Məhkəmə qərarları › İş №2-1(122)-210/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-210/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-210/2022 02.11.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “13 fevral 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək, 01 yanvar 2006-cı il tarixdən 31 may 2007-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 fevral 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək, 01 yanvar 2006-cı il tarixdən 31 may 2007-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və hazırlıq icraatı bağlı məhkəmə iclası 02 noyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq, iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı qaldırdığı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi tələbi ilə bağlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin özünə geri qaytarılmasını xahiş edərək bu barədə yazdığı 02 noyabr 2022-ci il tarixli ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X2 iddiaçının vəkili və nümayəndəsinin iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə ərizəsinə heç bir etirazının olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının vəkili və nümayəndəsinin ərizəsini nəzərdən keçirərək belə hesab edir ki, iddia geri götürülmüş sayılmalı və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçının vəkili və nümayəndəsinin məhkəməyə təqdim etdiyi müraciətindən görünür ki, o, iddia tələbindən imtina etməməklə ərizəsinin geri qaytarılması arzusundadır və iddia tələbinə baxılmasını arzu etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, icraata xitam verilməsi barədə qərardad iki halda qəbul edilir: iddiaçı iddiadan özü imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda. Qərarda həmçinin qeyd olunmuşdur ki, İPM-in 55.3-cü maddəsindəki qərardad (iddianın geri götürülmüş sayılması barədə) və həmin Məcəllənin 55.5-ci maddəsindəki qərardad (icraata xitam verilməsi barədə) iki ayrı-ayrı məsələni həll edir. Qanunverici İPMin 55.5-ci maddəsində yalnız icraata xitam verilməsi barədə qərardaddan şikayətin mümkünsüzlüyünü açıq və aydın müəyyən etdiyi halda, bu qaydanın həmin Məcəllənin 55.3-cü maddəsindəki qərardadla əlaqədar tətbiqini nəzərdə tutmadığından, həmin qayda İPM-in 55.3-cü maddəsi ilə şəxsin məhkəməyə müraciət etmək hüququnu nizamlamır və bu hüququn həcminə təsir etməməlidir. Göründüyü kimi, inzibati prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı tərəfin ərizəsi əsasında geri qaytarılması nəzərdə tutulmasa da, inzibati icraat üzrə iddianın baxılması və icraatın aparılması iddiaçının iradə ifadəsindən asılı edilməklə İPM-in 15-ci maddəsində tərəflərin mübahisəyə baxılmasının sona çatdırılması halları müəyyən edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “13 fevral 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək, 01 yanvar 2006-cı il tarixdən 31 may 2007-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilməli, bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçı tərəfin diqqətinə çatdırılır ki, ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2, 55, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “13 fevral 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixədək, 01 yanvar 2006-cı il tarixdən 31 may 2007-ci il tarixədək işlədiyi illərin sosial sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası geri götürülmüş hesab edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəkili və nümayəndəsi Vəkil geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar