Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-219/2021 16.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı “X2 ona məxsus ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ona məxsus Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk öncə eyni tələblə Naxçıvan Şəhər Polis İdarəsinə müraciət edərək X2 ona məxsus Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqanın İddiaçı ünvanladığı 01 oktyabr 2021-ci il tarixli, 7/3794- N919 nömrəli məktubdan görünür ki, X2 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindən qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından ərizənin icra edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı 15 oktyabr 2021-ci il tarixdə daxil olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ona məxsus Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 29.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 28 oktyabr 2021-ci il tarixli, 7/4136 nömrəli məktubla məhkəməyə ünvanlandığı yazılı münasibətini onunla əsaslandırmışdır ki, X2 Naxçıvan şəhəri, Qaraxanbəyli kəndindən qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və çıxarılması Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 02.09.2010-cu il tarixli, 550 nömrəli əmrinin 5-ci bəndində göstərilən əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2- 1(122)-219/2021 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 30 noyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia tələbində texniki səhv olaraq ünvanı dəqiq göstərmədiyini bildirib, tələbində dəqiqləşdirmə apararaq tələbinin “X2 ona məxsus ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin 30 noyabr 2021-ci il tarixli protokol qərarı ilə İddiaçı vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı iddia tələbi “X2 ona məxsus ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunaraq icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 30 noyabr 2021ci il tarixli, 2-1(122)-219/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 16 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq, cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 09 dekabr 2021-ci il tarixli, 7/4694 nömrəli məktub göndərərək 16.12.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirakları olmadan işə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yerləşən mənzili 10 sentyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ üzrə öz adına qeydə aldırdığını, ona ********** nömrəli dövlət reyestrindən Çıxarış verildiyini, ona məxsus mənzildə gəlini X2 pasport qeydiyyatında olduğunu, həmin şəxsin başqa ünvanda yaşadığını, ona görə də X2 ona tam mülkiyyət hüququ ilə məxsus olan mənzildə qeydiyyatda qalmasını həm məntiqi, həm də hüquqi baxımdan ağlabatan hesab etmədiyini, həmin şəxsin başqa ünvanda yaşamasına baxmayaraq ona məxsus mənzilin pasport qeydiyyatından çıxmamaqla onun mülkiyyət hüquqlarını pozduğunu, halbuki Konstitusiyaya görə Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olduğunu və dövlət tərəfindən müdafiə olunduğunu, hər kəsin mülkiyyət hüququnun olduğunu, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olduğunu, bütün bunlara baxmayaraq, onun öz mülkiyyəti üzərində sərəncam verə bilmədiyini, hüquqlarının həyata keçirə bilmədiyini, X2 onun mənzilində qeydiyyatda qalması üçün heç bir hüquqi əsasın olmadığını, onun qeydiyyatının yalnız formal xarakter daşıdığını, həmin şəxsin ona məxsus evin pasport qeydiyyatından çıxarılması üçün Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini, müraciətinə cavab verilərək həmin şəxsin pasport qeydiyyatından çıxarılmasından imtina edildiyini, bu imtinanı konstutision norma və prinsiplərə zidd olduğu kimi qanunsuz və əsassız hesab etdiyini, çünki həmin şəxsin ona məxsus evdə yaşamadığını və özünə başqa yaşayış yeri seçdiyini, bu səbəbdən də məcbur qalıb Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etdiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X5 izahat verərək iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxmayacağını, hal-hazırda əri X3 xidməti ilə əlaqədar Şahbuz rayonu, Daylaqlı kəndində yaşadıqlarını, xəstə uşağı olduğunu, onun müalicəsi üçün teztez Naxçıvan şəhərinə gəlmək zərurətinin yarandığını, hər müalicə kursunun təqribən 10 gün çəkdiyini, qalmağa yerlərinin olmadığını, həmçinin iddiaçının oğlu Elçin ilə 2009-cu ildə ailə qurduğunu, həmin evə gəlin köçdüyünü, cehiz əşyalarının iddiaçıya məxsus mənzildə olduğunu, 2021-ci ilin iyul ayının 28-də iddiaçı tərəfindən zorla həmin evdən çıxarıldıqlarını, həmin evin tikilməsində özünün də əziyyət çəkdiyini, buna görə də həmin evdə payı olduğunu, ən azı yaşamaq hüqununun olduğunu bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 noyabr 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən və ona ünvanlanan sualları cavablandıran X6 anası İddiaçı arvadı X5 ilə özünü ünvan 1 ünvanının pasport qeydiyyatından çıxartmasına etiraz etmədiyini, onu da evin pasport qeydiyyatından çıxartmaq istəsə etiraz etməyəcəyini, ailəsinin dağılmasını istəmədiyini, arvadı ilə ailə münasibətlərinin yaxşı olduğunu, anasına məxsus evdən bu ilin iyul ayında çıxdıqlarını, həmin vaxtdan Şahbuz rayonu, Daylaqlı kəndində yaşadıqlarını, evdən zorla çıxarılmadıqlarını, xidmət yerini dəyişdiyinə görə anasına məxsus evdən çıxdıqlarını, Naxçıvan şəhərində xidmət edərkən həmin evdə yaşadıqlarını, hal-hazırda Şahbuz rayonu, Daylaqlı kəndində kirayə yaşadıqlarını, kirayə haqqının hərbi hissə tərəfindən ödənildiyini bildirmişdir. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, mənzilin Çıxarışının elektron qaydada təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini, qeydiyyatla bağlı arayışı əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın elektron imza ilə təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 113.9 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evi və 0.056 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/45 nömrəli reyestr kitabının 8714 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi **********97-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 10.09.2021). - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 1660 nömrəli arayışdan görünür ki, xx xxxxxxx 1964-cü il təvəllüdlü İddiaçı Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatdadır. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1964-cü ildə Naxçıvan rayonu, Qaraxanbəyli kəndində doğulmuş və Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 10 noyabr 2021ci il tarixli, 7/4294 nömrəli məktubdan görünür ki, vətəndaş X2 19.05.2010-cu ildə Naxçıvan Şəhər Polis İdarəsinə təqdim etdiyi sənədlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 30 sentyabr 2015-ci il tarixli, Q36-001-15 saylı Qərarının 6.2.11-ci bəndinə əsasən saxlama müddəti bitdiyindən (5 il) 2015-ci ildə aktla məhv edilmişdir. Həmin məktubla məhkəməyə ünvanlanan X2 fərdi uçot kartoçkasının surətindən görünür ki, 21.04.1989-cu ildə Babək rayonu, Cavidabad kəndində doğulmuş Quliyeva (Abbasova) X4 şəhəri, Qaraxanbəyli ərazisində yaşayır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraxanbəyli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2021-ci il tarixli, 1871 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında aşağıdakı şəxslər qeydiyyatdadırlar: 1. X9oğlu (1983), 2. X10-oğlu (1985), 3. X7-gəlini (1989), 4. X8-gəlini (1985), 5. X11-nəvəsi (2010), 6. X12-nəvəsi (2015). Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM-in 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14.06.1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə araşdırması zamanı ünvan 1 ünvanında yerləşən mənzilin xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusluğu, üçüncü şəxsin hazırda həmin yaşayış sahəsinə dair hər hansı əmlak hüquqlarının olmaması, iddiaçının, üçüncü şəxsin izahatlarından və ötən məhkəmə iclasında dindirilmiş şahid ifadəsindən də üçüncü şəxsin faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir. Göründüyü kimi, üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması İddiaçı mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən ev üzərində hər hansı hüquqa malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması nəzərdə tutulduğundan iddiaçı üçüncü şəxsin sözügedən mənzildən pasport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur. Fiziki şəxslərin mülkiyyət hüquqlarının müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Üçüncü şəxsin mülkiyyətçiyə məxsus mənzildən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Buna görə də X2 ünvan 1 ünvanının qeydiyyatından çıxarılmasından cavabdeh Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından X2 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 34, 68, 69, 75 və 81 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanının pasport qeydiyyatından X2 çıxarılması öhdəliyi cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-219/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-219/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver