Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-230/2024 03.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 1989-cu ildən Azərbaycan Respublikası DİO sıralarında xidmətə qəbul olunmuşdur. Naxçıvan MR Polis orqanlarında zabit kimi fəaliyyətə başlamaqla, müxtəlif vəzifələrdə çalışmışdır. Son xidmət yeri Kəngərli rayon Polis Şöbəsində məsul növbətçi vəzifəsi olmuşdur. 2011-ci ilin ortalarında şəxsi xahişinə əsasən güzəştli şərtlərlə, DİO sıralarından ehtiyata buraxılmışdır, polis polkovnikleytenantıdır. Təxminən 2008-2009-cu illərdə 2 il üzrə əvvəlki illərdən qalmış istifadə etmədikləri məzuniyyət pulu hesablanaraq onlara verilmiş və ona bildirilmişdir ki, rəhbərliyin göstərişinə əsasən Polis əməkdaşlarının sosial rifahını yaxşılaşdırmaq məqsədi ilə, əməkdaşların əvvəlki dövrlərdən qalaraq istifadə edilməyən məzuniyyət illərinin pul kompensassiyaları DİN-in Maliyyə Xidməti Şöbəsində dəqiqləşdirilərək hesablanır və bu iş qurtardıqdan sonra pulların ödənişlərinə başlanılacaqdır. Aradan uzun müddət ötsə də, pul kompensasiyalarının ödənişləri sahəsində konkret olaraq heç bir iş görülməmiş və hər dəfəsində iş süni surətdə yubadılmışdır. İddiaçı qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 06 iyul 2023-cü il tarixli, 2-1(112)-8929/2023 nömrəli qərardadı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “istifadə edə bilmədiyi illik məzuniyyətlərin ödənilməsi tələbi"nə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. 09 oktyabr, 22 noyabr və 27 dekabr 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında İddiaçı iştirak etmiş, həmin iclaslarda iddiaçı Daxili işlər orqanlarında xidmət illəri, əmək haqqı cədvəlləri ilə bağlı sorğular verilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddiaçının vəsatətləri təmin edilmiş, müvafiq orqanlara sorğular verilmiş və müvafiq cavablar alınmışdır. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 03 aprel 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin məhkəmənin 28 dekabr 2023cü il tarixdə ünvanladığı sorğuya cavab olaraq göndərdiyi 29 yanvar 2024-cü il tarixli, 3-13- 43/2-1239/2024 nömrəli məktubuna qoşma edilmiş X1 aşkar olunan şəxsi hesab kartoçkalarının surətindən görünür ki, İddiaçı 03 iyun 2011-ci il tarixdə xidmətdən azad edilmişdir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 03 aprel 2024-cü il tarixli, 3- 13-43/2-4895/2024 nömrəli məktubuna qoşma edilmiş İddiaçı daxili işlər orqanlarından xaric olunması barədə əmrindən çıxarışdan görünür ki, polis polkovnik-leytenantı İddiaçı, Naxçıvan MR DİN-in sıravi və kiçik rəis heyəti hazırlayan məktəbinin müəllimi, “istefada olan, polis polkovnik-leytenantı sayılmaqla” 03 iyun 2011-ci il tarixdən “Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq xidmətdən azad edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdə keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə” haqqında Əsasnamənin: -1-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. -2-ci bəndinə əsasən daxili işlər orqanlarında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Polis haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktlarından ibarətdir. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun vətəndaşları dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi daxili işlər orqanlarında xidmətə qəbul edilən şəxslərə şamil edilir. -76-ci bəndinə əsasən Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (kursantlar üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; -78-ci bəndinə əsasən əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. -81-ci bəndinə əsasən bu Əsasnamənin 135-ci maddəsində nəzərdə tutulan əsaslarla xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşına öz arzusu ilə məzuniyyət verilir. Xaric edilmə ilində istifadə olunmayan əsas məzuniyyətə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada pul ödənişi verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin: - 1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. - 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. - 4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. - 6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddia ərizəsində iddiaçı tərəfindən Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi irəli sürülmüşdür. İş materiallarından göründüyü kimi, İddiaçı 1989-cu il tarixdən 2011-ci ilin ortalarınadək DİO sıralarında xidmətdə olmuşdur. Qeyd etmək lazımdır ki, iddiaçının iddia qaldırdığı inzibati orqanın hərəkətsizliyi İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34cü maddəsinə əsasən qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbinə görə pul tələbi ilə əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər və göründüyü kimi, iddiaçı 03 iyun 2011-ci il tarixdən sonra 1 il ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı hərəkət və ya hərəkətsizliyə qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, məhkəmənin yuxarıda şərh olunanlara əsasən gəldiyi qənaətə görə, iddiaçının Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir. Beləliklə,məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası DİO sıralarında xidmətdə olarkən 14 illik dövr üzrə istifadə edə bilmədiyi illik məzuniyyətlərin pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-230/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-230/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver