Məhkəmə qərarları › İş №2-1(122)-233/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-233/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-233/2023 14.07.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan qeyri yaşayış sahəsi 2004-cü il tarixdə onun mülkiyyətinə verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 191№ li sərəncamı ilə ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin bərbərxana kimi fəaliyyət göstərilməsinə icazə verilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 115№ li sərəncamında bildirilmişdir ki, Naxçıvan şəhər Atatürk küçəsində yerləşən bərbərxana dövlət ehtiyacı üçün sökülmüş və əvəzinə yer verilməsi məqsədilə Naxçıvan şəhər İstiqlal küçəsi 79 nömrəli binanın zirzəmisində yerləşən ümumi sahəsi 32.80 m2 olan 7 nömrəli mağaza İddiaçı mülkiyyətinə verilmişdir. 2013-cü ildə obyekt sökülmüş, lakin heç bir kompensasiya verilməmişdir. Bu məsələlərlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, cavab olaraq - sökülmüş bərbərxananın əvəzinə Naxçıvan şəhəri, İstiqlal küçəsi 79 nömrəli binanın zirzəmisində ümumi sahəsi 32.80 m2 olan 7 nömrəli mağazanın onun mülkiyyətinə verildiyi bildirilmişdir. Məcbur qalaraq məhkəməyə müraciət etdiyini bildirib, mülkiyyətində olan Naxçıvan şəhəri Atatürk küçəsi 12 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında ümumi sahəsi 19.6 m2 sahəsi olan bərbərxananın dövlət ehtiyacları üçün alındığı, 2017-ci ildə əvəzində ünvan 3 ünvanında sahəsi 32.86 m2 mağazanın verildiyi zaman kompensasiya ödənilməsi ilə bağlı etirazını bildirməli olduğu halda beş il müddət keçdikdən sonra etiraz etməsini və kompensasiya tələbi ilə bağlı iddiasını əsassız hesab etdiklərini bildirərək, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “İstiqlal küçəsi, bina 79-da yerləşən zirzəmi qatında olan obyekti ondan geri alaraq, Naxçıvan şəhər mərkəzində eyni xarakterli və eyni bazar qiymətinə uyğun ona yerüstü obyekt verilməsi, ünvan 1 ünvanında ümumi sahəsi 19.6 kv.m. olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi, ona İstiqlal küçəsi, bina 79-da verilən və ondan dövlət ehtiyacları üçün alınmış Atatürk küçəsi 12 ünvanında yerləşən obyektlər arasında real orta bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən müstəqil qiymətləndirmə aparılması, iki obyekt arasındakı fərqin kompensasiya şəklində şəxsinə ödənilməsi tələbi” ilə bağlı iddianın rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 14 iyul 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 oktyabr 2017-ci il tarixli, MH seriyalı, ******* nömrəli (qeydiyyat nömrəsi-**********) çıxarışın surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən 32.86 kv.m. mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2/2 nömrəli reyestr kitabının 290 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, 19 oktyabr 2017-ci il tarixdə, 268 inventar nömrə ilə ünvan 4 ünvanda yerləşən mağaza İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 06 oktyabr 2017-ci il tarixli, 115 nömrəli sərəncamının surətindən məlum olur ki, Naxçıvan şəhər Atatürk küçəsi 12 nömrəli bina dövlət ehtiyacı üçün söküldüyündən İddiaçı həmin binada mülkiyyətində olan bərbərxananın əvəzinə Naxçıvan şəhər İstiqlal küçəsi 79 nömrəli binanın zirzəmisində yerləşən ümumi sahəsi 32.80 kvadratmetr olan 7 nömrəli mağaza onun mülkiyyətinə verilmişdir. - X3 tərəfindən verilmiş 02 iyun 2004-cü il tarixli Texniki Pasportun surətindən məlum olur ki, Naxçıvan şəhəri Atatürk küçəsi 12 ünvanında 27.4 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 19.6 m2 olan bərbərxana İddiaçı adına qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 09 iyun 2004-cü il tarixli, 161 nömrəli sərəncamın surətindən məlum olur ki, Naxçıvan şəhəri Atatürk küçəsi 12-də yerləşən, Naxçıvan şəhər 1 saylı Dövlət Notariat kontorunun 31 may 2004-cü il tarixli, 4Ə-324 nömrəli qeydiyyatı ilə satın aldığı, ümumi sahəsi 19.6 kvm və dəyəri 21000000 (iyirmi bir milyon) manat olan qeyri-yaşayış sahəsinə dair vətəndaş İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsi üzrə dövlət rüsumu ödənilməklə “Mülkiyyət hüququ haqqında” şəhadətnamə verilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilmiş 10 iyun 2004-cü il tarixli, 154 qeydiyyat nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən məlum olur ki, Naxçıvan şəhəri Atatürk küçəsi 12-də yerləşən, ümumi sahəsi 19.6 kv.m. olan qeyri-yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 23 yanvar 2023-cü il tarixli, 87 nömrəli arayışdan görünür ki, Novruzov X4 şəhəri, Əzizbəyov döngə 3, ev 4 ünvanında yaşayır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 22 oktyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri kəndində doğulmuş Novruzov X4 şəhəri, Əzizbəyov döngə 3, ev 4 ünvanında pasport qeydiyyatındadır. - 31 may 2004-cü il tarixli müqavilənin surətindən məlum olur ki, Novruzov X2 12-də yerləşən, 19.6 kv.m Bərbərxananın B Tikintisini X1 21000000 (iyirmi bir milyon) manat müqabilində almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. ... Maddə 6. Torpaqları dövlət ehtiyacları üçün alan orqan 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra — alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. ... Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. “İnzibati icraat haqqında” Qanunun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının əsas hüquqi marağı qeyri yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsidir. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Məhkəmə icraatı gedişində müəyyən edilmişdir ki, Naxçıvan şəhəri Atatürk küçəsi 12 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri yaşayış sahəsinin dövlət ehtiyacları üçün sökülməsi və əvəzləşdirilməsi hüquqmüəyyənedici sənədlər əsasında - Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2017-ci il tarixli, 115 saylı “İddiaçı mağaza verilməsi haqqında” Sərəncamı, iddiaçının “İstiqlal küçəsi, 79 nömrəli binanın zirzəmisində olan mağazalardan birinin ona verilməsinə dair” xx.xx.2017-ci il tarixli ərizəsi üzrə, dövlət reyestrində qeydiyyata alınması yolu ilə həyata keçirilmişdir. Bu da imtina üçün əsas olduğundan cavabdehin imtinası qanunauyğun hal kimi qiymətləndirilməlidir Həmçinin məhkəmə iclasında iddiaçının verdiyi izahatlarından o da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən bərbərxananın əvəzinə qəbul edilmiş 32.86 m2 ümumi sahəsi olan, iddiaçının xüsusi mülkiyyətinə verilmiş obyekt həmin dövrdən icarə hüququ ilə digər şəxslərə verilmişdir. Bununla da, iddiaçı qanunla nəzərdə tutulmuş itki və məhrumiyyətlərə məruz qalmamış və onun hazırkı iş üzrə həmin qeyri yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya hüququ yaranmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 2.2.7, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətində olan ünvan 1 ünvanında yerləşmiş ümumi sahəsi 19.6 m2 olan bərbərxana kimi istifadə olunan qeyri-yaşayış sahəsinin sökülməsinə görə 90000 (doxsan min) manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar