Məhkəmə qərarları › İş №2-1(122)-230/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-230/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-230/2021 16.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı İsgəndər oğlunun iştirakı olmadan, İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsgəndər oğlu cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 16 noyabr 2021ci il tarixə təyin olunmuşdur. İddiaçı İsgəndər oğlu məhkəməyə 11 noyabr 2021-ci il tarixli ərizə göndərərək səhhətində nasazlıqlar olduğundan işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı İsgəndər oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 02 noyabr 2021-ci il tarixli, 2-1(122)-230/2021 nömrəli yardım məktubu ünvanlanaraq ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə uyğun olmaması bildirilmiş, iddiaçıya ərizədə yol verilən formal xətaların aradan qaldırılaraq qanunvericiliyin tələbinə uyğun iddia ərizəsinin 16 noyabr 2021-ci il tarixədək məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu 04 noyabr 2021-ci il tarixdə iddiaçı tərəfindən imza edilərək alınmış, lakin verilmiş müddət ərzində iddiaçı tərəfindən yol verilmiş formal xətalar aradan qaldırılmamış və məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46-cı maddəsinin tələblərinə cavab verən iddia ərizəsi təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. İlkin olaraq qeyd edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında şəxsin (fiziki və ya hüquqi şəxs) hüquq və vəzifələri ilə bağlı dövlət orqanlarının qərarları, hərəkət və ya hərəkətsizliyindən verilmiş iddialara baxıla bilər. Yəni, bilavasitə fiziki şəxslər və ya fiziki şəxslərin təmsil olunduqları hüquqi şəxslər dövlət orqanlarının qərarlarından və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) inzibati icraat qaydasında məhkəməyə şikayət etmək hüququna malikdirlər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsində cavabdeh qismində fiziki şəxs Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevi göstərmişdir. Həmçinin iddia ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçı tərəfindən iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə ki, iddia tələbi idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi kimi qeyd olunmuşdur. Belə olan təqdirdə iddia tələbi üzrə onun hüquqlarının və qanunla qorunan maraqlarının hansı cavabdeh inzibati orqan tərəfindən və hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə tərəfindən iddiaçının ünvanına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə əsasən yardım məktubu göndərilərək ona zəruri hüquqi yardım göstərilmişdir. Lakin iddiaçı tərəfindən iddia ərizəsində yol verilən formal xətalar aradan qaldırılmaqla qanunvericiliyin tələbinə uyğun iddia ərizəsi məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda şərh edilən hallara əsaslanaraq iddiaçıya izah edilir ki, o, yuxarıda göstərilən halları aradan qaldıraraq yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 295-22-ci maddəsinə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı İsgəndər oğluna geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı İsgəndər oğlunun cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin idarə müdiri D.Babayevə qarşı “idarə müdiri D.Babayev tərəfindən onlara məxsus, 2775 nömrəli texniki pasportun həmin 29 saylı ünvandan alınıb ona verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı İsgəndər oğluna geri qaytarılsın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar