Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-23/2023 18.04.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X5 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona Azərbaycan Respublikasının "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1966-cı il tarixdə Naxçıvan MR Babək rayon Qahab kəndində anadan olmuşdur. O, 21 oktyabr 1984-cü il tarixdə Babək rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yollanmışdır. 24 oktvabr 1986-ci il tarixdə keçmiş SSRİ ordusunun vaxtında Germaniya Demokratik Respublikasının həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. Azərbaycan- Ermənistan müharibəsinin başlanması ilə əlaqədar 1992-ci ilin may ayının 23-dən Naxçıvan Muxtar Respublikasının Babək Rayon Hərbi Komissarlığı tərəfindən səfərbər olunaraq NDM Komitəsinə təhvil verilmişdir. NDM Komitəsinin əsgərləri ilə və onunla səfərbər olunan döyüş yoldaşları ilə birlikdə Sədərək ərazisində 4 №-li postda torpaqları müdafiə etmiş, müvəqqəti atəşkəs elan olunduğundan xx.xx.1992-ci il tarixdə tərxis olunaraq evə buraxılmışdır. Babək rayonu Hərbi Komissarı Nürəddin Hüseynov tərəfindən səfərbərliklə əlaqədar olaraq Naxçıvan DMK-nə təhvil verildiyi barədə 346 №-li, xx.xx.2021-ci il tarixli arayış verilmişdir. Babək rayonu Hərbi Komissarı Hafiz Nəcəfov tərəfindən NDMK-nə təhvil verildiyi barədə 240 №-li, xx.xx.2022-ci il tarixli arayış verilmişdir. Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsinin N oktyabr 2019-cu il tarixli, 663 №-li arayışında xx.xx.1992-ci il tarixdə 155 nömrəli əmrlə Babək rayon Hərbi komissarlığından səfərbərliklə xidmətə qəbul edilib və müvəqqəti olaraq X2n sərəncamına göndərildiyi barədə arxiv arayışı verilmişdir. Hərbi biletinin 7-ci səhifəsində may-iyun aylarında Sədərək ərazisində gedən döyüşlərdə X4 Komitəsinin tərkibində bir əsgər kimi döyüşməyi qeyd olunaraq NDMK-in qərargah rəisi S.Məmmədov tərəfindən möhürlə təsdiqlənmişdir. Həmin dövrlərdə Sədərək kənd ərazisində gedən müharibə dövründə Naxçıvan şəhər 5 №-li Tikinti Trestinin inşaat müəssəsinin tərkibində fəhlə işləmişdir. Bir ay müddətində Sədərək ərazisində olan müharibədə iştirak etdiyi üçün işlədiyi iş yerində iştirak edə bilməmiş, əmək haqqının ödənilməsi üçün Babək rayon Hərbi Komisarı tərəfindən verilən arayış əsasında bir aylıq əməkhaqqı ödənilmişdir. Əlavə olaraq hərbi biletinin 13-cü səhifəsində 30 gün müddətində Sədərək ərazisində döyüşlərdə iştirak etdiyi qeyd olunaraq Babək rayon Hərbi Komissarlığı tərəfindən möhürlə təsdiqlənmişdir. Ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. İddiaçı yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmədən ona Azərbaycan Respublikasının "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. 13 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı vəsatət verərək iddia ərizəsində texniki səhvlik nəticəsində “müharibə veteranı" adı və vəsiqəsi” əvəzinə “Azərbaycan Respublikasının "müharibə veteranı" adı və vəsiqəsi” kimi qeyd olunduğunu bildirib, iddia tələbinin tam dəqiq ifadə olunması üçün “Azərbaycan Respublikasının "müharibə veteranı" adı və vəsiqəsi”nin “müharibə veteranı" adı və vəsiqəsi” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərarı ilə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi” kimi oxunması qərara alınmışdır. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 13 mart 2023-cü il tarixli, 3-25-11/2-1N2/23 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, o 1992-ci ildə Naxçıvanda yaradılmış Dövlət Müdafiə Komitəsinin tərkibində Sədərək rayonunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 22 iyul 2022-ci il tarixli, 4/3- 8543 nömrəli məktubuna əsasən iddiaçının, xidmət etdiyi X3 Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına daxil edilməmişdir. Qanunverciliyin tələblərinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara “müharibə veteranı” adı verilir. Göstərilənlərə əsasən iddiaçıya "müharibə veteranı" adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 aprel 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli, 4/3-11074 nömrəli məktubdan məlum olur ki, ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. X3 Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və hərbi qulluqçu statusuna malik olub-olmamağı barədə məlumat olmadığına görə ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N oktyabr 2019-cu il tarixli, 3958 nömrəli arayışın surətindən aydın olur ki, xx.xx.1992-ci il tarixli, 155 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 40) Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib və müvəqqəti olaraq X2n sərəncamına göndərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/815 nömrəli arayışda İddiaçı Naxçıvan 5 №-li Tikinti trestindən çağırış müddətində aylar üzrə aldığı əməkhaqqıların məbləğini əks etdirən cədvəl göstərilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 13/815 nömrəli arayışdan görünür ki, Naxçıvan 5 №-li Tikinti Trestinin sənədlərində İddiaçı xx.xx.1992-ci il tarixli, 26 K №-li əmrlə Babək Rayon Hərbi Komissarlığının verdiyi arayış əsasında xx.xx.1992-ci il 1150, 1151 №-li, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixlərədək hərbi çağırışa əsasən ümumi qanuna əsasən əmək haqqı ödənilməsi əmr kitabında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 663 nömrəli məktubundan məlum olur ki, İddiaçı X4 Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 155 nömrəli əmrlə Babək rayon Hərbi Komissarlığından səfərbərliklə xidmətə qəbul edilib, müvəqqəti olaraq X2nın sərəncamına göndərildiyi qeyd olunmuşdur. 5073 nömrəli Azərbaycan Respublikası Vətən X1 vəsiqəsində İddiaçı “Veteranlar haqqında” Qanuna əsasən müharibə veteranlarına aid edilmiş bütün imtiyaz və güzəştlərdən istifadə etmək hüququna malik olduğu göstərilmişdir. НЭ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1992-сi ilin may, iyun aylarında qoşun tərkibində əskər kimi Gərmaçataq-Sədərək döyüşlərində fəal iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 240 nömrəli arayışdan aydın olur ki, 1966-cı il təvəllüdlü İddiaçı xx.xx.1992-ci ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən təlim toplantısına çağrılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə təhvil verilmişdir. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1966-cı il tarixdə doğulmuşdur. Naxçıvan Muxtar Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 dekabr 2022-ci il tarixli, 909 nömrəli məktubdan məlum olur ki, xx.xx.1966cı il təvəllüdlü Babək rayonunun Qahab kənd sakini İddiaçı xx.xx.1992-ci il tarixdə Babək Rayon Hərbi Komissarlığı tərəfindən təlim toplanışına çağrılaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinə təhvil verilmişdir. Məktuba həmçinin xx.xx.1992-ci il tarixli, 443 nömrəli adlı siyahının təsdiq olunmuş kserosurəti, N nömrəli hərbi hissənin xx.xx.2019-cu il tarixli, 3958 nömrəli arxiv arayışının təsdiq olunmuş kserosurəti və N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli arayışının təsdiq olunmuş kserosurəti əlavə edilmişdir. N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixli arayışının surətindən aydın olur ki, İddiaçı 25 may 1992-ci il tarixdən 23 iyun 1992-ci il tarixədək Gərməçataq zastavasında qulluq etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 2N saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 240 nömrəli arayışda və xx.xx.2022-ci il tarixli, 909 nömrəli məktubda İddiaçı xx.xx.1992-ci ildə Babək rayon Hərbi Komissarlığı tərəfindən təlim toplantısına çağırıldığı qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təlim toplantısının əsas məqsədi sıra hazırlığının yoxlanılması, kütləvi qırğın silahlarından mühafizə vasitələrinin istifadəsi və müxtəlif təyinatlı silahların sökülüb yığılması üzrə normativlərin yerinə yetirilməsi, tibbi və fiziki hazırlıq və bir sıra müxtəlif hərbi məşğələlərin həyata keçirilməsindən ibarət tədbirlərdir. Bundan əlavə hazırki iş üzrə materiallardan aydın olur ki, İddiaçı xidmət etdiyi X2 Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısına daxil edilməmişdir. Həmçinin iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qanuni əsaslarla tərxis olunması faktı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan hallar iddiaçının “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə mane olur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-23/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-23/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver