Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-209/2022 02.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinə qarşı "İddiaçı adına Sədərək rayon Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 mart 1981-ci il tarixli, 07 nömrəli ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına Sədərək rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 11 yanvar 1981-ci il tarixli ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 23 avqust 1980-ci ildə Şərur rayon (indiki Sədərək rayon) Dəmirçi kəndində anadan olmuş və ona doğum haqqında şəhadətnamə verilmişdir. 1987-ci ildə Dəmirçi kənd orta məktəbinin birinci sinfinə qəbul olunmuş və 1995-ci ildə həmin orta məktəbin 9-cu sinfini bitirmişdir. 24 mart 2000-ci ildə ona AO0253409 saylı hərbi bilet verilmişdir. 15 fevral 2008-ci ildə rəsmi nikah qeydindən keçməklə ailə həyatı qurmuşdur. Hazırda iki uşağı vardır. Ən son 23 avqust 2017-ci il tarixdə Şərur RPŞ tərəfindən ona AZE ******** saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Oğlu Rzaqulu bu il, yəni 2022-ci ilin iyul ayında Türkiyə Respublikasında yerləşən universitetlərə qəbulla əlaqədar imtahan vermək üçün Türkiyə Respublikasına getmək istəyərkən az yaşlı olduğundan valideyinlərinin etibarnaməsi lazım olduğuna görə iddiaçı etibarnamə vermək üçün notariat orqanına müraciət etmiş, orada ona 11 yanvar 1981-ci ildə Şərur rayon (indiki Sədərək rayon) Dəmirçi kəndində ölümü barədə Sədərək Rayon Qeydiyyat Şöbəsində müvafiq qeydiyyat aparıldığı, həmin qeydiyyata əsasən ölmüş sayıldığından etibarnamə verməyinin mümkün olmadığı bildirilmişdir. Həmin vaxt bu hal iddiaçıya məlum olmuş və o, 05 avqust 2022-ci il tarixdə adına tərtib edilmiş ölüm akt qeydinin ləğv edilməsi barədə Sədərək rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Sədərək rayon Qeydiyyat şöbəsi onun müraciətinə 05 avqust 2022-ci il tarixdə cavab verərək aparılan yoxlama nəticəsində xx.xx.1981-ci ildə Sədərək rayon Dəmirçi kənd İN tərəfindən tərtib olunan 07 nömrəli ölüm haqqında akta əsasən İddiaçı 11 yanvar 1981-ci ildə Şərur rayon Dəmirçi kəndində vəfat etdiyinin müəyyən olunduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, ailələrində qardaş-bacılarından həmin illərdə ölən olmamış, onun barəsındə aparılmış qeydiyyatın nəyə əsasən və hansı formada aparılmasına dair heç bir məlumatı yoxdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən İddiaçı adına Sədərək rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 11 yanvar 1981-ci il tarixli ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinə göndərilmiş, məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 13 sentyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinə qarşı iddia qaldırdığını, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “İddiaçı adına Sədərək rayon Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 mart 1981-ci il tarixli, 07 nömrəli ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş edərək bu barədə yazdığı 13 sentyabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 13 sentyabr 2022-ci il tarixli, 2-1(122)-209/2022 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 26 avqust 2022-ci il tarixli, 05/13-94 və 29 sentyabr 2022-ci il tarixli, 05/13-116 nömrəli yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci ildə Sədərək rayon Qeydiyyat şöbəsinə müraciət edərək adına tərtib edilmiş ölüm akt qeydinin ləğv edilməsini istəmişdir. Aparılan yoxlama nəticəsində müəyyən edilmişdir ki, 03 mart 1981-ci il tarixdə Şərur rayon Dəmirçi kənd İN tərəfindən tərtib olunan 07 nömrəli ölüm haqqında akta əsasən İddiaçı 11 yanvar 1981-ci ildə Dəmirçi kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən ölüm haqqında akt qeydinin ləğvi qeydiyyat şöbəsinin səlahiyyətinə aid olmadığından icrası mümkün deyildir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 07 oktyabr 2022ci il tarixli, 2-1(122)-209/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 02 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəməyə dəftərxana vasitəsilə daxil olmuş 13 sentyabr 2022-ci il tarixli ərizəsinin məzmunundan aydın olur ki, o, Bakı şəhərində yaşadığını, maddi vəziyyəti ilə əlaqədar Naxçıvan şəhərinə məhkəmədə iştirak etmək üçün gəlib-getmək imkanının olmadığını, növbəti məhkəmə iclaslarında vəkilinin iştirak edəcəyini bildirərək növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş, lakin məhkəməyə 14 oktyabr 2022-ci il tarixli, 05/13- 128 nömrəli məktub göndərərək 02 noyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərini bildirib onların iştirakı olmadan işə baxılmasını və qanuni qərar verilməsini xahiş etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən Sədərək rayon Dəmirçi kəndində yaşayan İddiaçı ünvanlanmış 05 avqust 2022-ci il tarixli, 05/15-88 nömrəli məktubdan məlum olur ki, Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli İddiaçı adına tərtib edilmiş ölüm akt qeydinin ləğv edilməsi barədə müraciətə baxılmış, aparılan yoxlama nəticəsində müəyyən edilmişdir ki, 03 mart 1981-ci ildə Sədərək rayon Dəmirçi kənd İN tərəfindən tərtib olunan 07 nömrəli ölüm haqqında akta əsasən İddiaçı 11 yanvar 1981-ci ildə Şərur rayon Dəmirçi kəndində vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar"a və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında aparılır. Bu səbəbdən ölüm haqqında akt qeydinin ləğvi qeydiyyat şöbəsinin səlahiyyətinə aid olmadığından ona müvafiq olaraq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - 28 avqust 1980-ci il tarixli, Vİİ-ЖГ seriyalı, 308694 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı 23 avqust 1980-ci il tarixdə Şərur rayonunun Dəmirçi kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydlər kitabında 28 avqust 1980-ci il tarixdə 165 nömrə ilə qeyd edilmişdir. - Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 15 fevral 2008-ci il tarixli, AZ-İ seriyalı, 259802 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı ilə X1 arasında 15 fevral 2008-ci il tarixdə Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə nikah bağlanmışdır. Bu barədə 15 fevral 2008-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Şərur rayon Təhsil Şöbəsi tərəfindən verilmiş 17 avqust 2022-ci il tarixli, 589 nömrəli arayışdan aydın olur ki, 23 avqust 1980-ci il təvəllüdlü İddiaçı, həqiqətən, 24 iyul 1995-ci il tarixdə 846 nömrəli əmrə əsasən Şərur rayon Dəmirçi kənd 1 saylı orta məktəbin İX sinfini bitirmişdir. - AO seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı 21 aprel 2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayon Hərbi Komissarlığının nəzdindəki komissiya tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 46b maddəsinə (Azərbaycan Respublikası MN-nin xx.xx.2000-ci il tarixli, 95 nömrəli əmri) əsasən dinc dövrdə hərbi xidmətə yararsız hesab edilmişdir. - Şərur Rayon Polis Şöbəsi tərəfindən 23 avqust 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 avqust 1980-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Dəmirçi kəndində doğulmuş İddiaçı Şərur rayonu, Dəmirçi kəndində pasport qeydiyyatındadır. - Sədərək Rayon İcra Hakimiyyətinin Dəmirçi kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli, 792 nömrəli arayışdan aydın olur ki, Əhmədov X2 rayon Dəmirçi kəndində qeydiyyatda durur. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 193.1-ci maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 1.7-ci bəndinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. - 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. - 8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. - 8.14-cü bəndinə əsasən ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. İşin hallarından məlum olur ki, ölüm haqqında məlumat akt kitabında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılmalı olduğu halda, İddiaçı adına ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. 03 mart 1981-ci il tarixdə Şərur rayon Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən tərtib olunan 07 nömrəli ölüm haqqında akt qeydi olmasına baxmayaraq, sonradan iddiaçının 2008-ci il tarixdə nikah bağlaması barədə qeyd aparılmışdır. Həmçinin iddiaçının 24 iyul 1995-ci il tarixdə 846 nömrəli əmrə əsasən Şərur rayon Dəmirçi kənd 1 saylı orta məktəbin İX sinfini bitirməsi faktı müvafiq orqan tərəfindən verilmiş arayışla və dinc dövrdə hərbi xidmətə yararsız olması faktı isə İddiaçı adına tərtib olunmuş hərbi biletlə təsdiq olunmuşdur. Bütün bu hallar sübut edir ki, İddiaçı barəsindəki 03 mart 1981-ci il tarixli, 07 nömrəli ölüm haqqında akt qeydi yanlışlıqla aparılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli, cavabdeh İddiaçı adına Sədərək rayon Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 mart 1981-ci il tarixli, 07 nömrəli ölüm akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki İddiaçı cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinə qarşı "İddiaçı adına Sədərək rayon Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 mart 1981-ci il tarixli, 07 nömrəli ölüm akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı adına Sədərək rayon Dəmirçi kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş 03 mart 1981-ci il tarixli, 07 nömrəli ölüm akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Sədərək rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-209/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-209/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver