Məhkəmə qərarları › İş №2-1(122)-232/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-232/2022

13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-232/2022 13.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı1 vəkili Vəkil iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın ləğv olunması, JN-163B və JN-163C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin etibarsız hesab olunması və Şərur rayon Kosacan kənd ərazisində yerləşən JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın ləğv olunması, JN-163B və JN-163C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin etibarsız hesab olunması və Şərur rayon Kosacan kənd ərazisində yerləşən JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 13 oktyabr 2022ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçılara və İddiaçı1 vəkili Vəkil 19 sentyabr 2022-ci il tarixli, 2-1(122)-232/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia ərizəsinin İddiaçı1 tərəfindən imzalandığı, lakin iddia ərizəsinə əlavə edilmiş etibarnaməyə baxış keçirilərkən İddiaçı2 tərəfindən etibarnamə üzrə İddiaçı1 verilmiş səlahiyyətlərin sırasında iddia ərizəsini imzalamaq səlahiyyətinin nəzərdə tutulmadığı, həmçinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə hazırki tələb üzrə edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun iddia ərizəsinə əlavə edilmədiyi bildirilmiş, məhkəməyə iddia ərizəsi ilə müraciət edilən 15 sentyabr 2022-ci il tarixədək iddia tələbi ilə bağlı inzibati orqana edilmiş müraciət və orqan tərəfindən müraciətə verilmiş cavab məktubunun, həmçinin İddiaçı1 İddiaçı2 tərəfindən iddia ərizəsini imzalamaq səlahiyyətinin verildiyini təsdiq edən etibarnamənin 13 oktyabr 2022-ci il tarixədək məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin 19 sentyabr 2022-ci il tarixli yardım məktubu iddiaçılar və İddiaçı1 vəkili Vəkil tərəfindən imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı bu günədək heç bir tədbir görülməmiş, iddia tələbi ilə bağlı inzibati orqana müraciət, orqan tərəfindən müraciətə verilmiş cavab məktubu və İddiaçı1 İddiaçı2 tərəfindən iddia ərizəsini imzalamaq səlahiyyətinin verildiyini təsdiq edən etibarnamə məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 ünvanına məktub göndərilmiş, lakin iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Hazırki iş üzrə məhkəmə tərəfindən 19 sentyabr 2022-ci il tarixdə iddiaçı tərəfə məktub ünvanlanaraq iddia ərizəsinə əlavə edilən xx.xx.2022-ci il tarixli etibarnamədə İddiaçı1 İddiaçı2 tərəfindən iddia ərizəsini imzalamaq səlahiyyətinin verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçılar cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə əvvəlcədən müraciət etmələrini təsdiq edən sənədi və cavabdeh inzibati orqan tərəfindən onlara verilmiş imtina cavabını iddia ərizəsinə əlavə etməmişdirlər. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. İddia tələbindən göründüyü kimi iddiaçılar Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın ləğv olunması, JN-163B və JN-163C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin etibarsız hesab olunmasını xahiş edirlər. Şəhadətnamələrin verilməsini cavabdeh inzibati orqan tərəfindən publik hüquq sahəsində idarəçilik funksiyalarının həyata keçirilməsi nəticəsində qəbul edilmiş inzibati aktlar hesab etmək olmaz. Həmin aktlar inzibati deyil, hüquqi aktlardır və özündə Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə həll edilmiş məsələlərə dair hüququ tanıyan qeydiyyatın aparılmasını ehtiva edir. Bu mənada, hazırki iş üzrə qeydiyyatın aparılmasına və dövlət aktlarının verilməsinə əsas təşkil etmiş Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarı mübahisələndirilmədən birbaşa həmin qərara əsasən aparılmış qeydiyyatın ləğvinə və JN-163B və JN-163C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin etibarsız hesab olunmasına dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda qeydiyyatın ləğvini və şəhadətnamələrin etibarsız hesab olunmasını tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır və iddiaçılar islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdürlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Hazırki mübahisə ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(102)-785/2021 nömrəli inzibati iş üzrə qəbul etdiyi qərarında da öz əksini tapmışdır. Məhkəmə qeyd etməyi xüsusilə zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları qətidir və aşağı instansiya məhkəmələri üçün tövsiyə xarakteri daşıyır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əsasən yardım etmək vəzifəsi həm məhkəmə iclasında yerinə yetirilmiş, həm də iddiaçıların və İddiaçı1 vəkili Vəkil ünvanlarına yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın ləğv olunması, JN-163B və JN-163C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin etibarsız hesab olunması və Şərur rayon Kosacan kənd ərazisində yerləşən JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın ləğv olunması, JN-163B və JN-163C nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin etibarsız hesab olunması və Şərur rayon Kosacan kənd ərazisində yerləşən JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin İddiaçı1 və İddiaçı2 mülkiyyətinə verilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar