Məhkəmə qərarları › İş №2-1(122)-21/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-21/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-21/2021 04.08.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin direktoru X4 və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin direktoru X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC-nin direktoru X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" kiçik müəssisəsi 1992-ci ildən fəaliyyət göstərmişdir. Onun hüquqi varisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19.08.2020-ci il tarixdə ********** VÖEN nömrəli ilə Azərbaycan Respublikası Vergilər Nazirliyindən Kommersiya qurumunun Dövlət reyestrindən çıxarış alınmışdır. Naxçıvan şəhəri XDM-nin 20 aprel 1993-cü il tarixli, 89 nömrəli Sərəncamına əsasən Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" kiçik müəssisəsinin 1993-cü il 15 aprel tarixli ərizəsi nəzərə alınmış, kənd təsərrüfatı və digər ərzaq mallarının tədarükü, daşınıb gətirilməsi, ticarətinin təşkili və kooperasiya işləri ilə əlaqədar olaraq ona Ağamalıoğlu bir nömrəli istismar müddəti başa çatmış köhnə kommunal binanın hələlikdə bir hissəsi, arxa hissəsindəki torpaq sahəsi ilə birlikdə onun istifadəsinə verilməsi, gələcəkdə şərait yarandıqda orada yerləşən təşkilatların köçürülməsi və bina ərazi ilə birlikdə müəssisənin sərəncamında qalması və ona satılması qeyd olunmuşdur. Sərəncama əsasən "xxxx" kiçik müəssisəsinə uçmuş hissə də daxil olmaqla öz hesabına binanı və otaqları yararlı vəziyyətə salıb, istifadəli vəziyyətə gətirilməsi və dəyəri ödənilməklə balansına götürülməsi tapşırılmışdır. Naxçıvan şəhəri XDM-nin 13 sentyabr 1993-cü il tarixli Qərarında qeyd olunmuşdur: Naxçıvan şəhəri XDM-nin iclası qərara alır:

1. Naxçıvan şəhər "xxxx" kiçik müəssisəsinin ərizəsi nəzərə alınsın. Onun yerləşdiyi Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın həyətyanı sahəsi 2400 m2 ümumi tikililərin sahəsi 621.03 m2, o cümlədən köməkçi sahə 222.020 m2 şəxsi mülkiyyətə keçirilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 1989-cu il tarixli, 257 nömrəli qərarını rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası texniki inventarlaşdırma bürosunun tərtib etdiyi 02 sentyabr 1993-cü il tarixli, 30 nömrəli qiymət aktında göstərilən dəyər ******* rubl (bir milyon səkkiz yüz iyirmi yeddi min yüz qırx) təsdiq edilməklə "xxxx" kiçik müəssisənin şəxsi mülkiyyətinə satılsın.

3. Tapşırılsın Naxçıvan şəhər təqaüdçülərə sosial xidmət ərazi mərkəzinə həmin sahənin balansdan çıxarılmasını təmin etsin.

4. Naxçıvan Muxtar Respublikası texniki inventarlaşdırma bürosundan xahiş edilsin ki, alqı-satqı müqaviləsinə əsasən satılan mülki şəxsi mülkiyyət sırasına daxil etsin və müəssisənin adına pasportlaşdırılsın.

5. Tapşırılsın Naxçıvan dövlət vergi müfəttişliyinə ki, "xxxx" kiçik müəssisəsini dövlət vergisinə cəlb etsin.

6. Alqı-satqı zamanı mülkün dəyərinin 100 faizi yerli büdcəyə ödənilsin. Həmin qərar əsasında iddiaçı tərəfindən 1.847.140 (bir milyon səkkiz yüz qırx yeddi min yüz qırx) rubl dövlət büdcəsinə ödənilmişdir. Tikililərin və torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 07 sentyabr 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, özəlləşdirilən obyekt dövlətə məxsusdur. Dövlətə məxsus obyektlər və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə müvafiq olaraq həmin dövrdə fəaliyyət göstərən Dövlət Əmlak Komitəsi tərəfində özəlləşdirilə biləcəyi də qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim olunmuş sənədlərdə istər tikilinin, istərsə də tikilinin yerləşdiyi torpaq sahəsinin Naxçıvan Şəhər Xalq Deputatları Məclisi tərəfindən özəlləşdirildiyi qeyd olunur. İddiaçı qeyd olunanlara əsasən "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 27 yanvar 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 27 yanvar 2021-ci il tarixli, 04/48 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, "xxxx" kiçik müəssisəsinin hüquqi varisi "xxxx" MMC-nin özəlləşmə ilə bağlı sənədləri araşdırılmış və özəlləşdirilən obyektin dövlətə məxsus olduğu məlum olmuşdur. Dövlətə məxsus obyektlər və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə müvafiq olaraq Dövlət Əmlak Komitəsi tərəfindən özəlləşdirilə bilərdi. Lakin təqdim edilən sənədlərdə istər tikilinin, istərsə də tikilinin yerləşdiyi torpaq sahəsinin Naxçıvan Şəhər Xalq Deputatları Məclisi tərəfindən qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun olmadığından hüquqların qeydiyyatından imtina olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 16 iyul 2021-ci il tarixli, 2-1(122)-21/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 04 avqust 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin direktoru X8 iddia ərizəsinə uyğun izahat verərək və izahatına onu da əlavə edərək 1993-cü ildə sərəncam verildiyini, "xxxx" kiçik müəssisəsinin 1997-ci ildən fəaliyyətini dayandırdığını, Qərara əsasən mənzillərlə bağlı alq-satqı müqaviləsinin bağlandığını, mənzillərin qeydiyyat vəsiqəsinin, texniki pasportunun olduğunu, lakin həmin sənədləri itirdiklərini, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə bununla bağlı sorğu verdiklərini, həmin sənədlərin olmadığını, məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq, həmin sənədləri istər Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və məhkəməyə təqdim edə bilmədiklərini bildirmiş və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 izahat verərək, məhkəməyə təqdim edilən yazılı münasibətdə qeyd olunanları müdafiə edərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin məktublarını, ölüm haqqında şəhadətnamənin, dövlət qeydiyyatı haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini, iddiaçının cavabdeh inzibati orqana müraciəti, müəssisənin nizamnaməsinin surətini, müəssisənin qərarının surətini, dövlət reyestrindən çıxarışı, sərəncamın, qərarın, qiymət aktının, şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən vəkil Allahverdi Bağırova ünvanlanan 26 noyabr 2020-ci il tarixli, 539 nömrəli məktubundan görünür ki, "xxxx" kiçik müəssisəsinin hüquqi varisi "xxxx" MMC-nin iddia etdiyi daşınmaz əmlakın texniki pasportunun olub-olmaması haqqında Xidmətin məlumat bazasında heç bir məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən "xxxx" MMC-nin direktoru Zəka Yusifova ünvanlanan 24 sentyabr 2020ci il tarixli, 423 nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlər araşdırılmış və özəlləşdirilən obyektin dövlətə məxsus olduğu məlum olmuşdur. Dövlətə məxsus obyektlər və obyektlərin yerləşdiyi torpaq sahələri qanunvericiliyə müvafiq olaraq həmin dövrdə fəaliyyət göstərən Dövlət Əmlak Komitəsi tərəfində özəlləşdirilə biləcəyi qeyd olunmuşdur. Lakin təqdim edilən sənədlərdə istər tikilinin, istərsə də tikilinin yerləşdiyi torpaq sahəsinin Naxçıvan Şəhər Xalq Deputatları Məclisi tərəfindən özəlləşdirildiyi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması qanunvericiliyə uyğun deyildir. - "xxxx" MMC-nin direktoru X4 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanan 07 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Naxçıvan şəhər X3 20 aprel 1993-cü il tarixli, 89 nömrəli sərəncamı və Naxçıvan şəhər X3 Naxçıvan şəhər istismar müddəti qurtarmış Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın və ona aid olan torpaq sahəsinin şəxsi mülkiyyətə verilməsi haqqında 13 sentyabr 1993-cü il tarixli qərarına əsaslanaraq, göstərilən bina və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarış və texniki pasportun verilməsinə göstəriş verilməsini xahiş etmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin surətinin 1.2-ci bəndinə əsasən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti 19 mart 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçərək 70-98/0 nömrəli dövlət qeydiyyat şəhadətnaməsi almış "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. - "xxxx" Kiçik Müəssisəsi təsisçilərinin 18 avqust 2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və cəmiyyətin nizamnaməsi təsdiq edilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19.08.2020-ci il tarixdə ********** (VÖEN) nömrə ilə qeydiyyata alınmışdır. - Naxçıvan Şəhər X3 20 aprel 1993-cü il tarixli, 89 nömrəli sərəncamının surətindən görünür ki, Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" kiçik müəssisəsinin 1993-cü il 15 aprel tarixli ərizəsi nəzərə alınsın. Kənd təsərrüfatı və digər ərzaq mallarının tədarükü, daşınıb gətirilməsi, ticarətinin təşkili və koperasiya işləri ilə əlaqədar olaraq ona Ağamalıoğlu bir nömrəli istismar müddəti başa çatmış köhnə kommunal binanın hələlikdə bir hissəsi, arxa hissəsindəki torpaq sahəsi ilə birlikdə onun istifadəsinə verilsin. Gələcəkdə şərait yarandıqda orada yerləşən təşkilatların köçürülməsi və bina ərazi ilə birlikdə müəssisənin sərəncamında qalsın və ona satılsın. "xxxx" kiçik müəssisəsinə tapşırılsın ki, uçmuş hissə də daxil olmaqla öz hesabına binanı və otaqları yararlı vəziyyətə salıb, istifadəli vəziyyətə gətirilməsi və dəyəri ödənilməklə balansına götürsün. - Naxçıvan Şəhər X3 13 sentyabr 1993-cü il tarixli Naxçıvan şəhərində istismar müddəti qurtarmış Ağamalıoğlu küçəsi 1 №-li binanın şəxsi mülkiyyətə verilməsi haqqında qərarın surətindən görünür ki, 1. Naxçıvan şəhər "xxxx" kiçik müəssisəsinin ərizəsi nəzərə alınsın. Onun yerləşdiyi Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın həyətyanı sahəsi 2400 m2 ümumi tikililərin sahəsi 621.03 m2, o cümlədən köməkçi sahə 222.020 m2 şəxsi mülkiyyətə keçirilsin. 2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyul 1989-cu il tarixli, 257 nömrəli qərarını rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası texniki inventarlaşdırma bürosunun tərtib etdiyi 02 sentyabr 1993-cü il tarixli, 30 nömrəli qiymət aktında göstərilən dəyər ******* rubl (bir milyon səkkiz yüz iyirmi yeddi min yüz qırx) təsdiq edilməklə "xxxx" kiçik müəssisənin şəxsi mülkiyyətinə satılsın. 3. Tapşırılsın Naxçıvan şəhər təqaüdçülərə sosial xidmət ərazi mərkəzinə həmin sahənin balansdan çıxarılmasını təmin etsin. 4. Naxçıvan Muxtar Respublikası texniki inventarlaşdırma bürosundan xahiş edilsin ki, alqısatqı müqaviləsinə əsasən satılan mülki şəxsi mülkiyyət sırasına daxil etsin və müəssisənin adına pasportlaşdırılsın. 5. Tapşırılsın Naxçıvan dövlət vergi müfəttişliyinə ki, "xxxx" kiçik müəssisəsini dövlət vergisinə cəlb etsin. 6. Alqı-satqı zamanı mülkün dəyərinin 100 faizi yerli büdcəyə ödənilsin. - 02 sentyabr 1993-cü il tarixli, 30 nömrəli qiymət aktının surətindən görünür ki, Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, 1 nömrəli tikililər ******* (bir milyon səkkiz yüz iyirmi yeddi min yüz qırx) rubl dəyərində qiymətləndirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, AZ7000, ünvan 3 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 19.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30.04.2007-ci il tarixli Fərmanına əsasən bir pəncərə prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. - 20 iyun 2005-ci il tarixli, AZ-İ 116694 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 24 aprel 2004-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2004-cü il aprel ayının 30 günündə 148 nömrə ilə qeyd edilmişdir. Ölüm səbəbi kimi beyin insultu göstərilmişdir. - 13 iyun 1984-cü il tarixli, 325290 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 5 aprel 1969-cu il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. - AZE seriyalı 05501123 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 05 aprel 1969-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş və ünvan 4 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanladığı 15 fevral 2021-ci il tarixli, 04/103 nömrəli məktubdan görünür ki, "xxxx" kiçik müəssisəsinin iddia etdiyi əmlakın özəlləşdirilməsi ilə bağlı Xidmətdə "xxxx" MMC-nin təqdim etdiyi Naxçıvan Şəhər X3 20.04.1993-cü il tarixli, 89 nömrəli sərəncamı, 1309.1993-cü il tarixli qərarı və Naxçıvan Muxtar Respublikası Texniki İnventarlaşdırma Bürosunun tərtib etdiyi 02.09.1993-cü il tarixli, qiymət aktından başqa sənədlər mövcud deyildir. Həmin sənədlərdə obyektin dövlətə məxsus olması qeyd olunmuşdur. Təqdim olunan qərarda əmlakın qeyri-yaşayış obyekti, qiymət aktında isə mənzil kimi qeyd olunması uyğunsuzluq yaradır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində olan torpaqlardır. Mübahisəli torpaq sahəsi dövlət idarə və təşkilatının yerləşdiyi torpaq sahəsi olduğundan dövlət mülkiyyətinə aid torpaq sahəsidir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 26 may 2021-ci il tarixli, 265/2021 nömrəli məktubdan görünür ki, sözügedən mülkiyyətin özəlləşdirilməsinə başlanılmış, lakin yekun sənədlər (alqı-satqı müqaviləsi, texniki pasport, dəyərinin ödənilməsini təsdiq edən qəbz) olmadığından özəlləşdirmə prosesinin başa çatıb-çatmadığınını müəyyənləşdirilməsi mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 01 iyun 2021-ci il tarixli 02/63 nömrəli məktubdan görünür ki, "xxxx" kiçik müəssisəsinin hüquqi varisi "xxxx" MMC-yə aid texniki pasport, alqı-satqı müqaviləsi və ödəmə qəbzi X5 yoxdur. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 07 iyun 2021-ci il tarixli, 279/2021 nömrəli məktubdan görünür ki, məhkəmənin sorğusu araşdırılmış və Nazirliyin arxivində qeyd edilən obyektin özəlləşdirilməsinə və ya hər hansı dövlət orqanının balansında olmasına dair sənədlər aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan 02 iyul 2021-ci il tarixli, **********049800 nömrəli məktubdan görünür ki, "xxxx" Kiçik Müəssisəsi 19 mart 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 70-98/0 nömrəli şəhadətnamə ilə Dövlət qeydiyyatına alınmışdır. Müəssisənin təsisçiləri tərəfindən 18 avqust 2020-ci il tarixdə "xxxx" Kiçik Müəssisəsinin bazası əsasında onun hüquqi varisi olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis edilməsi üçün müvafiq sənədlərlə Dövlət Vergi Xidmətinə müraciət olunmuşdur. Bununla əlaqədar olaraq 19 avqust 2020-ci il tarixdə orqan tərəfindən qanunvericiliyin tələbləri əsasında İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi varis olaraq ********** nömrəli VÖEN şəhadətnaməsi ilə dövlət qeydiyyatına və vergi uçotuna alınmışdır. Cəmiyyət yarandığı gündən bu günədək heç bir fəaliyyəti olmamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanan 13 iyul 2021ci il tarixli, 19/112 nömrəli məktubdan görünür ki, məhkəmənin müvafiq sorğusu barədə məlumat əldə etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilə biləcəyi tövsiyə olunmuşdur. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı Naxçıvan Şəhər X3 1993-cü il tarixli sərəncamına və qərarına istinad edərək direktoru olduğu "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsi və tikililərin dövlət qeydiyyatına alınmasını tələb edir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanan məktublardan və nümayəndə X2 tərəfindən məhkəmə prosesləri zamanı verilən izahatlardan da aydın olur ki, iddiaçı tərəfindən inzibati orqana təqdim edilən sənədlər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından iddiaçının tələbinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 8.0.9-cı maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.10 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırki işin hallarına tətbiq edərək qeyd edir ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatı üçün müəyyən tələblər qoyulmuşdur. Belə ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunduğu nəzərdə tutulmuşdur. Hazırki iş materiallarında da Naxçıvan Şəhər X3 qərarına əsasən Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, 1 nömrəli binanın həyətyanı sahəsi 2400 m2 ümumi tikililərin sahəsi 621.03 m2, o cümlədən köməkçi sahə 222.020 m2 "xxxx" kiçik müəssisəsinin şəxsi mülkiyyətinə keçirilməsi qərara alınmışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin "xxxx" Kiçik Müəssisəsinin hüquqi varisi olması faktı iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla təsdiq olunur. Bu hal işin mübahisə olunmayan hallarına aiddir. Bununla belə iddiaçının tələbi "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınmasıdır. Həmin tikililərin və torpaq sahəsinin sözügedən müəssisənin adına özəlləşdirilməsi ilə bağlı müvafiq qərar olsa da, özəlləşmənin sonrakı mərhələlərinin aparılmasını təsdiq edən sənədlər iş materiallarında mövcud deyildir. Məhkəmə araşdırması zamanı dəfələrlə iddiaçıya özəlləşmənin sonrakı mərhələlərinin aparılmasını təsdiq edən müvafiq sənədlərin-alqı-satqı müqaviləsini, qeydiyyat vəsiqəsinin, texniki pasportu, qiymət aktına əsasən ödənilən məbləği təsdiq edən qəbzlərin məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı bu kimi sənədlərin mövcud olduğunu bildirsə də, həmin sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə qeyd olunan sənədlərin mövcudluğu və məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən dəfələrlə müvafiq dövlət orqanlarına sorğular verilmiş, lakin aparılan araşdırma müsbət nəticə verməmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Lakin qanunvericiliyin tələb etdiyi müvafiq sənədlər iddiaçı tərəfindən istər cavabdeh inzibati orqana müraciət edərkən, istərsə də məhkəmə gedişatı zamanı təqdim edilə bilməmişdir. Hazırki iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçı hüquqların dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün lazım olan sənədləri təqdim edə bilmədiyindən cavabdeh tərəfindən hazırki tələb icra edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən iddiaçı "xxxx" MMC-nin direktoru X4 "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC-nin direktoru X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İPM-in 110.3-cü maddəsinin tələbinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur Odur ki, işə baxılması ilə əlaqədar prosessual xərclər iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 12, 58, 68-69, 75, 78, 85 və 110.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı "xxxx" MMC-nin direktoru X4 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı "xxxx" MMC-nin yerləşdiyi torpaq sahəsinin və tikililərin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. İddia tələbi təmin olunmadığından prosessual xərclər iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar