Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-229/2021 30.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən ölüm akt qeydləri kitabında onun- İddiaçı barəsində səhvən aparılmış 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ölüm akt qeydləri kitabında onun-İddiaçı barəsində səhvən aparılmış 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə Şərur rayonu, Alışar kəndində anadan olmuşdur. Eyni adla 30 dekabr 1993-cü ildə X2 ilə ailə həyatı qurmuşdur. 31 oktyabr 2013-cü ildə Yeni Azərbaycan Partiyasına eyni adla üzv qəbul edilmişdir. Eynilə 04.04.2021-ci ildə İddiaçı adı ilə şəxsiyyət vəsiqəsi almışdır. Lakin bütün bu faktlara baxmayaraq Cavabdeh 19.03.1959-cu ildə onun haqqında ölüm akt qeydi qəbul etmişdir. İddiaçı yuxarıda sadaladığı halları qeyd etməklə Cavabdehnə ərizə ilə müraciət etsədə, Cavabdeh tərəfindən ərizəsinə verilən 19.10.2021-ci il tarixli cavabda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında həyata keçirildiyi əsas göstərilərək ərizənin icra edilməsindən imtina edilmişdir. Ona görə də iddiaçı onun haqqında qəbul edilmiş ölüm haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı Cavabdeh üzərinə öhdəlik qoyulmasını istəyir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq və Azəbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33, 45 və 46-cı maddələrinə əsasən Cavabdeh tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 16.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya qarşı 10 dekabr 2021-ci il tarixli, 05/Q-488-13 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, hazırki inzibati iş üzrə İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək Şərur Rayon Yengicə Kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 19.03.1959-cu il tarixli, 05 saylı ölüm akt qeydinin ləğv edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirilir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 20 dekabr 2021ci il tarixli, 2-1(122)-229/2021 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 30 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə 24 dekabr 2021-ci il tarixli, 05/Q-513/13 nömrəli məktub göndərərək 30 dekabr 2021-ci il tarixə, saat 10:30-a təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilmədiklərindən işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, nikahın bağlanması haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, üzvlük vəsiqəsinin təsdiq olunmuş surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Cavabdeh tərəfindən Naxçıvan şəhər sakini İddiaçı ünvanlanan 19 oktyabr 2021-ci il tarixli, 05/Q-416/15 nömrəli məktubdan görünür ki, Cavabdeh tərəfindən 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydinin ləğvi ilə əlaqədar müraciətə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında həyata keçirildiyindən tələbin icra edilməsindən imtina edilmişdir. - 30 dekabr 1993-cü il tarixli, Vİ-ЖГ 269777 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 31 yanvar 1966-cı ildə Şərur rayonu, Sədərək kəndində doğulmuş X2 ilə xx xxxx 1958-ci ildə İliç rayonu, Alışar kəndində doğulmuş İddiaçı 30 dekabr 1993-cü ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1993-cü ilin dekabr ayının 30-cu günündə 377 nömrə ilə qeyd edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxx 1958-ci ildə doğulmuşdur. - 31 oktyabr 2013-cü il tarixdə verilmiş 629716 nömrəli Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 2013-cü ilin oktyabr ayından YAP Naxçıvan Şəhər Təşkilatının üzvüdür. İş materiallarına əlavə edilmiş: - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan 19 mart 1959-cu il tarixli, 5 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı 27 fevral 1959-cu ildə Alışar kəndində xəstəlikdən ölmüşdür. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 saylı uşaq bağçası tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 30 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasında dayə vəzifəsində işləyir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli, 6345 nömrəli arayışdan görünür ki, xx xxxx 1958-ci ildə Şərur rayon, Alışar kəndində anadan olmuş İddiaçı hal-hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. - 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. - 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. - 8.6-cı bəndinə əsasən ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 19.03.1959-cu il tarixdə tərtib edilmiş ölüm haqqında akt qeydi həqiqətəndə İddiaçı barəsində aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx xxxx 1958ci ildə doğulmuş, 30 dekabr 1993-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, hal-hazırda 11 saylı uşaq bağçasında dayə vəzifəsində işləməklə əmək fəaliyyəti ilə məşğul olur. Həmçinin İddiaçı YAP üzvü olmaqla üzvlük vəsiqəsi almış və ünvan 3 ünvanında qeydiyyatda durur. Bütün bu hallar sübut edir ki, 19.03.1959-cu il tarixdə İddiaçı barəsindəki ölüm haqqında akt qeydi yanlışlıqla aparılmışdır. Məhkəmə tərəfindən qeyd olunmalıdır ki, Cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi əsassızdır. Cavabdehin öz imtinasını əsaslandırdığı əsas fakt vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydinə dəyişikliklər edilməsi üçün məhkəmə qətnaməsinin olmamasıdır. Məhkəmə toplanmış sübutlara əsasən belə qənaətə gəlir ki, sübutlar qanuni və əsaslı olduğundan iddiaçının tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh tərəfindən ölüm akt qeydləri kitabında İddiaçı barəsində səhvən aparılmış 19.03.1959-cu il tarixli ölüm haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-229/2021
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-229/2021
30.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver