Məhkəmə qərarları › İş №2-1(122)-236/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-236/2024

06.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-236/2024 06.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı nümayəndəsinin cavabdeh Babək rayon Qeydiyyat Şöbəsinə qarşı "xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Babək rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı İddiaçı xx xxxx 1978-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. İddiaçı doğum haqqında şəhadətnaməsi itdiyindən onlar müvafiq sənədləşmə işləri ilə əlaqədar səlahiyyətli orqanlara müraciət edə bilmirlər. Onlar bununla bağlı Babək rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və ərizələrinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-16- 5/8-15-325/23 nömrəli cavab məktubunda məhkəməyə müraciət etmələri bildirilmişdir. İddiaçının nümayəndəsi yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 29 fevral 2024cü il tarixli, 2-1(122)-236/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 06 aprel 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə, həmçinin şifahi məhkəmə baxışı iclasına gəlmədiyi halda tərəflərin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilməsinə baxmayaq iş üzrə İddiaçı və cavabdeh Babək rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, lakin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çoxluğunu nəzərə alaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin 06 aprel 2024-cü il tarixli protokol qərarına əsasən iddia tələbinin “xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında oxunması qərara alınmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəmədən həyat yoldaşı İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdeh inzibati orqanın imtina məktubunu, arxiv arayışını, hərbi biletin, qaçqın vəsiqəsinin, orta təhsil haqqında attestatın, natamam orta təhsil haqqında şəhadətnamənin, nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətlərini, yaşayış yeri haqqında arayışları, şəxsiyyət vəsiqələrinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddiaçının nümayəndəsi tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçının nümayəndəsi iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Babək rayon Qeydiyyat Şöbəsinin etibarnamə əsasında çıxış edən X9 ünvanladığı 04 sentyabr 2023-cü il tarixli, 3- 16-5/8-15-325/23 nömrəli məktubundan görünür ki, İddiaçı adına doğum haqqında akt qeydi tərtib olunmamışdır. Buna görə həmin şəxsə doğum haqqında şəhadətnaməsinin verilməsi mümkün deyil. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş ”Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazi qeydiyyat şöbələri tərəfindən icra edilir.Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Babək rayon Qeydiyyat şöbəsi müvafiq məhkəməyə müraciət edilməsini məsləhət görmüşdür. - Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Babək rayon X5 rayon Şəkərabad kənd sakini X9 ünvanladığı 29 avqust 2023-cü il tarixli, 218 nömrəli məktubundan görünür ki, Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin arxivi araşdırılmış və Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin arxivində İddiaçı doğulmasına aid hər hansı tibbi sənəd tapılmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət X1 göndərdiyi 23 avqust 2023-cü il tarixli, 13/1367 nömrəli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Ədliyyə Nazirliyinin Babək Rayon Qeydiyyat şöbəsinin sənəd materiallarında Babək Rayon Şəkərabad kəndi üzrə 1978-ci ilə dair Doğum haqqında şəhadətnamələr Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı məxsus doğum haqqında şəhadətnamə barədə məlumat vermək mümkün olmamışdır. - AO seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxx 1978-ci ildə doğulmuşdur. - 03 may 2006-cı il tarixli, AB seriyalı, 031349 nömrəli qaçqın vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1978-ci il tarixdə Ermənistan, Ararat rayonunda doğulmuş, 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda məskunlaşmışdır. - 25 iyun 1996-cı il tarixli, A seriyalı, 036999 nömrəli orta təhsil haqqında attestatın təsdiq olunmuş surətindən görünür ki, 1978-ci ildə anadan olmuş İddiaçı 1996-cı ildə Babək rayonu, Şəkərabad kənd əsas məktəbinin axşam (qiyabi) orta məktəbini bitirmişdir. - 24 iyun 1993-cu il tarixli A seriyalı, 599273 nömrəli natamam orta təhsil haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 1978-ci ildə anadan olmuş İddiaçı 1996-cı ildə Babək rayonu, Şəkərabad kənd orta məktəbində oxumuş və 1993-1994-cü illərdə natamam orta məktəbi bitirmişdir. - 02 mart 2006-cı il tarixli, AZ-İ seriyalı, 176277 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxx 1978-ci ildə Ermənistan, Ararat rayonunda doğulmuş İddiaçı və 01 sentyabr 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Xanağa kəndində doğulmuş X2 02 mart 2006-cı il tarixdə nikahları bağlanmışdır və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006-cı ilin mart ayının 02-də 47 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - Babək Rayon İcra Hakimiyyəti Babək rayon X14 Dairəsi üzrə Nümayəndəliyin 08 sentyabr 2023-cü il tarixli, 647 nömrəli arayışından görünür ki, Nümayəndə Babək rayonu, Şəkərabad kəndində yaşayır. - Babək Rayon İcra Hakimiyyəti Babək rayon X14 Dairəsi üzrə Nümayəndəliyin 08 sentyabr 2023-cü il tarixli, 648 nömrəli arayışından görünür ki, İddiaçı Babək rayonu, Şəkərabad kəndində yaşayır. - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə Ermənistan, Ararat rayonunda doğulmuşdur. - AA2985416 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə 01 sentyabr 1984-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş: - 22 avqust 1974-cü il tarixli, İ-СЛ seriyalı, 470159 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 13 iyun 1972-ci il tarixdə, Ermənistan SSR, Ararat rayonu, Erasxavyan kəndində doğulmuşdur və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 1974-cü il avqust ayının 22-ci günündə 96 nömrə ilə qeyd edilmişdir. X3, anası X7, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. Beləliklə, işdə olan sənədlərdən, iddiaçının nümayəndəsinin izahatından məlum olur ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. X3, anası X7, valideynlərinin milliyəti azərbaycanlı olmuşdur. xx.xx.2013-cü ildə Babək Rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə Ermənistan, Ararat rayonunda doğulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəalar”ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Həmin Müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Həmin qərarın 9.1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin qərarın 9.4-cü bəndinə əsasən əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Həmin qərarın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan hesab olunur. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı xx xxxx 1978-ci il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. X3, anası X7, valideynlərinin milliyəti azərbaycanlı olmuşdur. Qeyd edilənlər belə qənaətə gəlməyə imkan verir ki, İddiaçı təkrar doğum haqqında şəhadətnamə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı ata adı qrafasında X6, ana adı qrafasında X7 yazılmaqla təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Babək rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənləri və İPM-in 4.1, 52, 58, 68-69, 75, 78 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. xx xxxx 1978-ci il təvəllüdlü İddiaçı ata adı qrafasında X6, ana adı qrafasında X7 yazılmaqla təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Babək rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar