Məhkəmə qərarları › İş №2-1(122)-233/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-233/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-233/2022 14.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən mərhum qardaşı X1 adına olan torpaq sahəsinə münasibətdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən mərhum qardaşı X1 adına olan torpaq sahəsinə münasibətdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 14 oktyabr 2022ci il tarixə təyin olunmuşdur. Məhkəmə tərəfindən iddiaçıya və iddiaçının vəkili Vəkil 19 sentyabr 2022-ci il tarixli, 2-1(122)-233/2022 nömrəli yardım məktubu ünvanlanaraq iddia tələbinin Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması ilə bağlı olduğu, qanunvericiliyin tələblərinə əsasən məhkəmə qərarlarının icrasının həmin qərarı qəbul etmiş birinci instansiya məhkəməsinin vəzifəsi olduğu, məhkəmə qərarlarının icrası ilə bağlı mübahisələrə ayrıca icraat qaydasında baxılmasının mümkün olmadığı, məhkəmə qərarları və ya qərardadları tam icra edilmədikdə proses iştirakçısının ərizəsinə əsasən həmin icraat çərçivəsində müvafiq tədbirlər görüldüyü bildirilib iddiaçı tərəfə iddia tələbinin mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdarlıq edilərək iddia tələbində müvafiq dəqiqləşmələr aparılması üçün onlara 14 oktyabr 2022-ci il tarixədək müddət təyin edilmişdir. Məhkəmənin 19 sentyabr 2022-ci il tarixli yardım məktubu iddiaçı və iddiaçının vəkili Vəkil tərəfindən imza edilərək alınmış, lakin məktubda nəzərdə tutulan hallarla bağlı bu günədək heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil məhkəmə tərəfindən onlara ünvanlanmış məktubdan xəbərdar olduqlarını, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının tam icra olunmadığını, həmin qərarın X1 adına olan torpaq sahəsinə münasibətdə icra olunmasını istədiklərini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. - 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia tələbindən aydın olur ki, hazırki iş üzrə İddiaçı məhkəmədən Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən mərhum qardaşı X1 adına olan torpaq sahəsinə münasibətdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarlarının icrası həmin qərarı qəbul etmiş birinci instansiya məhkəməsinin vəzifəsidir. Məhkəmə qərarının icra olunması ilə bağlı həyata keçirilən fəaliyyətə məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə qərarlarının icrası ilə bağlı mübahisələrə ayrıca icraat qaydasında baxılması mümkün deyil. Belə ki, məhkəmə qərarları və ya qərardadları tam icra edilmədikdə proses iştirakçısının ərizəsinə əsasən həmin icraat çərçivəsində müvafiq tədbirlər görülə bilər. Qanunvericilikdə məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə ayrıca icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının tələbi Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması ilə bağlı olmuşdur. Belə olan təqdirdə, iddiaçı məhkəmə qərarının icrasının tam təmin edilmədiyi qənaətinə gələrsə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ayrıca inzibati iddia qaldırmadan icraya nəzarət edən hakimə ərizə ilə müraciət etməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələbinə əsasən yardım etmək vəzifəsi həm məhkəmə iclasında yerinə yetirilmiş, həm də iddiaçının və iddiaçının vəkili Vəkil ünvanlarına yardım məktubu göndərilərək onlara zəruri hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən mərhum qardaşı X1 adına olan torpaq sahəsinə münasibətdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan şəhəri, Bulqan kəndində yerləşən mərhum qardaşı X1 adına olan torpaq sahəsinə münasibətdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 2-1(122)-37/2020 nömrəli qərarının icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar