Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-21/2024 23.09.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Yusifov Araz Ərrəhman oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sökülmüş yaşayış evinin yerində inşa olunmuş binadan mənzillə təmin olunması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil **********71-05101-093004 reyestr nömrəsi ilə ona məxsus olmuşdur. Həmin yaşayış evi və həyətyanı torpaq sahəsi dövlət ehtiyacları üçün alındığından o, həmin yerdə inşa olunmuş mənzillə təmin olunmalı idi. Lakin bina tikilsə də mənzillə təmin edilməmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyətinin ona göndərdiyi məktubda bildirilir ki. H.Əliyev prospekti 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı həmin binada yaşayan bütün sakinlər yeni inşa edilmiş çoxmərtəbəli binada mənzillə təmin olunmuşlar. Sökülən mənzilin əvəzində Naxçıxan şəhəri. Ə.Qəmküsar küçəsi, ev 22 ünvanında 3 otaqlı, 23№-li mənzil onun üçün ayrılmışdır. Məktubda onun mənzillə təmin edildiyi yazılsa da, lakin ona heç bir mənzil verilməmişdir. Həmin ünvanda yerləşən bina köhnə olmaqla qəzalı vəziyyətdədir. İddiaçı göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 149, 150-ci maddələrinin tələblərinə istinadən məhkəmədən onun sökülmüş yaşayış evinin yerində inşa olunmuş binadan mənzillə təmin olunması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 13 mart 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaya qarşı 13 mart 2023-cü il tarixli, 5- 5/2-123/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən binanın sökülməsinə dair qərar və yaxud inzibati akt müəyyən olunmamışdır. Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 17 fevral 2023-cü il tarixdə göndərilmiş sorğuya Komitənin 06 mart 2023-cü il tarixli, 4/118 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri ərazisində qeyd olunan dövrlərdə təmir və abadlıq işləri ilə bağlı hər hansı zəruri sənədin və ya məlumatın müəyyən edilmədiyinə dair cavab göndərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsinə verilən sorğuya cavab olaraq İdarənin 28 fevral 2023-cü il tarixli, 02/91 nömrəli məktubunda Naxçıvan şəhəri, H.Əliyev prospektində (X1 yanı) yerləşən mənzilin 2016-cı ildə sökülməsinə, İddiaçı kompensasiya ödənilməsinə və ya əvəzinin verilməsinə dair sərəncam, maliyyə sənədləri olması barədə hər hansı məlumatın mövcud olmadığı bildirilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə verilmiş sorğuya cavab olaraq Xidmət tərəfindən 06 mart 2023-cü il tarixli, 05/182 nömrəli məktubla daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 13 may 2009-cu il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən ümumi sahəsi 38.83 m2 olan 9 nömrəli mənzilin qeydiyyata alındığı, lakin həmin mənzilin sökülməsinə və yaxud əvəzinin ödənilməsinə dair heç bir məlumatın mövcud olmadığı göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən iddiada qeyd edilən və əlavə edilən sənədlər araşdırılarkən İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etdiyi və dəvət olunduğu zaman H.Əliyev prospektində yerləşən binanın qəzalı vəziyyətdə olduğu üçün sökülməsi nəticəsində 4 saylı binada yaşayan bütün sakinlərin ünvan 15 saylı binada mənzillərlə təmin edildiyi, həmçinin iddiaçıya həmin binada 3 otaqlı 23 №-li mənzilin ayrıldığı izah edildiyi məlum olmuşdur. İddiaçının iddia etdiyi 2 otaqlı mənzilinin sökülməsinin əvəzində 3 otaqlı və daha geniş sahəsi olan mənzil verilməsinə baxmayaraq iddiaçı mənzili qəbul etməkdən imtina edərək əvvəlki sökülmüş binanın yerində tikilmiş binada mənzil verilməsinə təkid etməkdə davam etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 29 aprel 2024-cü il tarixli, 2- 1(122)-21/2024 nömrəli qərardadı ilə İddiaçı 02 mart 2024-cü il tarixli ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Bundan sonra yenidən işin hazırlıq icraatına başlanaraq məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 07 iyun 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaya qarşı 06 iyun 2024-cü il tarixli, 5-5/2-519/20224 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının “Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 2 və 4 saylı binalarının qəzalı vəziyyətdə olduğu üçün söküldüyündən orada yaşayan vətəndaşlara sökülmüş mülklərinin əvəzinə yeni mənzil verilməsi”nə dair 28 mart 2016-cı il tarixli, 67 №li Qərarı müəyyən edilmişdir. Həmin qərara əsasən H.Əliyev prospekti, bina 2 və 4 saylı binaların sakinləri Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, 22 saylı binada mənzillərlə təmin edilmişlər. İddiaçı sökülən ünvan 1 ünvanında ümumi sahəsi 38.83 m2 olmuş 2 otaqlı mənzilin əvəzində ünvan 15 saylı binada 3 otaqlı, ümumi sahəsi 97.86 m2 olan 23 №-li mənzilin ayrıldığı məlum olmuşdur. Qəzalı olduğu üçün sökülən binaların sakinləri mənzilləri qəbul edərək həmin mənzillərə köçmüş, lakin İddiaçı ona verilən mənzili qəbul etməkdən imtina etmişdir. İddiaçı İcra Hakimiyyətinə hər müraciətində ünvan 15 saylı binada 3 otaqlı, ümumi sahəsi 97.86 m2 olan 23 №-li mənzil iddiaçıya təklif edilmişdir. 06 fevral 2024-cü il tarixdə İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında, əməkdaşların iştirakı ilə həmin mənzilin və Naxçıvan şəhəri, Xətai məhəlləsində ticarət obyekti tikilməsi üçün 500 m2 torpaq sahəsi təklif edilməsinə baxmayaraq o mənziiə köçməkdən imtina etmişdir. İddiaçı Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadan mənzillə təmin olunması ilə bağlı araşdırma zamanı iddia edilən H.Əliyev prospekti, 4 saylı binada yerləşən 6 yaşayış sahəsinə vətəndaşlar tərəfindən alqı-satqı müqavilələri bağlandığı, sonradan daşınmaz əmlakın dövlət qeydiyyatından keçirərək həmin yaşayış sahələrinin xüsusi mülkiyyətə keçirildikləri müəyyən olunmuşdur. İddiaçı qəzalı vəziyyətdə olduğu üçün sökülmüş mənzilinin əvəzində Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış mənzilə ailəsi ilə birlikdə köçüb yaşamasının dəfələrlə təklif edilməsinə baxmayaraq bundan imtina etməsi səbəbindən iddia əsassız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” ilə bağlı iddianın rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 avqust 2024cü il tarixli 2-1(122)-21/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 23 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktublarına uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına məktubu, şəxsiyyət vəsiqəsinin və texniki pasportun təsdiq edilmiş surətlərini, qeydiyyatla bağlı arayışı, məktubu, teleqramları, qərardadı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. . Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 10 mart 2020-ci il tarixli, 27/Q-27 nömrəli məktubundan görünür ki, H.Əliyev prospekti 4 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi zamanı həmin binada yaşayan bütün sakinlər yeni inşa edilmiş çoxmərtəbəli binada mənzillə təmin olunmuşlar. Sökülən mənzilin əvəzində ünvan 11 ünvanında 3 otaqlı, 23 №-li mənzil onun üçün ayrılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli, 2155 nömrəli arayışından görünür ki, Quliyev X6 şəhəri, Əziz Əliyev, döngə 4, ev 3 ünvanında yaşayır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1964-cü ildə Naxçıvan şəhərində doğulmuş Quliyev X6 şəhəri, H.Əliyev prospekti, ev 4, mənzil 9 ünvanında yaşayır. - 20 aprel 2009-cu il tarixdə tərtib edilmiş 13978 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 4/9 ünvanının hüquq subyekti kimi İddiaçı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş 13 dekabr 2022-ci il tarixli, 88 nömrəli məktubdan görünür ki, AR DTX Naxçıvan MR üzrə baş idarəsinə daxil olmuş Q-88 saylı, xx.xx.2022-ci il tarixli ərizə araşdırılmış və tələbin mülki öhdəlik olduğu müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə edilmişdir. - Naxçıvan Şəhər Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(078)-196/2023 nömrəli qərardadından görünür ki, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı mənzillə təmin olunma tələbinə dair iddia ərizəsi qəbul edilməkdən imtina edilərək, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati qərar, hərəkət və hərəkətsizliyi ilə əlaqədar aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 28 fevral 2023-cü il tarixli, 02/91 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində (X1 yanı) yerləşən mənzilin 2016-cı ildə sökülməsinə, İddiaçı kompensasiya ödənilməsinə və ya əvəzinin verilməsinə dair sərəncam, maliyyə sənədləri olması barədə hər hansı məlumat Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 mart 2023cü il tarixli, 05/182 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına 13 may 2009-cu il tarixdə Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən ümumi sahəsi 38,83 kv.m. olan 9 nömrəli mənzil qeydiyyata alınmışdır. Xidmətin informasiya bazasında həmin mənzilin sökülməsinə, yaxud əvəzinin ödənilməsinə dair heç bir məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 06 mart 2023-cü il tarixli, 4/118 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində (X1 yanı) 2016-cı ildə təmir və abadlıq işlərinin aparılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində hər hansı zəruri sənəd və ya məlumatın olması müəyyən edilməmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 06 dekabr 2023-cü il tarixli, 5-5/2-1819/2023 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus olmuş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 qəzalı vəziyyətdə olduğu üçün sökülmüş, sökülən mənzillərin əvəzində həmin binanın sakinləri 2016-cı ildə istifadəyə verilmiş Ə.Qəmküsar küçəsi, bina 22 ünvanında yeni mənzillərlə təmin edilmişdirlər. ünvan 10 ünvanında yaşayan İddiaçı məxsus ümumi sahəsi 52,36 kv.m. olmuş iki otaqlı mənzilin əvəzində Naxçıvan şəhərinin Ə.Qəmküsar küçəsində inşa olunmuş 22-ci binada ümumi sahəsi 97,36 kv.m. olan üçotaqlı 23 nömrəli mənzil təklif edilməsinə baxmayaraq o, mənzili qəbul etməkdən imtina etmişdir. Hal-hazırda iddiaçıya təklif edilən ünvan 11-də yerləşən 23 saylı mənzil dövlət mülkiyyətindədir, istifadəyə və ya xüsusi mülkiyyətə verilməmişdir. Məktuba Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli, 67 nömrəli Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 2 və bina 4 qəzalı vəziyyətdə olduğu üçün söküldüyündən orada yaşayan vətəndaşlara sökülmüş mülklərinin əvəzinə ünvan 11 ünvanında yeni mənzil verilməsi haqqında sərəncamı əlavə edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 12 fevral 2024-cü il tarixli, 5-5/2-2170/2024 nömrəli məktubundan görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 28 mart 2016-cı il tarixli, 67 №-li Sərəncamına əsasən qəzalı vəziyyətdə olduğu üçün sökülmüş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 2 və 4 nömrəli binaların sakinlərinin (25 ailənin) mənzillərlə təmin edildiklərinə, o cümlədən İddiaçı ailəsi ilə birlikdə mənzil ayrıldığına dair məhkəməyə sübutlar təqdim edilmişdir. 06 fevral 2024-cü il tarixdə məhkəmənin icraatında olan mübahisənin məhkəmədənkənar həll edilərək razılıq əldə edilməsi məqsədilə İddiaçı təkrar Naxçıvan Şəhər İcra Hakimiyyətinə dəvət edilmişdir Naxçıvan Şəhər İcra Hakimiyyətinin mənzil fondunun olmadığı izah edilərək, 2016-cı ildən bugünədək iddiaçının ailəsinə ayrılmış mənzilin və əlavə olaraq Naxçıvan şəhəri, Xətai məhəlləsində ticarət obyekti tikilməsi üçün 500 m2 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi təklif olunaraq mənzilin açarları vətəndaşa təqdim edilmişdir. Lakin İddiaçı təklif edilən mənzilin açarlarını götürməkdən və torpaq sahələrindən imtina edərək razı olmadığını bildirmişdir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “onun sökülmüş yaşayış evinin yerində inşa olunmuş binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” ilə bağlı məhkəmənin icraatında olan inzibatı iş üzrə ədalətli qərar qəbul olunması xahiş edilmişdir. Məktuba əlavə edilmiş 06 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi, Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən X2, Hüquq şöbəsinin məsləhətçisi X4, İstehsalat və xidmət sahələri sektorunun böyük məsləhətçisi X5 və Naxçıvan Şəhər 1 saylı Mənzil-İstismar İdarəsinin baş mühəndisi X3 iştirakları ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsində İddiaçı məxsus Naxçıvan şəhəri, H.Əliyev prospekti 4/9 ünvanında yerləşən qəzalı vəziyyətdə olduğu üçün sökülmüş mənzilin əvəzində ünvan 11-də yerləşən sahəsi 97,86 kv.m. olan üç otaqlı yeni mənzillə birlikdə Naxçıvan şəhəri, Xətai məhəlləsində 500 kv.m. torpaq sahəsi təklif edilərək mənzilin açarları təqdim edilmiş, lakin vətəndaş İddiaçı təklif edilən mənzilin açarlarını və torpaq sahəsini qəbul etməmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində istifadədə olan 0.0556 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində 38,83 kv.m. ümumi, 27,66 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 9 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/1 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********71-05101- 093004, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009). - Naxçıvan Şəhər 5 saylı Mənzil-İstismar İdarəsinin məlumatından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin balansında olan H.Əliyev prospektində tikilən 7 mərtəbəli 6 mənzilli binanın 1-ci mərtəbəsində “Atəşgah” Sığorta yerləşir, qalan 6 mərtəbəsi isə H.Əliyev prospekti, bina 4, mənzil 1-1314137 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 2-1314207 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 3-1314219 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 4-1314140 nömrəli alqı-satqı müqaviləsi əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 5-22 yanvar 2020-ci il tarixli, 07 nömrəli Sərəncam əsasında, H.Əliyev prospekti, bina 4, mənzil 6-1314178 nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 28 fevral 2024-cü il tarixli, 04/150 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən 7 mərtəbəli yaşayış binası xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Naxçıvan Şəhər İcra Hakimiyyətinin adına qeydiyyata alınmışdır. 17 yanvar 2020-ci il tarixdə tərtib edilmiş 19322 nömrəli daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanının hüquq subyekti kimi Naxçıvan Şəhər İcra Hakimiyyəti göstərilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 19 dekabr 2019-cu il tarixli, 99 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospektində yeni tikiləcək 7 mərtəbəli, 6 mənzilli yaşayış binasının tikintisi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin istifadəsinə 334,77 m2 torpaq sahəsi ayrılmışdır. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2019-cu il tarixli, 102 nömrəli sərəncamından görünür ki, Naxçıvan şəhəri, H.Əliyev prospekti 4 ünvanında yeni tikiləcək 7 mərtəbəli, 6 mənzilli yaşayış binasının təsdiq olunmuş layihə əsasında tikintisinə icazə verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində qeyd olunur ki, hər bir şəxsin həm təkbaşına, həm də digərləri ilə birlikdə mülkiyyətə sahib olma hüququ var. Heç kim özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. - 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. - 3.2-ci maddəsinə vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. - 17.1-ci maddəsinə əsasən mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. - 17.2.1-ci maddəsinə əsasən xüsusi mənzil fondu dedikdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu başa düşülür. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. İşin faktiki hallarından görünür ki, İddiaçı məxsus Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanında yerləşən mənzil 2016-cı il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Bundan sonra sökülmüş binada yaşayan 26 ailədən 25 ailə ünvan 15 ünvanında ev ilə təmin edilmişlər. Bu hal iş materiallarına əlavə edilmiş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 28 mart 2016-cı il tarixli, 67 nömrəli sərəncamı ilə öz təsdiqini tapır. Qəzalı vəziyyətdə olduğu üçün sökülmüş Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 4/9 ünvanının mülkiyyətçisi İddiaçı ona təklif edilən mənzildən imtina etmişdir. Sonradan iddiaçıya dəfələrlə həmin ünvandakı mənzil ilə bərabər, Naxçıvan şəhəri, Xətai məhəlləsində torpaq sahəsi də təklif edilmişdir. Lakin iddiaçı bütün təkliflərdən imtina edərək, məhz qəzalı vəziyyətdə olduğu üçün sökülmüş binanın yerində tikilmiş Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadan mənzillə təmin olunmasını tələb etmişdir. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbinin icrası hazırki vəziyyətdə mümkün olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, ilk növbədə, qeyd edilməlidir ki, iddiaçıya məxsus ünvan 17 ünvanında yerləşən mənzil 2016cı ildə cavabdeh ünvan 18 qəzalı vəziyyətdə olduğu üçün sökülmüşdür. İddiaçının mülkiyyət hüquqlarının pozulması işin mübahisəsiz halına aiddir. Bu hal cavabdeh inzibati orqan tərəfindən də etiraf edilir. Lakin qeyd edilməlidir ki, iddiaçının pozulmuş mülkiyyət hüquqlarının qarşılığında ona kompensasiya məqsədi ilə mənzil və torpaq sahəsi təklif edilmişdir. Bu barədə cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş akt iş materiallarına əlavə edilmişdir. Lakin icra nümayəndəliyi tərəfindən verilmiş məlumatda da qeyd edildiyi kimi iddiaçının iddia etdiyi Naxçıvan şəhəri, H.Əliyev prospekti, bina 4 ünvanında yerləşən binadakı bütün mənzillər hazırda xüsusi mülkiyyətə verilmişdir. İddiaçının tələbinin icrası hazırki vəziyyətdə qeyri-mümkündür. Belə ki, iddiaçının iddia etdiyi binadakı mənzillər hazırda Naxçıvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətində olmadığından iddiaçıya həmin binadan mənzil verilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən icra edilə bilmədiyindən iddia tələbi əsassız hesab edilir və ona görə də rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 33, 68, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “ünvan 1 ünvanında yerləşən binadan mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-21/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-21/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver