Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-223/2022 12.12.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "onun 01 iyul 2022-ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 01 iyul 2022-ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırda N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi vəzifəsində xidmət edir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə N nömrəli hərbi hissə komandirinin adına raport yazaraq "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Belə ki, artıq 23 ildən çoxdur ki, xidmət edir. Onun raportu əsasında hərbi hissədə onunla söhbətləşmə aparılmış, təqdimatı tərtib olunaraq icrası üçün 14 iyul 2022-ci il tarixdə X2 qərargahına göndərilmişdir. Lakin təqdimatı icra olunmamış və 21 iyul 2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, kadr zabit heyətinə ehtiyac yarandığına görə müsbət qərar qəbul olunmamışdır. İddiaçı 25 iyul 2022-ci il tarixdə şikayət ərizəsi ilə təkrar yuxarı komandanlığa-N nömrəli hərbi hissə komandirinə X1 Ordu Komandanına poçt vasitəsi ilə müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən onun bu raportu xx.xx.2022-ci il tarixdə ünvanına çatdırılmışdır. N nömrəli hərbi hissə komandanlığından şikayət ərizəsinə cavab olaraq bildirilmişdir ki, onun peşəkar və perspektivli zabit olduğunu nəzərə alıb ehtiyata buraxılmağı uyğun görülmədiyindən onun ehtiyata buraxılmağı məqsədə uyğun hesab edilmir. Raportlarının nəticəsiz qaldığını görərək o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. X5 ünvanladığı ərizə araşdırılması və müvafiq tədbir görülməsi üçün X3 göndərilmişdir. xx.xx.2022-ci il tarixdə X2 Şəxsi Heyət İdarəsinin Kadrlar şöbəsinin rəisi tərəfindən ona ünvanlanmış məktubda bildirilmişdir ki, Müdafiə nazirinin müvafiq göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaları il ərzində iki dəfə-cari ilin yanvar və iyul aylarında həyata keçirilir. Bu səbəblə onun ehtiyata buraxılmağı barədə raportunun icrası 2023-ci ilin yanvar ayında təmin olunacaqdır. Halbuki onun yazdığı ilk raport 2022-ci ilin iyul ayının 1-də yazılmış və iyul ayında icra olunması üçün yetərincə vaxt var idi. X4 komandanlığı tərəfindən müxtəlif bəhanələrlə raportun icrasının vaxtı avqust ayının axırınadək səbəbsiz olaraq uzadılmışdır. İddiaçı müraciətlərinin əsassız qaydada cavablandırılmasını və raportunun icrasının avqust ayının axırınadək uzadılaraq icra olunmamasını imtina kimi qiymətləndirərək imtinanın qanunsuz və əsassız olduğunu, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hüquqlarının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən kobud şəkildə pozulduğunu hesab edir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən onun 01 iyul 2022-ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə 19 oktyabr 2022-ci il tarixdə daxil olmuş yazılı münasibətini onunla əsaslandırmışdır ki, polkovnik-leytenant İddiaçı iddia ərizəsində hərbi hissə komandirinə, X4 Komandanına və Müdafiə nazirinə öz arzusu ilə ehtiyata buraxılması üçün müraciət etdiyini, məktublarının cavablandırıldığını, sonuncu müraciətinə X2 Şəxsi Heyət İdarəsinin Kadrlar Şöbəsinin rəisi tərəfindən cavab verilərək Azərbaycan Respublikası Müdafiə nazirinin göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmasının ildə iki dəfə - yanvar və iyul aylarında həyata keçiriləcəyinin bildirildiyini qeyd etmişdir. Polkovnik-leytenant İddiaçı 25 iyul 2022-ci il tarixli öz arzusu ilə ehtiyata buraxılması üçün müraciətinə baxılmış, lakin Vətən müharibəsindən sonra Azərbaycan ordusunda zabit heyətinə olan tələbat nəzərə alınaraq onun ehtiyata buraxılması üçün vəsatət qaldırılması məqsədəuyğun hesab edilməyərək müraciətinə eyni qaydada cavab verilmişdir. Daha sonra isə iddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinə müraciət etmiş və müraciəti baxılması üçün X3 göndərilmişdir. Polkovnik-leytenant İddiaçı ehtiyata buraxılması fikri qəti olduğundan sonuncu müraciətinə Kadrlar Şöbəsinin rəisi tərəfindən cavab verilərək zabitlərin öz arzusu ilə ehtiyata buraxılmasının ildə iki dəfə - yanvar və iyul aylarında həyata keçirildiyi, onun raportunun icrasının 2023-cü ilin yanvar ayında təmin olunacağı bildirilmişdir. İddiaçı isə bununla razılaşmayaraq müraciətlərinin əsassız cavablandırıldığını, nəticəsiz qaldığını düşünmüş və bunu imtina kimi qiymətləndirərək məhkəməyə müraciət etmişdir. Lakin, onun müraciətləri qanuni olaraq cavablandırılmış, ona Müdafiə nazirinin göstərişinə əsasən yanvar və iyul aylarında ehtiyata buraxılmanın həyata keçirildiyi, onun raportuna növbəti ilin yanvar ayında baxılacağı bildirilmişdir. İddiaçı isə əsassız olaraq bunu imtina kimi qiymətləndirmişdir. Yuxarıda qeyd olunanları və iddiaçının sonuncu müraciətinə verilmiş rəsmi cavabı nəzərə alaraq, məhkəmədən iddianın əsassız hesab olunaraq təmin olunmaması xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi Amil Hacıyev məhkəməyə 05 dekabr 2022-ci il tarixli ərizə göndərərək 12 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məzuniyyətdə olması səbəbindən iştirak edə bilməyəcəyini nəzərə alıb məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili və nümayəndəsinin, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək onun 01 iyul 2022ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik-leytenant İddiaçı tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış raportdan məlum olur ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. - N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini-bölmə rəisi polkovnik-leytenant İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-X4 Komandanı general-polkovnik Kərəm Mustafayevə ünvanlanmış 25 iyul 2022-ci il tarixli şikayət məktubundan və Azərbaycan Respublikası Müdafiə Nazirinə ünvanlanmış 04 avqust 2022-ci il tarixli xahiş ərizəsindən məlum olur ki, o, xx.xx.2022-ci il tarixdə komanda üzrə hərbi hissə komandanlığına raport yazaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün yuxarı komandalıq qarşısında vəsatət qaldırmışdır. Raport əsasında hərbi hissədə onunla söhbətləşmə aparılmış, təqdimat tərtib olunaraq 14 iyul 2022-ci il tarixdə ordu qərargahına göndərilmişdir. Lakin təqdimat icra olunmamış və 21 iyul 2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, kadr zabit heyətinə ehtiyac yarandığına görə müsbət qərar qəbul olunmayıb. Ona verilmiş imtinanın heç bir hüquqi əsası yoxdur. Hərbi qulluqçunun, o cümlədən zabitlərin ehtiyata buraxılması yalnız 2 halda dayandırıla bilər: 1. Əgər ölkədə müharibə elan edilibsə və bu barədə Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müharibə elan edilməsinə razılıq verilibsə. 2. Barələrində istintaq işi aparılırsa, yaxud məhkəmədə cinayət işinə baxılırsa, (bu işlər üzrə qərar çıxarılanadək hərbi qulluqçular həqiqi hərbi xidmətdən buraxıla bilməzlər). Onun sağlamlığını, fiziki və mənəvi cəhətdən yorğunluğunu, eləcə də ailə vəziyyətini: belə ki, anasının xəstəliyi və onun himayəsində olmasını nəzərə alaraq, onun 01 iyul 2022-ci il tarixli raportuna əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı ünvanlanmış 30 iyul 2022-ci il tarixli, 4236 nömrəli məktubdan məlum olur ki, Komandanlıq onun perspektivli və peşəkar bir zabit olduğunu nəzərə alıb, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağını deyil, olduğu vəzifədə xidməti davam etdirməyini məqsədəuyğun hesab edir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı ünvanlanmış 26 avqust 2022-ci il tarixli, 5190 nömrəli məktubdan məlum olur ki, Müdafiə nazirinin müvafiq göstərişinə əsasən zabitlərin öz arzusu ilə ehtiyata buraxılmaları il ərzində iki dəfə - cari ilin yanvar və iyul aylarında həyata keçirilir. Bu səbəbə görə ehtiyata buraxılmağı barədə raportunun icrası 2023-cü ilin yanvar ayında təmin olunacaqdır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1982-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən İddiaçı verilmiş 02 noyabr 2022-ci il tarixli, 829 nömrəli arayışdan məlum olur ki, o, həqiqətən 09 sentyabr 1999-cu il tarixdən hal-hazırki vaxtadək 23 il 2 ay 16 gün təqvim ili Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət edir. - İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış 24 oktyabr 2022-ci il yazılı izahatın və iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə ünvanlanmış məlumatın məzmunundan aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı ehtiyata buraxılması ilə bağlı raportuna əsassız olaraq imtina cavabı verildiyi, bununla iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının cavabdeh inzibati orqan tərəfindən pozulduğu, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu, həmçinin cavabdehin məhkəmənin iddiaya ağlabatan müddətdə baxılması və müvafiq qərar qəbul edilməsi üçün süni maneələr yaratdığı göstərilməklə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya cavab olaraq məhkəməyə təqdim edilən etirazın əsassız olduğu qeyd olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda tutduğu vəzifədən onun 01 iyul 2022-ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunmasını xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılması tələbi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirir. Həmçinin bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlər mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.3-cü maddəsinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. - 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. - 52.5-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. - 66-cı maddəsinə əsasən maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, iddiaçının ehtiyata buraxılmasından imtina edilməsi üçün cavabdeh inzibati orqan tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 23 ildən artıq müddətdə zabit kimi xidmət etdiyindən onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada hərbi geyim formasını daşımaq hüququ verilməklə öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma hüququ vardır. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən aydın olur ki, zabitin öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması üçün yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etməsi zəruri şərt kimi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən etirazda irəli sürülən arqumentlərə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, bu hala əsasən iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasından imtina edilməsinin heç bir hüquqi əsası mövcud deyildir. Belə olan təqdirdə cavabdehin əsas gətirdiyi dəlillər iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmasına maneə ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "onun 01 iyul 2022-ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdehə həvalə olunması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı 01 iyul 2022-ci il tarixli raportuna əsasən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə uyğun olaraq (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmətini nəzərə alaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə olunsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-223/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-223/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver