Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-215/2023 11.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X2, cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon idarəsinin 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinin 26 dekabr 2022ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1962-ci il tarixdə Naxçıvan MR Şahbuz rayonun Güney Qışlaq kəndində anadan olmuşdur. Ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdə 3-cü dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlamışdır. 1980-ci ilin dekabr ayından xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdən 3-cü dərəcəli çilingər vəzifəsinə bərpa olunmuş, xx.xx.1986-cı il tarixdə qaz qaynaqçısı vəzifəsinə keçirilmiş və xx.xx.2001-ci il tarixdə müəssisə ləğv edilənədək həmin vəzifədə çalışmışdır. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək Şərur rayon Mərkəzi xəstəxanasında təsərrüfat şöbəsində işlədiyini, xx.xx.2018-ci il tarixdən isə Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində işlədiyini qeyd etmişdir. İddiaçı bildirir ki, 15 iyul 2022-ci il tarixdə onun 60 yaşı tamam olmuşdur və həmin tarixdə 25 ildən çox ümumi sığorta stajı, eyni zamanda 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi sığorta stajı mövcud olmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanmaqla ödənilməsi barədə "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə müraciət etmişdir. "Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 26 dekabr 2022-ci il tarixli 01 nömrəli qərarı ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi onun tələb olunan 12 il 6 ay güzəştli şərtlərlə iş stajının olmaması göstərilmişdir. Lakin iddiaçı bildirir ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, şəxsə 60 yaşdan güzəştli şərtlərlə yaşa əmək pensiyası hüququnun yaranması üçün 3 şərt birlikdə mövcud olmalıdır: 1- Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməli; 2- Həmin siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3- 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşadək mövcud olmalıdır. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 60 yaşı tamam olduğu 15 iyul 2022-ci il tarixədək 25 il ümumi iş stajı mövcud olmuşdur. Eyni zamanda 1986-cı il tarixdən 2001 -ci il tarixədək işlədiyi qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndində (Ümumi peşələr) öz əksini tapmışdır. Beləliklə, iddiaçı 60 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdehin imtinası əsassız olduğunu və məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 22 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin iddiaya qarşı 22 fevral 2023-cü il tarixli, 08/27 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1962-ci il tarixdə Şahbuz rayon, Güney Qışlaq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 60 yaşının tamam olduğu 15 iyul 2022-ci il tarixə 25 ildən çox ümumi və 12 il 6 aydan artıq xüsusi iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi barədə 20 dekabr 2022-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə müraciət etmişdir. Fondun Şərur Rayon idarəsinin pensiya təyin edən komissiyasının 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi arxiv arayışı ilə əmək kitabçasında uyğunsuzluğun olması və eyni zamanda iddiaçının güzəştli şərtlərlə iş stajının 12 il 6 aydan az (7 il 7 ay 29 gün) olması göstərilmişdir. İddiaçı təqdim etdiyi 31 oktyabr 1961-cı il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cü il tarixdən xx.xx.1980-cı il tarixədək ( 1 il 1 ay 7 gün) “76-K” nömrəli əmrlə Naxçıvan Sanitar-Texniki Montaj İdarəsində 3-cü dərəcəli sanitar-texnik kimi əmək fəaliyyətinə başlamışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin xx.xx.2022-ci il tarixli, 554 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1980-cı il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 10 ay 24 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, hərbi xidmətini bitirdikdən sonra, xx.xx.1983-cü il tarixdən həmin idarədə əvvəl 3-cü dərəcəli sanitar-texnik olaraq işinə davam etmiş, xx.xx.1986-cı il tarixdən 4-cü dərəcəli qaz qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdə müəssisənin köçürülməsi və xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv edilməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. İddiaçıya xx.xx.2003-cü il tarixdən xx.xx.2003-cü il tarixədək (5 ay 27 gün) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin baş Məşqulluq İdarəsi Şərur rayon Məşqulluq Mərkəzindən müavinət təyin edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 11 aprel 2006-cı il tarixli, ******* nömrəli yeni əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək (6 il 3 ay 7 gün) Şərur rayon Mərkəzi Xəstəxanasında təsərrüfat şöbəsində işləmiş və xx.xx.2018-ci il tarixdən Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində sahə ustası vəzifəsində işləyir. İddiaçı məxsus ИТ-İ №1037700 əmək kitabçasının doldurulmasına əsaslı şübhələr yarandığı üçün Naxçıvan Santexmontaj idarəsinin xx.xx.1997-ci ildə ləğv edilməsi, həmin tarixdə Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkətinə köçürülməsi və xx.xx.2001 -ci ildə müəssisənin ləğv edilməsi Fondun Şərur rayon İdarəsi tərəfindən araşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 13/1400 nömrəli arayışda İddiaçı Naxçıvan Sanitar -Texniki Montaj İdarəsində xx.xx.1979- cu il tarixli “72-K” nömrəli əmrlə işə qəbul edilməsi əmr kitabında göstərildiyi qeyd edilmişdir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, “76-K” nömrəli əmrlə həmin idarəyə işə qəbul olunması göstərilmişdir. Bu da iddiaçının işləməsi sübutlarının mötəbərliyini şübhə altına alır. Bundan başqa həmin arxiv arayışında iddiaçının 1993-cü ildə 6 ay, 1994-cü ildə isə cəmi 4 ay əmək haqqı alması qeyd edilsə də, 1995-2001 -ci illərə dair əmr və əməkhaqqı kitablarında onun adına rast gəlinmədiyi göstərilmişdir. Həmçinin cavabdeh qeyd edir ki, 11 dekabr 2017-il tarixdə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə kimi nəzərdə tutulmuş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlər Siyahısı”ın 2.4.1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Vətəndaşın ona pensiya təyin edilməsi üçün təqdim etdiyi sənədlər içərisində güzəştli şərtlərlə işləməsinə dair iş yerindən arayış yoxdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 04 iyul 2023-cü il tarixli 2-1(122)-215/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 17 avqust 2023-cü il tarixə təyin edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 1(122)-215/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz olunmuş və iş şifahi məhkəmə baxışından hazırlıq mərhələsinə qaytarılmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən iş üzrə şifahi məhkəmə baxışı iclası 11 dekabr 2023-cü il tarixə təyin edilmişdir. 11 dekabr 2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsində yazılanları müdafiə edərək, onun 15 iyul 2022-ci il tarixdə 60 yaşı tamam olduğunu, həmin tarixə qədər 25 ildən çox ümumi siğorta stajının, eyni zamanda 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xüsusi siğorta stajının olduğunu, 1997-ci ildə Naxçıvan Sanitar-Texniki Montaj İdarəsi köçürüldükdən sonra və 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkəti ləğv olunanadək 4-cü dərəcəli qaynaqçı vəzifəsində işlədiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayədəsi X4 məhkəmədən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur rayon idarəsinin 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar verilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddiaçının əmək kitabçasının mübahisələndirilmədiyini, həmin əmək kitabçası ilə iddiaçının 27 il 11 ay ümumi siğorta stajının olduğunu, lakin Naxçıvan Sanitar- Texniki Montaj İdarəsinin köçürülməsi zamanı iddiaçının hansı vəzifədə işlədiyinin məlum olmamasını, həmçinin, arxiv arayışlarında onun 1995-2001 -ci illərə dair əmr və əməkhaqqı kitablarında adına rast gəlinmədiyini qeyd etmiş və məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, arxiv arayışlarını, yaşayış yeri haqqında arayışı, əmək kitabçasının və şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin şərtləri daxilində tələb olunan azı 12 il 6 ay güzəştli şərtlərlə iş stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qərara alınmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin 19 oktyabr 2022-ci il tarixli, 13/1400 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Santexmontaj idarəsinin sənədlərinə baxdıqda müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1979-cu il tarixli 72 k №-li əmrlə işə qəbul edilməsi əmr kitabında göstərilmiş, 1992,1992 və 1994-cü ildə aylar üzrə aldığı əməkhaqqı qeyd olunmuş və 1995-2001-ci illərə dair əmr və əməkhaqqı kitablarında adına rast gəlinməmişdir. - ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə 3-cü dərəcəli çilingər kimi işləmiş (1 il 3 ay) 1980-ci ilin dekabr ayından xx.xx.1982-ci il tarixədək ( 1 il 10 ay) müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən 3-cü dərəcəli çilingər (3 il 1 ay 14 gün) vəzifəsinə bərpa olunmuş, xx.xx.1986-cı il tarixdə qaz qaynaqçısı vəzifəsinə keçirilmiş və xx.xx.2001-ci il tarixdə müəssisə ləğv edilənədək həmin vəzifədə (15 il 8 ay 17 gün) işləmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək Şərur rayon mərkəzi xəstəxanasında təsərrüfat şöbəsində işləmiş (6 il 3 ay) və xx.xx.2018-ci il tarixdən isə Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində İçməli su və təmir sahəsində sahə ustası vəzifəsində (4 il) işləmişdir. Naxçıvan Muxtar Respublikası Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin arayışından görünür ki, xx.xx.2018-ci il tarixdən hal-hazıradək Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinin İçməli su və təmir sahəsində sahə ustası vəzifəsində işləyir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin 07 oktyabr 2022-ci il tarixli, 554 nömrəli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı 1980-ci ilin dekabr ayından 25 oktyabr 1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsində qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Şərur Rayon İcra Hakimiyyəti Şərur Şəhər Mənzil İstismar İdarəsinin 14 noyabr 2022-ci il tarixli, 1593 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1-də yaşayır. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1962-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 30 mart 2023-cü il tarixli, 08/191 nömrəli məktubundan görünür ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon idarəsinin 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair güzəştli iş stajı araşdırılmışdır. İddiaçı məxsus ИТ-İ №1037700 əmək kitabçasının doldurulmasına əsaslı şübhələr yarandığı üçün Naxçıvan Santexmontaj idarəsinin xx.xx.1997-ci ildə ləğv edilməsi, həmin tarixdə Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkətinə köçürülməsi və xx.xx.2001 -ci ildə müəssisənin ləğv edilməsi Fondun Şərur rayon İdarəsi tərəfindən araşdırılmışdır. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli, 15/17 nömrəli məktubda vətəndaşın xx.xx.1999-cu il tarixli, 01 M №-li əmrlə Elektrik və sanitar texnik quraşdırma idarəsinin adlı siyahısında adının olması xx.xx.2000-ci il tarixli M 01 №-li əmrlə uzun müddət işlə təmin olunmadıqlarına görə uzun müddətli öz hesabına məzuniyyətə buraxılan fəhlə və qulluqçuların siyahısında adının olması əmr kitablarında göstərilmişdir. Lakin vətəndaşın 1995-2001 -ci illərə dair əməkhaqqı alması və xx.xx.2001 -ci ildə işdən azad olunmasına əmr kitablarında adına rast gəlinmədiyi göstərilmişdir. Həmin məktuba qoşma edilmiş 15 mart 2023-cü il tarixli, 13/557 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan Tikinti Quraşdırma Dövlət şirkətinin (Santexmontaj) sənədlərinə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1979-cu il tarixli 72 k №-li əmrlə “santexnik” vəzifəsinə qəbul edilməsi, xx.xx.1980-cı il tarixli 85 k №-li əmrlə işdən azad olunması, xx.xx.1983-cü il tarixli 06 k №li əmrlə “santexnik” vəzifəsinə qəbul edilməsi, xx.xx.1986-cı il tarixli 21 k №-li əmrlə İİİ dərəcəli “qaz qaynaqçısı” keçirilməsi, xx.xx.1987-ci il tarixli 17 L №-li əmrlə adlı siyahıda adının olması və vəzifəsinin İV dərəcəli “qaz qaynaqçısı” olaraq göstərilməsi, xx.xx.1999cu il tarixli 01 M №-li əmrlə Elektrik və sanitar texniki quraşdırma idarəsinin işçilərinin adlı siyahısında adının olması və vəzifəsinin İV dərəcəli “qaz qaynaqçısı” olaraq göstərilməsi, xx.xx.2000-ci il tarixli 01 M №-li əmrlə uzun müddət işlə təmin olunmadıqlarına görə uzun müddətli öz hesabına məzuniyyətə buraxılan fəhlə və qulluqçuların siyahısında adının olması əmr kitablarında göstərilmişdir. 1997-1998, 2001-ci illərə dair əmr kitablarında vətəndaşın məzuniyyətə buraxılması və işdən azad olunması haqqında məlumata rast gəlinməmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 13 iyun 2023-cü il tarixli, 08/383 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus ИТ-İ №1037700 əmək kitabçasının doldurulmasına əsaslı şübhələr yarandığı üçün Naxçıvan Santexmontaj idarəsinin xx.xx.1997-ci ildə ləğv edilməsi, həmin tarixdə Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkətinə köçürülməsi və 20.1 1.2001 -ci ildə müəssisənin ləğv edilməsi Fondun Şərur Rayon İdarəsi tərəfindən araşdırılmışdır. Həmin məktuba qoşma edilmiş 05 iyun 2023-cü il tarixli, 15/41 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivinin 15 mart 2023-cü il tarixli 13/557 nömrəli arayışında X5 şirkətinin (Santexmontaj) xx.xx.1999-cu il tarixli 01 M №-li əmrinə əsasən Elektrik və Sanitar texniki quraşdırma idarəsinin işçilərinin adlı siyahısında vətəndaş İddiaçı adının olması və İV dərəcəli “qaz qaynaqçısı” vəzifəsində çalışması göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 21 iyun 2023-cü il tarixli, 13/1062 nömrəli arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan Tikinti Quraşdırma Dövlət şirkətinin (Santexmontaj) sənədlərinə baxdıqda müəyyən olmuşdur ki, İddiaçı xx.xx.1979-cu il tarixli 72-K №-li əmrlə “santexnik” vəzifəsinə qəbul edilməsi, xx.xx.1980-cı il tarixli 85-K №-li əmrlə işdən azad olunması, xx.xx.1983-cü il tarixli 06 k №-li əmrlə “santexnik” vəzifəsinə qəbul edilməsi, xx.xx.1986-cı il tarixli 21-K №-li əmrlə İİİ dərəcəli “qaz qaynaqçısı” keçirilməsi, xx.xx.1987-ci il tarixli 17-L №-li əmrlə adlı siyahıda adının olması və vəzifəsinin İV dərəcəli “qaz qaynaqçısı” olaraq göstərilməsi, xx.xx.1994-cü il tarixli 18 №-li əmrlə xx.xx.1995-ci il tarixdən yaranmış vəziyyətlə əlaqədar olaraq öz hesabına məzuniyyətə buraxılması əmr kitabında göstərilmişdir. "xxxx" Dövlət Şirkətinin Quraşdırma İdarəsinin xx.xx.1999-cu il tarixli 01 M №-li əmrlə Elektrik və sanitar texniki quraşdırma idarəsinin işçilərinin adlı siyahısında adının olması və vəzifəsinin İV dərəcəli “qaz qaynaqçısı” olaraq göstərilməsi, xx.xx.2000-ci il tarixli 01 M №-li əmrlə uzun müddət işlə təmin olunmadıqlarına görə uzun müddətli öz hesabına məzuniyyətə buraxılan fəhlə və qulluqçuların siyahısında adının olması, xx.xx.2001 -ci il tarixli 01-M №-li əmrlə iş həcminin il-ildən azalmasına və uzun müddət göstərilən işçilərə ehtiyac olmadığına görə həmin tarixdən ixtisara salman işçilər arasında adının olması əmr kitabında göstərilmişdir. 1997-1998-ci illərə dair əmr kitablarında vətəndaşın məzuniyyətə buraxılması və işdən azad olunması haqqında məlumata rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu PHŞ Şərur Rayon Şöbəsinin 29 avqust 2023-cü il tarixli, 08/476 nömrəli məktubuna qoşma edilmiş Dövlət Arxiv İdarəsinin 23 avqust 2023-cü il tarixli aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Tikinti Quraşdırma Dövlət Şirkətinin (Santexmontaj) 1995-2001-ci illərə aid (fond № 606, siyahı № 2, iş № 136, fond № 192, siyahı № 2, iş№ 915,916,917, 918, 921) əmr və əməkhaqqı cədvəllərinə baxış keçirilmiş və 1995-2001-ci illərə aid əmr və əməkhaqqı kitablarında İddiaçı adına rast gəlinməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1962-ci il tarixdə anadan olmuş, 1979-cu ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı 60 yaşı tamam olduğundan Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən tələb olunan azı 12 il 6 ay güzəştli şərtlərlə iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan sonra mübahisələndirilən qərar qəbul edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi və hüquqi marağı ona Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tələblər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməsindən asılı olmayaraq, araşdırılması zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 7-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddinin olması;
2. İddiaçının xx.xx.2022-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
3. İddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajı ilə bağlı məsələ mübahisələndirildiyindən yuxarıda sadalanan 2-ci və 3-cü elementlərin mövcudluğunun araşdırılması zəruridir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2022-ci ilədək 25 ildən artıq ümumi və 12 il 6 aydan çox xüsusi sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, bəzi illər üzrə müvafiq aylarda əməkhaqqı almasının arxiv arayışları ilə təsdiqlənmədiyinə istinad edərək həmin ayların ümumi iş stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının ümumi iş stajının azadılmasına və qanunvericiliklə tələb edilən staj tələbinin ödənilməməsinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, İddiaçı adına 1995-2001 -ci illərə aid olan əmr və əməkhaqqı kitablarında rast gəlinməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Beləliklə, iddiaçının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1979-cu il tarixdə 3-cü dərəcəli çilingər kimi əmək fəaliyyətinə başlamış, 1980-ci ilin dekabr ayından xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən 3-cü dərəcəli çilingər vəzifəsinə bərpa olunmuş, xx.xx.1986-cı il tarixdə qaz qaynaqçısı vəzifəsinə keçirilmiş və xx.xx.2001-ci il tarixdə müəssisənin ləğv edilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək Şərur rayon mərkəzi xəstəxanasında təsərrüfat şöbəsində işləmiş və xx.xx.2018-ci il tarixdən Şərur rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində İçməli su və təmir sahəsində sahə ustası vəzifəsində işləyir. İddiaçının əmək kitabçasındakı olan qeydlərə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 27 il 11 ay ümumi iş stajı vardır. Həmçinin məhkəmə 3-cü elementə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın 33-cü bəndinin 23200000—11620 kodlu abzasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinin (Ümumi peşələr) 26-cı abzasında qaz qaynaqçıları öz əksini tapmışdır. Beləliklə, mübahisələndirilən imtinanın səbəbi kimi iddiaçının tələb olunan 12 il 6 ay güzəştli şərtlərlə iş stajının olmaması göstərilsə də, iddiaçının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək qaz qaynaqçısı vəzifəsində işləməsi onun 15 il 8 ay 7 gün xüsusi iş stajının olmasını təsdiq edir. Məhkəmə cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun mübahisələndirdiyi xx.xx.1997-ci il tarixdə Naxçıvan Sanitar-Texniki Montaj İdarəsinin ləğv edilməsi ilə əlaqədar olaraq idarənin Naxçıvan Muxtar Respublikası Tikinti Quraşdırma Dövlət Şirkətinə köçürülməsi və köçürülmə zamanı İddiaçı hansı vəzifədə işləməsinin məlum olmaması məsələsinə münasibət bildirərək qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 21 iyun 2023-cü il tarixli, 13/1062 nömrəli arayışı bu hala da aydınlıq gətirir. Belə ki, qeyd edilən arayışdan görünür ki, İddiaçı "xxxx" Dövlət Şirkətinin Quraşdırma İdarəsinin xx.xx.1999-cu il tarixli, 01 M №-li əmri ilə Elektrik və sanitar texniki quraşdırma idarəsinin işçilərinin adlı siyahısında adı vardır və vəzifəsi İV dərəcəli qaz qaynaqçısı olaraq göstərilmişdir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən də aydın olur ki, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında yazılı şəkildə əsaslandırılmalı olduğu halda, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə əsaslandırma aparılmalıdır. Lakin inzibati orqan tərəfindən mübahisələndirilən qərarda hər hansı bir sübutla əsaslandırma aparılmadığı kimi, inzibati icraat da aparılmamışdır. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinin 26 dekabr 2022ci il tarixli, 01 nömrəli qərarı ləğv edilməli və İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur rayon idarəsinin 26 dekabr 2022-ci il tarixli, 01 nömrəli qərarı ləğv edilir. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV