Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-218/2023 30.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı "cavabdehin 30 yanvar 2023-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi, 2011-ci il tarixdən 2019-cu il tarixədək X8 Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına əsasən Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində JN-234 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi təsərrüfatla məşğul olmağına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 8 ilin əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 30 yanvar 2023-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi, 2011-ci il tarixdən 2019-cu il tarixədək X8 Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına əsasən Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində JN-234 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi təsərrüfatla məşğul olmağına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 8 ilin əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Yuxarı Daşarx kəndində anadan olmuşdur və bu günə kimi həmin ünvanda yaşayır. İddiaçı bildirir ki, xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Şərur rayonunun müxtəlif dövlət idarə və müəssisələrində işləmişdir. Onun bu illər ərzində müxtəlif dövlət idarə və müəssisələrində işləməyi əmək kitabçasında, Şərur rayon Dövlət Arxiv İdarəsindən alınmış arayışda və Naxçıvan MR Daxili İşlər Nazirliyindən alınmış məktubda da öz əksini tapmışdır. Haliyədə fərdi təsərrüfatla məşğul olur və Şərur Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına əsasən Şərur rayon Yuxarı Daşarx kəndinin ərazisində JN-234 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində meyvə bağı salmışdır. Hər il fərdi təsərrüfatla məşğul olduğuna görə 2011-ci ildən 2019-cu ilədək məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. 13 mart 2022ci il tarixdən etibarən tələb olunan yaş (65 yaş) həddinə çatmağı ilə əlaqədar müvafiq sənədləri toplayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq, həmçinin 30 yanvar 2023-cü il tarixli, 05 saylı qərarda xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü tarixədək Şərur rayonunda müxtəlif dövlət idarə və müəssisələrində işləməyinə görə əmək stajı 19 il 6 ay 8 gün müəyyən olunmuş, 2011-ci ildən 2019-cu ilədək fərdi təsərrüfatla məşğul olmağına dair tərəfindən ödənilmiş 8 illik məcburi dövlət sosial sığorta haqqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sistemində öz əksini tapmadığından həmin illər əmək stajına əlavə olunmadığından 25 il əmək stajının tamam olmaması səbəbindən ona yaşa görə əmək pensiyasının verilməsindən imtina edilmişdir. 2011-ci ildən 2019-cu il tarixədək Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş 0.35 ha kənd təsərrüfatına yararlı torpaq sahəsində fərdi təsərrüfatla məşğul olmağına görə məcburi dövlət sosial sığorta haqları ödədiyi 8 il onun pensiya stajına əlavə olunmalı və ona yaşa görə əmək pensiyası müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddiaçı irəli sürülmüş tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 02 mart 2023-cü il tarixli, 08/157 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçının 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, iddiaçının 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə mülkiyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları X3 Sistemində (MEİS) öz əksini tapmadığı üçün ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsinin mümkünsüz olduğu, həmçinin tələb olunan 25 il sosial sığorta stajı və ya 34560.0 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkünsüz hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 may 2023-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 30 yamvar 2023-cü il tarixli, 05 nömrəli qərarından məlum olur ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və 25 il sığorta stajının olmadığı, 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək X1 Sistemində fərdi şəxsi hesabında pensiya sığorta kapitalının olmadığı üçün "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci və 22-1-ci maddələrinin tələblərinə əsasən vətəndaşa əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsi tərəfindən Şərur rayon Yuxarı Daşarx kəndində yaşayan İddiaçı ünvanlanmış 23 yanvar 2023-cü il tarixli, 01/M-32 nömrəli məktubdan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən (65 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır) fərdi hesabın sığorta hissəsində tələb olunan (34560 manat) pensiya kapitalı və azı 25 il sığorta stajı yoxdur. Eyni zamanda 2011-ci il tarixdən 2019-cu il tarixədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi üçün ödədiyi məcburi dövlət sosial sığorta haqları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində öz əksini tapmadığından Qanunun 22-1-ci maddəsinə əsasən də (2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana əmək pensiyası təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır) ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilən 14 mart 2020-ci il tarixli, 13/324 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şərur rayon Pambıq-təmizləmə zavoduna xx.xx.1973-cü il tarixli, 523 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1975-ci il tarixli, 390 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan Meşə təsərrüfat idarəsinə xx.xx.1980-ci il tarixli, 35 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1980ci il tarixli, 131 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Naxçıvan şəhər 3 №-li Mexanikləşdirilmiş Səyyar dəstəsinə xx.xx.1980-ci il tarixli, 210 №-li əmrlə “fəhlə” qəbul edilməsi, xx.xx.1984-cü il tarixli, 71 №-li əmrlə işdən azad olunması, xx.xx.1984-cü il tarixli, 117 №-li əmrlə yenidən fəhlə olaraq işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. Əmr kitabları 1987-ci ilin noyabr ayına qədər olduğundan işdən azad olunması haqqında məlumata rast gəlinmədi. X4 İdarəsinə (4 №-li MK) xx.xx.1988-ci il tarixli, 25 №-li əmrlə “elektrik-montyor” qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 108 №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində Naxçıvan şəhər 3 №-li Mexanikləşdirilmiş Səyyar dəstəsinin 1987-ci ilin noyabr ayına qədər olan əməkhaqqı cədvəllərində əməkhaqqı almasının göstərildiyi qeyd olunmuşdur. - Şərur Rayon Dövlət Arxivi tərəfindən verilən 09 mart 2022-ci il tarixli, 03/103 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı Şərur rayon keçmiş Lenin adına sovxozda işləmiş və 1978-1979-cu illərdə əməkhaqqı alması arxiv sənədlərində göstərilmişdir. İddiaçı xx.xx.1979-cu il tarixli, 52 nömrəli əmrlə 16 nömrəli MSD-yə fəhlə təyin olunması və xx.xx.1980-ci il tarixli, 28 nömrəli əmrlə işdən azad olunması arxiv sənədlərində göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 28 mart 2022-ci il tarixli, 6/1084 nömrəli arxiv arayışından aydın olur ki, İddiaçı, həqiqətən, 30 sentyabr 1988-ci il tarixdən İliç Rayon Daxili İşlər Şöbəsi yanında Mühafizə Bölməsinin hərbiləşdirilmiş dəstəsinə atıcı vəzifəsinə işə qəbul edilmiş, 09 iyul 1993-cü ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. - 27 avqust 1999-cu il tarixli, JN-234, KOD 10213038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.35 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2011-ci il tarixli, ******* nömrəli və xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzlərin surətindən məlum olur ki, İddiaçı tərəfindən MDSS haqqı qismində 25 manat və 9 manat 80 qəpik ödənilmişdir. - xx.xx.2012-ci il və xx.xx.2013-cü il tarixli qəbzlərin surətindən məlum olur ki, İddiaçı tərəfindən Şərur YXO-ya 14 manat 80 qəpik və 39 manat 80 qəpik torpaq pulu ödənilmişdir. - xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli qəbzlərin surətindən məlum olur ki, İddiaçı tərəfindən Şərur YXO-ya 19 manat 80 qəpik və 39 manat 80 qəpik torpaq pulu ödənilmişdir. - xx.xx.2016-cı il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli qəbzlərin surətindən məlum olur ki, İddiaçı tərəfindən MDSS haqqı qismində 19 manat 80 qəpik və 34 manat 80 qəpik ödənilmişdir. - xx.xx.2018-ci il tarixli, ******* nömrəli qəbzin surətindən məlum olur ki, İddiaçı tərəfindən MDSS haqqı qismində 19 manat 80 qəpik ödənilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Yuxarı Daşarx kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 43 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur Rayon, Yuxarı Daşarx kəndində yaşayır və qeydiyyatda durur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə doğulmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsi tərəfindən 14 may 2023-cü il tarixli, 08/323 nömrəli məktubla məhkəməyə göndərilən “Naxçıvanpoçt” PHŞ-nin Şərur Rayon Filialının 23 may 2023-cü il tarixli, 47 nömrəli məktubundan aydın olur ki, İddiaçı 26 dekabr 2015-ci il-9.80 manat; 28 noyabr 2016-cı il-19.80 manat; 26 dekabr 2017-ci il-34.8 manat; 27 dekabr 2018-ci il-19.8 manat məbləğində ödənişlər etmişdir. İddiaçı ”Naxçıvanpoçt” publik hüquqi şəxsin Şərur rayon filialına ödəmiş olduğu vəsaitlər filial tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Şərur rayon İdarəsinə təqdim olunmuş hesabatlarda öz əksini tapmışdır. İddiaçı ödənişlərini edərkən, filial tərəfindən ona onun ödədiyi vəsaitlər müqabilində qəbzlər təqdim olunmuşdur. Həmin qəbzlərin filialda qalan hissələrinin saxlama müddəti bitdiyi üçün həmin qəbzlər məhv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikasının Qanununun 2.0 və 2.0.2-ci maddələrinə görə əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək sığortaçının hüquqlarına, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq sığortaçının vəzifələrinə aid edilmişdir. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İş üzrə mübahisəli məsələ iddiaçının kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödədiyi məcburi dövlət sosial sığorta məbləğlərinin X3 Sistemində (MEİS) öz əksini tapmaması ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (buraya həmçinin aiddir məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutları məhkəməyə təqdim etdiyindən ödənişlərin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasına əsas verən hal kimi təsbit edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə cavabdeh orqanın etirazında iddiaçının 25 il sığorta stajının olmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması barədə gətirdiyi dəlillərini əsaslı saymır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə, əsassız hesab edilməli və iddia tələbi təmin edilməlidir. Odur ki, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinə qarşı "cavabdehin 30 yanvar 2023-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi, 2011-ci il tarixdən 2019-cu il tarixədək X8 Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına əsasən Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində JN-234 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi təsərrüfatla məşğul olmağına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 8 ilin əmək stajına əlavə olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin 30 yanvar 2023-cü il tarixli, 05 saylı qərarı ləğv edilsin. 2011-ci il tarixdən 2019-cu il tarixədək X8 Komissiyasının 29 iyun 1999-cu il tarixli, 05 nömrəli qərarına əsasən Şərur rayon Yuxarı Daşarx kəndi ərazisində JN-234 nömrəli (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətinə verilmiş 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi təsərrüfatla məşğul olmağına görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 8 il əmək stajına əlavə olunmaqla İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Şərur Rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-218/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-218/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver