasını öz təsdiqini tapır. İddiaçı həmin daşınmaz əmlak üzərində hüququnu təsdiq edən sübutları iş materiallarına əlavə etmədiyi kimi iddiaçı və onun vəkili əlavə hər hansı sübutunun və sənədinin olmadığını, mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdirlər. Bununla da, iddiaçının hazırkı iddia tələbi ilə bağlı subyektiv hüquqa malik olması mübahisəli olaraq qalmışdır. İddiaçının müvafiq mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Həmçinin hazırki iddia tələbi ilə eynilik təşkil edən inzibati iş 2017-ci ildə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2-1(087)-28/2017 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “"xxxx" kiçik müəssisəsinin dövlət ehtiyacları üçün alındığına görə vurulmuş maddi ziyanın kompensasiya yolu ilə qaytarılması tələbi”nə dair iddia inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və ya belə hüquqların və qanunla qorunan maraqların pozulması nəticəsində vurulmuş maddi ziyana görə hansı məbləğdə kompensasiya ödənilməsi tələbi əsaslandırıla bilmədiyindən və həmin mağaza binasının dövlət ehtiyacları üçün alınması və sökülməsi barədə Cavabdeh tərəfindən qəbul edilmiş hər hansı bir inzibati akt iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmədiyindən iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2-1(087)-28/2017 nömrəli qərardadından apellyasiya şikayəti verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 17 mart 2017-ci il tarixli, 2-1(108)-05/2017 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 15 fevral 2017-ci il tarixli, 2-1(087)-28/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 17 mart 2017-ci il tarixli, 2- 1(108)-05/2017 nömrəli qərardadından kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2017-ci il tarixli, 2- 1(102)-1107/17 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 17 mart 2017-ci il tarixli, 2-1(108)-05/2017 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olub-olmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı İddiaçı və iddiaçının vəkili Vəkil məhkəmə tərəfindən məhkəmə iclaslarında müvafiq yardımlar edilmiş, mübahisəli ərazinin iddiaçının mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim etməsi təklif olunmuş, lakin buna baxmayaraq, iddiaçı və onun vəkili mülkiyyət hüquqlarını təsdiq edən hər hansı sübutunun olmadığını və mövcud sənədlər əsasında işə baxılmasını xahiş etmişdirlər. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “onun istifadəsində olan "xxxx" kiçik müəssisəsi üçün ayrılmış 28 may küçəsində mərkəzi xəstəxananın qabaq hissəsində parkın üstündən sol tərəfdə 10 kv.metr sahədə yerləşən ərazinin Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı Cavabdehnə qarşı “onun istifadəsində olan "xxxx" kiçik müəssisəsi üçün ayrılmış 28 may küçəsində mərkəzi xəstəxananın qabaq hissəsində parkın üstündən sol tərəfdə 10 kv.metr sahədə yerləşən ərazinin Cavabdehndən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-207/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-207/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver